Azərbaycan Prezidenti Heydər Əliyevin Hindistanın xarici işlər nazirinin müavini Rachindra Madhukar Abhuankarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - 18 oktyabr 2001-ci il


Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz. Gərək ki, siz Azərbaycanda əvvəllər olmusunuz. Ankarada səfir işləyərkən, eyni zamanda Hindistanın Azərbaycanda da səfiri idiniz. Ona görə yəqin ki, bizim ölkəmizi tanıyırsınız. Ankarada, Azərbaycanda işlədikdən sonra sizin vəzifəniz böyüyübdür. Sizinlə görüşməkdən çox məmnunam.

Racindra Madhukar Abhuankar: Zati aliləri, çox sağ olun. Özümü Azərbaycanda qərib hiss etmirəm. Buranı yaxşı tanıdığıma görə ölkəmin prezidenti və baş naziri məni buraya göndəriblər ki, onların ən xoş arzularını, təbriklərini Sizə yetirim və bu on il müddətində liderliyiniz altında respublikada qazanılmış uğurlar münasibətilə Sizi təbrik edim.

On illik müstəqilliyin hər bir ili çox vacibdir, çox önəmlidir və dəyərlidir. Bizim özümüz sizdən bir qədər çox müddətdir ki, müstəqilik. Biz bilirik ki, müstəqillik nəyin bahasına başa gəlir. Bunun nəticəsidir ki, müstəqilliyə bu qədər önəm verdiyinizə, onu bu qədər yüksək tutduğunuza görə bizim prezidentimiz və baş nazirimiz məni buraya göndərib ki, Azərbaycan xalqı ilə birlikdə Sizi təbrik edim.

Mən dünən Respublika sarayında Sizin çıxışınıza qulaq asdım. Sizin çıxışınız, daxildə, eləcə də beynəlxalq aləmdə ölkənin qarşısında olan planlar bizə çox böyük təsir etdi. Siz çıxışınızda çox düzgün göstərdiniz ki, fundamentalizm, terrorizm dünyəvi cəmiyyətlərə nə dərəcədə mənfi təsir edir. Elə bilirəm ki, bu problem ilə bütün dünya məşğul olmalıdır. Düşünürük ki, bizim ölkələrimiz kimi ölkələr, hansılar ki, uzun müddətdir terrorizmlə üzləşirlər, buna qarşı vuruşurlar, nəhayət, bu ölkələrin səsini super dövlətlər də eşidiblər və terrorizmlə mübarizəyə qalxırlar.

Cənab prezident, xatirinizdədirsə, mən Azərbaycanda səfir vəzifəsində işləyərkən ölkəmizi ziyarət etmək barədə Hindistan prezidentinin dəvətini Sizə yetirmişdim. Yaxşı bilirik ki, Siz bizim keçmişdəki liderlərimizlə görüşmüsünüz. Mən yenidən həmin dəvəti Sizə yetirirəm və ümid edirik ki, bu il, yaxud da gələn il Siz Hindistanı ziyarət edəcəksiniz.

Dünən Sizin çıxış etdiyiniz tədbirdə olarkən fikir verdim, Azərbaycanın musiqi alətləri, poeziyası Hindistana o qədər yaxındır, bizim o qədər ümumi dəyərlərimiz vardır ki, Siz Hindistana mütləq gəlməlisiniz, bütün bunlar nümayiş olunmalıdır. Eyni zamanda biz siyasi əzmimizi də bütün dünyaya göstərməliyik.

Cənab prezident, keçmiş günləri xatırlayaq, Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm ki, mən burada səfir işləyərkən hökumətinizdən və şəxsən Sizdən daim dəstək alırdım. Yaxşı xatirimdədir ki, Hindistanın kommersiya məhsullarının Bakıda sərgisi keçirilərkən, Siz şəxsən oraya gəldiniz. Sizin oraya gəlişiniz bizim geniş əməkdaşlığımızın potensialını göstərdi. İnanıram ki, ölkələrimizin beynəlxalq aləmdə baş verən hadisələrə oxşar baxışları vardır. Biz Birləşmiş Millətlər Təşkilatı çərçivəsində yaxşı əməkdaşlıq edirik. Elə bilirəm ki, terrorizmə qarşı mübarizə üzrə beynəlxalq konvensiyanın müddəalarını yerinə yetirmək üçün gələcəkdə də birlikdə çalışacağıq.

Demək istəyirəm ki, Sizinlə görüşməkdən çox məmnunam. Siz həmişəki kimi çox gümrah, çox yaxşı görünürsünüz. Dünən etdiyiniz iki saatlıq çıxışı heç mən yaşda olan adamlar da edə bilməzlər.

Zati-aliləri, hökumətimiz və xalqımız adından ən xoş arzularımı qəbul edin. Xalqınıza davamlı inkişaf arzu edirəm. Ümid edirəm ki, əlaqələrimiz daha da sıx olacaqdır.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm.

Azərbaycanın dövlət müstəqilliyinin onuncu ildönümü münasibətilə sizin təbriklərinizə görə və ölkənizin prezidenti, baş naziri adından mənə çatdırdığınız təbriklərə görə təşəkkür edirəm.

Mən də sizin Azərbaycanda səfirlik fəaliyyətinizi məmnuniyyətlə xatırlayıram və hesab edirəm ki, siz burada səfir olan zaman Hindistan ilə Azərbaycan arasında əlaqələr xeyli inkişaf etmişdir. İndi sizin xatırladığınız o sərgi, Hindistan mallarının çox geniş sərgisi də məhz bizim əlaqələrimizin inkişaf etməsinin xüsusi bir təzahürüdür.

Mən anlayıram ki, siz müstəqilliyin əldə edilməsinin və onun daim yaşamasının nə qədər çətin olduğunu başqalarına nisbətən yaxşı bilirsiniz. Tarixdə də yazılıb, biz kitablardan oxumuşuq və mən bir çox hadisələrin, beynəlxalq aləmdə gedən hadisələrin bilavasitə şahidi olmuşam ki, Hindistan öz müstəqilliyini əldə etmək üçün nə qədər mübarizə aparıbdır.

Sizin tarixi şəxsiyyətiniz Qandinin Hindistan xalqının gələcəyi haqqındakı düşüncələri və mübarizəsi artıq bütün dünyaya məlumdur. Nəhayət, Cəvahirləl Nehrunun rəhbərliyi altında Hindistan xalqının apardığı çox kəskin mübarizə nəticəsində Hindistan öz müstəqilliyini əldə edibdir. Bu, o vaxt dünyada böyük bir hadisə olmuşdu. Çünki ikinci dünya müharibəsindən sonra müstəmləkə imperiyalarının dağılması və müstəmləkələrin azad olması prosesi başlanmışdır. Hindistan dünyanın böyük ölkəsi olduğuna görə, onun apardığı mübarizə beynəlxalq aləmdə çox diqqət mərkəzində idi.

O vaxt sizin ölkəniz, xüsusən sizin lideriniz Cəvahirləl Nehru dünyada şox məşhur oldu. Xatirimdədir, sonra onlar bir neçə başqa ölkə liderləri ilə birlikdə heç bir bloklara birləşməyən dövlətlərin böyük birliyini yaratdılar. Cəvahirləl Nehru və Hindistan bunun lideri idi. Nehru, Çjou En-Lay, İosif Tito - gərək ki, hərəkatı əsasən bu üçü təşkil etmişdi və ona çox ölkələr qoşuldu. Hindistan buna liderlik edirdi. O vaxtdan Hindistan müstəqildir, artıq 50 ildən çox keçibdir.

Bir müstəqil dövlət kimi siz də gəncsiniz. Çünki sizin xalqın tarixi çox qədimdir. Çox əsrlər müstəmləkə şəraitində yaşayan bir ölkə, əsarət altında yaşayan bir xalq müstəqilliyin nə qədər qiymətli olduğunu bu illər artıq hiss edibdir və Hindistan dünyada həm böyük dövlət kimi, həm də böyük iqtisadiyyata malik olan bir ölkə kimi güclü inkişaf edibdir.

Mən sizin prezidentin və baş nazirin dəvətini yenə də çox məmnuniyyətlə qəbul edirəm. Çalışacağam ki, bunu tezliklə həyata keçirim, yəni sizin ölkəni ziyarət edim. Ancaq bilirsiniz ki, indi dünya çox qarışıqdır, çox proseslər var, çox məsələlər var. Bunlar da belə səfərlərin həyata keçirilməsinə müəyyən qədər maneçilik törədir. Amma buna baxmayaraq, biz öz işimizi görməliyik.

Hindistanı Azərbaycanda çox sevirlər. Siz burada səfir olduğunuz zaman yəqin ki, bunu özünüz müşayiət etdiniz. Hindistan müstəqillik əldə etdikdən sonra Cəvahirləl Nehru bir çox ölkələri ziyarət etmişdi və o cümlədən Azərbaycana gəlmişdi. Şəxsən bu, mənim xatirimdədir. Hindistan malları ötən əsrin 50-ci, 60-cı illərində keçmiş Sovetlər İttifaqında xüsusən Azərbaycanda çox populyar idi. Azərbaycanda ona görə çox populyar idi ki, bizim musiqi ilə sizin musiqi bir-birinə çox yaxındır.

Əlbəttə, Hindistanı insanların çoxu tanımırdı. Çünki uzaq bir ölkə idi. Amma siz mahnılarınızla və Sovetlər İttifaqında ilk dəfə göstərilən "Avara" filminizlə, Rac Kapurla Hindistanı məşhurlaşdırdınız. Siz bunu xatırlayırsınız, yoxsa yox, bəlkə onda hələ siz dünyada yox idiniz?

Racindra Madhukar Abhuankar: Mən artıq o vaxt doğulmuşdum.

Heydər Əliyev: Biz bu günlərdə Azərbaycanın böyük müğənnisi Rəşid Behbudovun 85 illik yubileyini qeyd edirdik. O vaxtlar Rəşid Behbudovun Rac Kapurla dostluğu var idi. Rac Kapur Azərbaycana gəlmişdi, Rəşid Behbudov Hindistana getmişdi. Mənim xatirimdədir ki, o vaxtlar böyük-böyük meydanlarda Rəşid Behbudovun mahnıları Hindistanın vətəndaşları tərəfindən, hindistanlılar tərəfindən nə qədər böyük rəğbətlə qarşılanırdı.

İndi siz bunları filmlərdən görürsünüz. Amma mən bunların canlı şahidiyəm. Şəxsən mən sizin ölkəni çox sevirəm. 1978-ci ildə sizin ölkədə olmuşam. O vaxtdan çox keçibdir. Amma heç bir şey yadımdan çıxmayıbdır. Bütün gördüklərimi indi də xatırlayıram. Çox gözəl xatirələrim var. Racəstana da getdim, orada filin üzərində oturub gəzdim. Bir neçə mərasimdə iştirak etdim. Məşhur Tacmahalı ziyarət etdim. Təbiidir ki, Dehlidə olan böyük abidələri məhəbbətlə ziyarət etdim. Ən əsası odur ki, sizin xalqla, liderlərlə görüşlərim oldu. Mən oraya gələndə sizin baş nazir Morarçı Desal idi. Onu xatırlayırsınızmı?

Racindra Madhukar Abhuankar: Xatırlayıram.

Heydər Əliyev: O da Azərbaycanda olmuşdu.

Sizin terror haqqında dediyiniz sözlərlə bizim fikrimiz tamamilə eynidir. Məlumdur ki, Hindistan da həm xaricdən, həm daxildən terror hadisələrini çox yaşayıbdır. İndira Qandi və onun oğlu Raciv Qandiyə qarşı edilən terror hadisələri bütün dünyanı lərzəyə gətirdi. Həmin hadisə indi təkrar olur, görürsünüz. Raciv Qandini də qətlə yetirən terroristin özü də həlak olmuşdu, necə ki, Nyu-Yorkda böyük terror hadisələrini həyata keçirən insanlar özlərini də qətlə yetirmişlər.

Mənim İndira Qandi və Raciv Qandi ilə də görüşlərim olmuşdu. Bunlar da mənim üçün yaxşı xatirələrdir. O vaxt mən Moskvada yaşayırdım, orada işləyirdim. Xatirimdədir, bir dəfə Raciv Qandi Avropadan öz ölkəsinə uçurdu. Onun təyyarəsi xarab olmuşdu. O, məcburi olaraq Moskvada enmişdi. Gecə saat 12 idi. Mənə xəbər verdlər, yəni bizim hökumətə xəbər verdilər. Mən onda baş nazirin birinci müavini idim. Belə məsləhət oldu ki, mən gedim, bu işlərin həll olunmasını təmin edim.

Onunla bir neçə saat söhbətlər apardıq, sadəcə, təyyarənin təmir olunmasını gözləyirdik. Amma təyyarəni təmir etmək mümkün olmadı. Sovet hökuməti ona yeni təyyarə verdi və mən onu yola saldım. Mən onunla bundan əvvəl də Moskvada görüşmüşdüm. Çox yaxşı bir insan idi, həm Hindistanda, həm də dünyada böyük hörməti vardı. Amma onların hamısı terrorun qurbanı oldular. O vaxt bir çox ölkələrdə buna adi bir hadisə kimi baxırdılar.

Siz dediniz ki, dünən bizim mərasimdə iştirak etmisiniz. Buna görə sizə təşəkkür edirəm. Mən çıxışımda Azərbaycana qarşı edilən terror hadisələri haqqında da ətraflı məlumatlar verdim. Hindistanda edilən terror hadisələrinə, Azərbaycana qarşı edilən terror hadisələrinə başqa ölkələr o qədər də fikir vermirdilər. Məhz bunun nəticəsidir ki, terror get-gedə genişləndi. Nəhayət, gəlib belə dəhşətli səviyyəyə çatdı ki, sentyabrın 11-də Nyu-Yorkda və Vaşinqtonda misli görünməmiş terror hadisələri həyata keçirildi. İndi bütün dünya anlayıbdır ki, terror nə qədər təhlükəli bir şeydir. Bu, xalq üçün, millət üçün, bəşəriyyət üçün faciədir, eyni zamanda bu hadisə sizin, bizim kimi ölkələrin də terrora məruz qalmasının nə qədər ağır hadisə olduğunu artıq yada salır. Ona görə biz - Hindistan da, Azərbaycan da və başqa ölkələr də terrora qarşı ümumi mübarizə aparmalıyıq. Mən dünən bəyan etdim, əvvəl də bəyan etmişdim ki, terrorun kökünün tam kəsilməsi üçün bütün mübarizədə fəal iştirak etməyə hazırıq.

Hesab edirəm ki, sizin bu ziyarətinizin əsas məqsədi ölkələrimiz arasındakı əlaqələri daha da genişləndirməkdən ibarətdir. Mən bunu qiymətləndirirəm. Mənə məlumat verilib ki, siz bir neçə danışıqlar aparmısınız. Azərbaycanda bəzi sahələrdə çox uğurlu əməkdaşlıq edə bilərik. Hindistanda isə imkanlar daha da çoxdur.

Mənim xatirimdədir, sizin böyük bir neft şirkəti Azərbaycana gəlmişdi. Burada keçirilən beynəlxalq neft sərgisində iştirak edirdi. İndi Azərbaycanda, Xəzər dənizində olan neft ehtiyatlarının işlənilməsində maraqlı olduğunu bildirmişdi. Biz o vaxt buna etiraz etmədik. Amma sonra nədənsə, bu məsələ öz inkişafını tapmadı. Təkcə neft sahəsində yox, bir çox başqa sahələrdə də biz sizin ölkə ilə əməkdaşlıq etməyə hazırıq. Həm siz, keçmiş səfir, həm də bugünkü səfir bilirsiniz ki, burada Hindistan vətəndaşları bir çox sahələrdə bizneslə məşğuldurlar. Biz buna etiraz etmirik. Doğrudur, bu, xırda, orta biznesdir. Amma bizim ölkələrimiz arasında böyük layihələr də həyata keçirilə bilər. Ona görə mən hesab edirəm ki, sizin bu səfəriniz həm Hindistan üçün, həm də Azərbaycan üçün çox əhəmiyyətlidir. Güman edirəm, bizim müvafiq orqanlar, hansılarla ki siz görüşmüsünüz, bu barədə müəyyən praktiki addımlar ata bilərlər. O cümlədən siz də.

Siz Hindistanın müstəqilliyinin 10 illiyini görməmisiniz. Amma indi gəlib Azərbaycanın müstəqilliyinin 10 illiyini gördünüz. Görürsünüz, biz bu on il müddətində nə qədər çətin yol keçmişik. Amma uğurla irəliləmişik. İtkilərimiz də çox olubdur. Elə təkcə Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın torpaqlarını Ermənistanın işğal etməsi bizim üçün ən böyük yaradır.

Hindistanın müstəqil dövlət kimi yaşı bizimkindən xeyli çoxdur. Amma hesab edirəm ki, siz də hələ müstəqil dövlət kimi gəncsiniz. Müstəqilliyi daim əldə saxlamaq üçün hələ çox iş görmək lazımdır. Biz bunun hələ ilk dövrünü yaşayırıq. Amma siz çox böyük məsafə qət etmisiniz. Arzu edirəm ki, Hindistan da, Azərbaycan da daim müstəqil olsunlar.

Mənim sizin ölkəyə gəlməyə çox böyük həvəsim var. Təkcə ona görə yox ki, gəlib qeyri-adi bir ölkəni görüm. Ona görə ki, indi Azərbaycan müstəqil bir dövlət kimi Hindistan ilə daha da sıx əlaqələr yarada bilsin. Həm iqtisadi cəhətdən, həm siyasi cəhətdən, həm də elm, mədəniyyət cəhətdən.

Ona görə də sizə bir daha bəyan edirəm, xahiş edirəm, mənim səmimi salamlarımı, hörmət və ehtiramımı prezidentə və baş nazirə çatdırasınız. Bildirəsiniz ki, mən çalışacağam, bu dəvəti mütləq yerinə yetirim. Təbiidir ki, biz də istərdik, Hindistanın prezidenti, baş naziri Azərbaycanı ziyarət etsinlər. Xahiş edirəm, mənim bu dəvətimi onlara çatdırasınız. Əgər Cəvahirləl Nehru ölkəmiz hələ müstəqil olmayanda Azərbaycana gəlibsə, indi, Azərbaycan müstəqil olduğu zaman, hesab edirəm ki, Hindistanın prezidenti və baş naziri Azərbaycana gələ bilərlər. Təşəkkür edirəm.

Racindra Madhukar Abhuankar: Zati-aliləri, bizim ölkəmiz və xalqımız haqqında dediyiniz xoş sözlərə görə çox sağ olun. Əlbəttə, mən Sizin detalları sadalayaraq danışmağınıza və xatirələrinizə, yaddaşınıza valeh oluram. İstərdik ki, Sizin bu xatirələrinizi yenidən canlandıraq və Sizi Hindistanda görək.

Mən burada səfirlik müddətimi bitirdikdən sonra həmin o Hindistan şirkəti Mingəçevir Elektrik Stansiyasında böyük bir layihə həyata keçirirdi. Xatirinizdədirsə, həmin vaxt bizim neft şirkəti "Kürdaşı" bloku ilə maraqlanırdı. Lakin onlar bu işi başa çatdıra bilmədilər. Onlar son üç ildə Rusiyada - Sibirdə, Saxalində işləyirlər. Eyni zamanda onlar İraq ərazisində bir yataq tapıblar. İstərdim ki, onlara bir daha imkan verəsiniz. Onlar ya quruda, ya da dənizdə daha bir layihədə özlərini sınasınlar.

Heydər Əliyev: Mümkündür.

Racindra Madhukar Abhuankar: Çox sağ olun. Əlbəttə, bu işin üstünə möhkəm düşəcəyik.

Sizin iqtisadi inkişaf nazirinizlə çox maraqlı, səmərəli görüşümüz oldu. Elə bilirəm ki, bizim əczaçılıq sənayesində birgə görəcəyimiz işlər çox ola bilər. Bu elə bir sahədir ki, adi insanlara çox yardım edir.

Heydər Əliyev: Bəli, Hindistanın bu barədə çox böyük nailiyyəti var.

Racindra Madhukar Abhuankar: Hər bir ölkədə adi səviyyədə poliomtielit, diabet kimi xəstəliklərdən əzab çəkən insanlar var. Hindistanın bu sahədə böyük təcrübəsi var. Biz həm həb şəklində dərmanlar, həm də vaksinlər istehsalı sahəsində çox irəli getmişik.

Məlum olduğu kimi, Hindistan əhalisinin sayı çox olan ölkədir. Ona görə də bizdə kiçik və orta biznes yaxşı inkişaf edibdir. Düşünürəm ki, bu sahənin nümayəndələrinin Azərbaycanda olması kifayət qədər xeyirlidir. Çünki burada da insanlar işgüzarlığı, bu sahədə biznes aparmağı öyrənirlər.

Çox arzusundayıq ki, Sizin ölkə ilə müəyyən yollar tapaq və mümkün sahələrdə əməkdaşlığımızı genişləndirək. Elə olsun ki, ölkələrimiz bundan xeyir görsün.

Heydər Əliyev: Biz də bunu istəyirik.

Racindra Madhukar Abhuankar: Əlbəttə, istərdik ki, əlaqələrimiz yaxşı səviyyədə inkişaf etsin. Amma ən əsası isə ondan ibarətdir ki, mənim burada olmağım ikitərəfli münasibətləri inkişaf etdirməkdən ibarət deyil, burada öz ölkəmin nümayəndəsi kimi müstəqilliyinizin 10 illiyində iştirak etdim. Bu, mənim üçün xüsusilə böyük, əlamətdar hadisədir. Bir daha sağ olun.

Heydər Əliyev: Təşəkkür edirəm.

 
"Azərbaycan" qəzeti, 20 oktyabr 2001-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya