İranın mili bayramı şərəfinə təşkil olunmuş rəsmi qəbulda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 9 fevral 1999-cu il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

İran İslam İnqilabının iyirminci ildönümü münasibətilə sizi ürəkdən təbrik edir, qardaş İran xalqına sülh, əmin-amanlıq və yeni-yeni uğurlar arzulayıram.

İran İslam İnqilabı İranın qədim tarixində çox mühüm bir mərhələ olmuşdur. İnqilabdan sonrakı iyirmi il ərzində İran İslam Cümhuriyyəti böyük və şərəfli yol keçmiş, İran hökumətinin rəhbərliyi altında mühüm nailiyyətlər əldə etmişdir. Bizim qonşu, dost İran bu illərdə böyük çətinliklərlə rastlaşmış, müharibələrə cəlb olunmuş və bir çox təzyiqlərə məruz qalmışdır. Ancaq İran xalqının birliyi və həmrəyliyi, xalqın hökumətlə, öz rəhbərləri ilə sıx birliyi bunların hamısına layiqli cavab vermişdir. İyirmi il müddətində İran İslam Cümhuriyyəti möhkəmləmiş, inkişaf etmiş və indi İran Dünya Birliyində özünə layiqli yer tutur.

Biz İranla qədim dostluq əlaqələri ilə bağlıyıq. Tarixi keçmişimiz, dərin köklərə malik olan dostluq, qardaşlıq əlaqələrimiz, adət və ənənələrimizin eyniliyi, yaxud bir-birinə bənzərliyi, bir dinə mənsub olmağımız və nəhayət, qonşuluq şəraitində yaşamağımız bizi həmişə yaxınlaşdırıb və birləşdiribdir.

Azərbaycan İran ilə həmişə əlaqədar olubdur. Ancaq Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra bir müstəqil dövlət kimi onunla əlaqələri daim inkişaf edib, genişlənibdir. Biz çox məmnunuq ki, müstəqil Azərbaycan ilə İran İslam Cümhuriyyəti arasında çox işgüzar, səmimi əlaqələr yaranıbdır.

Müstəqillik illərində bizim İranla iqtisadi əlaqələrimiz daim inkişaf edib və hər iki tərəf bunun faydasını görür. İnsani əlaqələr çox genişlənibdir. İran və Azərbaycan vətəndaşları bir-biri ilə çox böyük qohumluq əlaqələrinə malikdirlər. Keçmiş dövrlərdə həm İranın, həm də Azərbaycanın vətəndaşları bu qohumluq əlaqələrini saxlamaqdan məhrum olmuşdular. Çünki biz Sovetlər Birliyinin tərkibində olduğumuz zaman bunlara böyük qadağan qoyulmuşdu. Ancaq Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra sərhədlər açılmış, insanlar öz qohumları ilə qovuşa bilmişlər. İndi bu əlaqələr çox geniş vüsət almışdır.

Biz həmişə İran İslam Cümhuriyyətinin inkişafını arzu etmişik. Çünki bizim qonşumuz olan dost ölkədə əgər xalqın yaşayışı yaxşılaşsa, ölkənin iqtisadiyyatı inkişaf etsə, şübhəsiz ki, bu, Azərbaycan üçün də çox faydalıdır. Ona görə də həm dost və qonşumuza olan xeyirxah münasibətimiz əsasında, həm də İran - Azərbaycan əlaqələrindən hər iki tərəfin səmərəli faydalanmasına görə biz həmişə İranın inkişafını arzu etmişik və bu gün məmnuniyyətlə demək olar ki, İran həqiqətən böyük inkişaf dövrünü yaşayır.

Biz dünyada hər bir dövlətin ərazi bütövlüyünü, suverenliyini, yəni beynəlxalq hüquq normalarını müdafiə etmişik və müdafiə edirik. Azərbaycanın ərazi bütövlüyü Ermənistanın təcavüzü nəticəsində pozulubdur. Biz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək və beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlərimizi müdafiə etmək üçün mübarizə aparırıq. Eyni zamanda biz qonşu ölkələrin ərazi bütövlüyünün, suverenliyinin təmin olunmasını həmişə arzu etmişik və bu gün də arzu edirik. O cümlədən, İran İslam Cümhuriyyətinin ərazi bütövlüyünün və suverenliyinin, İranın bölünməzliyinin həmişə tərəfdarı olmuşuq və bundan sonra da tərəfdarı olacağıq.

İran İslam Cümhuriyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan indiyə qədər çox düzgün və prinsipial mövqe tutmuşdur. Biz həmişə məmnuniyyətlə qeyd edirik ki, İran Ermənistanın Azərbaycana qarşı təcavüzünü daim pisləmiş və mövqeyini heç vaxt dəyişməmişdir. 1997-ci ilin dekabr ayında Tehranda İslam Konfransı Təşkilatının növbəti zirvə görüşü olmuşdur. Zirvə görüşündə mən də iştirak edirdim. Bu gün böyük məmnuniyyətlə qeyd edirəm ki, İslam Konfransı Təşkilatının zirvə görüşündə Azərbaycana aid bir neçə çox dəyərli sənəd qəbul olunmuşdur. O cümlədən, İslam Konfransı Təşkilatı Tehranda qəbul etdiyi bəyanatda Azərbaycanın ərazi bütövlüyünü yenidən müdafiə etmiş, dəstəkləmiş və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləmiş, Azərbaycanın işğal edilmiş torpaqlarının tezliklə azad olunmasını tələb etmişdir. Biz bunları yüksək qiymətləndiririk.

Ölkələrimiz arasında əlaqələr eyni zamanda siyasi xadimlərin, dövlət başçılarının əlaqələri ilə möhkəmlənir və inkişaf edir. Məmnuniyyətlə qeyd edirəm ki, 1997-ci ilin dekabr ayında Tehranda olarkən mənim çoxsaylı görüşlərim, o cümlədən İranın ali rəhbəri həzrəti Ayətullah Xamnei ilə görüşüm və çox əhəmiyyətli danışıqlarım olmuşdur. İranın prezidenti cənab Xatəmi ilə görüşlər və danışıqlar olmuş, İranın bir neçə siyasi və dövlət xadimləri ilə bizim danışıqlarımız və görüşlərimiz olmuşdur. Bu yaxınlarda Azərbaycan Milli Məclisi nümayəndə heyətinin İranda olması, nümayəndə heyətinin başçısı Murtuz Ələsgərovun İran parlamentinin sədri Ağayi Natiq Nuri ilə görüşləri, danışıqları da Azərbaycan - İran əlaqələrini inkişaf etdirmək məqsədi daşımışdır. Biz bunların hamısından çox məmnunuq.

Biz İran xalqına həmişə uğurlar, sülh arzulayırıq, birincisi, ona görə ki, İran bizim dost, qonşu ölkədir, İran xalqı dost, qardaş xalqdır. İkincisi də ona görə ki, İranda milyonlarla azərbaycanlı yaşayır. Biz İranın vətəndaşları olan azərbaycanlıların da həmişə yaxşı yaşamasını, sülh əmin-amanlıq şəraitində olmasını, öz arzu və istəklərini yerinə yetirməsini həmişə dəstəkləmişik və arzu etmişik. Məmnuniyyətlə deyə bilərəm ki, İran İslam Cümhuriyyətinin hökuməti bu sahədə də xeyli işlər görür.

Bu gün qeyd etmək olar ki, bizim əlaqələrimiz yüksək səviyyədədir və biz bu əlaqələri bundan sonra da inkişaf etdirəcəyik.

İran İslam Cümhuriyyəti ötən iyirmi ildə İslam İnqilabının İran xalqı üçün nə qədər zəruri olduğunu, onun gələcəyi üçün böyük üfüqlər açdığını tam sübut etmişdir.

Mən bu gün, bu bayram günü İran xalqına, İran İslam Cümhuriyyətinin vətəndaşlarına öz hörmət və ehtiramımı, məhəbbətimi bildirirəm. Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasında olan dostluq, qardaşlıq əlaqələri daha da inkişaf edəcəkdir. Mən sizi, bütün İran xalqını bu bayram münasibətilə bir daha təbrik edir, hamınıza cansağlığı, yeni-yeni uğurlar arzulayıram.

"Azərbaycan" qəzeti, 10 fevral 1999-cu il.