Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının "LUKoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərova "Şöhrət" ordeninin təqdim olunması mərasimində nitqi - Azərbaycan prezidentinin iqamətgahı, 12 oktyabr 2001-ci il


Bu gün burada Moskvanın nümayəndələri var. Mənə elə gəlir ki, onlar mənim çıxışımın mətnini sonra rus dilində oxuya bilərlər. Amma mən Rusiya şirkəti olan "LUKoyl" şirkətinin prezidenti Vahid Ələkbərova "Şöhrət" ordenini təqdim edərkən dövlət dilində, doğma Azərbaycan dilində bir neçə kəlmə demək istəyirəm.

Hörmətli Vahid Ələkbərov!

Mən çox məmnunam ki, bu gün sənə Azərbaycan Respublikasının yüksək mükafatının - "Şöhrət" ordeninin təqdim olunması mərasimində iştirak edirəm. İndi artıq müstəqil Azərbaycanın hər şeyi var. O cümlədən yüksək mükafatları da var, ordenləri də var. Onların içində çox yüksək statusa malik olan bir orden də "Şöhrət" ordenidir. Biz, adətən, öz ordenlərimizlə öz vətəndaşlarımızı təltif edirik. Amma çox nadir hallarda başqa ölkələrin vətəndaşlarını da təltif edirik. Amma sənin təltif olunmağın bütün bunların hamısından fərqlidir. Çünki sən azərbaycanlısan, burada doğulmusan, burada böyümüsən, burada təhsil almısan. Sonra həyat fəaliyyətinin çox hissəsini Rusiyada keçirmisən, Rusiya vətəndaşısan və Rusiyanın ən böyük neft şirkəti olan "LUKoyl" şirkətinin prezidentisən. Bu bizim xalqımız üçün iftixar hissidir ki, azərbaycanlı, Azərbaycanın yetişdirməsi indi dünyanın böyük dövlətlərindən biri olan Rusiyanın ən aparıcı neft şirkətinin prezidentidir.

Vahid Ələkbərovun tərcümeyi-halını yəqin ki, burada oturanlar bilirlər. Amma bir neçə kəlmə demək istəyirəm ki, onun 50 yaşı keçən il tamam olubdur, cavandır. Azərbaycanda, Bakıda anadan olub, azərbaycanlıdır, həm orta təhsilini, həm də ali təhsilini burada alıbdır. Təkcə Azərbaycanda yox, hesab edirəm ki, bütün dünya miqyasında çox böyük hörmətə malik olan Neft-Kimya İnstitutunu - indi Neft Akademiyası adlandırılır - 1974-cü ildə bitiribdir. Neft sahəsində yüksək mütəxəssis diplomu alıbdır. Sonra isə Azərbaycanın neft sənayesində, "Xəzərdənizneft" Birliyində müxtəlif işlərdə işləyibdir. 1979-cu ildə Sibirə gedib, orada iş fəaliyyətini davam etdirib və böyük nailiyyətlər əldə edibdir. Bu, bir tərəfdən, qeyri-adi haldır. Amma ikinci tərəfdən də, tamamilə təbiidir. Çünki Azərbaycan keçmişdə dünyanın ən böyük neft mərkəzlərindən biri idi. Rusiya imperatorluğu zamanı, keçən əsrin əvvəlində Azərbaycan dünyada hasil olan neftin 50 faizini verirdi.

İkinci dünya müharibəsi zamanı, alman faşizmi dünyaya böyük faciələr gətirdiyi zaman Sovet İttifaqı onun qarşısını almaq üçün müharibəyə başladı. Ancaq bütün mütəxəssislər, tarixçilər, bütün tədqiqatçılar həmişə etiraf edirlər ki, o zaman, o illərdə Azərbaycan SSRİ-də hasil olan neftin 70 faizini verirdi. Bu fikir də tam həqiqətdir ki, əgər Azərbaycanın nefti olmasaydı - amma neftin olmağı özü-özlüyündə o qədər də böyük əhəmiyyət kəsb etmir - əgər Azərbaycan xalqı, Azərbaycanın neftçiləri o ağır dövrdə, ağır şəraitdə gecə-gündüz çalışaraq neft hasil edib, çox çətin yollarla onu Rusiyaya, cəbhəyə göndərə bilməsəydilər, bəlkə də alman faşizmi Şərqə doğru, o cümlədən Qafqaza, bizim bu torpaqlara doğru hücumunu davam etdirə bilərdi. Bəlkə də İkinci dünya müharibəsində SSRİ məğlub ola bilərdi. Bu da o demək idi ki, faşizm dünyada qələbə çala bilərdi. Mən bununla onu demək istəyirəm ki, Azərbaycan həm qədim neft diyarıdır, həm də neft sahəsində çox yüksək səviyyəli mütəxəssislər hazırlayıb keçmiş SSRİ-nin bütün bölgələrinə öz xidmətini göstərən bir ölkədir. Dəfələrlə deyilibdir ki, SSRİ-də "İkinci Bakı", "Üçüncü Bakı", "Dördüncü Bakı" adlanan yerlər indi Rusiyanın ən güclü neft hasilatı bölgələridir. Onların adını nə üçün ikinci, üçüncü, dördüncü Bakı qoyurdular? Çünki birincisi, ümumiyyətlə, "Bakı-neft, neft-Bakı" ifadəsi eyni məna daşıyırdı. İkincisi isə, həmin bölgələrdə neftin aşkar olunmasında, neft yataqlarının işlənilməsində Azərbaycanda yetişmiş kadrların çox böyük xidmətləri olmuşdur. İndi həmin bölgələrdə hər yerdə azərbaycanlıya rast gəlmək olar. Çoxları da böyük xidmətlər göstəriblər, orada məskunlaşıblar, orada yaşayırlar və Rusiyaya xidmət edirlər. Amma bizim üçün əhəmiyyətlidir ki, Azərbaycan xalqının nəyə qadir olduğunu bir daha nümayiş etdirirlər.

Çox adlar çəkmək olar. Məsələn, bizim hamımızın çox hörmət etdiyimiz Nikolay Konstantinoviç Baybakov Azərbaycanda doğulub və burada böyük işlər görəndən sonra gedib Rusiyanın bin neçə bölgələrində çalışıbdır. Uzun müddət Neft Sənayesi naziri işləyib və SSRİ hökumətinin başında duran adamlardan biri olubdur. Yaxud mərhum Sabit Orucov çox dəyərli bir neftçi idi. Azərbaycanda, Xəzər dənizində neftin aşkar olunmasında və onun hasil edilməsində Sabit Orucovun böyük xidmətləri olmuşdu. Amma ondan sonra o, həyat fəaliyyətinin çox hissəsini Rusiyada keçirmişdi. Krasnodar vilayətində, Sibirdə, başqa yerlərdə. Mən bunların hamısını kitablardan yox, ayrı-ayrı qəzetlərdən yox, şəxsi təmaslarımdan deyirəm. Çünki bu adamların hamısı ilə mən uzun illər əlaqədə olmuşam, dostluq əlaqələri də olubdur. Sabit Orucov da, hesab edirəm ki, o vaxtkı SSRİ-nin həm neft, həm də qaz sənayesinin inkişaf etməsində çox böyük xidmətlər göstərmişdi və SSRİ-nin Qaz Sənayesi naziri təyin olunmuşdu.

Mənim xatirimdədir, o, Şimal dənizində və Rusiyanın Tümen bölgəsində böyük qaz yataqlarının olduğunu dəfələrlə demişdi. O vaxt mən burada, Azərbaycanda işləyərkən mənə müraciət etmişdi. Mən onun məktublarını bir neçə dəfə keçmiş SSRİ-nin rəhbəri Brejnevə çatdırmışdım, onu qəbul etmişdi. Məhz onun təşəbbüsü ilə SSRİ-də xüsusi Qaz Sənayesi Nazirliyi yarandı. İndi də qazın Rusiya dövləti üçün nə qədər böyük sərvətlər gətirdiyi göz qabağındadır. Keçmişdən belə faktlar çox çəkmək olar. Ancaq biz çox şadıq ki, bu gün də biz belə faktlarla fəxr edə bilərik. İndi onların davamçısı çox böyük işlərlə məşğul olan, bizim həmyerlimiz Vahid Ələkbərovdur. Mən onun həyatı və fəaliyyəti haqqında qısaca dedim. Buradan gedib Sibirdə iş görmək və orada inkişaf etmək, böyük sahələrdə rəhbərlik etmək asan məsələ deyildir.

Birincisi, mən yaxşı bilirəm, oranın iqlimi çox sərtdir, belə şəraitdə hər adam yaşaya bilmir. İkincisi də, təbiidir, ora Azərbaycan deyil, Rusiyadır. Orada çox hazırlıqlı, bilikli insanlar var. Bizim Azərbaycanda bir xalq məsəli var: belə şəraitdə baş çıxarmaq böyük qəhrəmanlıqdır. Vahid Ələkbərov orada nəinki baş çıxarıb, hətta çox böyük vəzifələr tutub, keçmiş SSRİ-də Neft Sənayesi nazirinin birinci müavini təyin olunubdur. Ondan sonra isə "LUKoyl" adında bir şirkətin yaradılmasının təşəbbüskarı olubdur. İndi on ildir ki, bu şirkətə rəhbərlik edir.

"LUKoyl"un yaranması Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi ilə bir dövrə düşür. Güman edirəm ki, elə SSRİ-nin dağılması, müttəfiq respublikaların öz müstəqilliyini, istiqlaliyyətini elan etməsi və Azərbaycanın da dövlət müstəqilliyini elan etməsi, bu dövr artıq keçmiş SSRİ məkanında iqtisadiyyatın müxtəlif sahələrində yeni idarəetmə formalarının istifadə olunmasını tələb edirdi. Mən məmnuniyyətlə deyə bilərəm ki, Vahid Ələkbərov bu barədə ən qabaqcıl adamlardan biridir. Məlumdur ki, "LUKoyl" şirkəti Rusiyada yaranmış birinci səhmdar cəmiyyətdir, ayrıca şirkətdir, əvvəl konsern, sonra səhmdar cəmiyyət kimi, çox böyük yer tutur. Dünyanın ən böyük neft şirkətləri ilə rəqabət aparır. Əgər mən səhv etmirəmsə, dünyanın böyük şirkətləri içərisində üçüncü, dördüncü yerdə durur. Təbiidir ki, belə bir yeni iqtisadi sistemdə 10 il müddətində bu qədər nailiyyətlər əldə etmək asan deyildir. Bunun təşkilatçısı, yaradıcısı bizim həmyerlimiz hörmətli Vahid Ələkbərovdur. Bizim üçün ən əhəmiyyətlisi odur ki, Vahid Ələkbərov "LUKoyl" şirkətini yaradandan sonra yenə də öz fəaliyyətinin böyük bir hissəsini Azərbaycanla bağlayıbdır.

1994-cü ilin sentyabr ayında imzalanmış və müstəqil Azərbaycanın neft strategiyasının əsasını qoyan "Əsrin müqaviləsi"ndə "LUKoyl" şirkəti də iştirak edir. Bəzən bizə deyirlər ki, nə üçün Azərbaycanın təbii sərvəti olan neft və qaz yataqlarının işlənilməsi üçün Qərb ölkələrinin şirkətlərini dəvət edirik. Biz hamını dəvət etdik. Amerikada olan şirkətləri də, Avropada olan şirkətləri də. Ancaq Rusiyda olan şirkətlərdən bu işə yeganə qoşulan "LUKoyl" şirkəti oldu. Güman edirəm bu, bir tərəfdən, Ələkbərovda vətənpərvərlik hissindən irəli gəlmişdisə, ikinci tərəfdən, ən əsası ondan irəli gəlmişdi ki, artıq bu şirkət dünyanın həmin o böyük şirkətləri ilə bərabər böyük işlər görmək, sərmayə qoymaq və bu cür böyük müqavilələrdə iştirak etmək iqtidarına malikdir. Bundan sonra da bir çox müqavilələrdə iştirak ediblər.

İndi "LUKoyl" Azərbaycanın neft strategiyasının həyata keçirilməsində, ölkəmizin dünyanın böyük neft şirkətləri ilə birlikdə apardığı işlərdə fəal iştirak edir və qabaqcıl yerlərdən birini tutur. Bu onun və şirkətinin bilavasitə fəaliyyətidir. Amma bu fəaliyyətin başqa mənası da ondan ibarətdir ki, "LUKoyl" Rusiya ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin inkişaf etməsində xüsusi rol oynayır. Mən dəfələrlə demişəm, bu gün də bildirmək istəyirəm ki, biz Rusiya ilə dostuq, qonşuyuq, bizim qədim əlaqələrimiz var. Bizim iqtisadiyyatımızı inkişaf etdirmək üçün Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin çox böyük imkanları vardır. Ancaq bu imkanlardan istifadə etmək lazımdır. Təbiidir, bunun üçün biz də çalışmalıyıq. Amma eyni zamanda Rusiyanın müxtəlif iqtisadi strukturları da buna maraq göstərməlidir. "LUKoyl" şirkəti maraq göstəribdir. Biz ona böyük imkanlar yaratmışıq və hesab edirəm ki, hələ gələcəkdə də "LUKoyl" buradan öz faydasını götürəcəkdir. Buraya sərmayə qoyubdur və artıq indi bundan mənfəət alır. Artıq o qoyduğu sərmayənin əvəzinə gəlir götürür. Ona görə də burada həm "LUKoyl" üçün, həm də bizim üçün bunun kommersiya əhəmiyyəti var. Amma eyni zamanda bu, təbiidir ki, Rusiya-Azərbaycan əlaqələrini bütün sahələrdə inkişaf etdirmək üçün çox əhəmiyyətlidir. Təsadüfi deyil ki, "LUKoyl" onillik yubileyini Rusiyada qeyd edəndən sonra onu Azərbaycanda da qeyd etmək qərarına gəlibdir. Biz də bunu məmnuniyyətlə qəbul etmişik. Bax, bütün bu fəaliyyətlərinə görə, birinci növbədə, Rusiya ilə Azərbaycan arasında bu 10 il ərzində iqtisadi əlaqələrin inkişaf etməsində göstərdiyi böyük xidmətlərə görə Vahid Ələkbərov müstəqil Azərbaycanın "Şöhrət" ordeni ilə təltif olunubdur.

Mən bu gün böyük məmnuniyyətlə Azərbaycanın bu yüksək mükafatını dostumuz, həmyerlimiz Vahid Ələkbərova təqdim edirəm. Ona cansağlığı, bütün işlərində uğurlar və "LUKoyl" şirkətinin Azərbaycan ilə əlaqələrinin bundan sonra daha da inkişaf etməsini arzu edirəm. Eyni zamanda arzu edirəm ki, Rusiyanın başqa böyük şirkətləri də "LUKoyl" - Azərbaycan əlaqələrindən özləri üçün nümunə götürsünlər. Biz onların hər biri ilə bu cür əməkdaşlıq etməyə hazırıq. Elə bilirəm ki, siz hamınız mənim dediklərimi başa düşdünüz. Vahid, bu mükafat münasibətilə mən səni ürəkdən təbrik edirəm. Mən buradakıları sənin həyat yolun, fəaliyyətin barədə məlumatlandırdım. Mən müstəqil Azərbaycanın bu yüksək mükafatını böyük sevinc hissi ilə sənə təqdim edirəm.