Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Almaniya Bundestaqının deputatı, Bundestaqın "Qafqaz qrupu"nun üzvü doktor xanım İrmqard Şvaytseri qəbul edərkən söhbətindən - Prezident sarayı, 17 iyul 2000-ci il


Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz! Mən sizi salamlayıram. Bildiyimə görə, siz bir neçə gündür Azərbaycanla tanış olmusunuz. Bu, çox yaxşı haldır. Çünki biz istəyirik ki, ölkəmizi hər yerdə, o cümlədən, Almaniyada daha da yaxşı tanısınlar. Buyurun, mən sizi dinləyirəm.

İrmqard Şvaytser: Cənab prezident, Azərbaycana səfərim müddətində vaxt tapıb məni qəbul etdiyinizə görə Sizə təşəkkür edirəm. Mən Azərbaycana ilk dəfədir gəlmişəm. Lakin ümid edirəm ki, Sizin bu gözəl ölkənizdə sonuncu dəfə deyiləm.

Səfərimin əsas səbəbi Almaniyanın Fridrix Naumann fondu tərəfindən təşkil edilən, Azərbaycanın Avroatlantika strukturlarına inteqrasiyasına həsr olunmuş tədbirdə iştirak etmək idi. Hesab edirəm ki, mən bu işlərə müəyyən qədər öz töhfəmi verə bilmişəm.

Almaniya, xüsusilə mənim təmsil etdiyim liberallar partiyası Azərbaycanın Avropa Şurasına daxil olmasını dəstəkləmişdir. Ümid edirəm ki, Azərbaycan növbəti mərhələni də uğurla keçəcəkdir. Eyni zamanda Nazirlər Komitəsi Sizin ölkənin Avropa Şurasına daxil olmasını müsbət qiymətləndirəcəkdir.

Mən Azərbaycanda bəzi siyasi partiyalarla görüşlər keçirmişəm və Azərbaycanda qarşıdakı parlament seçkiləri bu görüşlərin diqqət mərkəzində olmuşdur.

Dünən Yeni Azərbaycan Partiyasının bir sıra üzvləri ilə Bakıdan kənarda, gözəl bir yerdə çox ətraflı söhbət etmişəm. Yalnız söhbət etməmişəm, eyni zamanda Sizin mətbəxinizə aid gözəl yeməklərdən dadmışam. Hesab edirəm ki, müzakirə və dadlı yemək bir-birini yaxşı tamamlayır.

Heydər Əliyev: Elədir.

İrmqard Şvaytser: Ümumiyyətlə, əgər tərəflər bir-biri ilə razılığa gələ bilməsələr, bəlkə də yaxşı yemək, dadlı balıq əti bu razılaşmanı tezləşdirə bilər.

Azərbaycanda mövcud olan bəzi müxalifət partiyalarının nümayəndələri ilə də görüşmüşəm və bu görüşlərdə bir sıra məsələləri müzakirə etmişik.

Məni qəbul etdiyinizə görə Sizə bir daha təşəkkür edirəm. Bildirmək istərdim ki, Almaniya parlamentində, Bundestaqında Almaniya-Qafqaz dostluq qrupu ilə yaxından məşğul oluram. Bizim belə bir proqramımız mövcuddur: noyabr ayında keçiriləcək seçkilərdən sonra yeni seçilən deputatların bir qrupunu Almaniyaya dəvət etmək istəyirik. Ümid edirəm ki, onlarla orada görüşüb ətraflı söhbət edə biləcəyik.

Heydər Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Sizin Azərbaycanda olduğunuz zaman gördüyünüz işlər bizim üçün çox əhəmiyyətlidir. Mən qeyd etdim, birinci növbədə ona görə ki, siz Azərbaycanın bugünkü reallığını özünüz görürsünüz. Güman edirəm, burada, Bakıda Azərbaycanın müsbət tərəfləri ilə yanaşı, dərdləri ilə də tanış olmusunuz. Bilirsiniz ki, dərdlərimiz də böyükdür. Ermənistan - Azərbaycan münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasıdır və işğal edilmiş torpaqlardan zorla çıxarılmış bir milyon azərbaycanlının ağır vəziyyətdə yaşamasıdır. Yeni, gənc müstəqil dövlət kimi, əlbəttə, bizim problemlərimiz təkcə bundan ibarət deyildir, çoxdur.

Almaniya ikinci dünya müharibəsindən sonra çox böyük yol keçdi, amma nə qədər də problemlərlə rastlaşdı. Almaniyanın birləşdirilməsi üçün siz nə qədər çalışdınız və buna nail oldunuz. Almaniyanın parçalanması sizi çox incidirdi, elədirmi? Baxmayaraq ki, onun şərq hissəsində də almanlar yaşayırdılar, amma başqa dövlət sistemində yaşayırdılar. Biz də Almaniyanın birləşməsini alqışladıq.

Amma mən sizə deyirəm, - Azərbaycanın 20 faizi işğal altındadır və bu ərazilərin hamısı viran olubdur. Bir milyon vətəndaşımız ağır şəraitdə çadırlarda yaşayır. Bu, bizim ən böyük dərdimizdir, ən böyük problemimizdir. Başqa problemlər də var. Mən sizə dedim, biz onlarla məşğuluq, həll edirik.

Belə bir ağır problemə baxmayaraq, siz bilirsiniz, görürsünüz ki, artıq Azərbaycanda iqtisadiyyat inkişaf edir. Siz burada bazar iqtisadiyyatını görürsünüz, özəl sektoru görürsünüz. Amma beş il bundan öncə bunların heç biri yox idi. Gözəl mağazalar, restoranlar, otellər görürsünüz, - bunlar yox idi. Bunlar bizim apardığımız iqtisadi siyasətin nəticəsidir. Amma mən demirəm ki, biz hər şeyə nail olmuşuq. Bu sahədə də çox problemlərimiz vardır. Amma edildiyi şəraitdə, yəni torpaqlarımızın 20 faizi işğal edildiyi şəraitdə iqtisadiyyatda bu cür inkişafa nail olmaq onu göstərir ki, biz düz yol ilə gedirik.

Güman edirəm, siz bu görüşlər zamanı Azərbaycanın ictimai-siyasi mənzərəsini də hiss etmisiniz. Bəli, qarşıdan gələn parlament seçkiləri bizim hamımız üçün ən əsas məsələlərdən biridir. Amma güman edirəm ki, bu ötən beş il ərzində, keçən parlament seçkilərindən indiki parlament seçkilərinə qədər xalqımız da inkişaf edibdir, cəmiyyət də dəyişibdir. İndi biz ümidliyik ki, seçkilər yüksək səviyyədə keçəcəkdir, tam demokratik şəraitdə keçiriləcəkdir və xalq öz iradəsini sərbəst, azad ifadə etmək imkanını tamamilə əldə edəcəkdir.

Almaniya ilə Azərbaycan arasında çox yaxın dostluq əlaqələri vardır. Biz bu dostluq əlaqələrinə çox böyük əhəmiyyət veririk. 1996-cı ildə mən Almaniyaya rəsmi səfər etmişdim, çox əhəmiyyətli görüşlərimiz olmuşdur. Almaniyanın dövlət adamları da Azərbaycanı ziyarət ediblər. Keçmiş xarici işlər naziri cənab Kinkel də Azərbaycanda olubdur, iqtisadiyyat naziri də, bir çox başqa nazirlər də və Bundestaqın deputatlarından da bir çoxu Azərbaycanda olubdur. Azərbaycana ən çox gələn deputatlardan cənab Vimmer yadımdadır. Siz onu tanıyırsınız?

İrmqard Şvaytser: O, mənim partiya yoldaşımdır.

Heydər Əliyev: Siz bir partiyadansınız?

İrmqarc Şvaytser: Bəli.

Heydər Əliyev: Onda bizim dostumuzsunuz. Çox gözəl.

Azərbaycanın Avropa Şurasına daxil olması ilə əlaqədar Almaniyanın göstərdiyi səylərə və verdiyi dəstəyə görə təşəkkür edirəm. Sizin sözləriniz də mənim qulağımda qalacaqdır ki, Nazirlər Komitəsində də Almaniya öz fəaliyyətini göstərəcəkdir ki, bu prosedura tamamilə başa çatsın. Hər halda cənab Yoşka Fişerə bu barədə yaxşı məlumat verərsiniz.

İrmqard Şvaytser: Cənab prezident, bununla əlaqədar bəzi problemlər var, Sizinlə danışmaq istərdim.

Heydər Əliyev: Danışarıq, danışarıq. Yenə də deyirəm, biz Almaniya ilə bundan sonra da bütün sahələrdə əlaqələrimizi genişləndirməyə çalışırıq. İqtisadi əlaqələrimizdə çox nailiyyətlərimiz vardır və sizin Azərbaycana səfəriniz də, təbiidir ki, burada öz rolunu oynayacaqdır.


"Azərbaycan" qəzeti, 18 iyul 2000-ci il.