Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qazaxıstan Respublikasının müstəqillik günü münasibətilə Qazaxıstanın Azərbaycandaki səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqi - "Gülüstan " sarayı, 23 oktyabr 1996-cı il


Hörmətli səfir, xanımlar və cənablar!

Bu gün biz Qazaxıstan Respublikasının müstəqilliyinin 5-ci ildönümünü qazax xalqı ilə birlikdə qeyd edirik. Bu, qazax xalqı üçün, habelə keçmişdə bir ailədə olmuş, Sovet İttifaqının tərkibində olmuş xalqlar üçün çox böyük tarixi hadisədir.

Ölkələrimizin müstəqillik əldə etməsi tarixi hadisədir, xalqlarımızın xoşbəxtliyi və gözəl gələcəyi deməkdir. Buna görə də biz Azərbaycanda öz müstəqilliyimizin beşillik dövrünə yekun vurarkən, Qazaxıstan xalqının da əldə olunmuş nailiyyətlərə görə keçirdiyi məmnunluq və sevinc hisslərini yaxşı başa düşürük. Biz buna qazax xalqı ilə birlikdə ürəkdən sevinirik.

Beş ildə Qazaxıstan həqiqətən böyük yol, keçmiş zamanlarda onilliklərə bərabər yol keçmişdir. Bunun mənası isə ondan ibarətdir ki, qazax xalqı azaddır, öz taleyinin, öz torpağının, öz ölkəsinin, öz sərhədlərinin və sərvətlərinin sahibidır. Əlbəttə, bizim yolumuzda - müstəqilliyin təşəkkül tapması və möhkəmlənməsi yolunda çoxlu çətinlik - haradasa çox, haradasa az çətinliklər var. Lakin bizim üçün labüd olan bu keçid dövrünü hamımız eyni dərəcədə yaşayırıq. Əminəm ki, biz hamımız onu uğurla dəf edəcəyik və xalqlarımızın müstəqilliyinin və gözəl gələcəyinin hamar yoluna çıxacağıq.

Qazaxıstan və Azərbaycan bir-biri ilə qonşu dövlətlərdir. Bizim sərhədimiz Xəzər dənizidir. O, bizi birləşdirir, bizim üçün sərhəddir. Xəzər çox böyük sərvətlərə malikdir və onlardan bütün Xəzəryanı ölkələrin, o cümlədən də Qazaxıstanın və Azərbaycanın bəhrələnməsinin, birgə istifadə etməsinin son dərəcə böyük əhəmiyyəti var.

Lakin biz təkçə qonşu deyilik. Tarixi talelərimizdə, tarixi köklərimizdə, tarixi keçmişimizdə bizi birləşdirən ümumi cəhətlər çoxdur. Dünən axşam mən Daşkənddən qayıtdım. Orada oktyabrın 21-22-də türkdilli ölkələrin dövlət başçıları növbəti görüş keçirdilər. Biz bir çox məsələlər barəsində, ən əvvəl iqtisadiyyat, mədəniyyət, təhsil, elm, bizi birləşdirmiş və birləşdirən tarixi dəyərlər barəsində fikir mübadiləsi apardıq. Təkrar edirəm, mədəniyyətin, dil qaynaqlarının ümumiliyi, ənənələrimizin oxşarlığı və bizi birləşdirən bir çox digər cəhətlər qarşımızda duran murəkkəb vəzifələrin birlikdə həyata keçirilməsi üçün bu gün də güclü amildir. Türkdilli ölkələrin yüksək səviyyədə Daşkənd görüşündə bax, bu barədə ətraflı, mühüm və gərəkli söhbət getdi.

Bununla yanaşı, biz özbək xalqının böyük oğlu Əmir Teymurun 660 illiyinə həsr olunmuş mərasimlərdə də iştirak etdik. Biz Səmərqənd şəhərinə getdik, Əmir Teymurun xatirəsini və Özbəkistanın başqa görkəmli oğullarının xatirəsini ehtiramla yad etdik.

Bu yeni görüş bir daha təsdiqlədi ki, Qazaxıstanla Azərbaycan arasında dostluq və əməkdaşlıq etibarlı zəminə, yaxşı perspektivə malikdir. Biz Azərbaycanda hər şey edəcəyik ki, əməkdaşlığımız uğurlu olsun.

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin bu ilin sentyabrında Azərbaycana rəsmi səfəri həyatımızda, Qazaxıstan - Azərbaycan münasibətlərində əlamətdar hadisəyə çevrildi. Bir çox mühüm dövlətlərarası sənədlər imzalandı. Biz onların əməli surətdə həyata keçirilməsinə fəal başlamışıq. Şübhə yoxdur ki, bu sazişlər Qazaxıstana da, Azərbaycana da fayda gətirəcək, birgə işimiz isə yolumuzda duran çətinlikləri müvəffəqiyyətlə aradan qaldırmaqda bizə kömək edəcəkdir.

Bizim bir çox digər problemlərimiz də var, onlarla birlikdə məşğul oluruq. Bir-birimizi dəstəkləyir, qarşılıqlı surətdə həmrəy olduğumuzu bildiririk. Çünki dövlətlərimizin mustəqilliyini qoruyub saxlamaq və möhkəmlətmək üçün həlledici əhəmiyyətə malik olan prinsiplər Qazaxıstana da, Azərbaycana da eyni dərəcədə əzizdir. Ərazi bütövlüyü, dövlət suverenliyi, bir-birinin işlərinə qarışmamaq, beynəlxalq aləmdə tanınmış dövlət sərhədlərinin dəyişdirilməsi üçün güc tətbiq olunmasının yolverilməzliyi prinsipləri beynəlxalq hüquq normalarıdır və bu prinsiplər həm indiki, həm də gələcək Qazaxıstan və Azərbaycan üçün son dərəcə həlledici əhəmiyyətə malikdir. Biz öhdəmizə götürmüşük ki, bu prinsiplərə həmişə sadiq qalacaq, onları nəinki öz ölkələrimiz barəsində, həm də Yer kürəsinin hansı hissəsində yerləşməsindən asılı olmayaraq, bütün digər ölkələr barəsində müdafiə edəcəyik.

Biz beynəlxalq siyasətin bir çox məsələlərində Qazaxıstanla yekdilik, təcavüzə, separatçılığa, digər ölkə tərəfindən dövlət sərhədimizi pozmaq cəhdlərinə qarşı, təcavüzkar millətçiliyə, terrorizmə qarşı eyni mövqedən çıxış edirik. Belə mənfi hallar bütün dünyada getdikcə daha böyük narahatlığa səbəb olur və Yer kürəsinin müxtəlif bölgələrində gərginlik yaradır. Bundan Qafqaz da, Zaqafqaziya da əzab-əziyyət çəkir. Belə halların baş verməsi təhlükəsi Mərkəzi Asiyada, Qazaxıstanın bilavasitə yaxınlığında da var. Ona görə də həmin prinsiplərə ciddi əməl olunmasının, onların qorunmasının dövlətlərimiz, xalqlarımız üçün başlıca əhəmiyyəti var. Təkrar edirəm, biz bütün bunlar barəsində çox ətraflı fikir mübadiləsi apardıq.

Mən razılıq hissi keçirirəm ki, Qazaxıstan respublikamıza böyük diqqət yetirir, onun bizdə səfirliyi fəaliyyət göstərir. Yeri gəlmişkən, Qazaxıstan Mərkəzi Asiyanm hələlik yeganə ölkəsidir ki, Azərbaycanda öz səfirliyinə malikdir. Bu, başqaları üçün layiqli nümunədir. Düşünürəm ki, münasibətlərimizi möhkəmlətmək və inkişaf etdirmək üçün biz də bu nümunəyə qoşulmalıyıq.

Bütün bunlar belə deməyə əsas verir ki, Qazaxıstanın müstəqilliyinin beşinci ildönümu bayramı bizim ümumi bayramımızdır. Qazax xalqını bu gözəl bayram münasibətilə bir daha ürəkdən təbrik edir, ona səadət və firavanlıq arzulayıram.

Qazaxıstan Respublikasının şərəfinə, qazax xalqının şərəfinə, onun layiqli oğlu, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin şərəfinə badə qaldırıram! Sizi təbrik edirəm!