"Neft Daşları" Neft-Qazçıxarma İdarəsinin əmək kollektivinə - 4 noyabr 1994-cü il


Əziz dəniz neftçiləri!

Sizi "Neft Daşları"nın 45 illiyi münasibətilə ürəkdən təbrik edir və hamınıza ən xoş arzularımı bildirirəm.

1949-cu ilin noyabrında açıq dənizdə qazılmış ilk kəşfiyyat quyusundan vuran neft fontanı Azərbaycanın şöhrət salnaməsində yeni parlaq səhifə açdı. Sahildən çox-çox uzaqlarda, Xəzərin mavi dalğaları qoynunda dirəklər üzərində qısa müddətdə salınmış şəhər tezliklə dünyanın möcüzələri sırasına daxil oldu.

"Neft Daşları"nı şöhrətləndirən onun əmək adamlarıdır. Qazmaçıların, neftçıxaranların, dəniz nəqliyyatçılarının və digər peşə sahiblərinin birgə gərgin əməyi nəticəsində yerin dərin sualtı qatlarından hasil edilən milyon tonlarla "qara qızıl" doğma Azərbaycanın iqtisadiyyatının dirçəlişində əvəzsiz yer tutur. Burada yetişib püxtələşən mütəxəssislər sonradan Xəzərin digər bölgələrində, Qara dənizdə, şimal dənizlərində, Vyetnamın dəniz şelfində, Uzaq Şərqdə, Hind Okeanında yeni yataqların aşkar edilib mənimsənilməsində aparıcı rol oynamışlar.

Bu gün xalqımız haqlı olaraq dünyada şöhrət qazanmış neft ustaları ilə - Qurban Abasov, Ağaqurban Əliyev, Bəhmən Hacıyev, Bəxtiyar Məmmədəv, İsrafil Hüseynov, Xanoğlan Bayramov kimi onlarla adlı-sanlı dəniz neftçiləri ilə fəxr edir.

Qarşıda dəniz neftçilərini "Azəri", "Çıraq", "Günəşli" yataqlarının mənimsənilməsi ilə əlaqədar daha böyük işlər gözləyir. Şübhəsiz, "Neft Daşları"nda qazanılmış zəngin təcrübə bu nəhəng layihələrin uğurla həyata keçirilməsinə kömək edəcəkdir.

Əminəm ki, siz Azərbaycan neftçisi adını həmişə uca tutacaq, ilk müstəqil addımlarını atan respublikamızın iqtisadiyyatının möhkəmlənməsində öz səylərinizi əsirgəməyəcəksiniz.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.