Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Tsyao Şi cənablarına - 1 oktyabr 1993-cü il


Hörmətli cənab Tsyao Şi!

Azərbaycan xalqı və rəhbərliyi adından Sizi və Sizin şəxsinizdə dost Çin xalqını ÇXR-in təşkil olunması günü münasibətilə təbrik edirəm.

Ötən illər ərzində Çin çətin, lakin heyrətamiz tərəqqi yolu keçmiş sosial və iqtisadi həyatın yenidən qurulmasında, elm və mədəniyyətin inkişafında nəzərəçarpacaq müvəffəqiyyətlər qazanmışdır. Bütün bu müvəffəqiyyətlər Çin xalqına xas müdriklik və əməksevərlik, ənənələrlə modernizmin, milli-dini xüsusiyyətlərin və müasir dövrün tələblərinin ahəngdar sintezinə nail olmaq üçün göstərilmiş hörmətəlayiq səylər sayəsində mümkün olmuşdur.

Fürsətdən istifadə edib, bildirmək istəyirəm ki, Azərbaycan ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə və dərinləşməsinə, bu əməkdaşlığın daha yüksək keyfiyyət səviyyəsinə qaldırılmasına çalışacaqdır. Sizin dost ölkənizlə öz münasibətlərimizdə biz onun suverenliyinə və ərazi bütövlüyünə, Çin xalqının öz sosial-iqtisadi və ideoloji istiqamətlərini sərbəst seçməsinə hörmət etməyi əsas tutmaq niyyətindəyik.

Ümidvaram ki, Sizin dövlətiniz tərəfindən müdafiə edilən səmimi niyyətlərimiz Azərbaycanla Çin arasında uzunmüddətli səmərəli qarşılıqlı fəaliyyət üçün əsas olacaqdır.

Sizə uğurlar, bütün Çin xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri.

"Azərbaycan" qəzeti, 2 oktyabr 1993-cü il.

Oçerklər

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış