Almaniya Federativ Respublikasının milli bayramı şərəfinə təşkil olunmuş rəsmi qəbulda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 3 oktyabr 2001-ci il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Mən sizi Almaniyanın milli bayramı - Alman Birliyi Günü münasibətilə ürəkdən təbrik edirəm və alman xalqına sülh, əmin-amanlıq və daim xoşbəxtlik arzulayıram.

İkinci dünya müharibəsi bəşəriyyətə çox böyük faciələr gətirdi və bu faciələri dünya xalqlarının çoxları keçirdi. Biz də bu faciədən keçmişik, onun çətinliklərini görmüşük. Bunun da nəticəsində, yəni İkinci dünya müharibəsi nəticəsində Almaniya parçalandı, uzun müddət alman xalqı parçalanmış vəziyyətdə qaldı. Nəhayət, bir-birinə qovuşa bilibdir.

Ona görə də keçmiş bu tarix hər bir xalq üçün, hər bir millət üçün ibrət dərsi olmalıdır. Biz məmnunuq ki, Almaniya İkinci dünya müharibəsi qurtarandan sonra, parçalandıqdan sonra uzun müddət birləşmək arzusunda olubdur və nəhayət, "soyuq müharibə"nin sona çatması nəticəsində Almaniya birləşibdir. Daha dəqiq desək, Almaniyanın birləşməsi "soyuq müharibə"yə son qoyulması demək idi.

Almaniya ilə Azərbaycan arasındakı əlaqələrin böyük tarixi var. Bu gün, bu bayram günü hörmətli səfir burada maraqlı bir sərgi təşkil edibdir. Mən o sərgi ilə tanış oldum. Sərgi ilə tanışlıq hətta bizim kimi öz tarixini yaxşı bilən insanlar üçün də bir çox yeni tarixi hadisələri aşkar etdi. Almaniyanın böyük "Simens" şirkəti hələ əsrin əvvəlində Azərbaycanda fəaliyyət göstərməyə başlamışdır və çox böyük izlər qoymuşdur.

Vaxtilə Almaniyadan Azərbaycan torpağına köçürülmüş almanlar Azərbaycanın iqtisadiyyatının inkişafında mühüm rol oynamışlar. Onların burada yaşaması və göstərdikləri fəaliyyət, təbiidir ki, Azərbaycanın iqtisadiyyatının inkişafına təsir etmişdir.

İndi biz buraya gələrkən, cənab səfir o dövr haqqında danışarkən birinci növbədə almanların burada çox yüksək keyfiyyətli şərab istehsal etməsi haqqında öz fikrini bildirdi.

Mən fikirləşdim, nə üçün şərab? - çünki almanlar burada çoxlu başqa işlər də görüblər. Amma yəqin ona görədir ki, bu şərabı hamı, çoxları istifadə edirlər, ona görə bu, çoxlarına məlumdur. Almanların əsrin əvvəllərində, sonrakı onilliklərdə Azərbaycanda gördükləri işlər, təbiidir ki, ictimaiyyətə geniş məlum deyildir. Ona görə də hörmətli səfir birinci söhbətini şərabdan başladı.

Güman edirəm ki, bugünkü qonaqlara siz alman şərabı verəcəksiniz. Ancaq o vaxt Yelenendorfda istehsal olunan şərablar sizin indiki şərablardan çox keyfiyyətli olubdur.

Biz çox məmnunuq ki, Almaniya - dünyanın böyük dövlətlərindən biri, Avropanın ən böyük dövləti, böyük iqtisadi potensiala, insanları yüksək həyat tərzinə malik olan hər bir ölkə Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra ölkəmizə böyük maraq göstəribdir.

Biz bunu alqışlayırıq və Almaniya ilə bütün sahələrdə əlaqələrimizi daim inkişaf etdirmək istəyirik.

Ancaq mən çox məmnunam ki, buraya gələrkən, səfir mənimlə söhbət edərkən dedi ki, Azərbaycan öz coğrafi-strateji əhəmiyyətinə görə və ən əsası, xarici investisiyanın qoyulması üçün yaranmış əlverişli şəraitə görə çox əhəmiyyətlidir. Biz hesab edirik ki, Azərbaycana hansı bir ölkə sərmayə qoymaq istəyirsə, o heç bir risk etmir. Bu, həqiqətdir və çox məmnunam ki, Almaniyanın Azərbaycandakı yeni səfiri qısa bir müddətdə bu həqiqəti artıq özü üçün müəyyən edibdir və mənimlə görüşünü bu sözlərlə başladı.

Həqiqətən Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi və demokratiya yolu ilə, bazar iqtisadiyyatı ilə irəliyə gedən bir ölkə kimi buraya xarici investisiyanın gəlməsi üçün bütün imkanları yaradıbdır. Bunların içərisində ən əsas şərtlərdən biri Azərbaycanda yaranmış ictimai-siyasi sabitlikdir.

Eyni zamanda bizim bir çox problemlərimiz də vardır. Bu problemlərin içərisində bizim üçün ən ağırı Ermənistan-Azərbaycan münaqişəsidir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın torpaqlarının işğal olunması və bu torpaqlardan bir milyondan artıq soydaşımızın didərgin düşməsidir.

Almaniya ATƏT-in Minsk qrupunun üzvüdür və indiyədək Minsk qrupu çərçivəsində bu ağır problemin həll olunması üçün öz səylərini göstərir və ümidvaram ki, bu məsələnin sülh yolu ilə həll olunması üçün Minsk qrupunun tərkibində daha fəal iştirak edəcəkdir.

Bu, bizim problemimizdir. Ancaq indi bütün bəşəriyyəti narahat edən, o cümlədən bizi də narahat edən ən böyük problem, ən böyük təhlükə beynəlxalq terrorizm və onun nəticəsində ayrı-ayrı xalqlara, ayrı-ayrı ölkələrə vurulan zərbələr, gətirilən ziyanlardır.

Biz son illər beynəlxalq terrorizmə qarşı hər cür mübarizə aparılmasının tərəfdarı olmuşuq, bu gün də onun tərəfdarıyıq.

Sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarının Nyu-York və Vaşinqton şəhərlərində terrorçular tərəfindən törədilmiş misli görünməmiş terror aktı təkcə Amerikaya qarşı yox, bütün bəşəriyyətə qarşı, sülhə qarşı, demokratiyaya qarşı olan bir hərəkətdir.

Bu dünyanın bir çox xalqlarını hiddətləndirdiyi kimi, Azərbaycan xalqını da hiddətləndirmişdir. Ona görə də biz Amerika Birləşmiş Ştatlarını bu terror aktının qarşısının alınması üçün, terrorçuların tapılması və cəzalandırılması üçün dəstəkləmişik və dəstəkləyəcəyik. Bu mübarizədə biz Amerika Birləşmiş Ştatları ilə, yaranmış alyansla bir yerdəyik.

Bu hadisə bütün dünyaya bir daha nümayiş etdirdi ki, müasir dövrün ən təhlükəli hadisəsi, ən böyük təhlükəsi terrorizmdir, beynəlxalq terrorizmdir və heç bir ölkə, heç bir xalq düşünməsin ki, o, bu cür cinayətlərdən kənarda qala bilər.

Ona görə terrorizmin, beynəlxalq terrorizmin kökünün kəsilməsi üçün bütün ölkələr mübarizə aparmalıdır və kökü tam kəsilməyənə qədər terrorizmə qarşı bu mübarizə davam etməlidir.

Almaniya bu hadisə ilə əlaqədar öz xidmətlərini, öz fəallığını bəyan edibdir. Hesab edirik ki, həm NATO çərçivəsində, həm Birləşmiş Millətlər Təşkilatı çərçivəsində, həm də terrorizmə qarşı yaranmış alyans çərçivəsində bu mübarizə kəskin surətdə aparılacaq və bəşəriyyət bu təhlükədən gələcəkdə xilas olacaqdır.

Almaniya birləşəndən sonra çox sürətlə inkişaf edir. Bu isə təkcə Almaniyanın iqtisadiyyatının irəliyə aparılması, alman xalqının rifahının yaxşılaşdırılması demək deyildir. Bu, eyni zamanda dünya iqtisadiyyatının inkişafına alman xalqının verdiyi töhfədir.

Hesab edirəm ki, Almaniya ilə Azərbaycan arasındakı əməkdaşlıq, iqtisadi əlaqələrin inkişaf etdirilməsi, Almaniyadan Azərbaycana investisiyaların gəlməsi bizim gələcək əlaqələrimizi daha da genişləndirəcək və yüksəldəcəkdir.

Bu böyük bayram münasibətilə sizi bir daha təbrik edirəm, hamınıza cansağlığı, səadət arzulayıram.


"Azərbaycan" qəzeti, 4 oktyabr 2001-ci il.

Tarixi arayış