Azərbaycan Prezidenti Heydər Əliyevin Avstriya Prezidenti Tomas Klestillə birgə mətbuat konfransında bəyanatı - 4 iyul 2000-ci il


Hörmətli cənab prezident!

Hörmətli xanımlar və cənablar!

Hörmətli mətbuat nümayəndələri!

Mən Avstriya prezidentinin dəvəti ilə bu gün Vyanada rəsmi səfərdə olmağımdan çox məmnunam.

Cənab prezident, məni dəvət etdiyinizə və çox qonaqpərvərliklə, mehribanlıqla qarşıladığınıza görə sizə təşəkkür edirəm. Bu, Avstriya ilə Azərbaycan arasında yaranmış əlaqələrin inkişaf etdirilməsi üçün mühüm bir mərhələdir. Biz bunu yüksək qiymətləndiririk.

Cənab prezident, siz söylədiyiniz kimi, indi bizim təkbətək danışığımız zamanı bir çox məsələlər, o cümlədən, xüsusən, Cənubi Qafqazdakı vəziyyət, bu problemin içərisində 12 il davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edildi.

Cənab prezident, siz bu problemi yaxşı bilirsiniz. Biz sizinlə ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon, 1999-cu il İstanbul sammitlərində görüşmüşük və həmin sammitlərin hər birində bu məsələ gündəlikdə olubdur. ATƏT-in bu sammitlərində məsələnin ədalətli həll olunması üçün Azərbaycana verdiyiniz dəstəyə görə təşəkkür edirəm.

Bu gün biz bu məsələni sizinlə bir daha çox ətraflı müzakirə etdik. Mən hiss etdim ki, siz bu problemi bilirsiniz, bu problem sizi də narahat edir. Çünki Qafqaz bölgəsində - dünyanın mühüm regionlarından biri olan bölgədə sülhün, sabitliyin, əmin-amanlığın olması Avstriya üçün də vacibdir. Mən sizə bildirdim ki, Azərbaycan bu barədə çox səylər qoyubdur və bir çox addımlar atıbdır. 1996-cı ildə ATƏT-in Lissabon sammitində çox mühüm bir qərar qəbul edilibdir. Biz onun həyata keçirilməsinə çalışmışıq. Amma Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində biz onu həyata keçirə bilməmişik.

Bu məsələlərlə 1992-ci ildən ATƏT-in Minsk qrupu məşğul olur. Minsk qrupuna Amerika Birləşmiş Ştatları, Rusiya, Fransa rəhbərlik edirlər. Ancaq bu səylər lazımi nəticə vermədiyinə görə 1999-cu ildə Ermənistan prezidenti Robert Koçaryan ilə Azərbaycan prezidenti Heydər Əliyev arasında bilavasitə bir neçə təkbətək görüş keçirilməsinin lazım olması məsələsi meydana çıxmışdır.

Biz bu görüşlər zamanı müəyyən qədər irəliləmişik. Hər iki prezident belə fikrə gəlibdir ki, məsələni həll etmək üçün qarşılıqlı güzəştlərə getmək lazımdır. Ancaq 1999-cu ildə bu məsələdə əldə edilmiş irəliləyiş təəssüf ki, sonra müəyyən qədər ləngiyibdir. Biz məsələnin sülh yolu ilə həll olunmasına bundan sonra da çalışacağıq.

Cənab prezident, mən sizə bildirdim ki, bu münaqişə nəticəsində Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazisinin 20 faizini işğal edibdir və həmin ərazilər Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İşğal edilmiş torpaqlardan bir milyondan artıq azərbaycanlı zorla çıxarılıb, öz ölkələrində köçkün vəziyyətində çadırlarda ağır şəraitdə yaşayırlar.

Altı il bundan öncə, 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşin kəsilməsi haqqında saziş imzalanıb ki, məsələnin sülh yolu ilə həll edilməsinə nail olaq. İndi müharibə yoxdur, amma sülh də əldə edilməyibdir. Bu, Azərbaycan üçün həyati məsələdir. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Ermənistan silahlı qüvvələri işğal olunmuş torpaqlarımızdan çıxmalıdır. Beynəlxalq hüquq normalarına, ATƏT-in prinsiplərinə Ermənistan da riayət etməlidir və bir milyondan artıq azərbaycanlı öz yerlərinə - yurdlarına qayıtmalıdır.

Onu da bilməlisiniz ki, işğal olunmuş torpaqlarda hər şey dağıdılıbdır. Öz yerlərinə qayıdan adamlar ancaq torpaqlarına qayıdacaqlar. Onların orada yaşaması üçün hələ bir neçə il çox iş görülməlidir və buna böyük vəsait lazımdır. Amma hesab edirik ki, əgər sülh əldə olunsa, təbiidir ki, gələcək illərdə dünya birliyinin, Avropa Birliyinin, böyük donorların köməyi ilə bu məsələləri də həll etmək olar.

Avstriya bu il ATƏT-in sədri vəzifəsini həyata keçirir. Biz sizə çox ümidlər bəsləyirik. Xarici işlər naziri xanım Ferrero-Valdner bu yaxınlarda bölgəmizə gələcək, Azərbaycanda olacaqdır. Biz sizi səbirsizliklə gözləyirik. Arzu edirik ki, bu ilin ikinci yarısında Avstriyanın ATƏT-ə sədrlik etdiyi zaman bu məsələnin həllində real bir nəticə əldə olunsun.

Cənab prezident, siz Avropada və dünyada çox tanınan, böyük hörmətə malik olan dövlət xadimisiniz. Mən arzu edirəm və xahiş edirəm ki, siz öz şəxsi siyasi imkanlarınızdan da istifadə edib bu məsələnin sülh yolu ilə həll olunmasında bizə yardım göstərəsiniz. Biz Avstriyaya, prezidentə, xarici işlər nazirinə və ATƏT-ə çox böyük ümidlər bəsləyirik.

Nəhayət, cənab prezident, mən istərdim sizə bildirim ki, İkinci Dünya müharibəsində alman ordusu tərəfində vuruşmuş və sovet ordusuna əsir düşmüş Avstriya əsgərlərinin bir qismi Azərbaycana gətirilib və onlar orada su elektrik stansiyasının tikintisində iştirak ediblər. Onlardan 45 nəfəri orada vəfat edib və dəfn olunubdur. Onların qəbirləri indiyədək qorunur. Mən həmin qəbirlərin fotolarını sizə təqdim etmək istəyirəm. Bu isə onların xatirəsinə vurulmuş lövhədir. Mən bu barədə məlumatları da sizə təqdim edirəm. Güman edirəm ki, fotoreportyorlar o şəkilləri çəkib nümayiş etdirsələr, daha yaxşı olar.