"Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında" respublika prezidentinin sərəncamının yerinə yetirilməsi məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş və yekun sözü - Prezident Sarayı, 10 iyul 1996-cı il


Məlumdur ki, iyunun 28-də Avropa Şurası Azərbaycan Respublikasına xüsusi qonaq statusu verilməsi haqqında qərar qəbul edibdir. Bu, respublikamızın həyatında böyük bir hadisədir. Bu, bir tərəfdən Azərbaycanın Avropaya mənsub olduğunu təsdiq edir və eyni zamanda müstəqil respublikamızda mövcud olan dövlət sisteminin, respublika ictimaiyyətinin, həyatının, qanunlarının, ölkəmizin tutduğu yolun demokratiya yolu olduğunu və Azərbaycanda gedən proseslərin demokratiya prinsipləri əsasında davam etdiyini təsdiq edir.

Bilirsiniz ki, biz Azərbaycanda dövlət quruculuğunda, cəmiyyətdə, iqtisadiyyatda, həyatımızın bütün sahələrində ölkəmizi demokratiya yolu ilə aparmaq haqqında qərarlar qəbul etmişik, bəyanatlar vermişik. Bu sahədə böyük işlər görülüb və görülür. Bunların hamısının dünya ictimaiyyəti tərəfindən tanınması, xüsusən dünyanın inkişaf etmiş dövlətləri tərəfindən, həm iqtisadi cəhətdən, həm də dövlət quruculuğunda demokratik prinsiplər əsasında inkişaf etmiş dövlətlər tərəfindən tanınması və nəhayət, bu nailiyyətlərin, dəyişikliklərin, proseslərin Avropa Şurası tərəfindən tanınması bizim üçün çox əhəmiyyətlidir.

Yenə də deyirəm, bu, bir tərəfdən, beynəlxalq aləmdə, demokratiya aləmində Azərbaycan Respublikasının nüfuzunu, imicini nümayiş etdirir, ikinci tərəfdən də bu yolla getmək üçün bizə həvəs verir, kömək edir. Ona görə də, təkrar edirəm, mən bunu əlamətdar bir hadisə kimi qeyd edərək, sizin hamınızı, Azərbaycan Respublikasının vətəndaşlarını, xalqımızı təbrik edirəm.

Bu qərar haqqında bizə məlumat gələndən sonra mən iyulun 1-də Almaniyaya səfərə getdim. Ona görə də bu gün keçirdiyimiz müşavirə dərhal olmadı. Ancaq eyni zamanda, səfərdə olarkən mən Almaniyanın prezidenti cənab Roman Hersoq, federal kansler cənab Helmut Kol, federal kanslerin müavini, xarici işlər naziri cənab Klaus Kinkel ilə, Bundestaqda Almaniya-Qafqaz qrupunun sədri cənab Vimmer, Buntestaqın sədr müavini, Bundestaqın başqa üzvləri ilə görüşlərimdə onlar hamısı Azərbaycanın məhz demokratiya, bazar iqtisadiyyatı yolu ilə getdiyinə görə məmnun olduqlarını bildirdilər və bunu məmnuniyyətlə təsdiq etdilər, o cümlədən Azərbaycanın aprel ayında Avropa Birliyi ilə imzaladığı sazişdə, respublikamızın Avropa Şurası tərəfindən qonaq statusu almasına yüksək qiymət verdilər.

Bunu da qeyd etmək istəyirəm ki, federal kansler cənab Kol mənimlə təkbətək danışığı zamanı bu məsələləri xüsusi vurğuladı. Bir daha deyirəm ki, bu, bizim üçün əlamətdar hadisədir, hesab edirəm ki, dövlətçilik işlərimizdə, ictimai-siyasi həyatımızda nailiyyətdir. Eyni zamanda bu, bizim üzərimizə çox böyük vəzifələr qoyur. İndi biz bu istiqamətdə irəliyyə gedərək, şübhəsiz, çalışmalıyıq ki, Avropa Şurasına tamhüquqlu üzv olmağa nail olaq. Güman edirəm ki, biz buna da nail ola bilərik. Çünki tutduğumuz strateji yol, gördüyümüz işlər, əməli fəaliyyətimiz buna imkan verir. Şübhəsiz ki, bundan sonra da bu sahədə çox işlər görmək lazımdır.

Avropa Şurasının respublikamız haqqında qəbul etdiyi bu qərarla əlaqədar üzərimizə düşən vəzifələrin həyata keçirilməsi üçün mən iyulun 8-də xüsusi bir sərəncam imzalamışam. Bu sərəncam mətbuatda dərc olunubdur. Sərəncamdan irəli gələn vəzifələrin və ümumiyyətlə, Avropa Şurasının qəbul etdiyi qərarla bağlı üzərimizə düşən vəzifələrin həyata keçirilməsi ilə əlaqədar mən sizi buraya dəvət etmişəm.

Bu barədə xarici işlər naziri qısa bir məlumat versin. Sonra bu sərəncamın mətbuatda dərc olunmasına baxmayaraq, mən istərdim ki, Şahin Əliyev bunu bir daha oxusun ki, biz vəzifələri, kimin hansı işi görməli olduğunu müəyyən edək.

Yekun sözü

Hesab edirəm ki, bu sənəd mətbuatda dərc olunandan sonra sərəncamdan irəli gələn vəzifələrin həyata keçirilməsi həvalə olunmuş təşkilatların, orqanların hamısı işə başlayıblar. Ancaq mən bu məsələyə xüsusi fikir verərək sərəncamın mətbuatda dərc olunmasına baxmayaraq onun bu gün burada bir daha oxunmasını lüzumlu hesab etdim. Buraya toplaşanlara bir daha müraciət edirəm ki, bu məsələlərlə təxirə salınmadan çox ciddi və ardıcıl surətdə məşğul olmaq lazımdır. Ona görə də Nazirlər Kabineti, prezidentin İcra Aparatı, Xarici İşlər Nazirliyi və ayrı-ayrı nazirliklər, Milli Məclisin komissiyaları, bəzi komissiyaların nümayəndələri buraya dəvət olunubdur, - Milli Məclis bu işlərlə ciddi məşğul olmalıdır. Görülən bu işlərin hamısı bir-biri ilə bağlı həyata keçirilməlidir.

Bilirsiniz, biz gərək bu birinci nailiyyətimizi möhkəmləndirməyə çalışaq və Avropa Şurasının tamhüquqlu üzvü olmağa nail olaq. Hesab edirəm, iş təkcə ondan ibarət deyil ki, biz xüsusi qonaq statusu almışıq, sonra da üzv olaq. İş ondadır ki, bunların hamısı respublikamızın siyasi, ictimai, iqtisadi həyatında böyük dəyişikliklər üçün lazımdır. Bu dəyişiklikləri etmək, bu prosesləri gücləndirmək üçün lazımdır, təkcə ona görə yox ki, bir imtahan verdik, o biri imtahanı da verək. Yox, məsələ imtahanda deyil. Bu, birinci növbədə bizim özümüzə lazımdır.

Dərk etməliyik, - bir halda ki, biz tutduğumuz bu yol ilə gedirik, qanunlarımızı dünyanın demokratik qanunlarına uyğunlaşdırırıq, dövlət quruculuğu sistemimizi, cəmiyyətimizi dünyanın demokratik ölkələri və cəmiyyətləri, dövlətləri səviyyəsinə qaldırmaq istəyirik, demək, onları mütləq həyata keçirməliyik. Bunlar da kiminsə xoşuna gəlmək və onun respublikamıza "bəli, siz yaxşı ölkəsiniz" deməsi üçün yox, sadəcə olaraq ölkəmizin həyatını kökündən dəyişdirmək, dövlətimizi istədiyimiz səviyyəli dövlət etmək üçün və iqtisadiyyatımızı, insanların sosial vəziyyətini, rifah halını yaxşılaşdırmaq, iqtisadiyyatımızda ciddi dəyişikliklər aparmaq üçün lazımdır. Bunlar hamısı bir-biri ilə bağlı, kompleks şəkildə olan tədbirlərdir və bunları da kompleks şəkildə aparmalıyıq.

Tarixi arayış

Azərbaycan - Avropa