Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin iki ölkənin nümayəndə heyətləri arasında Azərbaycan-Livan danışıqlarında çıxışı - Prezident sarayı, 11 fevral 1998-ci il


Cənab Baş nazir Rafiq əl-Həriri!

Hörmətli qonaqlar!

Azərbaycana xoş gəlmişsiniz. Mən dost ölkənin Baş nazirini səmimi-qəlbdən salamlayıram. Sizinlə yenidən görüşməyimə çox şadam. Sizin rəhbərlik etdiyiniz rəsmi nümayəndə heyətinin üzvlərini də salamlayıram. Siz də respublikamıza xoş gəlmişsiniz.

Mən ümidvaram ki, Livandan Azərbaycana gəlmiş ilk yüksək səviyyəli nümayəndə heyətinin bu səfəri dövlətlərimizin əlaqələrinin inkişaf etməsinə böyük təkan verəcəkdir. Baş naziri respublikamıza rəsmi səfərə dəvət edərkən bu ziyarətin ölkələrimiz arasında əməkdaşlığın inkişafında mühüm mərhələ yaradılmasına kömək edəcəyinə inanıram. İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının keçən ilin dekabrında Tehranda keçirilən VII zirvə toplantısında Livanın Baş naziri ilə görüşünü bir daha məmnunluqla xatırlayıram və Azərbaycana gəldiyinə görə cənab əl-Həririyə təşəkkür edirəm. Böyük tarixi əlaqələrin, ümumi mənəvi dəyərlərimizin, adətənənələrimizin bir-birinə oxşarlığı xalqlarımızı həmişə dost etmişdir. Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra bütün ölkələrlə qarşılıqlı surətdə faydalı əlaqələr quraraq, Livanla əməkdaşlığa da xüsusi əhəmiyyət verir. Azərbaycan ilə Livan arasında diplomatik əlaqələr yaranmış, əl-Həriri ilə Tehranda görüşüm zamanı respublikamızın Misirdəki səfiri İsrafil Vəkilovu həm də Livanda səfir təyin etdiyimi dedim.

Biz ölkələmizin münasibətlərinin inkişafı üçün müəyyən addımlar atmışıq. Xalqımız öz dövlət müstəqilliyini tarixi hadisə hesab edir və ötən altı ildə müstəqilliyimizi ağır və çətin şəraitdə qoruyub saxlayır. Xalqımız and içibdir ki, biz öz müstqilliyimizi daim qoruyacağıq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır. Ötən illərdə Azərbaycanın dünyanın bir çox dövlətləri ilə dostluq əlaqələri yaranmış və ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət qurmaq üçün çox ciddi addımlar atılmışdır. 1995-ci ildə Azərbaycanda ilk Demokratik Konstitusiya qəbul olunmuş və çoxpartiyalı sistem əsasında parlament seçilmişdir. 70 il Sovet İttifaqının tərkibində yaşamış Azərbaycanda o dövrdə kommunist ideologiyası, sosialist sistemi, iqtisadiyyatı mövcud idi. Biz bunların hamısından imtina etmişik, ölkəmizin ideologiyasını xalqımızın milli mənəvi dəyərləri əsasında qururuq, ümumbəşəri dəyərlərdən istifadə etməyə çalışırıq. İqtisadiyyatımızı bazar iqtisadiyyatı yolu ilə inkişaf etdiririk. Bunun üçün də iqtisadi islahatlar həyata keçiririk və bu sahədə müəyyən nailiyyətlər əldə etmişik. Özəlləşdirmə prosesi həyata keçirilir. Dövlət mülkiyyəti tədricən özəlləşdirilir. Torpaqlar özəlləşdirilir və şəxsi mülkiyyətə verilir. Son illər Azərbaycana güclü axınla sərmayə gəlir, ölkəmiz dünya iqtisadiyyatı üçün açıqdır. Respublikamızda xarici tıcarət tamamilə sərbəstləşdirilmiş və sərmayələr qoyulması üçun Azərbaycana xüsusi qanunlar qəbul edilmişdir. Zəngin təbii nemətlərə, neft və qaz yataqlarına malik müstəqil Azərbaycan Respublikası öz sərvətlərinin sahibi olduğundan, 1994-cü ilin sentyabrından indiyədək dünyanın bir çox ölkələrinin nüfuzlu neft şirkətləri ilə müqavilələr imzalamışdır. Bu müqavilələrdə dünyanın 12 ölkəsindən 20 şirkət iştirak edir. İmzalanmış müqavilələrə görə Azərbaycana 30 il müddətində təxminən 30 milyard dollar məbləğində sərmayə qoyulacaqdır. 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" ilə əlaqədar yaradılmış konsorsiuma 11 şirkət daxil olmuşdur. Böyük bir yataqdan artıq neft hasil edilir, bağlanmış bütün müqavilələr indi əməli surətdə həyata keçirilir. Xəzərin Azərbaycan sektorundakı yataqlardan hasil edilən neftin dünya bazarına ixracı qarşıda duran ən mühüm vəzifədir və bir çox ölkələri maraqlandıran məsələdir. Biz ilkin neftin ixracı üçün iki kəmər tikilməsini planlaşdırmışıq. Bir neft kəməri Bakıdan Qara dənizdəki Novorossiysk limanına gedir. Bu neft kəməri artıq işə başlayıbdır. Keçən il noyabrın 12-də hasil olunan ilk neft artıq bu kəmərlə ixrac edilir. İkinci kəmər Bakıdan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedəcəkdir. Neft şirkətləri indi bu kəmərin inşası ilə məşğuldur. Onlar söz veriblər ki, bu neft kəməri bu ilin sonunadək tikilib qurtaracaqdır. Xəzərin Qazaxıstana və Türkmənistana məxsus yataqlarındakı böyük neft ehtiyatından, gələcəkdə hasil ediləcək neftin dünya bazarına çıxarılması məsələləri ilə dünyanın iqtisadi və maliyyə qurumları ciddi məşğul olur. Xəzərin Azərbaycan sektorundakı yataqlardan çıxarılacaq neftin dünya bazarına ixracı üçün Qərb istiqamətində, Azərbaycan, Gürcüstan, Türkiyə ərazilərindən keçərək Aralıq dənizindəkı Ceyhan limanına böyük neft kəməri çəkiləcəkdir. Qazaxıstandan, Türkmənistandan neftin və qazın ixrac edilməsi üçun Xəzərin dibindən kəmərlər tikilməsi, Azərbaycana gəlməsi, Bakıdan isə Qərbə doğru getməsi nəzərdə tutulur. Ölkəmizin çox zəngin sənaye, elmi-intellektual potensialı Azərbaycan iqtisadiyyatının inkişafına yönəlmiş keçid dövründə bir sıra çətinliklər yarandığından 1988-ci ildən 1996-cı ilə qədər respublikamızda iqtisadi göstəricilər hər il aşağı düşmüşdür. 1997-ci ildə bunun qarşısı alınmışdır. Son illər bütün sahələrdə qazanılmış uğurlu göstəricilər, hazırda inflyasiya sıfır dərəcəsində olmuşdur.

Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağı özünə bağlamaq istəyən Ermənistan 1988-ci ildə respublikamıza qarşı təcavüzə başlamış və bu təcavüz nəticəsində Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, bir milyondan artıq vətəndaşımız yerindən-yurdundan zorla qovulmuş, hazırda çadırlarda çox ağır vəziyyətdə yaşayırlar. İşğal olunmuş ərazilərdə Azərbaycanın tarixi abidələri, müqəddəs yerləri dağıdılır. Ölkəmizə çox ağır maddimənəvi zərbələr vurulur. 1994-cü ildə müharibədə atəşkəs yaradılmışdır. Bu münaqişənin sülh yolu ilə həll olunması sahəsində ATƏT-in Minsk qrupu çərçivəsində müəyyən işlər görülmüşdür. 1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün üç əsas prinsip qəbul edilmişdir. Bu prinsiplərlə Ermənistan razı olmamışdır. ATƏT-in Minsk qrupunun həmsədrləri - Rusiyanın, ABŞ-ın, Fransanın bu münaqişənin sülh yolunun iki mərhələdə həllini nəzərdə tutan təkliflər irəli sürmüşdür. Azərbaycan bu təklifləri qəbul etmişdir. Minsk qrupunun həmsədrləri Ermənistan tərəfi ilə çox danışıqlar apardılar, Ermənistanın keçmiş prezidenti Levon Ter- Petrosyan da bu təklifləri qəbul etdi. Keçən ilin oktyabrında Fransada - Strasburqda Ermənistan prezidenti Ter-Petrosyan ilə bu barədə danışıqlar aparıb birgə bəyanat verdik ki, həm Ermənistan, həm də Azərbaycan prezidentləri Minsk qrupunun bu təkliflərini qəbul edirlər. Ermənistan tərəfində fikirlər müəyyən qədər haçalandığına görə bu təkliflərin irəliyə getməsi mümkün olmamış və Ermənistan prezidenti Levon Ter-Petrosyan fevralın 3-də istefa vermişdir İndi orada yeni prezident seçiləcəkdir. Mən bəyanat vermişəm və bu gün sizin hüzurunuzda da bildirmək istəyirəm ki, Ermənistanda baş vermiş dəyişikliklərə baxmayaraq, Azərbaycan münaqişənin sülh yolu ilə həlli mövqeyində dayanır və bundan sonra da dayanacaqdır. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Ermənistanın daxili problemləri özlərinin istədiyi kimi həll ediləcək və münaqişəyə son qoyulması üçün Azərbaycan-Ermənistan danışıqları davam edəcəkdir. Biz hesab edirik ki, məsəb yalnız sülh yolu ilə həll olunmalıdır və böyük sülh əldə edilənədək biz öz tərəfimizdən atəşkəs rejimini qoruyub saxlayacağıq. Ümidvaram ki, Ermənistan tərəfi də verdiyi bəyanatlara sadiq olacaq və birgə səylərlə atəşkəs rejimi qorunub saxlanacaq, məsələ sülh yolu ilə həll ediləcəkdir. Azərbaycan və Ermənistan tarixi qonşulardır, biz Ermənistanla sülh şəraitində yaşamaq istəyirik və sülhsevər siyasətimizi bundan sonra da davam etdirəcəyik.

Azərbaycanın digər qonşu ölkələrlə elə bir problemləri yoxdur. Gürcüstanla sıx dostluq əlaqələrimiz vardır. Bu günlərdə prezident Eduard Şevardnadzeyə qarşı sui-qəsd edilmişdir, biz bütün dünyada, o cümlədən hər bir ölkədə terrorun əleyhinəyik, belə hərəkətləri pisləmişik və pisləyirik. Əmin olduğumu bildirirəm ki, dost, qonşu Gürcüstan bu ağır sınaqdan şərəflə çıxacaqdır. Azərbaycanın Rusiya və İranla əlaqələri dostluq və əməkdaşlıq xarakteri daşıyır. Azərbaycanı ərəb dünyası ilə tarıxi köklər bağlayır. Ərəb ölkələrinin əksəriyyəti ilə zəngin əlaqələrimiz olubdur. Biz ərəb ölkələrinin birliyinin tərəfdarıyıq, İKT-də islam ölkələri həmrəyliyinin tərəfdarı olduğumuzu bəyan etmişik. Hər cür təcavüzü pisləyir və beynəlxalq hüquq normalarının hər bir ölkə üçün tətbiq olunmasının tərəfdarıyıq. Hesab edirik ki, hər bir ölkənin ərazisi, sərhədləri toxunulmaz olmalıdır. Biz hər bir ölkənin ərazi bütövlüyünün pozulmasının əleyhinə çıxmışıq və çıxırıq.

Biz son iyirmi ildə Livanda gedən prosesləri diqqətlə izləmişik. Oradakı müharibələrin, dağıdıcı proseslərin sona çatmasından şadıq və dost ölkə kimi Livana sülh, əminamanlıq, ərazi bütövlüyünün bərpa olunmasını arzulayırıq.