Azərbаycаn Rеspublikаsının Prеzidеnti Hеydər Əliyеvin İran Prezidenti Seyid Məhəmməd Xatəmi ilə görüşü - İstanbul, 14 оktyabr 2002-ci il


İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının İstanbul Zirvə görüşündə iştirak edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xatəmi ilə görüş-müşdür.

Prezident Seyid Məhəmməd Xatəmi dövlətimizin başçısını dostcasına, səmimiyyətlə salamladı, Prezident Heydər Əliyev ilə hər bir görüşdən çox məmnun qaldığını nəzərə çatdırdı.

Prezident Heydər Əliyevin müdrikliyinin və böyük təcrübəsinin həm Azərbaycan üçün, həm İran üçün, həm də ümumilikdə regionumuz üçün çox əhəmiyyətli olduğunu vurğulayan cənab Xatəmi dövlətimizin başçısının bu ilin may ayında İrana rəsmi səfərini həmişə böyük məmnunluqla xatırladıqlarını söylədi, bu səfərin Azərbaycan–İran əməkdaşlığında yeni mərhələ yaratdığını vurğuladı.

Prezident Heydər Əliyev səmimi sözlərə, habelə İran İslam Respublikasına rəsmi səfəri zamanı ona göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirdi, həmin səfər zamanı keçirdiyi görüşləri, apardığı danışıqları və imzalanmış sənədləri yüksək dəyərləndirdi.

Görüşdə bir sıra müştərək layihələrin böyük əhəmiyyət daşıdığını, İran, Rusiya və Hindistanın iştirak etdikləri Şimal–Cənub layihəsinə Azərbaycanın da qoşulacağını nəzərə çatdıran prezidentlər ölkələrimiz arasında dəmir yolu əlaqələrinin bərpa olunması, Bakı–Astara avtomobil yolunun yenidən qurulması, Бакı–Astara dəmir yolunun tikilməsi, Astara çayı üzərində yeni körpünün salınması və nəhayət, Qəzvin–Rəşt–Astara dəmir yolunun çəkilməsi layihələrinin Azərbaycan–İran əməkdaşlığında mühüm rol oynayacağını bildirdilər.

Xəzərin hüquqi statusu ilə əlaqədar ətraflı fikir mübadiləsi edən dövlət başçıları bu məsələ barədə ekspertlər səviyyəsində aparılan danışıqların davam etdirilməsinin vacib olduğunu söylədilər.

Ölkəmizin ən ağrılı problemi olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması üçün aparılan danışıqlardan söhbət açan prezidentlər bu münaqişənin tezliklə sülh yolu ilə həll edilməsi üçün səylərin daha da gücləndirilməsinin zəruriliyini nəzərə çаtdırdılar.

İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının İstanbul Zirvə görüşündə müzakirə edilən məsələləri bir daha yüksək qiymətləndirən prezidentlər bu sammitin üzv ölkələr arasında qarşılıqlı surətdə faydalı əlaqələrin daha da möhkəmləndirilməsinə güclü təkan verəcəyinə əmin olduqlarını vurğuladılar.

Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə dövlət başçıları hər iki ölkəni maraqlandıran bir sıra məsələlər barədə də fikir mübadiləsi apardılar.

Prezident Heydər Əliyev ölkəmizdə İran prezidentinin Azərbaycana rəsmi səfərini gözlədiklərini bildirdi. Prezident Məhəmməd Xatəmi mütləq Azərbaycana rəsmi səfər edəcəyini təsdiqlədi. 

AzərTAc