Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Prezidenti adından Bolqarıstan Prezidenti Petr Stoyanovun şərəfinə təşkil edilmiş ziyafətdə nitqi -"Gülüstan" sarayı, 2 dekabr 1999-cu il


Hörmətli cənab prezident!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Bolqarıstan prezidenti cənab Petr Stoyanovun Azərbaycana səfəri Bolqarıstan-Azərbaycan münasibətlərində, Azərbaycanın həyatında mühüm hadisədir. Bu, Bolqarıstanın Azərbaycanla münasibətlərə necə böyük əhəmiyyət verdiyinə sübutdur. Bununla bərabər, bu, Azərbaycanın Bolqarıstana böyük maraq göstərdiyinə, münasibətlərimizin daha da inkişafının təmin olunması üçün görüşlərin zəruriliyinə dəlalət edir. Bu, Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra Bolqarıstan Prezidentinin ölkəmizə ilk səfəridir. Azərbaycan və Bolqarıstan xalqları arasında münasibətlərin uzaq, qədim tarixi var. Xalqlarımızın bir-birinə bələd olması və hətta görüşməsi barədə çoxlu fakt var. Tarixçilər, səlnaməçilər deyirlər ki, hələ erkən orta əsrlərdə və hətta antik dövrlərdə bulqarlar hun tayfaları ilə birlikdə Şimali Qafqazda olmuş, Cənubi Qafqaza, o cümlədən Azərbaycana yürüşlər etmişlər. Azərbaycanın cənub hissəsində Bulqarçay adlı çayın olması buna sübutdur. Nə vaxtdan bəridir bu ad dəyişmir! Halbuki müxtəlif zamanlarda müxtəlif məmləkətlərdə çox adlar dəyişdirilmişdir.

Uzaq keçmiş üzərində dayanmayacağam. XX əsrin tarixi də çoxsaylı əlaqələrə sübutdur. 20-ci illərin əvvəllərində o vaxtkı hakimiyyət tərəfindən təqib edilmiş bolqar ailələrinin böyük bir qrupunun Azərbaycana gəlib, burada özlərinə sığınacaq və yaşayış yeri tapdığını Azərbaycanda yaxşı xatırlayırlar. Münasibətlərimiz İkinci dünya müharibəsindən sonra xüsusilə geniş inkişaf etmişdir. Deyə bilərəm ki, sosializm düşərgəsi ölkələri olmuş bütün Şərqi Avropa ölkələri ilə Azərbaycanın daha böyük əlaqələri - iqtisadi, mədəni, elmi əlaqələri Bolqarıstanla olmuşdur. Təbii ki, sonrakı illərdə bu münasibətlər inkişaf etmiş və iqtisadi əlaqələrimiz öz təcəssümünü sənayenin, kənd təsərrüfatının bəzi sahələrində əməkdaşlıq edilməsində, məhsul göndərilməsində tapmışdır. O vaxtlar Sovet İttifaqı Bolqarıstandan çoxlu iaşə sənayesi məhsulu alırdı. Bizə Bolqarıstandan gətirilmiş ilk dadlı şirələr yadımdadır. Mən siqaret çəkən deyiləm, amma bilirəm ki, o vaxtlar bolqar siqaretləri böyük şöhrətə malik idi və Sovet İttifaqında əslində ən yaxşı siqaretlər idi. Onda Azərbaycanda "Filipp Morris" və ya başqa siqaretlər yox idi. Yaxşı xatırlayıram ki, Azərbaycanda üzümçülüyü fəal inkişaf etdirdiyimiz 70-ci illərdə biz Bolqarıstan üzümçülərinin təcrübəsindən bəhrələnirdik və yeni üzüm bağları salmaq üçün buraya hətta böyük miqdarda tənək gətirmişdik. Biz bu bağları saldıq. Məlumdur ki, Bolqarıstan meyvə, üzüm ölkəsidir, orada təbiətin gözəllikləri çoxdur. Orada üzüm də dadlıdır, amma oradakı şərablar xüsusilə dadlıdır. Bolqarıstandan aldığımız tənəklər bizə çox kömək etdi. O vaxtlar qısa müddətdə biz böyük üzüm bağları salmağa, üzüm və üzüm məhsulları istehsalını 10 il ərzində təxminən 10 dəfə artırmağa müvəffəq olduq.

Lakin, şübhəsiz ki, insani əlaqələr, mədəniyyət, elm, incəsənət sahəsində əlaqələr münasibətlərimizdə ən böyük əhəmiyyətə malikdir. Məhz bunu, Azərbaycanın və Bolqarıstanın mədəniyyət, incəsənət, elm xadimləri arasında mehriban, yaxşı əməkdaşlıq olduğunu sübut edən faktlar çoxdur. Xatirimdədir, 1953-cü ildə Azərbaycanın görkəmli alimlərindən biri olan Topçubaşov, - sonralar o, uzun müddət Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti olmuşdur, - eyni zamanda Bolqarıstan Akademiyasının üzvü seçildikdə bu, Azərbaycanda böyük hadisəyə çevrildi. Azərbaycanın ali məktəblərində - Bakı Universitetində, Neft və Kimya İnstitutunda, digər ali məktəblərimizdə onlarca, yüzlərlə bolqarıstanlı oğlan və qız təhsil almışdır. Şairlərimiz, yazıçılarımız, teatrlarımız arasında da sıx əlaqələr mövcud idi. Ümumiyyətlə, bunların əsası vardır. Bu da ondan ibarətdir ki, bolqar ədəbiyyatının klassikləri İvan Vazovu, Xiristo Botevi, Yemilian Stanevi və bir çox başqalarını Azərbaycanda keçmiş vaxtlarda da gözəl tanıyırdılar. Elə bolqarlar da Azərbaycan ədəbiyyatının klassikləri Nizami Gəncəvini, Nəsimini, Vaqifi tanıyırdılar. O dövrlərdə, hətta XIX əsrdə də Nizami Gəncəvinin şeirləri bolqar dilinə çevrilir və nəşr edilirdi. Sonralar Azərbaycan şairlərinin və yazıçılarının bir çox əsərləri bolqar dilinə və bolqar yazıçılarının və şairlərinin bir çox əsərləri Azərbaycan dilinə tərcümə olunmuşdur.

Bu gün dedim ki, 1995-ci ildə mən Bolqarıstana səfər edərkən şairimiz Siyavuş Məmmədzadə tərcüməçi kimi mənimlə getmişdi. O, bolqar ədəbiyyatının böyük bilicisidir, bolqar şairlərinin əsərlərinin Azərbaycan dilinə tərcüməsi üçün çox işlər görmüş və 80-ci illərin axırlarında burada hətta bolqar şairləri əsərlərinin böyük antologiyasını buraxmışdır. Görkəmli Azərbaycan şairləri, yazıçıları Bolqarıstana, bolqar xalqına həsr olunmuş bir çox əsərlər yazmışlar. Yeri gəlmişkən, onlar böyük məhəbbət və hörmət hissi ilə yazmışlar. Böyük şairlərimiz Səməd Vurğun, Süleyman Rüstəm, Nəbi Xəzri, Əliağa Kürçaylı, Fikrət Qoca və başqaları bir çox şeirlərini, əsərlərini Bolqarıstana və Bolqarıstan-Azərbaycan dostluğuna həsr etmişlər.Teatrlarımız çox sıx əməkdaşlıq edirdilər. Sadəcə olaraq, vaxtınızı almaq istəmirəm, lakin bolqar dilinə tərcümə edilmiş və Bolqarıstan teatrlarının səhnəsində tamaşaya qoyulmuş bir çox Azərbaycan pyeslərinin adını çəkə bilərəm. Bunlar eynilə Azərbaycanda da olmuşdur. Bütün bunlar keçmiş əlaqələrimizə çox parlaq sübutdur. Lakin dövlət müstəqilliyi qazandığımız, yeni cəmiyyət qurduğumuz, demokratiya yolu ilə getdiyimiz, idarəetmə sisteminin, iqtisadiyyatın yenidən qurulması ilə məşğul olduğumuz indiki dövrdə, əlbəttə, vəziyyət başqa cürdür. Biz bu şəraitdə də Bolqarıstanla fəal əməkdaşlıq edirik. Mənim Bolqarıstanda səfərdə olmağım, indi isə Bolqarıstan prezidentinin Azərbaycana gəlməsi bir-birimizə necə meyl göstərdiyimizə, necə geniş əməkdaşlıq etmək istədiyimizə konkret sübutdur.

Bizim üçün Bolqarıstan Avropada böyük əhəmiyyətə malik olan, Dünya Birliyində layiqli yer tutan ölkədir. Əgər indi dünya ictimai rəyinin, Dünya Birliyinin marağını ən çox cəlb edən regionlardan danışmalı olsaq, deməliyik ki, bu regionlar Bolqarıstanın da yerləşdiyi Balkan yarımadasıdır, Qafqazdır, Azərbaycanın da yerləşdiyi Cənubi Qafqazdır. Bu maraq təsadüfi deyildir, çünki mürəkkəb proseslər dünyanın məhz bu regionlarında baş verir və biz bu prosesləri birlikdə yaşayırıq. Başlıcası budur ki, "soyuq müharibə" qurtardıqdan, Varşava paktı dağıldıqdan sonra Bolqarıstan tam müstəqil siyasət yeridir, zənnimizcə, onu çox düzgün, çox inamla aparır. Bu siyasət ondan ibarətdir ki, demokratik dövlət, demokratik cəmiyyət qurulur, Bolqarıstan Avropa strukturlarına getdikcə daha sıx inteqrasiya edir, Avropa Şurasının üzvüdür, Avropa Birliyinin üzvü olmağa çalışır, NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramında, Şimali Atlantika İttifaqı ilə fəal əməkdaşlıq edir.

Bir çox digər faktlar göstərir ki, Bolqarıstan daha keçmişdə olduğu kimi deyildir, hərçənd, zəngin, çoxəsrlik dövlətçilik tarixinə malikdir. Əlbəttə, bu, İkinci dünya müharibəsi dövründə və sonralar müəyyən dərəcədə pozulmuşdu. İndi Bolqarıstan öz dövlətini özünün zəngin tarixi əsasında, dövlətçiliyinin zəngin tarixi keçmişi əsasında qurur. Çünki, bunu bolqar xalqının milli mənafeləri tələb edir. Biz bunların hamısını görürük, kənardan dostcasına müşahidə edirik və bu fikirdəyik ki, Avropa ölkəsi olaraq Bolqarıstan yüksək inkişaf etmiş ölkəyə çevrilmək, Avropa Birliyinin üzvü, Avropa qitəsində bütün proseslərin fəal iştirakçısı olmaq üçün hər cür imkanlara və böyük şansa malikdir. Bolqarıstanın bütün bu uğurları bizi sevindirir. Lakin indi bizi bir çox başqa amillər də bağlayır. Bu, başlıca olaraq, Böyük İpək Yolunun bərpasına dair ötən il Bakıda keçirilmiş və TRASEKA proqramının reallaşmasına həsr edilmiş beynəlxalq konfransdır. Yeri gəlmişkən, bu salonda biz həmin məsələlər haqqında Bakı bəyannaməsini imzaladıq. Biz əməkdaşlıq edirik və edəcəyik. Bu gün biz həmin məsələlər barəsində ətraflı fikir mübadiləsi apardıq. Hər iki tərəf - prezident Petr Stoyanov da, mən də eyni fikirdəyik ki, TRASEKA proqramını, Böyük İpək yolunun bərpası proqramını ölkələrimizin, həm də nəinki ölkələrimizin, eləcə də Yer kürəsinin böyük bir hissəsinin mənafeləri naminə inkişaf etdirmək lazımdır. İNOQEYT proqramı bizim üçün çox böyük əhəmiyyətə malikdir. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən, böyük coğrafi və coğrafi-siyasi əhəmiyyəti olan Azərbaycan, təbii ki, Bolqarıstanla Şərq arasında əlaqələrin genişlənməsi üçün çox işlər görə bilər. Eləcə də, Bolqarıstan Azərbaycanın qərblə əlaqələrinin genişlənməsi üçün çox işlər görə bilər.

Bir sözlə, milli mənafelərimiz çox uyğun gəlir. Biz bunun naminə əməkdaşlıq edirik və edəcəyik. Şadam ki, prezident Petr Stoyanov Azərbaycandadır. Bu gün biz səmərəli işlədik, bir çox məsələlər barəsində fikir mübadiləsi apardıq, mühüm sənədlər imzaladıq, jurnalistlərin suallarına cavab verdik və dostluq münasibətlərimizi daha da möhkəmlətmək üçün "Gülüstan" sarayındayıq. Ümidvaram ki, sabah siz şəhərimizlə, xalqımızın həyatı ilə də tanış ola biləcəksiniz. Əlbəttə, Bolqarıstanda, postsosialist, postsovet dövrünün digər ölkələrində olduğu kimi, bizdə də problemlər çoxdur. Lakin cənab prezident bilir ki, bütün bu problemlər arasında başlıcası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Əslinə qalsa, Azərbaycanın həyatında bir çox müsbət amillər olmasına, ölkəmizin son illərdə bir çox şəksiz uğurlar qazanmasına baxmayaraq bu münaqişə vəziyyətimizi çətinləşdirir, Cənubi Qafqazda vəziyyəti çətinləşdirir. Bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdur, bir milyondan artıq Azərbaycanlı öz doğma yerlərindən, eveşiklərindən, torpaqlarından qovulmuşdur və yeddi ildən çoxdur dözülməz şəraitdə, çadırlarda, bəzi uyğunlaşdırılmış binalarda yaşayır. Təsəvvür edirsinizmi, məsələn, ailə dalba-dal yeddi ildir yük vaqonunda yaşayır. Bu, əlbəttə, dəhşətdir. Bu, eyni zamanda Azərbaycan xalqının çox dözümlü xalq olduğuna sübutdur. Bu dözümlülük isə onunla bağlıdır ki, biz məsələnin dincliklə həll edilməsini istəyirik. 1994-cü ilin mayında biz məsələnin dincliklə nizama salınması üçün Ermənistanla atəşkəs haqqında saziş bağladıq. Məsələnin dincliklə nizama salınması problemi ilə ATƏT-in Minsk qrupu məşğul olur. Bu qrupun həmsədrləri Rusiya, ABŞ və Fransadır. Əlbəttə, ötən dövr ərzində az iş görülməmişdir, böyük əmək qoyulmuşdur. Buna baxmayaraq, biz arzu edilən nəticəyə nail olmamışıq, yəni münaqişə aradan qaldırılmayıbdır, Azərbaycan ərazisinin bir hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır və bir milyon Azərbaycan sakini çox ağır şəraitdə yaşayır. Mən prezidentə demişəm, bir daha demək istəyirəm ki, biz münaqişənin dincliklə nizama salınması mövqeyində möhkəm dayanmışıq. İstanbul zirvə toplantısında, Minsk qrupunun həmsədrləri ilə görüşlər zamanı, digər görüşlər zamanı bu mövqe bizim tərəfimizdən bir daha yenidən bəyan edilmiş, təsdiqlənmişdir. Bu da vacibdir ki, son vaxtlar Ermənistan və Azərbaycan prezidentləri arasında bir neçə görüş keçirilmişdir və bu görüşlər dincliklə nizamasalına prosesini müəyyən dərəcədə irəlilədir. Lakin bu gün biz bundan hələ çox uzaqdayıq. Hərçənd biz çox istəyirik ki, bu məsələ mümkün qədər tez nizama salınsın. Bu, ən əvvəl bizim xeyrimizədir. Lakin bu, Ermənistanın da xeyrinədir, bütün Qafqazın xeyrinədir. Çünki bölgəmizdə sülhün bərqərar olması, şübhəsiz, bütün Cənubi Qafqaz respublikalarında iqtisadiyyatın, sosial sahənin çox sürətlə inkişafını təmin edəcəkdir. Biz bunu istəyirik.

Azərbaycan müstəqillik əldə etdikdən sonra sərbəst inkişaf yoluna qətiyyətlə qədəm qoymuşdur. Azərbaycanın 20-ci ildə itirilmiş və 1991-ci ilin axırlarında, Sovet İttifaqının süqutundan sonra bərpa edilmiş müstəqilliyi xalqımızın çox böyük tarixi nailiyyətidir. Biz bunu çox yüksək qiymətləndiririk. Odur ki, bütün daxili və xarici siyasətimizin başlıca istiqaməti dövlət müstəqilliyimizi qoruyub saxlamaqdan, möhkəmlətməkdən və inkişaf etdirməkdən ibarətdir. Buna görə də bu gün mən bir daha bəyan edirəm ki, heç kim, heç bir dövlət bizi bu yoldan döndərə bilməz. Təbiidir ki, müstəqil dövlətdə biz həyatı Azərbaycan xalqının mənafeləri naminə qururuq. Bu isə ondan ibarətdir ki, biz demokratik, hüquqi, dünyəvi dövlət qururuq, demokratik cəmiyyət, vətəndaş cəmiyyəti yaradırıq. Biz iqtisadiyyatımızı bazar iqtisadiyyatı əsasında inkişaf etdiririk, bir çox iqtisadi islahatlar, torpaq islahatı aparmışıq və aparırıq, torpaq islahatı əsasında bütün torpaqları kəndlilərə vermişik, özəlləşdirmə ilə, maliyyə sistemi, iqtisadi sistem və dövlət aparatı ilə bağlı islahatlar aparırıq. Bütün bu islahatlar demokratik, hüquqi dövlətin inkişafı və möhkəmlənməsi sahəsində fəaliyyətimizin mahiyyətini təşkil edir. Bizdə tam azadlıq - söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı təmin olunmuşdur. Ölkəmizdə azərbaycanlılarla yanaşı, bir çox digər Millətlərin nümayəndələri də yaşayırlar. Onların hamısı Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır və bütün hüquqlara malikdir. Bizim bu yolumuz Avropada bərqərar edilmiş olan və Bolqarıstanın da əməl etdiyi tələblərə, standartlara uyğundur. Bolqarıstan bizdən xeyli öndə gedir. Biz də qabağa gedirik, amma sürətimizin belə olması ona görə deyildir ki, biz ləng irəliləyirik, ona görədir ki, ölkəmiz tamam başqa vəziyyətdə olmuşdur. Ermənistanla Azərbaycan arasında münaqişə baş vermiş, daxili siyasi vəziyyət mürəkkəb olmuşdur, bir tərəfdən, Ermənistanla müharibə gedirdi, digər tərəfdən isə ölkəmizin daxilində müxtəlif qanunsuz silahlı dəstələr, silahlı qruplar hakimiyyət uğrunda mübarizə apardılar. Burada hakimiyyət devrilirdi və 1993-cü ildə Azərbaycan vətəndaş müharibəsi həddinə çatmışdı, əslində vətəndaş müharibəsi artıq gedirdi.Əlbəttə, bütün bunlar vəziyyətimizi çətinləşdirmiş və inkişafımızın sürətini ləngitmişdi. Lakin bu gün deyə bilərəm ki, 1995-ci ildən başlayaraq artıq neçə illərdir Azərbaycanda sarsılmaz, normal, sabit daxili siyasi, ictimai-siyasi vəziyyət yaranmışdır. İndi Azərbaycanda adamlar çox azad-asudə yaşayırlar, Konstitusiyamızla, qanunlarımızla və müvafiq dövlət orqanları tərəfindən hər bir kəsin həyatına təminat verilir. Bu cür şəraitə, bu cür imkanlara malik olaraq indi biz Avropanın bütün strukturları ilə inteqrasiya üçün daha sürətlə irəliləyə bilərik. Biz Avropa Şurasına daxil olmalıyıq, bunu çox istəyirik və ümidvaram ki, bu olacaqdır. Biz "Sülh naminə tərəfdaşlıq" proqramında, Şimali Atlantika İttifaqı ilə fəal əməkdaşlıq edirik, bütün Avropa strukturları ilə inteqrasiyada olmaq istəyirik. Avropa Birliyi ilə, İqtisadi Komissiya ilə, Beynəlxalq Valyuta Fondu ilə, Dünya Bankı ilə bizim aramızda fəal əməkdaşlıq var.

Bütün bunlar və həyata keçirdiyimiz islahatlar son illərdə Azərbaycan iqtisadiyyatının inkişafını təmin etmişdir. Bir çox illər bundan əvvəl iqtisadiyyatımızda daim tənəzzül vardı. 1995-ci ildə biz tənəzzülü aradan qaldırdıq və o vaxtdan bəri Azərbaycan iqtisadi cəhətdən inkişaf edir. Ötən aylar ərzində bizdə ümumi daxili məhsul təxminən 7 faiz, sənaye istehsalı 3 faiz, kənd təsərrüfatı istehsalı da təqribən bir o qədər artmışdır. Əlbəttə, bu, hələ çox azdır - ona görə yox ki, rəqəmlər kiçikdir, məhz ona görə ki, bir çox imkanlarımızdan, ehtiyat mənbələrimizdən hələ istifadə edilməmişdir. İnanırıq ki, apardığımız islahatlar inkişafın daha yüksək sürətlə getməsinə və təbii olaraq, xalqın rifahının yaxşılaşmasına gətirib çıxaracaqdır. Əlbəttə, son illərdəki mühüm uğurumuz budur ki, biz xarici sərmayədarları neft və qaz yataqlarımızın birgə işlənilməsinə cəlb edə bilmişik və 1994-cü ildə imzalanmış ilk müqavilə artıq öz bəhrələrini verir. Bundan sonra daha 18 müqavilə imzalanmışdır. Bu, Azərbaycanın neft-qaz sənayesinin inkişafı üçün və təbii olaraq, Azərbaycanın iqtisadi inkişafı üçün çox böyük perspektivlər açır. Bu isə öz növbəsində ölkəmizin iqtisadiyyatının bütün digər sahələrinin inkişfına və beləliklə, insanların rifahının yüksəlməsinə təkan verəcəkdir.

Biz bu imkanlardan öz ölkəmiz üçün də, başqa ölkələrlə fəal əməkdaşlıq üçün də istifadə edirik. Bununla əlaqədar, bu gün biz Bolqarıstanla Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsi məsələsini müzakirə etdik. Mən bəyan etmişəm və bir daha bəyan edirəm ki, bu əməkdaşlığın uğurlu olması üçün bütün işləri görəcəyik. Ümidvaram ki, yanvarda Azərbaycan-Bolqarıstan İqtisadi Əməkdaşlıq Komissiyasının iclası bu istiqamətdə irəliyə doğru addım atacaqdır. Bugünkü gündən, Bolqarıstan prezidenti cənab Petr Stoyanovun səfərindən çox məmnun qaldığımı bir daha bildirmək istəyirəm. Birgə gördüyümüz işdən də məmnun olduğumu bildirmək istəyirəm.

Bolqarıstanın şərəfinə badə qaldırmağı təklif edirəm! Bolqar xalqının sağlığına! Müstəqil, suveren Bolqarıstanın şərəfinə! Bolqarıstan prezidenti cənab Petr Stoyanovun sağlığına!