Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin «Qafqazda Sülh və İnkişaf» beynəlxalq elmi-praktiki konfransına müraciəti - Bakı şəhəri, 27 may 2001-ci il


Hörmətli konfrans iştirakçıları!

Sizi-Qafqaz regionunun olduqca mühüm və aktual problemlərinə həsr edilmiş beynəlxalq konfransın bütün iştirakçılarını səmimi-qəlbdən salamlayır və işinizdə sizə uğurlar diləyirəm. Forumunuzun yeni əsrin və yeni minilliyin ilk ilində Rusiya Elmlər Akademiyası və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin himayəsi altında keçirilməsi faktı onun əhəmiyyətini göstərir.

Həqiqətən, indi Qafqaz öz coğrafi-siyasi vəziyyətinə görə xüsusi əhəmiyyət kəsb edir. Qafqazın müstəqil dövlətlərinin Avropa Şurasına daxil olması, onların TASİS, TRASEKA, İNOQEYT kimi proqramlarda uğurlu iştirakı bütün dünya ictimaiyyətinin bizə olan böyük diqqətinə dəlalət edir. Azərbaycan siyasi, iqtisadi, mədəni və başqa sahələrdə dostluq əlaqələrinin və hərtərəfli əməkdaşlığın formalaşmasına hər cür yardım göstərərək, ölkələrimizin intensiv inkişafını təmin etmək işinə öz layiqli töhfəsini verir. Bizim strategiyamız 1998-ci ilin sentyabrında Bakıda keçirilmiş Böyük İpək Yolunun bərpası üzrə beynəlxalq konfransın materiallarında öz əksini tapmışdır. Bu konfrans iqtisadi inkişafın olduqca böyük perspektivlərini açmış və bir daha sübut etmişdir ki, Qafqaz Şərqlə Qərb, Avropa ilə Asiya arasında əlaqələrin təmin edilməsində böyük rol oynamağa qadirdir.

SSRİ dağıldıqdan sonra ötən illər ərzində bölgənin dünya iqtisadi sisteminə inteqrasiyası yolunda böyük işlər görülmüşdür. Lakin bununla belə, nə qədər ki, münaqişə ocaqları söndürülməyib və qarşıdurma aradan qaldırılmayıbdır, Qafqazda iqtisadi inkişaf sahəsində qazanılan uğurlar, eləcə də sabitlik və əmin-amanlıq üçün, hələ ki, tam təminat yoxdur.

Biz Qafqazda cərəyan edən bütün münaqişələrin sülh yolu ilə həllinə çalışmaq istəyində olduğumuzu bəyan edir, bölgə ölkələrinin, beynəlxalq təşkilatların, xüsusilə də ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətindəki səylərini olduqca yüksək qiymətləndiririk. Azərbaycanın əzəli torpaqlarını öz ərazisinə birləşdirmək məqsədilə Ermənistanın başladığı bu münaqişə Dağlıq Qarabağ ətrafında qanlı müharibəyə, Azərbaycan torpaqlarının iyirmi faizinin işğal olunmasına, yüzlərlə nadir mədəniyyət abidəsinin və sosial sferanın dağıdılmasına gətirib çıxarmışdır. Minlərlə adam qətlə yetirilmiş və şikəst olmuşdur. Erməni silahlı dəstələri tərəfindən işğal olunmuş torpaqlardan bir milyon vətəndaşımız qovulmuş, bu qaçqınların və məcburi köçkünlərin əksəriyyəti indi də çadırlarda yaşayır.

Bütün müharibə və münaqişələr mütləq sülhlə nəticələnir. Məhz bizim buna olan inamımız, sülh və dinamik inkişaf edən Qafqaz ideyasına bağlılığımız Qafqaz dövlətləri başçılarının Bakı və Tbilisi bəyannamələrində öz əksini tapmışdır. Regionumuzun təcili həllini tələb edən vacib problemlər bu gün nəinki siyasətçiləri və alimləri narahat edir, həmçinin minlərlə sadə insan üçün taleyüklü əhəmiyyət kəsb edir.

Ümidvaram ki, konfransınızın uğurlu işi maraqlı tərəflərin əksəriyyətinin səyləri ilə yanaşı, Qafqazda sülh və sabitliyin bərqərar olmasına əlverişli şərait yaradacaqdır. Konfransınızın hər bir iştirakçısına xoşbəxtlik, sağlamlıq və müvəffəqiyyət arzusu ilə.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər

SOSİUM