Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - Prezident sarayı, 10 noyabr 1995-ci il


Hörmətli xanımlar və cənablar!

Hörmətli komissiya üzvləri!

Bu gün biz Azərbaycan Respublikasının yeni konstitusiya layihəsinin hazırlanması ilə əlaqədar təşkil olunmuş komissiyanın referendum ərəfəsində son iclasını keçiririk. Komissiya altı aydan çoxdur ki, fəaliyyət göstərir. Altı ay müddətində onun səkkiz iclası olmuşdur. Komissiyanın yaratdığı işçi qrupu daha çox həm iclaslar keçirib, həm də işləyibdir. Ancaq bu iclaslararası vaxtda konstitusiyanın layihəsini bilavasitə hazırlayan şəxslər, onun üzərində işləyənlər və bizim hər birimiz, o cümlədən mən də bu altı ay müddətində yeni komissiyanın layihəsinin yaranması üçün çox vaxt sərf etmişik. Hesab edirəm ki, çəkilən zəhmətin, sərf olunan vaxtın hamısı öz bəhrəsini, nəticəsini verib. Biz addımbaaddım, günbəgün çalışıb müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının layihəsini hazırlayıb xalqa təqdim edə bilmişik.

Konstitusiya komissiyası üzvlərinin hər biri bu işdə fəal iştirak edibdir. Ancaq eyni zamanda mən bu gün qeyd etməliyəm ki, konstitusiya komissiyası tərəfindən yaradılmış işçi qrupu, bu layihənin hazırlanmasına cəlb olunmuş mütəxəssislər, hüquqşünaslar əməli surətdə çox iş görüblər. Burada, Prezident Aparatında bu məsələ ilə məşğul olan əməkdaşlarımız çox işləyiblər. Ali Sovetdə bu məsələ ilə məşğul olan əməkdaşlarımız çox işləyiblər. Bunların hamısının zəhməti nəticəsində biz, komissiya üzvləri iclaslarda müzakirəni ümumi sözlərlə yox, konkret layihələr, təkliflər əsasında aparmışıq. Ona görə də mən bu gün - artıq konstitusiyanın layihəsi xalqa təqdim olunandan sonra - ümidvaram ki, noyabrın 12-də o, referendumda qəbul olunacaqdır. Bu ərəfədə birinci növbədə konstitusiya komissiyasının üzvlərinə təşəkkürümü bildirirəm. İşçi qrupuna xüsusi təşəkkür etmək istəyirəm. Çünki yenə də deyirəm, onlar əməli işlə məşğul olublar, çox elmi tədqiqatlar, axtarışlar aparıblar. Dünyada mövcud olan konstitusiyaların müddəaları ilə tanış olublar, əlimizdə olan layihəni onlarla müqayisə ediblər, başqa çox işlər görüblər.

İşçi qrupuna xüsusi təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. İşçi qrupumuzda bu məsələ ilə ən çox məşğul olan və xüsusən bu sənədləri mənə birbaşa, ardıcıl surətdə təqdim edən bizim hüquq şöbəsindəki şəxslər - həm burada, Prezident Aparatında, həm də Ali Sovetdə olan şəxslər daha çox iş görüblər. Prezident Aparatı hüquq şöbəsinin müdiri Şahin Əliyevlə, Ali Sovetin hüquq şöbəsinə rəhbərlik edən Səfa Mirzəyevlə mən daha çox əlaqədə olmuşam. Onların daha çox işini müşahidə etmişəm. Onlara xüsusi təşəkkür edirəm.

Ümumiyyətlə, bu gün hamımız mənəvi rahatlıq hissi keçirə bilərik. Çünki tarixi bir iş görülübdür. Tarixi bir sənəd yaradılıbdır. Bu gün biz ölkəmizin bütün ictimaiyyəti qarşısında, dünya ictimaiyyəti qarşısında deyə bilərik ki, Azərbaycan Respublikasının, xalqımızın tarixində ilk demokratik konstitusiya yaranmasında biz bilavasitə iştirak etmişik və bu layihənin yaranması bizim hamımızın birlikdə məhsuldar əməyimizin, fəaliyyətimizin nəticəsidir.

Komissiya öz işinə başlayarkən mən demişdim ki, bizim üzərimizə böyük məsuliyyət düşür. Biz gələcək nəsillərin qarşısında çox cavabdeh olacağıq, eyni zamanda üzərimizə böyük və şərəfli bir vəzifə düşür. Bu gün mən deyə bilərəm ki, komissiya üzvlərindən heç kəs narahat olmasın. Mən buna tam əminəm. Çünki üzərimizə düşən məsuliyyəti biz vicdanla, xalqımıza, vəzifəmizə sədaqətlə həyata keçirmişik və gördüyümüz işə, xalqa təqdim etdiyimiz layihəyə görə fəxr edə bilərik. Hesab edirəm ki, bütün gələcək nəsillərdə meydana çıxacaq sualların hamısına burada cavab var. Yəni biz tarixi bir sənədin yaradılmasının iştirakçılarıyıq və bununla fəxr edə bilərik.

Mən şəxsən bu sənədin hazırlanmasına böyük məsuliyyət hissi ilə yanaşmışam. Çünki mənim çoxillik həyat yolumda olan təcrübəm və keçmişdə, bəzi mərhələlərdə ağır sınaqlarda olduğum illərdə qarşımda duran çətinliklərin hamısı məni daha da məsuliyyətli olmaq üçün formalaşdırıbdır. Ona görə də komissiyanın sədri kimi şəxsən mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq.

İndi komissiyanın layihəsini təhlil etməyə ehtiyac yoxdur. Çünki burada, bu salonda olan şəxslərin hər biri bu konstitusiya layihəsini hazırlayanlardır, onun iştirakçılarıdır. Yenə də deyirəm, bu, hamımızın birgə yaradıcılığımızın nəticəsidir, zəhmətimizin məhsuludur.

Ancaq bir neçə məqama toxunmaq istəyirəm. Bizim konstitusiya layihəsinin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, xalqımızın, respublikamızın tarixində bu, ilk, tamamilə sərbəst, müstəqil şəkildə yaranmış konstitusiyadır. Ümumiyyətlə, deyə bilərəm ki, ilk konstitusiyadır. Keçən iclaslarımızda Azərbaycan Respublikasının konstitusiya tarixi haqqında danışıldı. Biz 1921-ci ildə, 1937-ci ildə və 1978-ci ildə qəbul olunmuş konstitusiyalar haqqında danışdıq. Bu konstitusiyalar Sovetlər İttifaqının tərkibində olan, sosialist quruluşuna mənsub olan respublikanın konstitusiyaları olmuş, amma eyni zamanda 70 il müddətində xalqımızın, Azərbaycan Respublikasının tarixi yol keçməsində, yaşamasında və gəlib bu günlərə çatmasında böyük rol oynamışdır. Biz tarixə daim hörmətlə yanaşmalıyıq, keçmişimizi qiymətləndirməliyik. Bu gün mən o konstitusiyanı yaradanlara və o konstitusiya əsasında on illər boyu Azərbaycanda görülmüş işlərə hörmət və ehtiramımı bildirirəm.

Ancaq hazırda yaranan konstitusiyanın layihəsi indiyə qədər olan bütün konstitusiyaların, qanunların hamısından tamamilə fərqlənir. Ona görə fərqlənir ki, bu, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır. Bu, Birləşmiş Millətlər Təşkilatının üzvü olan, dünya birliyində bərabərhüquqlu yerini tutmuş Azərbaycan dövlətinin Konstitusiyasıdır. Fərqlənir ona görə ki, bu konstitusiya Azərbaycan xalqının iradəsini ifadə edərək, heç bir mərkəzdən idarə olunmadan, bizim, yəni konstitusiya komissiyasının və konstitusiya layihəsi hazırlanmasında bizimlə bərabər iştirak edən geniş miqyaslı vətəndaşlarımızın əməyinin nəticəsidir. Yəni bizim sərbəst, müstəqil fəaliyyətimizin nəticəsidir. Ona görə də bu konstitusiya layihəsi əvvəlki bütün konstitusiyalardan fərqlənir və tarixi əhəmiyyət kəsb edir.

Biz dörd ildir ki, müstəqil dövlət kimi yaşayırıq. Dörd il dövlət müstəqilliyi çərçivəsində yaşayaraq indi nəhayət, biz müstəqil dövlətimizin ilk Konstitusiyasını qəbul edirik. Ona görə də bu layihə fərqlənir və tarixi bir sənəddir. Yenə də deyirəm, konstitusiya layihəsinin müddəaları haqqında danışmağa ehtiyac yoxdur, ancaq əsas məzmunu ondan ibarətdir ki, o, xalqın iradəsini ifadə edir, Azərbaycanın dövlət quruluşunun təsirlərini, hüquqi əsaslarını yaradır, Azərbaycanda dövləti idarəetmənin prinsiplərini əks etdirir, dövlət ilə xalq arasında olan münasibətləri əks etdirir və müstəqil Azərbaycan Respublikasında hüquqi demokratik, dünyəvi dövlətin qurulması üçün bütün hüquqi əsasları yaradır. Onun bütün maddələri xalqın iradəsini ifadə edir. Hakimiyyətin mənbəyi xalqdır - bu əsas anlayış burada bariz şəkildə öz əksini tapıbdır. İdarəetmədə, dövlətçilikdə hakimiyyətin bölgüsü tam demokratik prinsiplər əsasında öz əksini tapıbdır.

Konstitusiyamızda dünya konstitusiya təcrübəsindən çox istifadə olunubdur. Ancaq eyni zamanda bizim konstitusiyamız Azərbaycan Respublikasının tarixi ənənələrini, xüsusiyyətlərini də əks etdirir. Bunlarla yanaşı, ümumiyyətlə, Azərbaycan Respublikasının bu gününü, gələcəyini təmin etmək üçün özünəməxsus prinsipləri əks etdirir. Ona görə də öz məzmun və mənasına görə tam demokratik prinsipləri özündə əks etdirən bir konstitusiyadır. Amma eyni zamanda bu heç bir başqa dövlətin konstitusiyasına bənzəməyən bir konstitusiyadır. Bu bizim özümüzün konstitusiyamızdır, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır.

Bir də qeyd edirəm ki, burada bütün demokratik prinsiplər öz əksini tapıbdır. Hakimiyyətə dair prinsiplər məlumdur. Konstitusiyanın maddələrinin 48-i insan, vətəndaş azadlıqlarına, hüquqlarına həsr olunmuşdur. Ümumi mətnin üçdə bir hissəsi məhz insan, vətəndaş hüquqlarına, azadlıqlarına həsr edilmişdir. Bu da onu sübut edir ki, bu konstitusiya Azərbaycan vətəndaşlarının azad, sərbəst yaşaması üçün bütün şəraitləri yaradan bir konstitusiyadır. Bu konstitusiyada Azərbaycanın həm dövlət quruculuğu, həm respublikamızın iqtisadiyyatının qurulmasının əsas prinsipləri, hakimiyyətin bölgüsü: qanunvericilik, icra hakimiyyəti, məhkəmə hakimiyyətinin səlahiyyətləri və onların müstəqilliyi, qarşılıqlı fəaliyyəti öz əksini tapıbdır.

Konstitusiya layihəsi dərc olunandan sonra vətəndaşlardan, ayrı-ayrı təşkilatlardan konstitusiya komissiyasına üç mindən çox təklif daxil olmuşdur. Bu təkliflər işçi qrupu tərəfindən diqqətlə öyrənilmiş, baxılmış və onların bir çoxundan konstitusiya layihəsinin işlənməsində, son həddə çatdırılmasında istifadə olunmuşdur.

Bilirsiniz ki, bu konstitusiya layihəsinin hər bir maddəsini biz sizinlə çox diqqətlə müzakirə etmişik. Ancaq onun bir maddəsi xüsusi müzakirə olunubdur. Bu da Azərbaycanın dövlət dilinə aid olan maddədir. Onun da xüsusi müzakirə edilməsinə səbəb bir tərəfdən keçmiş zamanlarda bu barədə tam aydınlığın olmaması, ikinci tərəfdən 1992-ci ilin dekabrında Milli Məclis tərəfindən bu barədə qeyri-qanuni də olsa qəbul edilmiş qərarın mövcud olması, üçüncü tərəfdən xalqımızın, ziyalıların, alimlərin, yaradıcılıqla məşğul olanların bu məsələyə xüsusi münasibətidir.

Bildiyiniz kimi, bunları nəzərə alaraq həmin maddə demokratik şəkildə hərtərəfli müzakirə olunub. Birincisi onu qeyd etmək istəyirəm ki, konstitusiya komissiyasına daxil olmuş üç min təklifdən yalnız 23 təklifdə konstitusiyada dövlət dilinin türk dili və ya Azərbaycan türkcəsi adlandırılması təklif edilib. Ancaq buna baxmayaraq, mən konstitusiya komissiyasının sədri kimi bu məsələnin vacibliyini nəzərə alaraq, özüm bu müzakirələrin geniş aparılmasının təşəbbüskarı olmuşam. Bu heç bir reqlamentə yazılmamışdır və heç kəs də bunu mənə təklif etməmişdir. Mən bunu burada sizə deməliyəm.

Konstitusiya komissiyasının üzvlərindən də heç kəs mənə təklif etməmişdir ki, bu maddə xüsusi müzakirə olunsun. Ancaq yenə də deyirəm, bu maddənin çox mühüm əhəmiyyətini dərk edərək mən bu maddənin xüsusi müzakirə olunmasını təklif etdim və bunu da təşkil etdim.

Bildiyiniz kimi, oktyabrın 14-də konstitusiya komissiyasında bu məsələ müzakirə olundu. Ondan sonra oktyabrın 31-də bu maddə Elmlər Akademiyasında Azərbaycan alimlərinin, ziyalılarının, jurnalistlərin, yazıçıların, şairlərin və dil sahəsində bütün mütəxəssislərimizin iştirakı ilə geniş müzakirə olundu. Orada 27 adam çıxış etdi. Ondan sonra konstitusiya komissiyasının iclası bir daha məhz buna həsr olundu. Konstitusiya komissiyasının üzvlərindən əlavə ora bu işlə məşğul olan bir çox yüksək səviyyəli mütəxəssislər, eyni zamanda bu işə xüsusi maraq göstərən şəxslər dəvət edildi. Orada da məsələ müzakirə olundu, 25-dən çox adam çıxış etdi. Bundan sonra layihənin son variantı konstitusiya komissiyasında yenidən müzakirə edilərkən bu məsələ barəsində bilavasitə çıxış edib öz fikirlərini demək imkanı olmamış komissiya üzvləri də çıxış etdilər və beləliklə, biz bu məsələni aşkarlıq, tam demokratiya şəraitində həyata keçirdik. Hesab edirəm ki, bütün bunların nəticəsində ən doğru, düzgün və ən əsaslı bir qərar qəbul etdik ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Bu, Azərbaycan xalqı üçün, onun mənəviyyatı, dilinin inkişafı üçün çox əhəmiyyətli qərardır. O, Azərbaycanda bütün Azərbaycan xalqının tərkibini təşkil edən xalqların hamısının özləri üçün bir dili qəbul etməsi üçün çox əsaslı bir qərardır və hesab edirəm ki, həm keçmişimizə böyük hörmətdir, həm də gələcək nəsillər üçün böyük bir sərvətdir. Mən hesab edirəm ki, biz çox düzgün və əsaslı qərar qəbul etmişik.

Konstitusiya layihəsinin bir fəsli yenə də müəyyən bir maraq doğurmuşdur. Bu, Naxçıvan Muxtar Respublikasına aid olan fəsildir və ona aid olan maddələrdir. Bəziləri bu maddənin əhəmiyyətini dərk etmədən, bu işə səthi yanaşaraq, formal nöqteyi-nəzərdən münasibət göstərərək belə fikir söyləyirlər ki, Azərbaycan unitar dövlətdir, unitar dövlətin içərisində muxtar respublika bir dövlət kimi ola bilməz. Bəziləri belə bir fikir söyləyirlər ki, guya bu, gələcəkdə Azərbaycanın federallaşmasına gedən bir yol açır və sairə.

Bunlar tamam əsassızdır, çox cılız fikirlərdir. Yenə də deyirəm, nə hüquqi, nə siyasi biliyi, təcrübəsi olmayan adamlar tərəfindən irəli sürülən fikirlərdir və bəzən də sadəcə populist xarakter daşıyan fikirlərdir. Ancaq bunlara baxmayaraq, biz hər bir təklifə diqqətlə yanaşdığımız kimi, buna da xüsusi diqqətlə yanaşdıq. Mütəxəssislərlə dəfələrlə müzakirə etdik. Dünya praktikasına baxdıq. Unitar dövlətlərin və demokratiya sahəsində çox inkişaf etmiş Avropa dövlətlərinin tərkibində muxtar qurumların dövlət kimi olmasını bir daha oxuduq, öyrəndik. Bunu əvvəlcədən də bilirdik, amma bu fikirləri yenə də əsaslandırmaq və yaxud bu müddəaların nə qədər əsaslı olduğunu özümüz üçün müəyyən etmək məqsədi ilə bunların hamısını öyrəndik. Hesab edirəm ki, bu fəsil də tamamilə əsaslı yazılıbdır və Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini təmin edən bu maddə çox böyük tarixi əhəmiyyətə malikdir - həm bizim tarixi keçmişimizə görə, Azərbaycanın tərkibində bu muxtar respublikanın yarandığı zamandan indiyədək keçdiyimiz dövrdə rastlaşdığımız halları nəzərə alaraq, həm də gələcəyimiz üçün.

Bu konstitusiya layihəsinin ən əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının tam müstəqilliyini təmin edir, ölkəmizin ərazi bütövlüyünü təmin edir, Azərbaycan xalqının hüquqlarının toxunulmazlığını təmin edir, vətəndaşlarımızın hər birinin hüquqlarının qorunmasını təmin edir və Azərbaycan xalqının, respublikamızın bölünməzliyini, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyini təmin edir.

Bax, bütün bunlara görə bu konstitusiya layihəsi çox dəyərli tarixi bir sənəddir və güman edirəm ki, xalqımız da bunu belə qəbul edəcəkdir. Tam əminəm ki, noyabrın 12-də Azərbaycan Respublikasının vətəndaşları, seçiciləri - bizim dörd milyon 300 minə qədər seçicimiz var - seçki məntəqələrinə gələcəklər, referendumda iştirak edəcəklər və Azərbaycan Respublikasının yeni konstitusiyasına səs verəcəklər.

Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, indi bəzi müxalifət partiyaları - xalqı bu konstitusiyaya səs verməməyə çağıran partiyalar, siyasi qüvvələr Azərbaycanın konstitusiyasının yaranması üçün bir iş görmürlər. Bu konstitusiya komissiyası öz işinə başlayandan, bilirsiniz ki, komissiyanın bütün iclasları aşkar şəkildə keçibdir, televiziya ilə xalqa çatdırılıbdır, bütün bu iclaslarda gedən müzakirələr mətbuatda dərc olunubdur. Biz bütün təşkilatlara, elmi müəssisələrə, yaradıcılıq təşkilatlarına, alimlərə, ziyalılara, bütün birliklərə və o cümlədən Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalara müraciət etdik ki, bu, ümumxalq işidir. Sən hansı dünyagörüşə mənsubsan, hansı siyasi quruma mənsubsan - bunun fərqi yoxdur. Bu, Azərbaycan Respublikasının konstitusiyasıdır və hər kəs çalışmalıdır ki, onun yaranmasında iştirak etsin. Xüsusən özlərini siyasətçi adlandıran və siyasət sahəsində fəaliyyət göstərən qurumlar, partiyalar gərək bu işə daha da yaxından münasibət göstərsinlər. Ancaq mən bu gün bəyan etmək istəyirəm ki, işlədiyiniz altı ay müddətində heç bir siyasi partiyadan konstitusiya layihəsinə aid bir layihə təqdim olunmayıb. Heç bir siyasi partiyadan.

Əgər bu siyasi partiyalar doğrudan da öz siyasi fəaliyyətini Azərbaycan Respublikasının bu gününə, gələcəyinə həsr edirlərsə, gərək onlar bu işlə məşğul olaydılar, öz layihələrini təqdim edəydilər, konstitusiya komissiyasına müraciət edəydilər, hətta istəsəydilər öz layihələrini təqdim edəndən sonra gəlib konstitusiya komissiyasında onların barəsində izahat verəydilər, onların Azərbaycan üçün daha gərəkli olduğunu sübut edəydilər. Bu altı ay müddətində bütün bunlar üçün şərait yaranmışdır. Ancaq heç bir siyasi partiya heç bir layihə hazırlamadı, heç bir layihə təqdim etmədi.

Onu da qeyd etməliyəm ki, biz dövlət işi ilə məşğuluq. Bizim üzərimizə böyük və ağır vəzifələr düşür. Biz dövlətə rəhbərlik edirik. Bu komissiyanın üzvlərinin, iştirakçılarının əksəriyyəti də hərəsi bir sahənin rəhbəridir, hərəsi bir sahəyə cavab verir, hərəsi dövlətin bir strukturuna rəhbərlik edir. Yəni bizim işimiz çoxdur. Buna baxmayaraq biz bu işi bütün işlərin hamısından üstün tutaraq buna çox vaxt sərf etdik və bu layihəni hazırladıq. O siyasi partiyaların isə siyasi fəaliyyətlərindən savayı başqa bir işləri yoxdur. Siyasi fəaliyyətləri nədən ibarətdir? Qəzet çıxarmaq. Eyni zamanda, mən hesab edirəm ki, əgər normal siyasi fəaliyyət aparılarsa, onlar Azərbaycan Respublikasının bu günü, gələcəyi haqqında öz konsepsiyalarını, layihələrini, təkliflərini hazırlayıb dövlətə təqdim etməlidirlər. Bu dövləti istəyirsən, istəmirsən - bunun fərqi yoxdur. Bu dövlətin başçıları xoşuna gəlmirsə, bunun fərqi yoxdur. Əgər sənin ürəyin xalqın üçün, respublikan üçün, dövlətin gələcəyi üçün yanırsa, sən öz təklifini, layihəni verməlisən. Əgər hesab edirsən ki, sənin təklifin, layihən o birisindən üstündür - onu sübut etməyə çalışmalısan. Əgər bu siyasi partiyalar doğrudan da siyasi fəaliyyət göstərən təşkilat kimi bu məsələnin nə qədər böyük əhəmiyyət kəsb etdiyini dərk etmiş olsaydılar, bəlkə doğrudan da belə dəyərli bir layihə almaq mümkün olardı.

Ancaq mən deyirəm, heç bir partiya, heç bir siyasi qurum, - mən müxalifətdə olanları deyirəm, çünki başqaları dövlətlə bağlıdırlar, onların fikirləri dövlət orqanlarının fikirləri ilə üst-üstə gəlir, - müxalifətdə olanlar heç bir təklif verməyiblər, yəni layihələr təqdim etməyiblər. Doğrudur, bəzi qəzetlərdə bu layihənin bəzi müddəaları tənqid olunubdur. Bizim komissiya üzvləri o tənqidlərə də baxırlar. Əgər o tənqidlərdə dəyərli bir fikir söylənilsəydi, onlardan istifadə olunacaqdı. O tənqidlərdən irəli gələn bəzi fikirlərdən bəlkə də istifadə olunubdur. Mən bunu da istisna etmək istəmirəm. Ancaq iş bu qəzetdə çıxan məqalələrdəki tənqidlərlə bitmir. Əgər müxalifət doğrudan da həqiqi müxalifətdirsə, bu müxalifət xalqa xidmət etmək istəyirsə, bu müxalifət Azərbaycanın dövlətçiliyinə xidmət etmək istəyirsə, bax, bu, məqam idi, meydan idi. İkinci dəfə belə bir imkan olmayacaq. Azərbaycanın uzunömürlü konstitusiyası yaranır, xalq onun referendumuna gedir. Siyasi partiyalar isə bundan kənardadırlar.

Bu gün səhər isə mən "Yeni Müsavat" qəzetində oxuyuram ki, Müsavat Partiyası xalqa müraciət edibdir: "Referenduma getməyin, bu konstitusiyaya səs verməyin". Bəs nəyə səs versinlər? Əgər başqa bir layihə təqdim etsəydiniz, onda deyərdiniz ki, "bu layihəni biz təqdim etmişik, bu layihə qəbul olunmayıb, bu layihəyə səs verin". Yoxsa ki, bu cür məsuliyyətsiz, Azərbaycan xalqına qarşı bu cür xəyanətkar mövqedə durmaq olarmı? Altı ay müddətində gəlib bir təklif verməyib, layihə verməyib, barmaq barmaq üstünə qoymayıbdır, amma bu gün qəzetdə müraciət edir ki, "səsverməyə getməyin və bu konstitusiyaya səs verməyin".

Mən niyə bunu belə həyəcanla, hiddətlə deyirəm? Ona görə ki, o Müsavat Partiyasının çağırışına kimsə gedəcək? Yox. Əgər Müsavat Partiyasının Azərbaycan Respublikasında bir nüfuzu olsaydı, əlli min imza yığa bilərdi. Əgər bir əlli min imza yığa bilmədisə, o, hansı nüfuzdan danışır? Ona görə də bu çağırış məni narahat etmir və belə çağırışlardan kim edir-etsin, - bu məni narahat etmir. Mən əminəm ki, xalq referenduma gələcək, konstitusiya layihəsinə səs verəcək. Amma kim də səs vermək istəmirsə, onu da dəvət edirəm, - gəlsin, yazsın, desin ki, bu layihəyə nə üçün səs vermir. Gəlsin yazsın, əsaslandırsın. Ona görə də mən bu sözlərimlə seçicilərə, vətəndaşlara heç bir təsir göstərmək istəmirəm. Kim istəyir gəlsin referendumda iştirak etsin, səs versin. Kim istəyir, gəlməsin, hər kəs sərbəstdir.

Ancaq xalqın fikrini bu cür pozmaq niyyətində olan, müxalifətdəki adamlara müraciət edirəm ki, Müsavat Partiyasının üzvləri, buyur gəl. Əgər altı ay müddətində sən gəlib bir söz deməmisənsə, seçki məntəqəsinə gəl. Mən bu gün Mərkəzi seçki komissiyasının sədri Cəfər Vəliyevdən xahiş edirəm, bütün məntəqələrə göstəriş versin ki, belə fikirləri yığsınlar, sonra da elan etsinlər; kim gəlib nə təklif veribdir? Ancaq sadəcə olaraq "getməyin səs verməyin" - bundan da böyük qanun pozuntusu ola bilməz.

Yenə də deyirəm, mən əminəm ki, vətəndaşlarımız, seçicilərimiz noyabrın 12-də seçki məntəqələrinə gələcəklər, referendumda iştirak edəcəklər və bizim təqdim etdiyimiz konstitusiya layihəsi qəbul olunacaq və Azərbaycan xalqının həyatında yeni bir mərhələ açılacaqdır, müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsində böyük imkanlar yaranacaqdır və hər bir vətəndaşın sərbəst yaşaması, sərbəst fəaliyyət göstərməsi, azad, demokratik ölkədə yaşaması üçün, hüquqlarının qorunması üçün gözəl şərait yaranacaqdır. Bu konstitusiya bunların hamısına təminat verir.

Bilirsiniz ki, konstitusiya komissiyasının böyük xidmətlərindən biri də odur ki, biz konstitusiya layihəsini hazırlayarkən eyni zamanda, ondan əvvəl Azərbaycan Respublikasının parlamentinə, Milli Məclisə seçkilər keçirilməsi haqqında qanun layihəsini hazırladıq. O qanun layihəsi Milli Məclisdə müzakirə olundu, qəbul edildi və onun nəticəsində respublikamızda parlament seçkiləri başlanır. Bu da konstitusiya komissiyasının böyük xidmətidir. Ona görə böyük xidmətidir ki, konstitusiya hələ qəbul olunmamışdan biz konstitusiyanın tərkib hissəsi olan bir seçki qanununu hazırlaya bildik. Artıq bu gün bunu demək olar və buna tam əsas var ki, bu qanun layihəsi dünya ictimaiyyəti tərəfindən, dünyanın demokratik dairələri tərəfindən və vətəndaşlarımız tərəfindən demokratik bir parlament yaratmaq üçün demokratik prinsiplər əsasında yaranmış bir qanun kimi qəbul edildi. Bu da konstitusiya komissiyasının nailiyyətidir.

Noyabrın 12-də seçkilər olacaq. Konstitusiyanın qəbul edilməsi ilə yanaşı, müstəqil Azərbaycanda ilk dəfə demokratik prinsiplər əsasında parlament seçilməsi tarixi hadisəyə çevriləcək və xalqımızın, millətimizin, dövlətimizin tarixi nailiyyəti olacaqdır.

Yenə də deyirəm, indi biz seçkilərin son mərhələsindəyik. İndiyə qədər biz parlamentin tam demokratik prinsiplər əsasında qurulması üçün imkanlarımız daxilində bütün işləri görmüşük. Birincisi ondan ibarətdir ki, bir daha qeyd edirəm, biz yaxşı bir qanun yaratdıq. İkincisi isə bundan ibarətdir ki, o qanunun həyata keçirilməsinə çalışdıq və hesab edirəm ki, buna nail olduq. Biz seçkiləri elan edən kimi bütün dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, demokratiya təsisatlarına, demokratiya sahəsində yüksək nailiyyətlər əldə etmiş dövlətlərə, onların parlamentlərinə müraciət etdik ki, Azərbaycanda parlament seçkilərini böyük bir mərhələ sayırıq, böyük bir hadisə sayırıq və bu parlament seçkilərini tam demokratik prinsiplər əsasında keçirmək istəyirik. Buna nail olmaq üçün, dünya ictimaiyyətinin bunu dərk etməsi üçün biz beynəlxalq müşahidəçiləri buraya dəvət etmişik. Biz dəvət etmişik, özümüz dəvət etmişik.

Bu günədək Azərbaycana 214 nəfər müşahidəçi gəlmişdir. Hələ heç vaxt Azərbaycana müxtəlif ölkələrdən, müxtəlif parlamentlərdən, müxtəlif demokratiya təsisatlarından bu qədər çoxsaylı müşahidəçi gəlməyibdir. Biz bundan çox məmnunuq. Mən bunu dəfələrlə demişəm, Nyu-Yorkda keçirdiyim görüşlər zamanı da demişəm, buraya gələn müşahidəçilərin bəziləri ilə görüşlərimdə də demişəm: birinci növbədə biz özümüz maraqlıyıq ki, müşahidəçilər olsun. Çünki biz istəyirik ki, seçkilər demokratik şəraitdə keçsin. Biz bunu istəyirik, biz buna çalışırıq, biz buna nail olmaq istəyirik. Buna nə qədər nail olacağımızı seçkilərin nəticələri göstərəcəkdir. Mən hesab edirəm, indiyə qədər keçən mərhələlərdə biz buna əsasən nail ola bilmişik. Ancaq bu mərhələlər qüsursuz da deyildir, səhvsiz də deyildir, nöqsansız da deyildir. Mən bunu etiraf edirəm, bunsuz deyildir. Lakin bunlarla yanaşı, əgər buna ümumi nöqteyi-nəzərdən yanaşsaq, indiyədək keçirilən tədbirlərin böyük əksəriyyəti demokratiyanın tətbiq edildiyini göstərir. Son mərhələ isə seçkilərdir. Biz istəyirik ki, bu seçkilər demokratik olsun.

Birmandatlı dairələrdə 100 deputat yerinə 400 namizəd irəli sürülmüşdür. Yəni bir yerə dörd namizəd. Seçkilərdə səkkiz partiya iştirak edir. Onların hərəsindən 25 namizəd göstərilib. Bu isə 200 namizəd deməkdir. Beləliklə, 125 yerə 600 namizəd var. Şübhəsiz, biz istəyirik, şəxsən mən bir prezident kimi hamıdan çox istəyirəm ki, bu seçkilər ən ədalətli seçkilər olsun və xalq sərbəst səs verərək kimi istəyirsə, onu da seçsin. Bir prezident kimi mənim üçün fərqi yoxdur.

Mən prezidentəm. Parlamentin tərkibi mənim üçün çox böyük əhəmiyyətə malikdir. Dəfələrlə demişəm, bir dövlət başçısı kimi, Azərbaycan Respublikasında böyük zəhmət çəkmiş bir şəxs kimi mən istəyirəm ki, Azərbaycan Respublikası həm siyasi sahədə, həm dövlət quruculuğunda, həm iqtisadi sahədə, həm ictimai sahədə, bir sözlə, bütün sahələrdə demokratiya yolu ilə getsin. Buna da nail olmaq üçün mən istəyirəm ki, bizim demokratik parlamentimiz olsun və parlamentimizə səviyyəli adamlar, bilikli adamlar, səriştəli adamlar seçilsin. Xalqının dərdinə yanan adamlar, xalqının müqəddəratını gəlib parlamentdə həll edə bilən adamlar seçilsinlər. Parlamentimiz də bir güzgü kimi xalqımızın həm mədəni, həm elmi, həm ziyalı səviyyəsini, həm də yüksək siyasi fəaliyyət səviyyəsini əks etdirsin. Mən bunu istəyirəm. Orada konkret surətdə kimlərin olacağının mənim üçün fərqi yoxdur. Müxalifət nümayəndələrinin az olmasının, yaxud çox olmasının da mənim üçün bir narahatlığı yoxdur, - mən sizə açıq deyirəm, mən bunu ayrı-ayrı söhbətlərdə dəfələrlə demişəm, - heç bir narahatlığı yoxdur. Hər halda, burada oturanlar da bilir, yəqin ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti də bilir ki, mən üzərimə düşən vəzifəni aparmağa qadirəm və aparacağam.

İki il yarımdır ki, mən dövlətə başçılıq edirəm. Bu iki il yarımda bizdə normal parlament olmayıb. Bunu hamı da deyir. İki il yarımda biz nə qədər faciələrlə rastlaşmışıq. Amma bunlara baxmayaraq, biz bu dövləti idarə etmişik və edirik. İndi biz bu dövlətin konstitusiyasını yaratmışıq. Artıq biz parlament seçkilərinə gəlib çıxmışıq. Orada neçə nəfər müxalifət, neçə nəfər qeyri-müxalifət olacağının şəxsən mənim üçün fərqi yoxdur.

Buna görə də mən istəyirəm ki, xalq kimi lazım bilirsə, onu da seçsin, kimə istəyirsə, ona da səs versin. Amma o adamlara səs versin ki, xalqın müqəddəratı onlar üçün doğrudan da hər şeydən üstün olsun, xalqa ürəyi yansın, özünü xalqın həyatına həsr edə bilən adamlar olsun. Məhz belə adamlar olsun. Bir də, dediyim kimi, bilikli, səriştəli və peşəkar adamlar olsun.

Güman edirəm ki, xalqımız demokratiyanı, ola bilsin, hələ tam dərk etməyib. Bu isə təbiidir. Keçmişin qalıqlarından xalqın hələ uzaqlaşmaması da təbiidir. Lakin indiyədək gedən proseslər nəticəsində artıq xalqımızın gözü açılıbdır. Hesab edirəm ki, xalqımızın əksəriyyəti bu seçkilərdə kimə səs verəcəyi barədə öz qərarını artıq qəbul edibdir, yaxud bu günlərdə qəbul edəcək və kimi istəyirsə, ona da səs verəcəkdir.

Seçkiqabağı təbliğatla əlaqədar olaraq bir neçə fikrimi bildirmək istəyirəm. Əvvəla, hesab edirəm ki, seçkiqabağı dövr tam demokratik şəraitdə keçibdir. Namizədlərin qeydə alınması, digər məsələlər artıq məlumdur. Kim ki, dairələrdə qeydiyyatdan keçməmişdi, onların məsələsinə Mərkəzi seçki komissiyası baxdı. Mərkəzi seçki komissiyasının qərarı bəzilərini təmin etdi, bəzilərini etmədi. Onlar gedib Ali Məhkəməyə müraciət etdilər və məsələyə orada baxıldı. Yəni bütün ədalət prinsipləri gözlənilibdir. Mən hesab edirəm ki, burada elə bir söz olmayıb. Hər bir namizədin təbliğat aparmaq imkanları var. Mərkəzi seçki komissiyasında qərar qəbul olundu ki, hər bir namizəd televiziya vasitəsilə çıxış edə bilər, bunun üçün hər namizədə yeddi dəqiqə vaxt ayrılmışdır. Beləliklə, bütün namizədlər televiziya ilə çıxış etdilər. Hər bir namizəd istədiyi yerlərdə seçicilərlə görüş keçirə bilər və keçirdilər də, istədikləri sözləri də dedilər. Heç bir kəsə məhdudiyyət qoyulmadı, heç bir namizədin qarşısı alınmadı, heç bir namizədə qadağan qoyulmadı və hər bir namizəd istədiyi yerdə seçiciləri ilə görüşdü, istədiyi sözləri dedi, istədiyi təklifləri də irəli sürdü. Bu, böyük nailiyyətdir.

Nəhayət, səkkiz siyasi partiya barədə. Onlar üçün qərar qəbul olunmuşdu ki, hər partiyaya bir saat efir vaxtı ayrılsın. Partiyaların özləri demişdilər ki, iki dəfə - yarım saat - yarım saat çıxış edəcəklər. Kimin nə vaxt efirə çıxmasını müəyyənləşdirmək üçün özləri püşk atmışdılar. Bunlar da demokratik şəraitdə oldu. Hər partiya öz çıxışını özü hazırlamışdı, bəlkə özləri yazıb gətirmişdilər, bəlkə də televiziyada yazdırmışdılar, - mən bunları bilmirəm, hər halda, mənə verilən məlumatlardan bilirəm və qəti deyirəm ki, heç bir partiyanın çıxışında heç bir söz nə ixtisar edildi, nə də kəsildi. Hər kəs nə istəyir, - söz azadlığı, mətbuat azadlığı, informasiya orqanlarından istifadə etmək azadlığı bu qədər geniş olmamışdır. Bu şərait də yarandı və ondan hər kəs istifadə edir. Mən bunu çox müsbət hal hesab edirəm ki, hər bir namizəd və hər bir siyasi partiya öz istədiyini televiziya vasitəsilə bütün vətəndaşlara, bütün seçicilərə çatdıra bildi. Ona görə də hər bir seçici görür ki, bu siyasi partiya kimlərdən ibarətdir, onların məqsədləri nədir o biri siyasi partiya kimlərdən ibarətdir, onların məqsədi nədir: hansı namizəd kimdir, nəçidir, nə fikri var, nə məqsədə xidmət etmək istəyir, hansı yolla gedir. Ona görə də seçicilər üçün çox böyük şərait yaranıbdır ki, onlar özləri üçün aydın etsinlər - hansı namizədə səs verəcəklər, hansı partiyaya səs verəcəklər. Onlar üçün tam sərbəstlik yaranmışdır.

Şübhəsiz ki, müxalifətdən olan namizədlərin və siyasi partiyaların tənqidlərinə, bəzən böhtançı sözlərinə cavab vermək fikrində deyiləm və bunu lüzumsuz hesab edirəm. Əvvəla, o, namizədlərin əksəriyyətinin çıxışlarına baxmağa sadəcə vaxtım olmayıb, amma səkkiz partiyanın çıxışlarının hamısına baxmışam. Səkkiz saat ekran qarşısında oturub diqqətlə baxmışam, dinləmişəm. Hər şeyin həddi var, çərçivəsi var, - etika da olmalıdır, əxlaqi normalar da olmalıdır. Əgər kim bunlara riayət etmirsə, o özü-özünə zərər gətirir. Buna şübhə yoxdur. Kim nə qədər cılız danışırsa, o özü-özünə zərər gətirir. İctimaiyyət bunu qəbul etmir və qəbul etməyəcək. Yenə də deyirəm, mən bunların heç birinə cavab vermək fikrində deyiləm. Ancaq siyasi müxalifətdə olan partiyalar bir neçə fikir söylədi və hesab etdilər ki, "iqtidar iqtidarsızdır, iqtidar bacarıqsızdır, hökumət yoxdur, iqtidar respublikanı idarə edə bilmir" və s. və i.a.

Bununla əlaqədar onların bəzi fikirləri barədə öz rəyimi bildirmək istəyirəm. İqtidara qarşı bu cür əsassız ittihamlar irəli sürən müxalifət partiyaları nə deyirlər? Əvvəla, onu deyirlər ki, bəli, birinci məsələ Azərbaycanı müharibədən qurtarmaq məsələsidir, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məsələsidir, işğal olunmuş torpaqların geri qaytarılması məsələsidir, qaçqınların öz yerlərinə qaytarılması məsələsidir. Gəlin, açıq danışaq, yoxsa onlar yeni bir mövzu açıblar, yeni bir fikirmi söyləyiblər, yeni bir sözmü deyiblər? Yox, bu tamamilə məlum olan bir həqiqətdir. Mən iki il yarımdır buradayam, iki ildir ki, prezident vəzifəsindəyəm. Bu, həmişə - gecə də, gündüz də, - hər saat qarşımda duran vəzifədir. Mən bununla hər gün məşğulam. Biz bu sahədə nə iş görmüşük, xüsusən mən bir prezident kimi nə iş görmüşəm - bunu xalq bilir. Hansı yollarla gedirik, - xalq bunu da bilir. İndi boş-boşuna danışırlar ki, bu məsələləri həll etmək lazımdır. Ancaq məsələnin həlli yollarını bilməyən adam və nə etmək, nə vaxt etmək, necə etmək lazım olduğunu deyə bilməyən adam söyləyir ki, "iqtidar bunu etmir, onu etmir…"

Bilirsinizmi, mənim belə adamlara sadəcə yazığım gəlir, zavallı insanlardır. Mən bu iki il yarımda həmin problemin hər hüceyrəsini öyrənmişəm. Ola bilər, bizim bu statistika neçə yüz görüş keçirdiyimi yazıb. Mən dünyanın ən böyük dövlətlərinin başçıları ilə görüşlərimi buna həsr etmişəm. Dünyanın bütün beynəlxalq təşkilatlarında görüşlər keçirmişəm, onların iclaslarında iştirak etmişəm. Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı, EKO təşkilatı, bütün başqa təşkilatlar, - daha hara qalıb, - bir Allahdan savayı, elə instansiya yoxdur ki, bu iki il yarım müddətində biz, yəni bu işlə məşğul bütün şəxslər onlarla əlaqəyə girməsin. Xüsusən mən bir prezident kimi bu işlərlə şəxsən məşğul olmuşam. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının beş daimi üzvü var - Amerika Birləşmiş Ştatları, Rusiya, Fransa, İngiltərə və Çin. Mən bu beş ölkənin başçıları ilə də görüşlər keçirmişəm, danışıqlar aparmışam, müzakirələr aparmışam, yollar aramışam. Bir bunlar deyil ki!

Mən nə qədər dövlət başçıları ilə görüşmüşəm. Elə burada, bu salonun özündə nə qədər nümayəndə heyətləri qəbul edilib. Bu müddətdə Minsk qrupunun, tərkibi üç dəfə dəyişilib: bir dəfə, mən buraya təzə gələndə, İtaliyadan Mario Raffaelli, ondan sonra İsveçdən Yan Eliasson və nəhayət, Finlandiya və Rusiya nümayəndələri. Bu məsələ ATƏT-in Zirvə toplantısında ilk dəfə olaraq gündəliyə salınıbdır. Keçən il Budapeştdə bu məsələ haqqında qərar qəbul olunubdur. Özü də çox xüsusi əhəmiyyətli bir qərar.

Biz gördüyümüz işlərdən saatlarla danışa bilərik. Bəs bunun yolu nədir? Deyirlər ki, "biz bunun yolunu bilirik və deyəcəyik". Amma yeddi ildir demirsiniz. Deyin də. Mən isə bunun yolunu bilirəm və bu yolla da gedirəm. Bunu sülh yolu ilə həll etmək lazımdır və biz də sülh yolu ilə gedirik. Nailiyyətlərimiz də var. Biz artıq dünya ictimaiyyətinə sübut edə bilmişik ki, bizim işimiz haqq işidir, bizim işimiz ədalətli işdir. Həm də bu məsələni həll etmək üçün bizim çoxlu tərəfdarımız var.

İl yarımdır ki, atəş kəsilmişdir. Mən iki il yarımdır burada işləyirəm. İl yarımdır ki, xalq atəşkəs şəraitində yaşayır. Yeddi il müharibə getdi. Bəs bu adamlar nə əldə etdilər? Kimsə bəyan edir ki, "atəşkəs təslim olmaq deməkdir". Onlar nə haqla belə danışırlar? Niyə təslim olmaq deməkdir? Yeddi il gedən müharibədə nə uddunuz? Bunu deyən adamlardan soruşuram - siz nə uddunuz? Torpaqlar əldən getdi, ərazimizin 20 faizi işğal olundu, bir milyon adam qaçqın düşdü, bir elə qurbanlar getdi. Budur yeddi illik müharibənin nəticələri. Əgər doğrudan da müharibə nəticəsində, - başqa şeylər demirəm, - heç olmasa torpaqlarımızı qoruyub saxlamış olsaydıq, deyərdim, bəli, müharibəni davam etdirək, bəlkə ondan sonra başqa işlər görək.

Ancaq bu atəşkəsi də əldə etmək asan məsələ deyildi. Nə üçün əvvəlki vaxtlarda atəşkəs əldə olunmurdu? Çünki Azərbaycanın gücü yox idi. Azərbaycanla hesablaşmırdılar. Bəli, Azərbaycan Ordusu yaradıldıqdan sonra, - ordu 93-cü ilin noyabr ayından yaradıldı - Azərbaycan Ordusu hücumlara keçəndən sonra, Azərbaycan Ordusu özünü göstərəndən sonra biz atəşkəs haqqında danışıqlara getdik və atəşkəsi də təmin etdik. İndi deyirlər ki, "bəli, sülh yolu da lazımdır, ancaq ordu da lazımdır, müharibəyə hazırlaşmaq lazımdır". Bəs "ordu lazımdır" deyən adamlar niyə bu ordunu əvvəllər yaratmırdılar? Nə üçün yaratmırdılar ordunu? Haradaydı bu ordu? Bu ordu var idimi?

Bu günlərdə bizim hüquq-mühafizə orqanları, güc nazirləri çıxış edərək vəziyyətdən danışdılar. Azərbaycan nə vəziyyətdə idi, hansı vəziyyətdə idi? Azərbaycan hansı vəziyyətdən hansı vəziyyətə gəlib çıxdı? Azərbaycanda ordu olmayıb. Orduda olanların da hamısı oğrular, quldurlar, canilər, xəyanətkarlar, Azərbaycanın torpaqlarını öz şəxsi mənafeləri naminə satanlar olublar. Onların da hamısı ifşa edildi. İndiyədək onlardan bir adam da ifşa olunmamışdı. Müxalifətdə olanlar onların hamısı ilə əməkdaşlıq edirdi, qardaşlıq edirdi, dostluq edirdi, qol-qola gəzirdilər. Bunlar Azərbaycanı bu günə qoyan adamlardır.

Ona görə də hesab edirəm ki, bu məsələdə sübuta ehtiyac yoxdur. Demək istəyirəm ki, Azərbaycanın əsas probleminin həlli yollarını iqtidar bilir, Azərbaycanın prezidenti bilir. Biz sülh danışıqları aparırıq və bundan sonra da aparacağıq. Apardığımız danışıqlarda nəticələr də əldə edirik, irəliləyiş də var. Güman edirəm ki, biz bu yolla bundan sonra da gedəcəyik.

Mən Nyu-Yorkda olarkən beş gün ərzində həm Birləşmiş Millətlər Təşkilatının iclaslarında iştirak etmişəm, həm də gecə-gündüz, səhər-axşam nə qədər görüşlər keçirmişəm. Dünən sayıblar, 72 görüş keçirmişəm. Ən böyük dövlətlərin başçıları ilə görüşmüşəm. Amerika Birləşmiş Ştatlarının prezidenti ilə görüşümün əksər hissəsi bu mövzuya həsr olunub. Bu, mənim onunla ikinci görüşüm idi. Mən onunla keçən il də görüşdüm, bu il də. Azərbaycanın nə vaxt belə imkanı olmuşdur?! Azərbaycanın başçısı nə vaxt bu imkana malik olub ki, bir dövlət rəhbəri ilə otursun, bərabər hüquqla danışsın, məsləhətləşsin? Bir o deyil ki! Mən indiyədək Rusiyanın, Amerikanın, Fransanın, İngiltərənin, Almaniyanın, Çinin də başçıları ilə görüşüb söhbət etmişəm. Biz bu yolu bilirik. Yoxsa ki, indi durub deyirsiniz "bu məsələ əsas məsələdir, bunu həll etmək lazımdır". Həll edə bilirdinizsə, indiyədək həll edəydiniz. Əgər həll edə bilməmisinzsə, onda mane olmayın.

Ordu var. Dünən Səfər Əbiyev televiziya ilə çıxış edərək bu barədə geniş məlumat verib. Hesab edirəm ki, mənim də bu barədə geniş danışmağıma ehtiyac yoxdur. Azərbaycanda həqiqi ordu olmayıb. Dörd il bundan öncə əmr verilib ki, Milli Ordu yaradılsın, amma yaradılmayıb. Ayrı-ayrı hissələr, ayrı-ayrı dəstələr, ayrı-ayrı bandalar, ayrı-ayrı batalyonlar öz şəxsi mənafeləri üçün ordunun silahlarından istifadə ediblər. Bu da ən nəhayət, 93-cü ilin iyun hadisələrinə, vətəndaş müharibəsinə və ondan sonrakı hadisələrə gətirib çıxardı. Bundan sonra biz nə qədər əziyyət çəkmişik ki, Azərbaycanı bu ünsürlərdən təmizləyək, bu cinayətkarlardan, bu canilərdən təmizləyək. Bunu xalq görür. Əgər bunu müxalifət görmürsə, yaxud da görürsə, - buna başqa rəng verirlər. Bir sözlə, Azərbaycanda ordu qurulub, ordu var və ordu bundan sonra da olacaq və özü də güclü bir ordu olacaq.

Ancaq mən bu gün bəyan edirəm ki, biz yenidən müharibəyə başlamaq istəmirik. Qəti fikrimi deyirəm, ordu qurulur ki, Azərbaycanın müdafiə qüdrəti möhkəmlənsin. Ordu qurulub ki, Azərbaycan müstəqil bir dövlət kimi daim özünü qoruya bilsin. Biz müharibəyə yenidən başlamaq istəmirik. Biz məsələni sülh yolu ilə həll etmək istəyirik və güman edirəm ki, həll edəcəyik. Bunu gələcək də göstərəcək. Əgər biz həll edə bilməsək, onda gəlib siz həll edərsiniz, buyurun. Amma biz həll edəcəyik.

İkinci problem barəsində çox danışırlar ki, bəli, respublikada sabitlik lazımdır, daha nə bilim nə lazımdır. Mən başa düşmürəm. Azərbaycanda bu indiki sabitlik 88-ci ildən sonrakı dövrdə olubmu? Olmayıb! Mən demirəm ki, bu gün hər şey yaxşıdır. Mən heç vaxt deməmişəm və deməyəcəyəm ki, bizim hüquq-mühafizə orqanları normal işləyir, hər işi yaxşı qurmuşuq. Xeyr. Ancaq bu iki il müddətində meydana çıxmış bu bandalar, bu dəstələr, bu cinayətkarlar, qruplar barədə daxili işlər naziri də, milli təhlükəsizlik naziri də, baş prokuror da geniş məlumat verdilər. Bunlar Azərbaycanı dağıdırlar. Onları aşkara çıxarmaq yalnız indi mümkün olubdur. İnsanlar rahat yaşaya bilirlər, insanlar küçəyə rahat çıxa bilirlər. Bəs bu, sabitlik deyilmi? Əlbəttə ki, sabitliyin həddi yoxdur. Vəziyyət bundan da sabit olmalıdır. Elə olmalıdır ki, bəzi ölkələrdəki kimi, insanlar qapısını heç bağlamasın, açıq qoyub getsin, heç kəs də gəlib qapıdan içəri girməsin, bir insan o biri insana toxunmasın. Bu da lazımdır. Biz buna da nail olmalıyıq. Bu yolla da getməliyik. Ancaq gəlin müqayisə edin. Gəlin görək iki il bundan qabaq, üç il bundan qabaq, beş il bundan qabaq nə olub, indi necədir.

Bilirsinizmi, mən hesab edirəm ki, bu müddətdə bizim ən böyük nailiyyətimiz odur ki, Azərbaycanda geniş yayılmış cəzasızlıq şəraiti aradan götürülmüşdür, insanlar törətdikləri cinayətlərə görə cəza alırlar. Mən təəssüf edirəm ki, çox adam cəzalanır. Mən istəmirəm ki, bizim həbsxanalarda adamlar olsun. Fərarilik etmiş 600 adamı mən bağışladım. Ancaq kim günahkardır ki, keçən ilin oktyabrında burada dövlət çevrilişinə başladılar və buna görə də bir qisim adam həlak oldu, bir qismi tutulub, - baş prokuror deyir ki, iki yüzə qədər adam buna görə tutulub, 260 adam həbs olunubdur, qalanları da axtarışdadır, buna görə kim günahkardır? Kimdir günahkar? Həmin o Xüsusi Təyinatlı Polis Dəstəsi yarandığı gündən cinayətkar bir dəstə olub, keçmiş bütün iqtidarların dövründə burada səhərdən axşamadək cinayətlə məşğul olub, o Cavadov qardaşları hökm sürüblər. Hamı onların yanından qorxa-qorxa keçirdi. Bəziləri də onlara yaltaqlıq edirdilər. Rövşən Cavadov daxili işlər nazirinin müavini idi, amma daxili işlər nazirinə tabe olmurdu. Ancaq bizim bu müxalifətdə olan liderlərimiz Rövşən Cavadovla vaxtaşırı görüşür, danışır, söhbətlər aparırdılar. O Mahir Cavadovun törətdiyi cinayətlərin həddi-hüdudu yox idi. Amma belə adam 88-ci ildə də, 89-cu ildə də, 90-cı ildə də, 92-ci ildə də, 93-cü ildə də prokurorluqda işləyirdi, rayon prokuroru kimi dağıdırdı, rüşvət alırdı.

Mən bu mövzuya da keçəcəyəm. Danışanların çoxu deyir ki, rüşvətxorluq var. Bəli, var. Ancaq müxalifətdə olan bu adamlar həm iqtidarda olduğu vaxtda, həm də müxalifətdə olarkən rüşvətxorluğun qarşısını almaq üçün hansı addımı atıblar, nə ediblər? Heç bir şey! Əksinə, o Mahir Cavadov, Rövşən Cavadov müxalifətdə olan bu adamların hamısı ilə təmasda idilər, hamısı ilə görüşürdülər, hamısı ilə danışırdılar. Əgər müxalifətdə olan qüvvələr bizim dövlətçiliyimizi doğrudan da qoruyurdularsa, nə üçün oktyabr hadisələri zamanı siyasi partiyaların biri də bəyanat vermədi? Halbuki onda dövlət çevrilişi cəhdi oldu. 93-cü ilin iyun ayında o banda gəlib burada vətəndaş müharibəsinə başlamışdı və ikinci dəfə də başlamaq istəmişdi, lakin biz xalqın gücü ilə onun qarşısını aldıq. Amma siyasi partiyaların biri də bu işə qarışmadı, biri də gəlmədi. Bəs siz nə istəyirdiniz? Siz istəyirdiniz ki, onlar gəlib yenidən buranı dağıtsınlar. Elə bilirsiniz ki, bundan sonra sizi rahat buraxacaqdılar.

Mart hadisələrini götürək. Açıq-aydın məlum idi, bütün dünya televiziyaları, radiostansiyaları xəbər verirdilər ki, Azərbaycanda artıq dövlət çevrilişi prosesi gedir, Azərbaycanın dövlət başçısına qarşı sui-qəsd olacaq, Azərbaycan dağıdılacaqdır, Azərbaycanda koalisiyalı dövlət yaranacaqdır. Bu müxalifətdə olan partiyaların, qüvvələrin hansı birisi bəyanat verdi? Bəziləri Rəsul Quliyevin, yoxsa kiminsə yanına gəlib deyirdilər ki, biz gedək vasitəçilik edək. Kiminlə vasitəçilik etməyə gəlmişdilər? Cinayətkarla? Dövləti dağıtmaq istəyən adamla mən vasitəçi vasitəsiylə danışığamı getməliydim? Yox, o vaxtlar keçibdir. Xalq etimad göstəribdir, prezident seçibdir. Prezident Azərbaycan Respublikasının dövlətçiliyinin təminatçısıdır. Oradan Türkiyənin səfiri mənə vasitəçilik etmək istəyirdi, burdan bu müxalifət partiyası vasitəçim olmaq istəyirdi. Nə vasitəçilik edəcəkdiniz? Yoxsa Rövşən Cavadova mən böyük bir vəzifə verməliydim ki, o getsin yenə də cinayətlər törətsin, getsin yenə də dağıtsın? Mahir Cavadov gedib sahibkarların həmkarlar ittifaqını yaratmışdı, dağıdırdı. Yenə də dağıtmalıydı? Buna vasitəçilik etmək istəyirdiniz?

Buna görə də gərək insanlarda az da olsa insaf olsun. 93-cü ilin iyun ayından indiyədək biz Azərbaycanı bu bəlalardan xilas etmişik, insanları bu cinayətkarlardan xilas etmişik, dövlətçiliyimizi qoruyub saxlamışıq, möhkəmləndirmişik, dövlətin hörmətini dünya miqyasında qaldırmışıq. Bunları görməmək olmaz. Yox, əgər görmək istəmirsənsə, görmə. Ancaq böhtan atmaq, yalan danışmaq yaramaz. 93-cü ildə müxalifətdə olan adamlar, əgər gücünüz var idisə, Surət Hüseynovun qabağına niyə çıxmadınız? Niyə məni Naxçıvandan çağırıb gətirdiniz? Nə üçün? Gücünüz var idisə, çıxaydınız Surət Hüseynovun bandasının qabağına. Çıxa bilmədiniz ki. Gəldi, sizi vurdu dağıtdı, siz də qaçdınız, pərən-pərən düşdünüz və o müddətdə çoxları gedib Gəncədə Surətə öz sədaqətini bildirdi, o cümlədən indi müxalifətdə olan partiyaların rəhbərləri, onların nümayəndələri. Axı, bunların hamısını televiziyada göstərdilər, hamısı məlumdur. Sənədlər də var. Onunla əməkdaşlıq etmək istəyirdilər.

Dövləti əlinizdə saxlaya bilmədiniz. Vətəndaş müharibəsi başlandı. O Əlikram Hümbətov Azərbaycanın bir hissəsini dağıtmışdı. Sizə deməliyəm ki, mən onunla təkbaşına mübarizə aparırdım. Bir tərəfdən onu Surət Hüseynov qızışdırırdı, digər tərəfdən Rəhim Qazıyev gündə oraya gedib-gəlirdi, başqa tərəfdən də başqaları çalışırdı. Bəs müxalifətdə olan bu partiyalar harada idilər? Niyə gedib bir iş görmürdülər? Xəlvəti ayrı-ayrı gedənlər də onu qızışdırırdılar ki, sən Heydər Əliyevə təzyiq göstər. Nə var ki, gəlib öz məqsədlərinə nail olsunlar.

Ona görə də hesab edirəm ki, Azərbaycanda cinayətkarlığa qarşı mübarizəni bundan sonra gücləndirmək lazımdır, cinayətkarların qarşısını almaq lazımdır; terrorçuları, cinayətkarları, reketlə məşğul olanları, vətəndaşların hüquqlarına toxunanları tapmaq, cəzalandırmaq lazımdır. Lakin görülən işləri də qiymətləndirmək lazımdır və görülən işlərə qara yaxmaq lazım deyildir.

Bilirsinizmi, bu günlər böyük cinayətlərin üstü açılıbdır. Çox böyük cinayətlərin. Nəhayət, raket ilə təyyarəni vurmaq istəyən adamların hamısı tutulubdur, onu təşkil etmək istəyən adamların əksəriyyəti həbs olunubdur, əksəriyyəti tutulubdur. Beş il bundan əvvəl terror törədənlər tutulublar. Başqaları da tutulublar. Hesab edirəm ki, bundan sonra da cinayətkarlar aşkara çıxarılacaqdır. Bunların hamısı onu göstərir ki, hüquq-mühafizə orqanları son vaxtlar öz işlərini gücləndiriblər. Onların işlərində olan nöqsanları bu gün bir daha qeyd etməklə yanaşı, hüquq-mühafizə orqanlarının son aylarda gördüyü işləri yüksək qiymətləndirirəm və hesab edirəm ki, onlar tək dövləti yox, vətəndaşları da böyük-böyük cinayətlərdən xilas ediblər və çox böyük işlər görüblər.

Bu partiya başçılarının, yaxud nümayəndələrinin çıxışlarında iqtisadiyyatla əlaqədar məsələlərə də toxunulur. Deyirlər ki, iqtisadiyyat geriyə düşüb, iqtisadiyyatda vəziyyət ağırdır və s. və i.a. Burada yeni bir şey açılmır. Yəni Azərbaycan sosial-iqtisadi böhran içindədir. Bu məlumdur. Bu sosial-iqtisadi böhrandan çıxmaq yolları araşdırılır və tədbirlər görülür. Ancaq müxalifətdə olan partiyaların hansının bu barədə hansı proqramı var? Hansının hansı konkret təklifi var? Yoxdur. Mən o çıxışlarda da bir şey görmədim. Ümumiyyətlə, istehsalın nə demək olduğunu bilməyən gənc adam - 25-30 yaşında, yaxud 35 yaşında olan, burnuna istehsalın qoxusu da dəyməyən bir adam car çəkir ki, istehsal aşağı düşür, sənaye belə oldu, məhsul belə getdi. Mən tam qətiyyətlə deyirəm, müxalifətdəki siyasi partiyalardan heç biri, istehsaldan danışan, iqtisadiyyatdan danışan adamların heç biri ömürlərində nə istehsal görüb, nə də iqtisadiyyat. Heç birini görməyiblər. Bunları görməyən adamlar kitablarda oxuduqlarına əsasən müddəalar irəli sürə bilməzlər. Bir araşdırın görək, onları kim görüb? Görməyiblər. Belə təcrübəsiz adamlar heç vaxt nə iqtisadiyyatı qaldıra bilərlər, nə də istehsalı. İndi dərd burasındadır, vəziyyət gör nə yerə gəlib çıxıb ki, meydanda qışqırmaqdan başqa dünyada hələ bir şey görməyən bu gənclər gəlib bizə istehsaldan dərs demək istəyirlər.

Siz məni düz başa düşün, mən 26 il bundan öncə Azərbaycana rəhbərliyə başlamışam, Azərbaycanda olan istehsal fondlarının hamısını əzbərdən bilirəm. Zavodların, fabriklərin əksəriyyəti mənim Azərbaycana rəhbərlik etdiyim vaxtda tikilib. Azərbaycanda olduğum vaxt, ondan sonra Moskvada olduğum beş il ərzində əlim həmişə Azərbaycanın üstündə olub. Hansı istehsalın nə üçün, nədən ötrü, nə məqsəd üçün yarandığının hamısını bilirəm. Onların nə cür işlədilməsini də bilirəm.

O illərdə hər il sənaye istehsalının artımı orta hesabla 9 faiz təşkil edirdi. Müxalifətdə olanlar, siz bilirsinizmi ki, bu 9 faiz haradan gəlir, haradan toplanıb? Axı, bilmirsiniz. Siz statistikadan götürürsünüz ki, tənəzzül olub, keçən ilə nisbətən 20 faiz aşağı düşüb. Bəli, belədir. Amma o artımlar nə cür, necə olurdu, - onu siz bilmirsiniz.

Kənd təsərrüfatı istehsalı ildə 7-8 faiz artırdı. O vaxt Azərbaycanda istehsalın artım sürəti Sovetlər İttifaqındakı bütün 15 respublikadan üstün idi. Bu məlumdur, statistika durur. İndi təsəvvür edin, bu işlərə rəhbərlik etmiş, bu işləri təşkil etmiş adam əgər bu gün respublikanın rəhbəridir, o vaxt o bunları tikib, yaradıb, qurub. Bəs indi necə ola bilər ki, bunların işlədilməsi üçün çalışmasın? Heç o zavodların yanından keçməmiş adamlar - əgər keçibsə də gedib fəhlələri ya tətilə, yaxud mitinqə çağırıb, bundan savayı başqa iş görməyib, - indi gəlib istehsaldan bizə dərs vermək istəyirlər.

Bilirsiniz, təvazökar olun, danışığınızı bilin. Sizin o danışıqlarınıza heç kim inanmır. Çünki sizin danışıqlarınız o qədər səriştəsizdir ki, heç nə danışdığınızı da bilmirsiniz. Mən bunu sizə açıq deyirəm.

İstehsal nə cür inkişaf etməlidir - biz bunu bilirik və bu işlə məşğul oluruq. Demək, istəyirəm ki, indi istehsal keçən dövr kimi inkişaf edə bilməz. O vaxt tikilən zavodlar, fabriklər indi o cür işləyə bilməz. Əgər o zavodlar o vaxt şəxsən mənim təşəbbüsümlə tikilibsə və onların işləməsinə mən hər gün nəzarət etmişəmsə, - bunu mən sizə deyirəm, - o zavodlar indi o cür işləyə bilməz. Amma o zavodları işlətmək lazımdır. Nə cür işlətmək lazımdır, hansı yollarla işlətmək lazımdır - biz bunlarla məşğul oluruq.

Doğrudur, nazirliklər, şirkətlər, ayrı-ayrı şəxslər vəzifələrinə layiqli yanaşmırlar, imkanlarından, mövcud şəraitdə istehsalın gücündən istifadə etmirlər. Bunlar hamısı var, səhvlər var. Mən Nazirlər Kabinetinin may ayında keçirilən iclasında bu barədə geniş nitq söylədim. Nazirlərin, şirkət rəhbərlərinin, fabrik, zavod direktorlarının hər birinə konkret iş proqramı tutub təqdim etməyi təklif etdim, bunu onlardan tələb etdim. Onlardan biri bunu bacarır, biri bacarmır. Ümumi proseslər - keçmiş Sovetlər İttifaqının ərazisində olan bu proseslər bura da təsir edir. Bunu demək lazımdır ki, inteqrasiya əlaqələri pozulub. Keçid dövründəyik. Ancaq bununla yanaşı iqtisadiyyatımızda, maliyyə sistemimizdə böyük nailiyyətlər əldə olunub. Bir ildir ki, bizim manatın dəyəri sabitdir. İndi, əlbəttə, buna da cürbəcür izahat vermək olar. Ancaq sabitdir. İnflyasiyanın sürəti tamamilə aşağı düşübdür. Əgər beynəlxalq maliyyə mərkəzləri, beynəlxalq Valyuta Fondu, Ümumdünya Bankı, Avropa Bankı və Avropa İttifaqı artıq Azərbaycan ilə əməkdaşlıq edirsə, demək, onlar Azərbaycanda iqtisadiyyatın sərbəstləşdirilməsi prosesini və respublikamızın sərbəst bazar iqtisadiyyatı yolu ilə getmək prosesini qəbul ediblər və bizə kömək edirlər, kreditlər ayırırlar.

Bir şəhərin - Bakının su təchizatını təmin etmək üçün 84 milyon dollar məbləğində kredit ayrılıb. Yenikənd Su-Elektrik Stansiyasının tikilməsi üçün 54, yaxud 57 milyon dollar kredit ayrılıb. Bəzi bərpa işləri aparmaq üçün neft şirkətinə 20 milyon dollar kredit ayrılıb. Başqa layihələr üçün də kredit ayrılıb. Azərbaycanda maliyyə reabilitasiyasını təmin etmək və başqa işlər görmək üçün 400 milyon dollar kredit ayrılıb. Bunlar hamısı iqtisadiyyat sahəsində gördüyümüz işlərin nəticəsidir və bunlar var.

Bunlar bizi qane edirmi? Yox. Biz belə yaşaya bilərikmi? Yox. Qaçqınlar da var, hətta dilənçilər də var. Yetmişinci illərdə mən burada rəhbərlik edirdim, Bakıda bir dilənçi tapmaq mümkün idimi? Yox. Çörəyin qiyməti 20 qəpik, ətin qiyməti 2 manat 20 qəpik, yağın qiyməti 3 manat 20 qəpik idi. Mən gedirdim ət mağazalarına, qəssablarla dava edirdim ki, siz üçüncü növ əti niyə birinci növ yerinə satırsınız? Cəmi-cümlətanı 20-30 qəpik fərqi vardı. Bu idi vəziyyət.

O dövrdə biz yaşamışıq, o dövrdə də işləmişik. Ancaq indi tamam başqa bir sistemə keçmişik. Biz bu sistemlə getmək üçün, bazar iqtisadiyyatına keçmək üçün bu yolu keçməliyik və əlimizdən gələni də etmişik, edirik. Xüsusən Azərbaycanda demokratiyanın inkişafını nəzərə alaraq, iqtisadiyyatda demokratikləşməni nəzərə alaraq, respublikada siyasi-ictimai sabitliyi nəzərə alaraq dünyanın iri neft şirkətləri keçən il Azərbaycan ilə böyük bir müqavilə imzaladılar. Bu, məhz keçən ilin sentyabrında imzalandı, o vaxta qədər imzalana bilməzdi. Çünki buna şərait yox idi. Bu gün səhər biz yeni bir müqavilə imzaladıq. Yeni bir şirkət, yeni bir konsorsium, "Qarabağ" neft yatağı. Üç dövlət - Rusiya, Amerika Birləşmiş Ştatları, artıq İtaliya da bizə qoşuldu və Azərbaycan Dövlət Neft Şirkəti. Böyük bir müqavilə imzalandı. İtaliya da buraya gəldi, oranın böyük neft şirkəti, ümumiyyətlə, böyük şirkəti "ACİP" buraya gəldi. Rusiyanın yanacaq və energetika naziri buraya gəlibdir. Amerikanın energetika nazirinin müavini gəlibdir, İtaliyanın sənaye naziri buraya gəlibdir, şirkətlərin başçıları gəliblər, başqa adamlar gəliblər. Azərbaycanda yeni müqavilə imzalandı. Bunlar hamısı, bəli, bu gün Azərbaycanda yaranmış şəraitin nəticəsidir. Bunun nəticəsində də Azərbaycan dünya birliyində tanınıbdır. Azərbaycanın daxili sabitliyinə inanaraq buraya sərmayə gəlibdir.

Keçən il imzalanmış müqavilə üzrə bu il 100 milyon dollar və gələn il 600 milyon dollar məbləğində vəsait xərclənəcəkdir. Bunlar hamısı Azərbaycanda iş yerləri açacaqdır. Bizim Azərbaycanın mütəxəssisləri, fəhlələri işləyəcəklər, pul qazanacaqlar və nəhayət, biz bunun bəhrəsini görəcəyik. Ancaq bunlar hələ işlərimizin başlanğıcıdır. Bu işlər davam edəcəkdir. Bundan başqa hansı yolu göstərirsiniz, - deyin. Başqa bir yol yoxdur! Başqa yol göstərə bilmirsiniz.

Ona görə də, yenə deyirəm, hər kəsin öz sözünü tam sərbəst deməyə ixtiyarı var və deyə də bilər. İndən sonra da buna şərait yaradılacaqdır. Ancaq dolğun, düzgün danışmaq lazımdır və insanları da düzgün istiqamətləndirmək lazımdır. Yanlış fikirlər, yanlış danışıqlar və böhtan xarakterli danışıqlar bizim bəzi siyasi partiyalara heç vaxt hörmət qazandırmayıb və qazandırmayacaqdır.

Kim hansı partiyaya səs verəcək, hansı namizədə səs verəcək, - bu öz işidir. İndi, bilirsiniz, bəzi adamlar meydana çıxır ki, onlar öz məqsədlərinə nail olmaq üçün ən çirkin yollara gediblər. Mən yenə də deyirəm, bu gün bu barədə heç konkret danışmaq fikrində də deyiləm. Amma onu demək istəyirəm ki, o böhtançı danışıqlar - "tayfabazlıq, yerlibazlıq, rüşvətxorluq, filan-peşməkanlıq" - bunların hamısı boş danışıqlardır. Danışanların əksəriyyəti Azərbaycanda rüşvətxorluğun olmasından danışır. Bəs biz rüşvətxorluq haqqında danışmırıqmı? Amma biz tədbir görürük ki, rüşvətxorluq olmasın, siz isə danışırsınız.

Bilirsiniz, rüşvətxorluqla mübarizədə mənim böyük-böyük təcrübəm var. 1969-cu ildə Azərbaycana rəhbərliyə başlayarkən mən ilk addımlarımı rüşvətxorlara qarşı mübarizə ilə başladım və onlarca, yüzlərlə rüşvətxor vəzifəsindən məhrum oldu, azadlıqdan məhrum oldu, cəzalandılar. Ancaq sonra, xüsusən 1988-ci ildən sonra, ara qarışan zaman o rüşvətxorları, həbsxanadan çıxan rüşvətxorları, vəzifədən çıxan rüşvətxorları millət qəhrəmanı kimi televiziyaya çıxardılar, qəzetlərdə yazdılar, onları meydana çıxardılar. Onlar gəlib parlamentdə oturdular. Amma indi müxalifətdə olan adamlar onların haqqında bir söz demədilər ki, bunlar rüşvətxorlardır və indi gəliblər vəzifələrə, Heydər Əliyevi günahlandırırlar ki, "bunlar durğunluq dövrünün qurbanlarıdır, Heydər Əliyev dövrünün qurbanlarıdır". Nə qurbanlarıdır? Onlar qurban deyillər, rüşvətxorluğuna görə cəza almış adamlardır. Əgər o vaxt mən rüşvətxorluqla belə mübarizə aparmışamsa, bu gün ondan beş qat artıq mübarizə aparıram və aparacağam da.

Xalqı üçün, milləti üçün rüşvətxordan da xain düşmən yoxdur. Amma bu mübarizəni biz bir yerdə aparmalıyıq. Təəssüf ki, həmin bu rüşvətxorluqdan danışan adamların əksəriyyəti özləri ya şəxsən rüşvətxordur, yaxud da rüşvətxorlardan bəhrələnirlər. Mən bunu qəti deyirəm.

Bilirsiniz, danışıqla iş aşmaz. Rüşvətxorluq böyük bir bəladır, təkcə Azərbaycan üçün yox, dünya üçün böyük bir epidemiyadır. Narkomaniya kimi böyuk bir bəladır. Biz bu bəla ilə mübarizə aparmalıyıq. Amma gəlib yalandan bir-birimizi günahlandırmaq ki, bu rüşvətxordur, o rüşvətxordur - belə şeylərlə camaatı aldatmaq olmaz. Mən yenə də deyirəm, o siyasi partiyaların, müxalifətdə olan partiyaların əgər maddi vəziyyətlərini, maliyyə mənbələrini yoxlasanız, çoxu gedib rüşvətxorlara çıxacaqdır. Çünki göydən heç kəsə pul düşmür, dollar da heç kəsə düşmür. Hamısı gedib oraya çıxacaqdır.

Ona görə də bu barədə danışmaq üçün gərək insanın mənəvi haqqı olsun. Mənim mənəvi haqqım var rüşvətxor haqqında danışmağa, çünki rüşvətxorluqla mübarizə aparmağa dəvət edirəm. Amma o biri danışanların haqqı yoxdur. Kimin mənəvi haqqı var, o danışsın. Amma kimsə özü bu işə bulaşıbdır, gəlib başqasını günahkar etmək istəyir, - qoy düşünsün və fikirləşsin.

Bilirsiniz, mənim üzərimə böyük bir yük düşübdür. Mən bu vəzifəni bəziləri kimi gəlib mübarizə aparıb prezident olmaq arzusu ilə tutmamışam. İndi burada xəstəlik düşübdür, o deyir mən prezident olacağam, bu deyir mən prezident olacağam, Heydər Əliyevdən sonra kim prezident olacaqdır… Əşi, Heydər Əliyev hələ sağ-salamatdır. Kim prezident olacaqdır Heydər Əliyevdən sonra, nə təhər olacaqdır, - bir-biri ilə dava edirlər, bir-biri ilə mübarizə aparırlar.

Birincisi, bu, yaramaz bir şeydir. Heydər Əliyev ya dünyadan gedəndən sonra, ya onun vaxtı qurtarandan sonra xalq kimi istəyirsə, onu da seçəcəkdir. Bunu bilin. Ancaq onu demək istəyirəm ki, mən buraya özüm öz xoşumla gəlməmişəm, kiminləsə mübarizə aparıb, onu oraya itələyib, onu buraya itələyib bu vəzifəni tutmaq üçün gəlməmişəm. Mən bunun arzusunda olmamışam. Ancaq bir halda ki, məni tale buraya gətirib, xalqın iradəsi gətirib, mənim üzərimə bu böyük yük düşübdür, - mən bu məsuliyyəti, bu yükü həyatımın son dəqiqəsinə qədər aparacağam və bütün qüvvəmi, biliyimi buna sərf edəcəyəm. Heç kəs də bu işdə mənə mane ola bilməz. Kim isə doğrudan bizim dövlətimizin inkişafına kömək etmək istəyirsə, gəlsin əlini uzatsın, kömək etsin. Kömək etmək istəyən heç kimin əlini kənar etməyəcəyəm. Ancaq kimsə mən burada olduğum vaxt gəlib iddialarla nəyəsə nail olmaq istəyirsə, buna nail ola bilməyəcəkdir.

Mən hər bir şeyi qanunla edirəm, qanun mənim üçün alidir. İndiyə qədər həyatımda, çoxillik həyatımda qanunsuz bir iş görməmişəm, qanuna zidd bir iş görməmişəm, ədalətsiz bir iş görməmişəm. İndiyə qədər gördüyüm işlərin hamısına cavabdehəm. Səhvlərim də olubdur, adamların seçilməsində və yerləşdirilməsində səhvlərim olubdur. Bu gün də səhvlər var və bu da təbii haldır. İki il yarımdır mən burada işləyirəm, nə qədər adam işdən azad olunubdur, yaxud təyin edilib azad olunubdur, nə qədər adam. Vaxtilə yaranmış şəraitdə Surət Hüseynovu gətirib baş nazir qoyduq. Baş nazirliyə yaramaz bir adam idi. Ancaq mən çalışırdım onu öyrədim, çalışırdım tərbiyələndirim, çalışırdım ki, bəlkə bu adamdan bir şey çıxsın. Ancaq cinayətkarlığından əl çəkə bilmədi və belə də oldu. Nəriman İmanovu milli təhlükəsizlik naziri qoymuşduq. Xəyanət elədi, indi məhkəmə qarşısında cavab verməlidir. Əli Ömərovu qoymuşduq baş prokuror. Yolundan çıxdı, pozuldu. İndi gedib orada-burada ağlayır ki, "qanmamışam, başa düşməmişəm, nə bilim, səhv eləmişəm, prezident məni bağışlasın, filan eləsin". Bundan sonra nəyi bağışlayacaq? Bundan böyük etimadmı ola bilərdi, səni baş prokuror qoydular! Nəinki, bacarmadı, hətta vəzifəsindən sui-istifadə etdi, cürbəcür pis yollara getdi.

Bir o deyil. Bəziləri buradan getdilər Türkiyəyə, Türkiyənin ən bahalı "Çırağan" otelində ən bahalı nömrədə yaşayırlar. Bəs camaat soruşmur ki, sən bu pulu haradan alırsan, bununla yaşayırsan? Axı, baş prokurorun məvacibi məlumdur. Mən iki dəfə Nyu-Yorka getmişəm. Baxmayaraq ki, mən dövlət başçısıyam, dövlətin pulu ilə gedirəm, - mənim öz pulum yoxdur. Öz pulumla heç bir yerə getmirəm, - Nyu-Yorkda ən sadə mehmanxanada yaşayıram ki, pulu çox çıxmasın. Amma o gedib "Çırağan" otelində guya gözünü müalicə edib bir ay yaşayırdı. Onda düşünmürdü ki, bunun gələcəyi nə olacaqdır? Bəs düşünmürdü ki, axı insanlar bilirlər bu pul ona haradan gəlib? İndi gəlib peşman olub.

Məmmədrəfi Məmmədovu gətirib müdafiə naziri qoyduq. Bacarmadı, pis yollara getdi, işdən çıxardıq. Abdullayevi müəyyən şəraiti nəzərə alaraq Kənd təsərrüfatı naziri qoyduq, - cinayət elədi, indi cavab verməlidir. Baş nazirin müavini var idi - Əsgər Məmmədov, Cənubda - Lənkəranda baş verən hadisələrlə bağlı neçə dəfə mən böyük müşavirələr keçirdim, durdular danışdılar. Bu adam bir dəfə normal danışmadı, bir dəfə prinsipial mövqedə durmadı. Ondan sonra mən onu baş nazirin müavini saxlayacaqdım? İşdən azad etdim. Əli Təhməzov vardı, az qalırdı Surət Hüseynovun dabanını yalasın. Neçə dəfə çağırdım, dedim, ağlın olsun, sən inşaatçısan. Özü də mütəxəssissən, işləyirsən, sərbəst işlə. Bu cür olmaz, orada hərəniz bir tərəfdən Surət Hüseynovun dabanını yalasanız burada iş getməz axı, iş getməyəcəkdir. Olmadı, çıxarıb atdıq. Belələrini mən nə qədər saya bilərəm.

Bu bizim səhvimizdirmi? Yox, bu, adi prosesdir. Ola bilər indi təyin olunanlardan bəziləri də sabah ya işi bacarmadılar, yaxud yolunu azdılar, ya da xəyanət elədilər, - heç kəs bağışlanmayacaqdır.

İndi durub başlayıblar ki, kadr siyasəti! Ümumiyyətlə, kadr siyasəti kommunist rejiminə aid olan bir şeydir. Bu, keçmişdə qalan şeydir. Bunlar özlərini demokrat adlandırırlar. Guya yeni bir dövlət qururlar və ortaya salıblar kadr siyasətini. Belə dünyəvi hüquqi dövlətdə nə kadr siyasəti? Kadr siyasəti Kommunist Partiyasının siyasəti idi. İndi kim yararlıdır, kim dəyərlidir - o da təyin olunur, kimliyindən asılı olmayaraq. Əgər bunu prezident təyin edirsə, bu, prezidentin səlahiyyətidir. Əgər mənə bu səlahiyyət verilibsə, mən də bundan istifadə edirəm.

Ona görə də mən qanunsuz iş görməmişəm və bundan sonra da görməyəcəyəm. Ola bilər, yeganə bir qanunsuz iş görmüşəm ki, Fatma Abdullazadəyə göstəriş verdim, Nemət Pənahovu imtahansız Dövlət Universitetinə qəbul etsinlər. Bu işi qanunsuz görmüşəm. Ancaq buna da heyfsilənmirəm. Düzdür, qanunsuz görmüşəm. Buna da heyfsilənmirəm. Çalışırdım ki, o adam da tərbiyələnsin, elm alsın. Ola bilər, elmlənəndən sonra cəmiyyət üçün dəyərli olsun. Əgər mənim bu qanunsuz qərarımın nəticəsindən istifadə edib universitetdə elm alsa, təhsil alsa, elə bu da mənim üçün yaxşı olacaqdır ki, qanunsuz qərarım yaxşı bir nəticə verib.

Biz qanunlara riayət etməliyik. Mən də riayət edirəm, hamı da riayət etməlidir.

Hansı partiyaya səs verəcəklər, hansı namizədə səs verəcəklər, - bu, seçicilərin özlərinin işidir. Burada danışanların, çıxış edənlərin bəziləri deyirdilər ki, Yeni Azərbaycan Partiyası… Bəli, Yeni Azərbaycan Partiyası vaxtilə mənim ətrafımda yaranan partiyadır. O vaxt ki, Naxçıvan blokadada idi, o vaxt ki, mən orada əzilirdim. Azərbaycanın bir çox dəyərli ziyalıları heç şeydən qorxmayaraq yığışdılar gəldilər oraya. Təklif etdilər ki, onları qəbul edim. Mən də qəbul etdim. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasını yaratdıq. Bu partiya dəyərli partiyadır. Mən bu partiyanı Azərbaycanın həyatı üçün çox əhəmiyyətli bir partiya hesab edirəm. Hesab edirəm ki, bu partiyada ziyalılar, sağlam düşüncəli adamlar toplaşıblar və bundan sonra da toplaşacaqlar. Ancaq kim hansı partiyaya səs verəcək, - bu, onun öz işidir.

Beləliklə, mən hesab edirəm ki, bizim seçkilərimiz tam demokratik şəraitdə keçəcəkdir. Mən bizim icra orqanlarına göstəriş vermişəm və bu gün bunu bir daha təkrar edirəm: yerli icra orqanları, hüquq-mühafizə orqanları seçkilərin gedişinə qarışmamalıdırlar. Seçkiləri Mərkəzi seçki komissiyası və onun tabeliyində olan dairə seçki komissiyaları, məntəqə seçki komissiyaları aparır. Ancaq hüquq-mühafizə orqanları, yerli icra orqanları onlara kömək etməli, işlərinin yaxşı şəraitdə getməsini təmin etməlidirlər, respublikada ictimai asayişi, vətəndaşların təhlükəsizliyini təmin etməlidirlər. Bu günlərdə cinayət hallarının qarşısını almalıdırlar, heç bir cinayətin baş tutmasına yol verməməlidirlər.

Bu gün mən bütün vətəndaşlarımızı həmrəyliyə dəvət edirəm, birliyə dəvət edirəm. Mən hesab edirəm ki, bizim yeni konstitusiyamız - referendumda qəbul edəcəyimiz konstitusiyamız, bizim yeni seçkilərimiz Azərbaycanda demokratiyanın möhkəmlənməsi və inkişaf etməsi üçün, Azərbaycan dövlətçiliyinin inkişafı üçün yaxşı bir əsas yaradır. Bu, nailiyyətimizdir və çalışmalıyıq ki, 12 noyabr günü gələcəkdə Azərbaycan xalqının tarixinə böyük bir əlamətdar gün kimi daxil olsun, böyük bir bayram günü kimi daxil olsun. Mən buna əminəm və güman edirəm ki, bizim vətəndaşlarımız belə də edəcəklər.

Mənim deyəcəyim bu qədər. Komissiyanın üzvlərinə, işçi qrupunun üzvlərinə bir daha öz təşəkkürümü bildirirəm. Xalqa müraciət edirəm: demokratiya yolunda, ədalət yolunda, qanunçuluq yolunda hərə öz mövqeyini bildirsin. Azərbaycan dövlətçiliyinin qorunması, Azərbaycanın ərazi bütövlüyünün qorunması, müstəqilliyinin qorunması bu gün bizim qarşımızda duran əsas vəzifədir. Konstitusiya və seçkilər Azərbaycanın müstəqilliyini təmin etmək üçün yeni bir mərhələdir və biz bundan sonra bu yolla müvəffəqiyyətlə gedəcəyik.

Deyəcəyim bu qədər. Bir də müzakirəyə ehtiyac var? Yoxdur. Sağ olun.

"Azərbaycan" qəzeti, 11 noyabr 1995-ci il.