"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Finlandiya Respublikasının Prezidenti zati-aliləri xanim Tarya Halonenə məktubu" (6 dekabr 2000-ci il) sənədinə tarixi arayış


Finlandiya Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrında tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il martın 14-də qurulub.

Finlandiya 1994-1996-cı illərdə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyət göstərib. Azərbaycan Prezidenti Heydər Əliyev 1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşü zamanı Finlandiyanın prezidenti Marti Ahtisaari ilə görüşüb (Qeyd etmək yerinə düşər ki, Marti Ahtisariyə 2008-ci ildə beynəlxalq sülhü möhkəmlətməyə görə Nobel mükafatı verilib).

2000-ci il dekabrın 6-da Azərbaycan Prezidenti Heydər Əliyev Finlandiya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Finlandiya Prezidenti Tarya Halonenə təbrik məktubu göndərib. Məktubunda prezident Heydər Əliyev Azərbaycanla Finlandiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişlənərək iki ölkənin mənafeyinə, Avropada və bütün dünyada sülh və tərəqqi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.

2002-2006-cı illərdə Finlandiyanın dövlət təmsilçilərinin Azərbaycana səfərləri daha da çoxalıb. 2003-cü ilin fevralında edilən növbəti səfər zamanı sərmayələrin təşviqi və qorunması haqqında saziş imzalanıb.

2003-cü il martın 18-də Finlandiya Müdafiə qüvvələri Baş Qərargahının beynəlxalq şöbəsinin rəhbəri Andreas Qadberqin başçılıq etdiyi finlandiyalı hərbçi inspektorlardan ibarət nümayəndə heyəti Azərbaycanda monitorinq aparmaq üçün Bakıya gəlib. Martın 21-nə kimi Azərbaycanda qalan inspektorların vəzifəsi etimad tədbirlərinin möhkəmləndirilməsi üzrə 1999-cu ildə imzalanmış Vyana müqaviləsinə üzv olan dövlətlərin ərazilərində keçirilən hərbi tədbirlər haqqında məlumatların uyğunluğunu yoxlamaqdan ibarət olub.

2005-ci il sentyabrın 29-da Finlandiya prezidenti xanım Tarya Halonen Azərbaycana rəsmi səfərə gəlib. Finlandiya prezidentini qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında dostluq əlaqələrinin uğurla davam etdiyini vurğulayıb. Görüşdə ikitərəfli formatda və beynlxalq təşkilatlar çərçivəsində Azərbaycan - Finlandiya əməkdaşlığının iqtisadi, siyasi və digər sahələrdə əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Geniş tərkibdə keçirilən görüşdə Finlandiya prezidenti Azərbaycanın Avropa Birliyinə daha da yaxınlaşması, Avropaya daha sıx inteqrasiya etməsi üçün Finlandiyanın əlindən gələni etməyə hazır olduğunu bildirib.

Finlandiya prezidenti bir daha Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında, BMT Nizamnaməsinin müddəaları, ATƏT-in Minsk prosesi çərçivəsində həll olunmasını dəstəklədiyi barədə öz ölkəsinin mövqeyini açıqlayıb.

Görüş başa çatandan sonra iki ölkə arasında bir sıra saziş və xarici işlər nazirlikləri arasında Anlaşma memorandumu imzalanıb.

Finlandiya prezidentinin səfərinə cavab olaraq Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il mayın 28-də həmin ölkəyə rəsmi səfər edib. İki ölkə prezidenti arasında olan görüşdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər həmçinin, iqtisadi - ticarət əlaqələrinin genişlənməsi üçün böyük potensialın olduğunu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla həyata keçirildiyini vurğulayıblar.

Azərbaycan prezidenti həmçinin, Finlandiya parlamentinin sədri və Baş naziri ilə də görüşərək qarşılıqlı maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparıblar.

2008-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Finlandiyanın xarici ticarət və inkişaf naziri Paavo Vayrinenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan - Finlandiya biznes forumunun iqtisadi əməkdaşlıq üçün faydalı olacağı bildirilib. Həmçinin, Finlandiyanın xarici ticarət və inkişaf nazirinin Azərbaycana səfərinin ikitərəfli iqtisadi əlaqələrin daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib.

Azərbaycan Respublikasının Finlandiyada yaşayan vətəndaşlarının vəziyyətinin yaxşılaşdırılması, onların iqtisadi və ictimai - siyasi statusunun artırılması, cəmiyyətin baş verən proseslərdə fəal iştirakının təmin edilməsi sahəsində Finlandiyada fəaliyyət göstərən diasporanın əhəmiyyətli rolu var. Hazırda Fnlandiyada baş ofisi Helsinkidə olan Azərbaycan - Finlandiya Dostluq Cəmiyyəti fəaliyyət göstərir.

Tarixi arayış 23 oktyabr 2008-ci ildə yeniləşdirirlib.