Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin pasxa bayramı münasibətilə respublikanın pravoslav xristianlarına təbriki - Bakı şəhəri, 25 aprel 1997-ci il


Əziz həmvətənlər!

Müqəddəs Pasxa bayramı münasibətilə sizi - respublikamızın bütün pravoslav xristianlarını ürəkdən təbrik edir, ən səmimi arzularımı yetirirəm.

İnsanların mənən yeniləşməsində və saflaşmasında, cəmiyyətdə əxlaqi dəyərlərin, dostluq və humanizm prinsiplərinin olmasında dinin mühüm rolu vardır. Bu xeyirxah niyyətlərin gerçəkləşməsi, müstəqil demokratik Azərbaycanda əmin-amanlığın və vətəndaş həmrəyliyinin qorunub saxlanması işində başqa konfessiyalarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən rus pravoslav kilsəsi də yaxından iştirak edir. Əminəm ki, dilindən, dini və etnik mənsubiyyətindən asılı olmayaraq respublikamızın bütün vətəndaşları doğma vətənimiz Azərbaycana müqəddəs övladlıq borcunu bundan sonra da ləyaqətlə yerinə yetirəcək, ölkəmizin daha da çiçəklənməsi və tərəqqisi, dövlət müstəqilliyimizin əbədi olması naminə var qüvvə ilə çalışacaqlar.

Bu əziz bayram günündə uca Tanrıdan hamınıza xoş ovqat, ailə sevinci və firavan həyat arzulayıram.

"Azərbaycan" qəzeti, 26 aprel 1997-ci il