Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Mоskvа vilаyətinin гubеrnаtоru, vilаyət hökuмətinin sədri Bоris Qrомоvun bаşçılığı ilə vilаyət hökuмətinin nüмаyəndə hеyəti ilə görüşü - Prеzidеnt sаrаyı, 25 nоyаbr 2002-ci il


Azərbaycan Prezidenti Heydər Əliyev qonaqları salamlayaraq, Azərbaycan hökuməti ilə Moskva vilayəti hökuməti arasında aparılmış danışıqlardan və bu danışıqlar nəticəsində iqtisadi əməkdaşlıq haqqında saziş imzalanmasından məmnun qaldığını bildirdi. Azərbaycanla Rusiya Federasiyasının bir çox subyektləri arasında artıq bu cür sazişlər var və prezidentin dediyi kimi, bu, hər iki ölkənin mənafelərinə uyğundur və ikitərəfli iqtisadi əməkdaşlığı dərinləşdirir.

Moskva vilayətinin qubernatoru Boris Qromov səmimi qəbula görə təşəkkürünü bildirərək dedi ki, o, Azərbaycan prezidentinə, Azərbaycan xalqına həmişə ən səmimi hisslər bəsləmişdir. Onun fikrincə, Moskva vilayəti hökumətinin nümayəndə heyətinin Azərbaycana səfəri hər cəhətdən çox mühümdür. Aparılmış danışıqlarda hökumətlərarası komissiya çərçivəsində Moskva vilayəti üzrə işçi qrupu yaradılması, sənaye sahəsində əməkdaşlıq proqramının müddəalarının işlənib təkmilləşdirilməsi barədə razılıq əldə edilmiş, torpaq islahatının keçirilməsində Azərbaycanın təcrübəsi haqqında fikir mübadiləsi olunmuşdur. Rusiya tərəfi Azərbaycandan kənd təsərrüfatı məhsulları göndərilməsinə maraq göstərmişdir.

Boris Qromov Heydər Əliyev ilə 10 il əvvəl Naxçıvanda olmuş ilk görüşü də xatırladı və dedi ki, mən indiki və gələcək işimizin əsas, müsbət səmərəsini qarşılıqlı münasibətlərimizdə, həm də belə səmimi, mehriban əhval-ruhiyyənin olmasında görürəm. Boris Qromov vurğuladı ki, azərbaycanlı iş adamları Moskvada və Moskva vilayətində orta və iri biznesdə böyük uğurlar əldə etmişlər.

O, Azərbaycan prezidentinə vilayətin iqtisadi göstəriciləri barədə məlumat verərək bildirdi ki, gələn il üçün büdcənin mədaxil hissəsi təxminən 70 milyard rubl məbləğində planlaşdırılır və bu sahədə vilayət yalnız Moskvadan geri qalır.

Vilayətin iqtisadi və sosial vəziyyəti MDB ölkələri ilə, o cümlədən də Azərbaycanla qarşılıqlı surətdə faydalı iqtisadi və mədəni əməkdaşlıq etməyə imkan verir. Vilayət hökumətində indi Bakıda imzalanmış sazişin həyata keçirilməsinə məsul şəxs təyin olunacaqdır.

Boris Qromov Azərbaycan Prezidenti Heydər Əliyevi ölkədə siyasi sabitliyin bərqərar olmasında böyük rol oynamış Yeni Azərbaycan Partiyasının 10-cu ildönümü münasibətilə təbrik etdi. Moskva vilayətinin qubernatoru dedi: «Siz təkcə öz ölkəniz üçün deyil, həm də şəxsən mənim üçün böyük şəxsiyyətsiniz». O, Azərbaycan prezidentinə uğurlar, ölkəmizə tərəqqi arzuladı.

Prezident Heydər Əliyev vaxtilə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən Moskva vilayətinə səfərindən, o illərdə toxuculuq sənayesinin inkişafı üçün görülmüş tədbirlərdən danışdı və bildirdi ki, Azərbaycan və Rusiyanın yüngül sənayesinin indiki problemləri oxşardır və bu, ilk növbədə, Qərbin məhsulları ilə rəqabətə girə bilməməsi ilə bağlıdır.

Dövlətimizin başçısı Azərbaycanda həyata keçirilən iqtisadi islahatlardan söz açaraq dedi ki, son vaxtlar kiçik və orta biznesin inkişafı üçün bir sıra tədbirlər görülmüş, sahibkarların fəaliyyətinə müdaxilənin aradan qaldırılmasına yönəldilən fərmanlar verilmiş, əlverişli vergi mühiti yaradılmışdır.

Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan şəxslərin, torpaq vergisi istisna olmaqla, bir çox vergilərin ödənilməsindən 5 il müddətinə azad edilməsi nəzərəçarpacaq nəticələr vermişdir. Bu il respublikada 2 milyon 200 min ton taxıl məhsulu yığılmışdır və indi hətta onun satışı ilə bağlı problemlər var. Prezident Heydər Əliyev dedi: «Əvvəllər biz taxılı xaricdən gətirirdik, indi isə istehsalçı taxılı satmaq istəyir, amma sata bilmir. Özümüzü çörəklə təmin etməyimiz artıq yaxşı haldır. Başlıcası çörəkdir, qalanları ola da bilər, olmaya da bilər». Kartofçuluqda da yaxşı uğurlar əldə olunmuşdur. Bu il özəl sektorda 757 min ton kartof məhsulu götürülmüşdür. Təkcə Gədəbəy rayonunda 170 min ton kartof yetişdirilmişdir. Ölkədə kənd təsərrüfatı məhsullarının 98 faizini özəl sektor istehsal edir.

Belə faiz nisbəti ticarətdə, şəhər nəqliyyatında da müşahidə olunur, ölkədə ümumi daxili məhsulun 70 faizi özəl sektorun payına düşür. Prezident vurğuladı ki, hazırda paytaxtda böyük tikinti işləri aparılır ki, bu da əhalinin tələbatından və maliyyə imkanlarından xəbər verir. Bütün bu inşaat işləri də özəl sektor tərəfindən həyata keçirilir.

Boris Qromov görüşün sonunda dövlətimizin başçısına üzərində onun və Zərifə xanım Əliyevanın şəkilləri təsvir olunmuş bədii vaza hədiyyə etdi.

Azərbaycan prezidenti isə qonağa «Bir həsədin tarixi» və «Heydər Əliyev – əsl məhəbbət haqqında» sənədli filmlərinin videokassetlərini təqdim etdi.

Nümayəndə heyətinin üzvləri Azərbaycan prezidenti ilə xatirə şəkli çəkdirdilər.

AzərTAc