Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər və birlik işləri üzrə dövlət katibi Malkolm Rifkindin şərəfinə rəsmi ziyafətdə nitqi - Respublika Prezidentinin iqamətgahı, 4 yanvar 1995-ci il


Hörmətli cənab dövlət katibi, hörmətli xanımlar və cənablar!

Mən sizi Azərbaycanda ürəkdən salamlayıram, ölkəmizə xoş gəlmisiniz!

Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələrin çox qədim tarixi var. XIX əsrin sonu - XX əsrin əvvəllərində Böyük Britaniyanın şirkətləri Azərbaycana, xüsusən onun neft sənayesinə böyük maraq göstərmişlər və burada Azərbaycan sənayeçiləri ilə müştərək neft hasilatı və başqa böyük işlərlə məşğul olmuşlar. Sizin gördüyünüz gözəl Bakı şəhərində xarici neft şirkətlərinin Azərbaycana sərmayə qoyduğu dövrdə, yəni XIX əsrin sonu - XX əsrin əvvəlində çox gözəl binalar, saraylar tikilmişdir. Onlardan bəziləri də Böyük Britaniyanın sənayeçiləri tərəfindən tikilmişdir.

Birinci dünya müharibəsindən sonra Azərbaycanda ilk demokratik respublika yaranarkən Böyük Britaniya 1919-cu ildə Azərbaycanı müstəqil dövlət kimi ilk tanıyanlardan olmuşdur. Bundan sonrakı illərdə də Böyük Britaniya ilə Azərbaycan arasında iqtisadi, elmi-mədəni əlaqələr mövcud idi.

1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini əldə etmiş və Böyük Britaniya yenə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdəndir. Bundan sonra Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələr daha da sürətlə inkişaf etmişdir və bu gün biz həmin əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edə bilərik. Azərbaycan Respublikası öz dövlət müstəqilliyinin beşinci ilini yaşayır. Ötən dörd il ərzində biz Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirməyə, onu dünya birliyinə daha da sıx bağlamağa və dünya birliyində Azərbaycanın özünə layiq yer tutmasına çalışmışıq. Bununla əlaqədar Böyük Britaniya ilə bütün sahələrdə əlaqələrimizin inkişaf etdirilməsinə xüsusi fakir vermişik, bunu xarici siyasətimizdə mühüm istiqamət hesab etmişik və indi də əlaqələrimizi bu istiqamətdə qururuq.

Böyük Britaniya dünyanın ən böyük və ən qədim dövlətlərindən biridir və bu ölkə, onun xalqı dünya tarixinə, mədəniyyətinə, sivilizasiyasına böyük töhfələr vermişdir. Bu gün Böyük Britaniya dünya iqtisadiyyatında görkəmli yer tutur, dünya birliyində onun özünəməxsus yeri var və dünyada bütün siyasi məsələlərin həll olunmasında Böyük Britaniyanın sözü, fikri həlledici xarakter daşıyır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvü kimi dünya birliyində görkəmli yer tutan Böyük Britaniya ikinci dünya müharibəsindən sonra yer üzündə sülhün və əmin-amanlığın bərqərar olması və ümumiyyətlə, dünyanın tərəqqisi üçün çox səylər göstərmişdir. İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbə çalınmasında və bəşəriyyətin faşizm kimi dəhşətli bəladan xilas edilməsində Böyük Britaniyanın xüsusi rolu olmuşdur. Ona görə də dünyanın dövlət və hökumət başçıları, o cümlədən mən də böyük məmnuniyyət hissi ilə keçən ilin mayında ikinci dünya müharibəsindəki qələbənin 50 illiyini Londonda - Böyük Britaniyanın paytaxtında birlikdə, təntənəli surətdə qeyd etdik.

Son illərdə dünyanın ayrı-ayrı ölkələrində mövcud olmuş hərbi münaqişələrin aradan qaldırılması üçün də İngiltərə çox böyük səylər göstərmiş və bu gün də göstərir.

1994-cü ilin fevralında Londonda Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında dostluq və əməkdaşlıq haqqında bəyannamə, bir çox başqa sənədlər imzalanmışdır. Bu sənədlər ölkələrimiz arasında əməkdaşlığın inkişaf etməsi üçün çox yaxşı əsaslar yaradır. Biz bu əməkdaşlığın əməli nəticələrini artıq görürük.

Bu, xüsusən Azərbaycanın neft və qaz yataqlarının müştərək işlənməsində Böyük Britaniyanın "Britiş Petroleum" şirkətinin konsorsiumda tutduğu yer ilə əlaqədardır. Başqa sahələrdə də iqtisadi əlaqələri inkişaf etdirmək üçün bir neçə sazişimiz var və bunlar da əməli surətdə həyata keçirilir. Böyük Britaniyanın bir sıra hökumət rəhbərləri ilə Azərbaycanın dövlət rəhbərləri arasında keçirilən görüşlər və aparılan danışıqlar bu əlaqələrin inkişaf etdirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Baş nazir cənab Con Meycorla, cənab Hezeltaynla, cənab Rifkindlə, cənab Eqqar ilə və Böyük Britaniya hökumətinin başqa üzvləri ilə görüşlərimiz və danışıqlarımız əlaqələrimizin bu gün və gələcək inkişafı üçün çox yaxşı əsaslar yaradır.

Bu mənada Böyük Britaniyanın xarici işlər naziri cənab Rifkindin Azərbaycana rəsmi səfəri çox böyük əhəmiyyət kəsb edir. Bu, Böyük Britaniyanın xarici işlər nazirinin Azərbaycana ilk səfəridir. Biz buna çox əhəmiyyət veririk. Hesab edirəm ki, bu gün çox səmərəli danışıqlar aparmışıq və lazımi sənədlər imzalamışıq. Bunlar ölkələrimiz arasında əlaqələrin inkişafı üçün yeni mərhələdir. Danışıqlar zamanı Ermənistan ilə Azərbaycan arasında hərbi münaqişəyə son qoyulması, Azərbaycanın Ermənistanın təcavüzündən xilas olması və regionumuzda sülh yaranması məsələsi xüsusi yer tutmuşdur. Böyük Britaniyanın yüksək səviyyəli dövlət, hökumət dairələrinin Azərbaycana diqqət və marağı daim olmuşdur. O cümlədən Ermənistan - Azərbaycan münaqişəsinin aradan qaldırılması, Azərbaycan torpaqlarının işğaldan azad olması üçün böyük Britaniyanın beynəlxalq təşkilatlardakı fəaliyyətini və səylərini biz yüksək qiymətləndiririk. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu səylər davam edəcək və 1996-cı ildə biz ölkəmizdə, regionumuzda sülh və əmin-amanlıq yaranmasına nail ola biləcəyik. Mən bu gün bir daha bəyan edirəm ki, Azərbaycan müharibənin yenidən başlanmasının əleyhinədir. Azərbaycan sülh istəyir. Qarabağ probleminin dinc yolla həll olunmasını istəyir. Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və bu torpaqlardan zorla qovulmuş bir milyondan artıq vətəndaşımızın öz yerlərinə qayıtması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi bizim əsas məqsədimizdir və buna sülh yolu ilə nail olmaq istəyirik. Təkcə bizdən ötrü deyil, dünya ictimaiyyəti üçün də çox mühüm olan bu problemin həllində, ümidvaram ki, Böyük Britaniya, onun dövlət dairələri bundan sonra da öz səylərini əsirgəməyəcəkdir.

Bir sözlə, cənab nazirin Azərbaycana səfəri Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələrin inkişafına kömək edəcəkdir. Biz buna ümidvarıq. Şübhəsiz, indən belə bu istiqamətdə daha da çox çalışacağıq. Ümidvaram ki, Böyük Britaniya ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq əlaqələri günü-gündən irəliyə gedəcəkdir.

Böyük Britaniya ilə Azərbaycan arasmda dostluq və əməkdaşlığın şərəfinə, Böyük Britaniyanın, onun xalqının gələcək inkişafı şərəfinə, Böyük Britaniya kraliçasının şərəfinə, Böyük Britaniyanın baş naziri cənab Con Meycorun şərəfinə, cənab Rifkindin, onun xanımının və hörmətli qonaqlarımızın şərəfinə. Sağ olun!