Peyğəmbər Məscidi ilə tanışlıqdan sonra jurnalistlərlə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin bəyanatı - 12 iyul 1994-cü il


Müqəddəs islam abidələrini ziyarət edərkən dinimizin elmi, fəlsəfi dərinliyini hiss edirsən və bu dini yaradanlara, əsrlər boyu belə abidələr yaradıb bugünkü nəsillərə çatdıranlara səcdə edirsən. Çox əzəmətlidir, hər bir müsəlmanda, o cümlədən məndə də böyük iftixar hissi oyadır. Demək, bizim mənsub olduğumuz din qüdrətlidir, böyükdür, dünyada öz yerini tutub. Burada yaradılmış abidələr islam dininin bütün digər vəsaitləri, yəni müqəddəs kitabımız Qurani-Şərif, Həzrəti Məhəmməd peyğəmbərin qoyduğu yol ilə bərabər dinimizi yaşadacaqdır. Bu müqəddəs yerləri-Məkkəni, Mədinəni, Kəbəni və Həzrəti Məhəmməd peyğəmbərin məqbərəsini ziyarət edərkən indiki nəslin və peyğəmbərin qoyduğu yolla gedən şəxslərin fəaliyyətinə yüksək qiymət verirəm.

Bu gün məscidə tanışlıqdan sonra iki müqəddəs şəhərin xadiminin, Səudiyyə Ərəbistanının bugünkü rəhbərinin, bizim əziz dostumuz və qardaşımızın nə qədər böyük xidmətləri olduğunu bir daha görürəm, hiss edirəm və bir müsəlman kimi bunlara görə qəlbimdən gələn təşəkkürümü və minnətdarlığımı bildirirəm.

"Azərbaycan" qəzeti, 14 iyul 1994-cü il