"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanlarının V iclasının iştirakçılarına müraciəti" (Bakı şəhəri, 2 iyun 1999-cu il) sənədinə tarixi arayış


1999-cu il iyun ayının 3-4-də Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində MDB-nin iştirakçısı olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının beşinci iclası keçirilib.

İclasda dövlətlərarası münaqişələrdə muzdlulardan istifadə edilməsinə, kompüter vasitəsilə cinayətkarlığa, narkotik maddələrin qanunsuz beynəlxalq dövriyyəsinə qarşı mübarizədə təhlükəsizlik və xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyət mexanizmi işlənib hazırlanıb.

İclasda eyni zamanda mütəşəkkil cinayətkarlıqla mübarizə problemlərinə dair birgə elmi tədqiqatların aparılması qaydaları, elm və texnika sahəsində əməkdaşlıq barədə ətraflı müzakirələr aparılıb. Müzakirə edilmiş məsələlərlə bağlı müvafiq sənədlər imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2 iyun 1999-cu ildə iclasın iştirakçılarına müraciət edərək MDB xüsusi xidmət orqanları rəhbərlərinin Bakı görüşünün mütəşəkkil cinayətkarlıqla mübarizədə birlik dövlətlərinin əməkdaşlığı prosesində yeni mərhələ olacağına əmin olduğunu bildirib.

2006-cı il oktyabrın 5-6-da Bakıda MDB-nin üzvü olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının XXI iclası keçirilib. İclasın işində 11 MDB dövlətinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının, habelə MDB-nin Antiterror Mərkəzinin nümayəndə heyətləri iştirak edib.

Beynəlxalq təhlükəsizliyə və sabitliyə qarşı yönəlmiş ümumi təhdidlərin, ilk növbədə, terrorçuluğun yayılmasının qarşısının alınması istiqamətində dünya ölkələrinin xüsusi xidmət orqanları ilə əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi və mövqelərin daha da yaxşılaşdırılması üçün Şura üzvlərinin qərarı ilə tədbirdə müşahidəçi qismində Fransa, Almaniya, İtaliya və İspaniyanın müvafiq strukturlarının yüksək vəzifəli nümayəndələri də təmsil olunub. (http://www.azerbaijan-news.az/)

İclasda transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlığın fəallaşdırılması və təkmilləşdirilməsi yolları, habelə informasiya texnologiyaları sahəsində, o cümlədən kiberterrorçuluq üzrə baş verən cinayətlərin araşdırılması və sənədləşdirilməsində qarşılıqlı əməliyyat mübadiləsi və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb. İclasda gümdəlikdəki məsələlərə dair müvafiq qərarlar imzalanıb. (http://www.mns.gov.az/)

Azərbaycan Prezidenti İlham Əliyev 2006-cı il oktyabrın 6-da Prezident sarayında MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edib. Görüşdə MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanlarının sıx əməkdaşlığının böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. Prezident İlham Əliyev dünyada beynəlxalq terrorizmin, narkotiklərin qeyri-qanuni dövriyyəsinin, mütəşəkkil cinayətkarlığın vüsət aldığı indiki dövrdə tərəfdaş ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinin, operativ məlumat mübadiləsinin, məsləhətləşmələrin vacibliyini bildirib. Dövlət başçısı bu cür əməkdaşlığın sabitliyə, əmin-amanlığa, beynəlxalq təhlükəsizliyə və iqtisadi sahədə əlaqələrin genişləndirilməsinə hərtərəfli zəmin yaratdığını bildirib. Bu baxımdan Azərbaycanın MDB çərçivəsində də fəal mövqe tutduğunu vurğulayan prezident Azərbaycanın erməni terrorizmindən də əziyyət çəkdiyini görüş iştirakçılarının nəzərinə çatdırıb (http://www.president.az/)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci il fevralın 20-də Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun müavini, Sərhəd Xidmətinin rəisi,- general Vladimir Proniçevi qəbul edib. Dövlət başçısı Azərbaycan - Rusiya əlaqələrinin bütün sahələrdə, o cümlədən sərhəd xidməti sahəsində də uğurla inkişaf etdiyini bildirib. Öz növbəsində V. Proniçev iki ölkənin müvafiq strukturları arasında əməkdaşlığın sıx olduğunu və bu səfərin əlaqələrin daha da genişləndirilməsinə xidmət edəcəyini vurğulayıb.(http://www.kaspi.az/)

Tarixi arayış 3 mart 2008-ci ildə yeniləşdirilib.