Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin - xarici ölkələrin respublikamızdakı səfirlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin Azərbaycan Prezidentinə təqdim edilməsi mərasimində nitqi - Prezident iqamətgahı, 20 oktyabr 1998-ci il


Hörmətli səfirlər, diplomatlar!

Hörmətli xanımlar və cənablar!

Mənim yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyim münasibətilə bu gün məni təbrik etdiyinizə görə sizin hamınıza təşəkkür edirəm. Sizə, sizin təmsil etdiyiniz ölkələrə və təşkilatlara ən xoş arzularımı çatdırıram. Bugünkü görüş məni çox sevindirir. Çünki bu görüş öz-özlüyündə Azərbaycanın müstəqil dövlət olmasını və müstəqil dövlət kimi Dünya Birliyində özünəməxsus yer tutmasını bir daha nümayiş etdirir.

Ötən beş il ərzində Azərbaycanda xarici ölkələrin səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndəliklərinin sayı demək olar ki, iki dəfə artıbdır. Bu, onu göstərir ki, Azərbaycan dünyanın bir çox ölkələri ilə qurduğu əlaqələri həm Azərbaycandakı, həm də başqa ölkələrdəki səfirliklərin vasitəsilə həyata keçirir. Beləliklə, biz Azərbaycanın xarici siyasətini həyata keçirmək, Azərbaycanın başqa ölkələrlə əlaqələrini, əməkdaşlığını uğurlu etmək üçün yaxşı imkanlar əldə etmişik.

Şübhə etmirəm ki, qarşıdakı illərdə Azərbaycanda xarici ölkələrin səfirliklərinin sayı daha da artacaqdır. Bunlar hamısı bir müstəqil ölkə kimi Azərbaycanın inkişafını nümayiş etdirəcəkdir. Sizin təmsil etdiyiniz ölkələrlə və beynəlxalq təşkilatlarla Azərbaycan ötən beş ildə səmərəli əməkdaşlıq etmişdir. Mən oktyabr ayının 18-də andiçmə mərasimində bəyan etmişəm, bu gün bir daha bəyan edirəm ki, Azərbaycan bundan sonra da ardıcıl, düşünülmüş xarici siyasət aparacaqdır və dünyanın bütün ölkələri ilə qarşılıqlı faydalı əlaqələr yaradacaqdır.

Azərbaycan sülhpərvər ölkədir. Respublikamızın xarici siyasətinin əsasını sülh yaratmaq niyyətləri təşkil edir. Sizin ölkələrinizlə, təmsil etdiyiniz təşkilatlarla Azərbaycanın etdiyi əməkdaşlıq respublikamızın qarşısında duran böyük və çox mühüm vəzifələrin həyata keçirilməsinə kömək edir.

Biz Azərbaycanda demokratik, hüquqi, müstəqil, dünyəvi dövlət quraraq sizin ölkələrinizin təcrübəsindən və xalqlarınızın keçdiyi yolda əldə etdiyi təcrübələrdən səmərəli istifadə edirik. Biz Azərbaycanın iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri əsasında qurub inkişaf etdirərək, Azərbaycanda iqtisadi islahatları həyata keçirərək, respublikamızın iqtisadiyyatını dünya iqtisadiyyatı ilə inteqrasiya etməyə çalışaraq sizin ölkələrin, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin təcrübəsindən səmərəli istifadə edirik.

Müstəqil Azərbaycan üçün ən mühüm və əsas problem olan Ermənistan-Azərbaycan münaqişəsinin sona çatdırılması, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi, Azərbaycanın müstəqil dövlət kimi ərazi bütövlüyünün bərpa edilməsi üçün apardığımız sülh danışıqlarında biz sizin ölkələrinizlə, təşkilatlarınızla daim əməkdaşlıq edirik və bu əməkdaşlığı yüksək qiymətləndiririk.

Ötən beş il ərzində müstəqil Azərbaycan Respublikası böyük yol keçmiş, təcrübə toplamışdır. Biz qarşıda duran vəzifələrimizi çox aydın dərk edirik. Mən ümid edirəm ki, bu vəzifələrin həyata keçirilməsində biz sizinlə gələcəkdə də daha səmərəli əməkdaşlıq edəcəyik.

Azərbaycanda əldə olunan nailiyyətlər sizə məlumdur. Ancaq hər bir vətəndaşın rahat yaşaması və xarici ölkələrin Azərbaycanla uzunmüddətli əməkdaşlıq etməsi, xarici investisiyanın Azərbaycana gəlməsi üçün hər bir ölkədə tələb olunan kimi, Azərbaycanda da ictimai-siyasi sabitliyin yaranması əsas şərtlərdən biridir. Mən məmnunam ki, biz ictimai-siyasi sabitliyə nail olmuşuq. Bu şəraiti həm öz ölkəmizin vətəndaşları üçün, həm də xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən təşkilatlan və vətəndaşları üçün yarada bilmişik. Əmin ola bilərsiniz ki, biz bu istiqamətdə öz fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik.

Xarici investisiyanın Azərbaycana gəlməsi və respublikamızda həyata keçirilən iqtisadi islahatlarda, xüsusən özəlləşdirmə prosesində xarici şirkətlərin iştirak etməsi Azərbaycan iqtisadiyyatının inkişafı üçün çox əhəmiyyətli bir amildir. Biz sizin ölkələrinizlə, təşkilatlarınızla indiyə qədər bu istiqamətdə əməkdaşlıq etmişik və bu əməkdaşlığı bundan sonra da davam etdirəcəyik.

Bəyan edirəm ki, Azərbaycanın xarici siyasəti indiyə qədər olduğu kimi, bundan sonra da sülhsevər siyasət olacaqdır. Azərbaycanın xarici siyasətində heç bir dəyişiklik olmayacaqdır. Azərbaycan öz daxili həyatında demokratiya yolu ilə gedir. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi davam edəcəkdir. Biz əldə edilən nailiyyətlər əsasında demokratiyanın inkişaf etdirilməsinə nail olacağıq.

Gənc müstəqil Azərbaycan dövləti demokratiya sahəsində də gənc bir ölkədir. Biz demokratiya yolunda ilk addımlarımızı atırıq, ancaq inamlı addım atırıq. Oktyabrın 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri - sərbəst, azad, ədalətli, tam demokratik prinsiplər əsasında keçirilmiş prezident seçkiləri - Azərbaycanın demokratiya yolunda irəliləməsini göstərir. Biz hesab edirik ki, bu, demokratiyanın inkişafında yeni böyük bir addımdır. Biz bu sahədə əldə etdiyimiz nailiyyətləri heç də ideal hesab etmirik. Biz buna qadir də deyilik. Ancaq əsas bundan ibarətdir ki, biz bu yolla gedirik və gələcəkdə də bu yolla gedəcəyik.

Siz, sizin ölkələriniz, ölkələrinizdə olan demokratik institutlar indiyə qədər Azərbaycanla əməkdaşlıq edərək bu yolla getməkdə bizə yardımlar etmisiniz. Mən bütün bunlara görə təşəkkür edirəm.

Mən ümumiyyətlə, sizin təmsil etdiyiniz ölkələrlə və beynəlxalq təşkilatlarla əməkdaşlığımızı uğurlu hesab edirəm və bu əməkdaşlığa görə minnətdarlığımı bildirirəm. Mən bu əməkdaşlıqda səfirliklərin, səfirlərin, səfirliklərdə, beynəlxalq təşkilatların nümayəndəliklərində fəaliyyət göstərən insanların da əməyini yüksək qiymətləndirirəm. Ümid edirəm ki, qarşıdakı beş il müddətində bizim əməkdaşlığımız daha da uğurlu olacaqdır, ölkələrimiz arasında daha da sıx əlaqələr yaranacaqdır. Biz sizinlə bunların nəticələrini görəcəyik.

Mən bugünkü görüşə görə sizə təşəkkür edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, biz gələcəkdə də tez-tez görüşüb yaxşı əməkdaşlıq edəcəyik. Bir daha təbriklərinizə görə sağ olun.