Azərbaycan Prezidenti Heydər Əliyevin Estoniyanın xarici işlər naziri Toomas Hendrik İlves ilə görüşdə söhbətindən - 2 mart 2000-ci il


Heydər Əliyev: - Hörmətli cənab nazir! Hörmətli qonaqlar! Mən sizi, dost Estoniyanın nümayəndə heyətini səmimi qəlbdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz!

Estoniya və Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra bizim ölkələrimiz arasındakı əlaqələr intensiv inkişaf edir. Xarici işlər nazirləri səviyyəsində həm Estoniyada, həm Azərbaycanda görüşlər keçirilmişdir, bir neçə dövlətlərarası sənədlər imzalanmışdır. Bu, həm Estoniya dövlətinin, həm də Azərbaycan dövlətinin bir-birinə olan münasibətini və hər iki tərəfdən ölkələrimiz arasındakı əlaqələrin inkişaf etməsinə qoyulan səyləri göstərir.

Mən beynəlxalq təşkilatlarda Estoniyanın prezidenti cənab Meri ilə dəfələrlə görüşlər keçirmişəm, danışıqlar aparmışam. Bizim əlaqələrimiz çox səmimi dostluq xarakteri daşıyır. Cənab nazir, indi sizin Azərbaycana rəsmi səfəriniz və burada Xarici İşlər Nazirliyində apardığınız danışıqlar və güman edirəm, bu gün, sabah birgə görəcəyiniz işlər ölkələrimiz arasında olan əlaqələri, şübhəsiz ki, daha da inkişaf etdirəcəkdir. Biz bunu istəyirik. Çünki mən müşahidə edirəm ki, Estoniya ilə Azərbaycanın beynəlxalq aləmdə, beynəlxalq təşkilatlarda mövqeləri hər dəfə üst-üstə düşür. Mən sizi bir də salamlayıram. Buyurun.

Toomas Hendrik İlves: Çox sağ olun, cənab prezident. Mən şəxsən Sizi salamlayıram və söhbətimi Estoniyanın prezidenti cənab Merinin Sizə şəxsi salamları ilə başlamaq istəyirəm. O da Sizinlə olan görüşlərini çox yaxşı xatırlayır, daim yadına salır və məndən çox xahiş etdi ki, onun hörmətli salamlarını sizə yetirim.

Cənab prezident, Siz çox doğru vurğuladınız ki, beynəlxalq forumlarda və beynəlxalq təşkilatların işində Estoniyanın və Azərbaycanın bir çox sahədə mövqeləri üst-üstə düşür. Onlar müxtəlif səpkidə olan bir çox məsələləri eyni cür görürlər. Bu da ondan irəli gəlir ki, biz bir-birimizə yaxşı münasibət bəsləyirik və ümumiyyətlə, bir-birimizlə əlaqədə olmaq istəyirik.

Heydər Əliyev: Eyni zamanda ona görə ki, bizim siyasətlərimiz bir-birinə uyğundur.

Toomas Hendrik İlves: Bəli və bizim eyni qonşumuz vardır. Eyni zamanda Estoniya Azərbaycanla konkret məsələlər üzrə, spesifik məsələlər üzrə də əməkdaşlıq etmək istəyir və Sizə də məlumdur ki, Avropa Şurasına daxil olmaqda Azərbaycanı Estoniya çox dəstəkləyir. Ona görə də mən Sizi əmin etmək istəyirəm ki, indiyə qədər olduğu kimi, bundan sonra da Estoniya əlindən gələni edəcəkdir ki, Azərbaycan Avropa Şurasının üzvü olsun.

Bu gün səhər biz sizin xarici işlər naziri ilə müzakirələr apararkən konkret hansı məsələlərdə Azərbaycana daha çox yardım edə biləcəyimizi müzakirə etdik.

Digər bir sahədə - iqtisadi sahə üzrə biz istərdik ki, daha sıx əlaqədə olaq və Azərbaycanla iqtisadi əlaqələrimizi Azərbaycanda daha da yüksək səviyyəyə qaldıraq. Elə bu münasibətlə, cənab prezident, mən özümlə böyük nümayəndə heyəti gətirmişəm. Şəxsi sektoru təmsil edən çoxlu nümayəndələr mənimlə birlikdə Azərbaycana gəliblər və onlar çox istəyirlər ki, Azərbaycanla ticarət və kommersiya sahəsində işlər görsünlər.

Cənab prezident, mən həm də çox məmnunam ki, bu gün biz ölkələrimiz arasında iki sazişə imza atacağıq. Elə bilirəm ki, bu sazişlər istəklərimizə, arzularımıza əlavə olaraq hüquqi sənədlərdir və biz onlara əsaslanaraq gələcəkdə biznes əlaqələrimizi quracağıq. Ona görə də söhbətin bu yerində demək istəyirəm ki, Azərbaycan əmin ola bilər ki, Estoniyanın simasında onun yaxşı bir dostu vardır və Estoniya istəyir ki, Azərbaycanla münasibətləri daha yüksək səviyyəyə qaldırsın.

Heydər Əliyev: Çox gözəl. Bir daha təsdiq edirik ki, bizim münasibətlərimiz dostluq xarakteri daşıyır, bu münasibətlər ölkələrimiz arasındakı əməkdaşlığın inkişaf etməsinə çox yaxşı əsas yaradır və təbiidir ki, hər iki tərəfdən lazımi tədbirlər görülməlidir.

Bizim iqtisadi əlaqələrimiz, təbiidir ki, genişlənə bilər və bu, çox sevindirici haldır ki, siz özünüzlə bir qrup biznesmen də gətirmisiniz. Güman edirəm, onlar Azərbaycanda müəyyən iqtisadi strukturlarla və özəl sektorun nümayəndələri ilə görüşüb lazımi əlaqələr yarada bilərlər.

Avropa Şurasına daxil olmağımızla əlaqədar indiyə qədər sizin göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm. Güman edirəm, bilirsiniz ki, bu yaxın aylarda bu məsələ həll olunacaqdır və şübhə etmirəm ki, indiyə qədər olduğu kimi, bundan sonra da siz öz səylərinizi göstərəcəksiniz.

Təqdim olunmuş sənədlər, təbiidir ki, imzalanacaqdır. Ancaq güman edirəm ki, biz gələcəkdə əlaqələrimizi inkişaf etdirmək üçün daha da çox dövlətlərarası, hökumətlərarası sənədlər hazırlayıb imzalaya bilərik.

Bizim üçün bir şey də maraqlıdır ki, Estoniyada müəyyən qədər azərbaycanlı yaşayır. Bilmirəm, onlar sizin ölkənin vətəndaşıdır, yoxsa yox? Vətəndaşıdır. Çox gözəl. Çünki bilirəm ki, Estoniya vətəndaşlığa qəbul etməkdə çox ciddi qanunlar yaradıbdır. Əgər bizim soydaşlarımız Estoniyanın vətəndaşıdırsa, bu, çox yaxşı haldır. Mən güman edirəm ki, siz azərbaycanlılardan öz cəmiyyətimizdə gedən proseslərə görə razı ola bilərsiniz. Bizim xalqımız çox işgüzar xalqdır, çox mehriban, dostluq əlaqələrini sevən xalqdır və başqa ölkələrdə olduğu zaman o ölkələrin qanun-qaydalarına, milli ənənələrinə çox böyük hörmət göstərən xalqdır.

Toomas Hendrik İlves: Cənab prezident, bizim nümayəndə heyətinin tərkibində Estoniya vətəndaşı olan etnik azərbaycanlı da vardır.

Heydər Əliyev: O buradadır?

Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev: Cənab prezident, biznesmenlərin içərisindədir.

Toomas Hendrik İlves: Keçən gecə o, söhbətlərimizdə tərcüməçi rolunu ifa edirdi. Ümumiyyətlə, biz Estoniyada yaşayan azərbaycanlılarla fəxr edirik. Onlar Estoniyanın inkişafına müəyyən səylər qoymuş və töhfələr vermişlər. Bu səhər Azərbaycanın xarici işlər naziri ilə danışarkən onu da qeyd etdim ki, Tallin şəhərində Azərbaycan restoranları vardır və onlar bir çox eston restoranlarından daha zəngindir, daha yaxşıdır.

Heydər Əliyev: Çox gözəl. Demək, Tallinə gələndə Azərbaycan restoranına getmək mümkün olacaqdır.

Toomas Hendrik İlves: Tamamilə doğrudur. Cənab prezident, nəzərinizə bir də onu çatdırmaq istəyirəm ki, Siz dediniz, Estoniyada vətəndaşlıq almaq bir qədər çətindir. Əslində bizim ölkədə vətəndaşlıq qazanmaq bir o qədər də çətin deyildir. Sadəcə, dili öyrənmək lazımdır və mən müşahidə etmişəm ki, Estoniyada yaşayan azərbaycanlılar eston dilini öyrənməkdə heç bir çətinlik çəkmirlər, - düzdür, digərləri çətinlik çəkirlər, - amma bilmirəm nəyə görə. Bəlkə bizim dillərimizin strukturları bir qədər uyğundur, ona görə?

Heydər Əliyev: Mən bunu deyəndə onu nəzərə almırdım ki, azərbaycanlılar üçün orada vətəndaşlıq almaq çətindir. Siz bilirsiniz mən nəyi deyirəm. Bunu izah etmək istəmirəm. O da təbiidir. Mən hesab edirəm ki, siz düzgün edirsiniz.

Çox gözəl. Mən sizin ölkənizi görmüşəm. Çox gözəl ölkəniz var. Tallin, Tartu şəhərlərində olmuşam və vaxtilə, Sovetlər İttifaqı mövcud olan zaman ümumiyyətlə Qafqazdan, Azərbaycandan çoxları Baltikyanı ölkələrə, o cümlədən Estoniyaya istirahətə, bir də, daha çox, özləri üçün Bakıda, ya başqa yerdə qıt olan mallar almağa gedirdilər.

Çünki o vaxtlar həm Estoniya, həm Litva, həm də Latviya Sovetlər İttifaqının başqa müttəfiq respublikalarından seçilirdilər - həm orada olan şəraitə görə, həm orada olan istehlak mallarının keyfiyyətinə görə, oteldə, başqa yerlərdə göstərilən xidmətlərə görə. Ona görə də o vaxt Baltikyanı ölkələrə gedən adamlar bəzən hesab edirdilər ki, xarici ölkəyə gedirlər. Amma indi, güman edirəm ki, siz bu məsələlərdə daha da çox irəliyə getmisiniz.

Dillərimizi, bir-birimizin dillərini tez öyrənə biliriksə, yəqin ki, bunun da kökü var. Hər halda sizin diliniz, təbiidir ki, fin dili ilə çox yaxındır. Norveç səyyahı və böyük tədqiqatçı alimi Tur Heyerdal bir neçə dəfə Azərbaycanda olubdur və o, isbat edir ki, vaxtilə norveçlilər Azərbaycandan oraya, indi yaşadıqları ölkəyə gediblər. Düşünmürəm ki, hər bir dili öyrənmək asandır. Ancaq əgər azərbaycanlılar sizin dili tez öyrənə bilirlərsə, demək, çalışırlar və bu dili sevirlər.

Vilayət Quliyev: Cənab prezident, həm də dillərimizin qrammatik quruluşları yaxındır. Hər iki dil - türk dili də, eston dili fin-uqor dil ailəsinə daxildir.

Heydər Əliyev: Bu da bizi yaxınlaşdırır.

Toomas Hendrik İlves: Cənab prezident, bəlkə bu sualı bir qədər sonra verməliydim. Amma Sizdən soruşmaq istərdim ki, biz Estoniyada Sizi bu regionun bir lideri kimi görürük və regionda gedən hadisələr haqqında Sizin fikrinizi öyrənmək istərdik. Ümumiyyətlə, regionda gedən inkişaf haqqında və Çeçenistanda baş verən hadisələrlə bağlı Sizin fikrinizi öyrənmək bizim üçün maraqlıdır.

Heydər Əliyev: Bu, çox vaxt aparacaqdır. Çünki bizim region çox mürəkkəb regiondur. Güman edirəm, sizin bu barədə məlumatınız var. Regionun ən ağır, çətin problemi Ermənistan-Azərbaycan münaqişəsidir. Ermənistanın Azərbaycana təcavüzü, Azərbaycanın torpağı olan Dağlıq Qarabağı öz əlinə keçirməsi və müharibə, bunun nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması, işğal edilmiş torpaqlardan bir milyon azərbaycanlıların çıxarılması - bunlar hamısı son illərin reallığıdır.

Güman edirəm, artıq sizə bu barədə məlumat veriblər ki, beş ildən çoxdur atəş dayandırılıb, sülh danışıqları aparırıq. Məsələni sülh yolu ilə həll etmək istəyirik və təbiidir ki, bunun həll olunması da bir şərtlə ola bilər ki, Azərbaycanın işğal edilmiş torpaqlarından Ermənistan silahlı qüvvələri çıxsın, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, yerindən-yurdundan didərgin düşmüş azərbaycanlılar öz evlərinə qayıtsınlar. Belə olan halda Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcəli özünüidarəetmə hüququ vermək olar.

Bu prinsiplər 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündə qəbul olunmuşdur. Onu da deməliyəm ki, Estoniya da buna səs vermişdir. Xatirimdədir, prezident Lennart Meri ilə mənim orada bu barədə görüşüm olmuşdu. Amma Ermənistan tərəfi məsələni bu prinsiplər əsasında həll etməyə indiyə qədər razılıq vermir. Onlar bu işə çox böyük ambisiyaları ilə münasibət göstərirlər. Biz isə bunlarla razı ola bilmərik.

Bilirsiniz ki, 1999-cu ildə bu sülh prosesini daha da sürətləndirmək üçün Ermənistan və Azərbaycan prezidentlərinin bir neçə bilavasitə görüşləri də olmuşdur. Mən bu görüşləri faydalı hesab edirəm. Çünki biz təsəvvür edirik, vəziyyət çox mürəkkəbdir. Ona görə hər bir vasitədən istifadə etmək lazımdır. Prezidentlərin birbaşa, bilavasitə görüşlərində məsələlər daha da dərindən təhlil oluna bilir və sülh yollarını tapmaq bəlkə daha da mümkün olur. Təəssüflər olsun ki, oktyabr ayında Ermənistanda baş vermiş terror hadisələri bizim bu danışıqlarımızı müəyyən qədər dayandırıbdır. Amma güman edirəm ki, bu danışıqlar davam edəcəkdir. Eyni zamanda ATƏT-in Minsk qrupunun fəaliyyəti bundan sonra da güclənəcəkdir. Bu barədə mən Moskvada olarkən Rusiya prezidentinin səlahiyyətlərini həyata keçirən cənab Putinlə çox geniş danışıqlar aparmışam. Bir neçə gün bundan öncə Amerikada olarkən Vaşinqtonda, Ağ evdə prezident Bill Klinton ilə, xarici işlər naziri xanım Olbraytla, prezidentin təhlükəsizlik üzrə müşaviri Sendi Berger ilə və başqa şəxslərlə də çox ətraflı danışıqlar aparmışam. Noyabr ayında İstanbulda ATƏT-in zirvə toplantısında da biz bu barədə çox görüşlər keçirdik, danışıqlar apardıq. Güman edirəm ki, bunlar hamısı bu sülh danışıqlarını sürətləndirməyə imkan yaradır.

Bilirsiniz ki, bizim qonşumuz Gürcüstanda da Abxaziya münaqişəsi var. Təbii, o, bizimkindən fərqlidir. Çünki orada münaqişə daxili xarakter daşıyır - Abxaziya ilə Gürcüstan hökuməti arasında. Amma bizim münaqişənin xüsusiyyəti ondan ibarətdir ki, Ermənistan ilə Azərbaycan arasında münaqişə gedir. Əgər Ermənistan bu işə qarışmasaydı və beynəlxalq təşkilatlarda öz imkanlarından istifadə edib lazımi qərarların həyata keçirilməsinə mane olmasaydı, təbiidir ki, Dağlıq Qarabağla Azərbaycan hökuməti arasındakı münaqişəni daha da tez həll etmək olardı.

Bu münaqişə elə başlanandan daxili münaqişə olmayıbdır. Münaqişə Ermənistanın təşəbbüsü ilə başlayıbdır. Biz istəyirik ki, Gürcüstanda da münaqişəyə son qoyulsun. Gürcüstanla bizim çox yaxın, dost əlaqələrimiz var. Təbiidir ki, hamımızın arzusu Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, əməkdaşlığın yaranmasıdır.

Son illərdə Qafqaza, xüsusən Cənubi Qafqaza dünyanın bir çox ölkələrinin diqqəti, marağı artıbdır. Təkcə münaqişələrə görə yox, bu ölkələrlə əməkdaşlıq etmək məqsədi ilə. Ancaq bunun üçün Cənubi Qafqazda sülh lazımdır. Təbiidir ki, sülhə də birinci növbədə Ermənistanla Azərbaycan arasında münaqişəyə son qoymaqla nail olmaq lazımdır.

Şimali Qafqaz da çox mürəkkəb regiondur, orada da müxtəlif proseslər gedir. Təbiidir, ora Rusiyanın ərazisidir. Ancaq orada çox millətlər yaşayır, hər millətin öz respublikası var. Bunlardan biri də Çeçenistandır. Çeçenistan münaqişəsinin tarixi böyükdür - təxminən yeddi-səkkiz ildir ki, davam edir.

Təbiidir ki, biz heç yerdə müharibənin olmasını istəmirik. Məhz ona görə də 1994-cü ildə, - baxmayaraq ki, Azərbaycan çox böyük itkilər vermiş, böyük zərbələr almışdır, - biz atəşin dayandırılması haqqında saziş imzaladıq və o vaxtdan indiyə qədər atəşkəs şəraitində yaşayırıq.

Çeçenistanda da müharibə başlandı, nəticə vermədi, müəyyən qədər sülh yarandı. Rusiya ilə Çeçenistan arasında müqavilə imzalandı ki, 2000-ci ilə qədər sülh olacaqdır. Amma 2000-ci il çatmamış yenidən müharibə başlandı.

Biz müharibəni heç vaxt dəstəkləmirik. Eyni zamanda hər bir ölkənin ərazi bütövlüyünü dəstəkləyirik, ekstremizmin, separatizmin, terrorizmin əleyhinəyik. Çünki bizim ölkəmiz 1988-ci ildən indiyə qədər dediyim bu hallarla rastlaşıb və çox böyük itkilər veribdir.

İndi görünür ki, Rusiya Çeçenistanda hakimiyyəti artıq ələ ala bilibdir. Ancaq təbiidir, qarşıda hələ çox işlər var. Bu isə vaxt tələb edəcəkdir. Görək, nə olacaqdır? Hər halda mən belə başa düşürəm - Rusiyanın məqsədi ondan ibarətdir ki, orada vəziyyəti normallaşdırsın və insanlar rahat yaşaya bilsinlər. Əgər belə olsa, yaxşı olar.

Şimali Qafqazın başqa respublikalarında münaqişə, müharibə yoxdur, amma ayrı-ayrı proseslər var. Məsələn, Şimali Osetiya ilə İnquşetiya arasında. Bilirsiniz ki, Dağıstanla Çeçenistan arasında böyük müharibə getdi. Ona görə ümumiyyətlə, Şimali Qafqazda sülhün, əmin-amanlığın yaranması bizim üçün çox əhəmiyyətlidir. Bu, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin yaranmasına çox kömək edə bilərdi.

Siz xoşbəxt adamlarsınız ki, belə hadisələrdən uzaqsınız. Amma biz, ümumiyyətlə bu bölgədə yaşayan xalqlar, təəssüf ki, indi belə bir vəziyyətdəyik və bu hallar onları çox incidir, narahat edir.

Mənim fikrim belədir ki, bunlar hamısı keçib gedəcəkdir, nəhayət, sülh yaranacaqdır. Bunu elə Avropanın timsalında da görmək olar. Ölkələr, xalqlar bir-biri ilə nə qədər - on illərlə, yüz illərlə müharibələr apardılar. Amma indi çox gözəl dostluq əlaqələri yaranıbdır. Görünür ki, biz də bu mərhələni keçməliyik. Doğrudur, belə olmasaydı daha yaxşı olardı. Amma bu, bizdən asılı deyildir. Ancaq nikbinəm, güman edirəm ki, vəziyyət get-gedə normallaşacaqdır.

Toomas Hendrik İlves: Cənab prezident, Siz digər regional əməkdaşlıq çərçivəsində - GUÖAM çərçivəsində də lider rolunu oynayırsınız. Siz GUÖAM-ın inkişaf etdiyini, gücləndiyini görürsünüzmü?

Heydər Əliyev: Bilirsiniz, GUÖAM-ın yaranması özlüyündə böyük bir hadisədir. Biz bunu yaradanda düşünürdük ki, bu, bəzilərinin xoşuna gəlməyəcəkdir. Amma biz iradə göstərdik, yaratdıq. Bunu dörd ölkə yaratdı, sonra Özbəkistan da daxil oldu. Təbiidir ki, kiçik ölkələrin belə təşkilatlar yaratması asan deyildir. Eyni zamanda, onun möhkəmlənməsi və inkişafı zaman tələb edir. Güman edirəm ki, GUÖAM tədricən inkişaf edəcək və bu ölkələrə xeyir gətirəcəkdir. Bu təşkilatın heç bir aqressiv məqsədi yoxdur. Sadəcə, bir-birinə bənzər siyasət həyata keçirən ölkələr bir-biri ilə daha sıx əlaqələr yaratmaq və sıx əməkdaşlıq etmək istəyirlər. Bunun əsası, birinci, ondan ibarətdir ki, biz öz dövlət müstəqilliyimizin üzərində çox möhkəm dururuq. Mən hesab edirəm ki, kimsə buna etiraz etməməli, yaxud qısqanmamalıdır. Məsələn, Rusiya-Belarus İttifaqı yaranıbdır. Biz ki, buna etiraz etmirik. İndi Ermənistan da ona daxil olmaq istəyir. Biz buna da etiraz etmirik. Ancaq presedent yaranır. Bunların da gələcək üçün nə qədər faydalı olmasını gərək hamı düşünsün.

Toomas Hendrik İlves: Əlbəttə, biz GUÖAM təşkilatı çərçivəsində əməkdaşlığın inkişaf etməsinin tərəfdarıyıq. İstəyirik ki, belə təşkilatlar inkişaf etsin. Biz hesab edirik ki, bu, həm təşkilatın özü üçün, həm də üzv ölkələr üçün çox vacibdir. Əminəm ki, GUÖAM təşkilatı, bu cür təşkilatlar ölkələrə yaxşı imkanlar açır.

Biz çox maraqlıyıq ki, GUÖAM-a daxil olan ölkələrin - Gürcüstanın, Ukraynanın, Özbəkistanın, Azərbaycanın, Moldovanın dövlət müstəqilliyini dəstəkləmək üçün əlimizdən gələni edək.

Bu gün səhər sizin xarici işlər naziri ilə söhbət edərkən bu məsələyə də toxundum ki, müəyyən əməkdaşlıq sahələri var və biz bu sahələrdə əlaqələrin inkişaf etdirilməsinə həvəs göstəririk. Məsələn, Qərb ölkələri Avropaya inteqrasiya olunmaq üçün Gürcüstana məsləhət görürlər ki, Estoniya cangüdənlərinin praktikasını tətbiq etsinlər, yaxud Estoniyada həyata keçirilən özəlləşdirmə ilə yaxından tanış olsunlar.

Əlbəttə, demək istəmirəm ki, biz bu işdə professoruq, hər şeyə nail olmuşuq. Bizim Amerikada olan professorlarınkı kimi hazır modellərimiz yoxdur Lakin biz müəyyən tərəqqiyə nail olmuşuq. Əgər Siz bizim təcrübəmizlə maraqlansanız, bunu böyük məmnuniyyətlə Sizinlə bölüşərik.

Biz Estoniyada 7 ildir ki, öz qanunlarımızı, bütün tənzimləmələrimizi Avropa Birliyində mövcud olan qanunlara və tənzimləmələrə uyğunlaşdırmağa çalışırıq. Qərb ölkələri Ukraynaya məsləhət görmüşdülər ki, Estoniya ilə bu model üzərində işləsin. Artıq biz Ukrayna ilə bu işə başlamışıq. Ümumiyyətlə qonşularla, dostlarla bu sahədə əməkdaşlıq etmək Estoniyanın xarici siyasətinin bir hissəsidir.

Heydər Əliyev: Təbiidir ki, sizin təcrübəniz bizim üçün çox faydalı ola bilər. Çünki siz və digər Baltikyanı ölkələr keçmiş sistemdən bizdən daha öncə imtina etmisiniz və islahatların, xüsusən özəlləşdirmənin həyata keçirilməsində və qanunların Avropa standartlarına uyğunlaşdırılmasında çox iş görmüsünüz. Məlumatlardan da görünür ki, çox səhvlərə yol verməmisiniz. Ona görə də biz sizin təcrübədən istifadə etməyə çox maraqlıyıq. Əgər imkan olsa, baş nazirlə görüşən zaman bu barədə məlumat verin. Mən də ona tapşırıq verəcəyəm sizinlə razılaşdırsın ki, biz bu təcrübədən əməli surətdə nə cür istifadə edə bilərik.

Toomas Hendrik İlves: Çox sağ olun, biz böyük məmnuniyyətlə bu işi görərik.

Heydər Əliyev: Çox gözəl. İndi sənədləri imzalamaq lazımdır.

Xahiş edirəm ki, prezident cənab Meriyə mənim səmimi salamlarımı çatdırasınız. Ona deyəsiniz ki, mənim dəvətim indiyə qədər qüvvədədir. Mən onu Azərbaycana rəsmi səfərə dəvət etmişdim. Onun üçün münasib olan bir zamanda Azərbaycana rəsmi səfərə gələ bilər. Güman edirəm, xarici işlər nazirinin səfərindən sonra bu, daha da real olacaqdır.


"Azərbaycan" qəzeti, 3 mart 2000-ci il.