"Azərbaycan -Türkiyə iqtisadi əməkdaşlığının perspektivləri" mövzusuna həsr olunmuş konfransın açılışında Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi"(Bakı, 30 may 1996-cı il) sənədinə tarixi arayış


30 may 1996-cı ildə Bakıda Azərbaycan Dövlət Opera və Balet Teatrında "Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının perspektivləri" mövzusuna həsr olunmuş konfrans keçirilib. Konfransın keçirilməsində əsas məqsəd müstəqillik əldə etdikdən sonra bazar iqtisadiyyatı prinsiplərinə və xüsusi mülkiyyətə əsaslanan iqtisadi sistemin Azərbaycanda tətbiq edilməsi üçün həyata keçirilən islahatlar zamanı dost Türkiyə Respublikasının təcrübəsinin öyrənilməsi olub.

Türkiyə Respublikası 1991-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət olub. Bu dövrdə erməni təcavüzünün qarşısının alınmasında, ölkəmizin xarici siyasətinin dəstəklənməsində, nüfuzlu beynəlxalq siyasi-iqtisadi qurumlara üzv qəbul edilməsində, bir sözlə Azərbaycanın beynəlxalq birliyin tam hüquqlu müstəqil subyektinə çevrilməsi prosesinin sürətlənməsində Türkiyə Respublikasının müstəsna xidmətləri olub. Təsadüfi deyil ki, Azərbaycan iqtisadiyyatına ilk xarici sərmayələr də məhz türkiyəli iş adamları tərəfindən qoyulub. Bunları nəzərə alan Azərbaycan Prezidenti Heydər Əliyev Azərbaycan və Türkiyə münasibətlərini qiymətləndirərkən onu "bir millət, iki dövlət" kimi xarakterizə edib.

Konfrans zamanı Azərbaycan iqtisadiyyatının müasir bazar münasibətləri əsasında inkişafına nail olmaq üçün əlverişli iqtisadi mühitin yaradılması, buna uyğun islahatların həyata keçirilməsi, qanunverici bazanın təkmilləşdirilməsi prosesini sürətləndirilməsi işinə Türkiyədə fəaliyyət göstərən müvafiq qurumlarla işbirliyi, təcrübə mübadiləsi, yeni tələblərə cavab verən kadrların hazırlanması, sərmayələrin əsasən hansı prioritet sahələrə cəlb edilməsi və s. müzakirə olunub. "Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının perspektivləri" konfransında Türkiyənin rəsmi nümayəndələri ilə yanaşı, Azərbaycana sərmayə qoymaq niyyətində olan çoxlu iş adamları da iştirak edib. Konfransda Türkiyəni təmsil edən nümayəndə heyətinə bu ölkənin dövlət naziri Yaman Törünər başçılıq edib.

Konfransın açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi münasibətləri yüksək səviyyədə dəyərləndiriləcək münasibətlər səviyyəsinə çatdırmağın zəruri və hər iki tərəf üçün əlverişli olduğunu qeyd edib. O, öz çıxışında iki ölkə arasında mövcud iqtisadi əlaqələrin ancaq ticarət münasibətləri ilə məhdudlaşmasına münasibət bildirərək deyib: "Türkiyə ilə Azərbaycan arasında əlaqələr təkcə ticarət əlaqələri ilə bitməməli, məhdudlaşmamalıdır. Şübhəsiz ki, Türkiyə ilə Azərbaycan arasında olan əlaqələr respublikamıza sərmayə qoymaq, ölkəmizdə müştərək iş görmək, müştərək işlər nəticəsində həm mənfəət götürmək, həm də Azərbaycanın iqtisadiyyatını inkişaf etdirməkdən ibarət olmalıdır". Azərbaycan iqtisadiyyatının bir neçə il sonra yüksək inkişafa nail olacağına inanan Heydər Əliyev türkiyəli iş adamları qarşısında etdiyi çıxışda uzaqgörənlik edərək deyib: "Xarici investisiya üçün Azərbaycan açıqdır. Kim bu gün tez gəlib Azərbaycana sərmayə qoysa, o, beş-on ildən sonra udmuş olacaqdır. Mən bunu sizə açıq deyirəm. Azərbaycan daim belə vəziyyətdə qalmayacaqdır. Bir az uzaqgörən olmaq lazımdır. Gərək iqtisadçılar da, iş adamları da uzaqgörən olsunlar".

Qeyd edək ki, 1994-2004-cü illərdə Azərbaycan iqtisadiyyatının orta illik sürəti 10% təşkil edirdisə, 2004-2007-ci illər arasında bu göstərici bir neçə dəfə artaraq 2007-ci ildə 34%-ə çatıb. Son 4 il ərzində Azərbaycanın dövlət büdcəsi təxminən 10 dəfə artıbdır. 2003-cü ildə büdcə 1,3-1,5 milyard ABŞ dolları səviyyəsində olub. 2007-ci ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi 2008-ci ilin icmal büdcəsi 12 milyard ABŞ dollar təşkil edib. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə iqtisadiyyatına 40 milyard ABŞ dolları xarici investisiya qoyulub və 2007-ci ildən başlayaraq daxili investisiyaların həcmi xarici investisiyaları üstələyib. Həyata keçirilən islahatlar nəticəsində ölkədə yoxsulluğun səviyyəsi iki dəfə azalaraq 20%-ə enib. 2007-ci il həm də Azərbaycan iqtisadiyyatı üçün onunla əlamətdar olub ki, Azərbaycan hökuməti xarici ölkələrə investisiya yatırımlarına başlayıb. (http://www.president.az/)

Bu faktlar bütövlükdə Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ilin mayında türkiyəli iş adamları qarşısında uzaqgörənliklə dediyi yuxarıdakı fikirlərin artıq gerçəkləşdiyini sübut edir.

Qeyd edək ki, Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyədə istər rəsmi, istərsə də işgüzar səfərlər çərçivəsində dəfələrlə türkiyəli iş adamları ilə görüşərək onları Azərbaycana sərmayələr qoymağa və birgə əməkdaşlığa dəvət edib. Bu görüşlərdən iri miqyaslılar arasında aşağıdakıları qeyd etmək olar: 10 fevral 1994-cü il, Ankara, 12 aprel 1995-ci il, Bakı, 8 dekabr 1995-ci il, Bakı, 8 may 1997-ci il, İstanbul, 15 oktyabr 2002-ci il, İstanbul. (http://www.aliyevheritage.org/)

Bu görüşlərin nəticəsi olaraq iki ölkəni təmsil edən iş adamları arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsi məqsədilə Azərbaycan-Türkiyə İş Adamları Birliyi və Azərbaycan-Türk Sanayici və İş Adamları Beynəlxalq Cəmiyyəti adlı iki iri qeyri-hökumət təşkilatı fəaliyyət göstərməyə başlayıb. (http://www.tusiab.org/)

İki ölkə arasında iqtisadi əlaqələrin koordinasiyası məqsədilə isə keçən əsrin 90-cı illərinin ortalarından başlayaraq Azərbaycan-Türkiyə Hökumətlərarası Birgə İqtisadi Komissiya fəaliyyət göstərir. Komissiya hər il yüksək səviyyədə görüşlər keçirərək iki ölkə arasında iqtisadi əlaqələrin real vəziyyətini təhlil edir, perspektiv inkişaf istiqamətləri barədə təkliflərini hazırlayır. (http://www.mfo.gov.az/)

Türkiyəli iş adamları ilə münasibətlərin genişləndirilməsi işi bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Belə ki, 18-19 noyabr 2004-cü ildə Bakıda İlham Əliyevin təşəbbüsü və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin təşkilatçılığı ilə geniş tərkibli Azərbaycan-Türkiyə biznes forumu keçirilib. (http://www.milliyyet.com.tr/)

Türkiyə və Azərbaycan iş adamlarının ən son görüşü 7 noyabr 2007-ci ildə Bakıda təşkil edilib. Türkiyənin yeni Prezidenti A.Gülün Azərbaycana rəsmi səfəri zamanı keçirilən Azərbaycan-Türkiyə biznes forumunda hər iki ölkənin dövlət başçısı iştirak edib. (http://www.president.az/)

Biznes forumda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev hər iki ölkəni təmsil edən iri sahibkarlar qarşısında etdiyi çıxışında deyib: "Bu gün Azərbaycanı Türkiyə ilə birləşdirən neft, qaz kəmərləri, bu yaxınlarda başlanacaq dəmir yolu layihəsi - bütün bunlar, əlbəttə ki, bizim aramızda olan dostluq, qardaşlıq münasibətlərini daha da gücləndirir. Biz də bunu çox istəyirik. İstəyirik ki, daha da birləşək, bütün sahələrdə sıx əməkdaşlıq olsun, o cümlədən biznes aləmi də bir-biri ilə yaxşı əlaqələr qursun".

(Daha ətraflı məlumat üçün bax: "Azərbaycan-Türkiyə iş adamları mövzusunda ümumi tarixi arayış".)

Tarixi arayış 22 dekabr 2007-ci ildə yeniləşdirilib.