"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Beynəlxalq Miqrasiya Təşkilatının baş katibi Brunson Mak Kinlini qəbul edərkən söhbətindən" (Prezident Sarayı, 31 oktyabr 2000-ci il) sənədinə tarixi arayış


Azərbaycan Respublikasının mühacirlərin hüquqlarının müdafiəsi və dünya miqrasiya məsələlərinin tənzimlənməsi ilə məşğul olan hökumətlərarası təşkilat - Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlığı 2000-ci ildən daha da genişləndirib.

2000-ci ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin göstərişi ilə Beynəlxalq Miqrasiya Təşkilatı ilə razılaşma əsasında Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində miqrasiya məsələləri üzrə mərkəz fəaliyyətə başlayıb. Regionda birinci, MDB məkanında ikinci olan bu mərkəzdə Beynəlxalq Miqrasiya Təşkilatının mütəxəssisləri tərəfindən təlimlər keçirilib.

Azərbaycan miqrasiya qanunvericiliyinin tənzimlənməsində də Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq edir. 2000-ci ilin mayında məhz bu qurumun tövsiyəsi əsasında Azərbaycanda sərhəd nəzarəti komissiyası yaradılıb.

Həmin il təşkilatın baş katibi Brunson Mak Kinli ilk dəfə olaraq Azərbaycana rəsmi səfər edib. Onun səfərindən az sonra, göstərilən bütün əməkdaşlıq fəaliyyətinin nəticəsi olaraq 2001-ci ildə Azərbaycan Beynəlxalq Miqrasiya Təşkilatına üzv qəbul edilib.

Beynəlxalq Miqrasiya Təşkilatının baş katibi Brunson Mak Kinli Azərbaycana səfəri zamanı 2000-ci il oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə görüşüb. Dövlət başçısı ilə görüşməzdən qabaq o, Azərbaycan hökumət nümayəndələri ilə qaçqın və məcburi köçkünlərin vəziyyəti, Dağlıq Qarabağ münaqişəsinin başa çatacağı təqdirdə aparılacaq mümkün bərpa işləri haqqında müzakirələr edib.

Heydər Əliyevlə söhbətində Brunson Mak Kinli Azərbaycanda keçid dövründə fəaliyyət üçün Beynəlxalq Miqrasiya Təşkilatının yardım göstərə biləcəyini deyib. O, Azərbaycanın təşkilatla tərəfdaşlığından razı qaldığını bildirib. Azərbaycan Prezidenti öz növbəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nəticələri haqqında danışaraq beynəlxalq təşkilatların bu vəziyyətlə bağlı münasibətinin onu razı salmadığını deyib, həmçinin, Beynəlxalq Miqrasiya Təşkilatının Dağlıq Qarabağ məsələsində birbaşa olmasa da, müəyyən köməyinin ola biləcəyini də irəli sürüb: "Azərbaycanın ərazi bütövlüyü pozulubdur. Ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. Biz neçə illərdir çalışırıq ki, bu məsələni sülh yolu ilə həll edək. Müharibəni dayandırmışıq, ancaq hələ ki, məsələnin həllinə nail ola bilməmişik. Bunun səbəblərindən biri də beynəlxalq təşkilatların bu işə passiv münasibət göstərməsidir. Bilirəm ki, sizin təşkilatınız bu məsələni həll edə bilməz. Ancaq hər halda sizin gördüyünüz və sizin aldığınız məlumatlar beynəlxalq təşkilatlarda müəyyən qədər təəssüratlar yarada bilər". 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 2006-cı il iyunun 20-də Beynəlxalq Miqrasiya Təşkilatının baş katibi Brunson Mak Kinlini qəbul edib. Baş katib son illər Azərbaycanda gedən iqtisadi inkişafı xüsusilə vurğulayıb. O, Bakıya əvvəlki səfəri zamanı Heydər Əliyevlə görüşünü məmnuniyyətlə xatırlayaraq onun miqrasiya məsələlərinə xüsusi diqqət yetirdiyini söyləyib. Öz növbəsində İlham Əliyev Azərbaycanın beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Miqrasiya Təşkilatı ilə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci il martın 19-da miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması məqsədi ilə Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında sərəncam imzalayıb.

Tarixi arayış 17 yanvar 2008-ci ildə yeniləşdirilib.