"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Prezidenti adından Moldova Prezidenti Petru Luçinskinin şərəfinə təşkil edilmiş rəsmi qəbulda nitqi" (Bakı, Gülüstan Sarayı, 27 noyabr 1997-ci il) sənədinə tarixi arayış


Azərbaycanla Moldova arasında diplomatik əlaqələr 1992-ci il mayın 18-də qurulub. İki ölkə arasında əlaqələrin inkişaf dinamikasını yüksək hesab etmək olar. Azərbaycanla Moldova arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq davam edir. Moldova 1997-ci ilin oktyabrında yaradılan GUAM Təşkilatının təsisçilərindən biridir. Azərbaycan və Moldova GUAM çərçivəsində iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlıq edir.

1997-ci il noyabrın 26-28-də Moldova Respublikasının Prezidenti Petru Luçinskinin Azərbaycana ilk rəsmi səfəri iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli hesab edilə bilər. Noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Moldova Prezidenti Petru Luçinski ilə görüşərək müzakirələr aparıb. Müzakirələrin mövzusunu ikitərəfli münasibətlər, beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlığa dair məsələlər, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi təşkil edib. Daha sonra prezidentlər dostluq və əməkdaşlıq haqqında müqavilə imzalayıblar. (http://www.mfa.gov.az/)

Həmin gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Moldova Prezidenti Petru Luçinskinin şərəfinə rəsmi qəbul təşkil edib. Qəbulda çıxış edən Heydər Əliyev Moldova prezidentinin Azərbaycana səfərini əlamətdar hadisə adlandırıb.

Azərbaycan və Moldova prezidentləri müxtəlif vaxtlarda MDB-nin Dövlət Başçılarının Zirvə görüşlərində, GUAM çərçivəsində keçirilən toplantılarında da dəfələrlə görüşüblər.

Azərbaycan - Moldova münasibətləri Vladimir Voroninin bu ölkənin prezidenti seçilməsindən sonra yeni mərhələyə keçib. 2004-cü il oktyabrın 26 -27-də Vladimir Voronin Azərbaycana ilk rəsmi səfərə gəlib. Bu səfər həm də onun Qafqaz regionuna ilk səfəri kimi əlamətdar olub. Moldova prezidentinin səfəri zamanı qarşılıqlı münasibətləri tənzimləyən 9 sənəd, o cümlədən prezidentlərin birgə bəyannaməsi imzalanıb. (http://www.azerbaijan.news.az/)

Cavab olaraq Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci il aprelin 21-də rəsmi səfərlə Moldovaya gedib. İki ölkə prezidenti - İlham Əliyev və Vladimir Voronin siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Görüş zamanı Azərbaycanın Dağlıq Qarabağ, Moldovanın isə Dnestryanı respublikada ərazi bütövlüyü problemlərinin mövcudluğu və beynəlxalq hüquq normaları çərçivəsində həlli yolları, bu istiqamətdə həyata keçirilən tədbirlər də müzakirə mövzusu olub. 2008-ci il martın 14-də BMT-nin Baş Məclisinin 62-ci sessiyasında Baş Məclisin Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini ifadə edən qətnamə layihəsinin müzakirələri zamanı Moldova qətnamənin lehinə səs verib. (www.mediaforum.az)

Azərbaycan - Moldova münasibətlərinin yüksək göstəricisi olaraq Moldova Prezidenti Vladimir Voronin 2008-ci il aprelin 23-də növbəti rəsmi səfərlə Azərbaycana gəlib. İki ölkə prezidentinin təkbətək və geniş tərkibdə görüşündə Azərbaycan və Moldova arasında əlaqələrin bütün sahələrdə inkişaf etdiyi vurğulanıb. Beynəlxalq təşkilatlarda əməkdaşlığın vəziyyəti də müzakirə edilib. Moldova prezidenti onun ölkəsinin beynəlxalq tədbirlərdə Azərbaycanın haqlı mövqeyini bundan sonra da dəstəkləyəcəyini bəyan edib. Bundan başqa, ticarət-iqtisadi əməkdaşlığın yaxşılaşdırılması, investisiya layihələrinin həyata keçirilməsi məsələləri də söhbət mövzusu olub. Səfər çərçivəsində Vladimir Voronin Azərbaycanda Moldova mədəniyyəti günlərinin açılışında iştirak edib. (http://www.az-customs.net/)

Tarixi arayış 13 may 2008-ci ildə yeniləşdirilib.