Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Argentina Respublikasının ölkəmizdə yeni fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsinin təqdim edilməsi mərasimində çıxışı - Prezident sarayı, 20 sentyabr 1996-cı il


Hörmətli cənab Manuel Listre! 

Sizi Argentina Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə təbrik edirəm. Gənc müstəqil dövlət kimi Azərbaycan dünyanın bütün dövlətləri ilə diplomatik əlaqələr yaradıbdır və bu əlaqələrin daha da müvəffəqiyyətli olması üçün ölkəmizdə səfirliklərin fəaliyyət göstərməsi, eyni zamanda Azərbaycanın xarici ölkələrdə səfirliklərinin olması çox əhəmiyyətlidir. Argentina hökuməti ilə Azərbaycan arasında diplomatik əlaqələr çoxdan qurulubdur, ancaq bu ölkənin respublikamızda öz səfirini təyin etmək barədə qərarını mən çox böyük məmnuniyyətlə qəbul edirəm. Argentinanın Azərbaycanda səfirinin olması, şübhəsiz ki, Argentina - Azərbaycan əlaqələrinin möhkəmlənməsi üçün əhəmiyyətlidir və əminəm ki, səfir kimi siz bu məqsədlərə xidmət edəcəksiniz.

Argentina Cənubi Amerikada böyük dövlətlərdən biridir, böyük potensialı var, Dünya Birliyində özünəməxsus yer tutur. Ona görə də biz əlaqələrimizin inkişafına çox böyük maraq göstəririk. Argentinanın Azərbaycanla əlaqələri möhkəmləndirmək üçün atdığı addımları məmnuniyyətlə qəbul edirik və əmin ola bilərsiniz ki, biz də öz tərəfimizdən buna çalışacağıq. Sizin ölkənizin prezidenti cənab Karlos Menem ilə 1995-ci İldə Davosda görüşmüşəm və söhbət zamanı ölkələrimiz arasında əlaqələrin inkışaf etməsi haqqında fikir mübadiləsi aparmışıq.

İndi sizin Azərbaycana səfir təyin olunmağınız göstərir ki, prezident cənab Karlos Menem həqiqətən Azərbaycan ilə Ar­gentina arasında əlaqələrin inkişafına tərəfdardır. Bu barədə bizim fikirlərimiz və arzularımız üst-üstə düşür və bu da gələcək əməkdaşlığımızın uğurlu olması üçün əsasdır.

Çox məmnunam ki, Azərbaycanın bugünkü vəziyyəti haqqında Argentinada məlumat var, hökumətiniz ölkəmizə maraq göstərir, Azərbaycanın daxilində olan ictimai-siyasi vəziyyət, Ermənistanın təcavüzü nəticəsində keçirdiyi çətinliklər sizə məlumdur və bu məsələnin sülh yolu ilə həll olunması sahəsində Azərbaycanın mövqeyi bəyənilir. Bu barədə sizin dediyiniz fikirlər məndə məmnuniyyət hissi doğurur.

Argentinanın böyük iqtisadi potensialı ölkənin iqtisadiyyatının sürətlə inkişafını təmin edibdir. Azərbaycanda da özünəməxsus iqtisadı potensial, sərvətlərimiz var və bunlardan istifadə olunması üçün müəyyən addımlar atırıq. Ona görə də hesab edirəm ki, bu sahədə iqtisadi əməkdaşlığımız faydalı olar və bundan ötrü imkanlar var. Argentina Cənubi Ameri­kada Azərbaycana böyük maraq göstərən ilk ölkədir. Siz Cənubi Amerika ölkələrindən Azərbaycanda ilk səfirsiniz və biz buna xüsusi əhəmiyyət verir, bunu yüksək qiymətləndiririk. Cənab səfir, əmin ola bilərsiniz ki, Azərbaycanda fəaliyyət göstərmək üçün sizə bütün şərait yaradılacaq, dövlət orqanları, ıctimaiyyət ilə yaxşı təmaslar qurmaq imkanına malik olacaqsınız.

Sizi səfir təyin olunmağınız münasibətilə bir daha təbrik edir, sizə uğurlar, səadət, cansağlığı arzulayıram.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

XARİCİ SİYASƏT