Özbəkistan prezidenti adından Azərbaycan prezidentinin şərəfinə təşkil edilmiş rəsmi qəbulda Heydər Əliyevin nitqi - 18 iyun 1997-ci il


Çox hörmətli Özbəkistan prezidenti İslam Kərimov!

Hörmətli dostlar, xanımlar və cənablar!

Mən sizə və sizin simanızda qardaş özbək xalqına Azərbaycan xalqının, Azərbaycan Respublikasının bütün vətəndaşlarının səmimi salamını və ən xoş arzularını çatdırıram. Mən bu gün burada, Özbəkistanda rəsmi səfərdə olmağımdan, səmimilik, dostluq, qonaqpərvərlik və böyük ehtiram şəraitində olmağımdan məmnunam. İslam Abduqəniyeviç, Özbəkistana rəsmi səfərə gəlməyə dəvət etdiyiniz üçün sizə ürəkdən təşəkkür edirəm və ümidvaram ki, bizim birgə işimiz və imzaladığımız sənədlər əməkdaşlığımızı genişləndirəcək, xalqlarımız, ölkələrimiz və dövlətlərimiz arasında dostluğu möhkəmləndirəcəkdir.

Keçən ilin mayında Özbəkistan prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfəri olmuşdur. Bu, Özbəkistan və Azərbaycan müstəqillik əldə etdikdən sonra Özbəkistan prezidentinin Azərbaycana ilk səfəri idi və Azərbaycanın həyatında, Özbəkistan - Azərbaycan münasibətlərində böyük hadisəyə çevrildi. Bu səfərin əhəmiyyəti onda idi ki, əvvəlki illərdə Azərbaycanın ayrı-ayrı rəhbərlərinin təqsiri üzündən Özbəkistan ilə Azərbaycan arasında yaradılmış mürəkkəblikləri və çətinlikləri aradan qaldırdıq, müstəqil dövlətlərimiz arasında diplomatik əlaqələr qurduq və İslam Abduqəniyeviçin səfəri zamanı ikitərəfli münasibətlərimizə dair bir çox məsələləri müzakirə etdik, çox mühüm sənədlər imzaladıq.

Özbəkistan ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında mayın 27-də Azərbaycanda, Bakıda Özbəkistan prezidenti və Azərbaycan prezidenti tərəfindən imzalanmış birinci sənəd - əsas sənəd münasibətlərimizin artıq yeni, tamamilə digər şəraitdə başlanğıc nöqtəsi oldu.

Həmin vaxtdan etibarən ölkələrimiz arasında intensiv əlaqələr yaranmağa başlamışdır. Bu gün deyə bilərik ki, müəyyən uğurlar əldə edilib və ən mühümü odur ki, biz birlikdə Transqafqaz dəhlizi yaratmışıq. O, Mərkəzi Asiyanı, Qafqazı və Avropanı çox etibarlı magistralla birləşdirir, artıq indi iqtisadi münasibətlərimizdə mühüm rol oynayır və şübhəsiz ki, kommunikasiyaları necə yaratmağın və onlardan nə cür səmərəli istifadə etməyin mümkün olmasına nümunədir.

Söhbətlərimizin və danışıqlarımızın nəticəsində bu gün biz vacib sənədlər imzaladıq. Onlardan ən mühümü prezidentlər tərəfindən imzalanmış sənəd - Özbəkistan ilə Azərbaycan arasında əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək haqqında bəyannamədir. Bu əməkdaşlıq strateji əhəmiyyəti olan münasibətlərimizin tərəfdaşlıq xarakterini müəyyənləşdirir. Burada və Bakıda, Azərbaycanda indi hökumətlərarası, dövlətlərarası üst-üstə qırxadək mühüm sənəd imzalanmışdır, bunlar gələcək işimiz üçün yaxşı normativ-hüquqi bazadır və təbii ki, əməkdaşlığımızı daha uğurla inkişaf etdirmək üçün yaxşı əsasdır.

Sizi əmin etmək istəyirəm ki, razılığa gəldiyimiz nə varsa, onların hamısının və imzaladığımız sənədlərin vaxtında həyata keçirilməsi üçün biz öz tərəfimizdən hər şeyi edəcəyik.

Biz Özbəkistanla Azərbaycanın münasibətlərini Azərbaycan üçün çox vacib amil kimi qiymətləndiririk. Xalqlarımız zəngin və qədim tarixə malikdirlər. Bəşər tarixinin əsrləri ərzində özbək və Azərbaycan xalqları dünya sivilizasiyasına, Şərq sivilizasiyasına nəhəng töhfələr vermişlər. Orta əsrlərdə və daha əvvəllər Şərqdə insan zəkası ilə elmdə yaradılanların hamısı bütün planetdə bəşər fikrinin inkişafında olduqca böyük rol oynamışdır. Özbəkistan və Azərbaycan, özbək və Azərbaycan xalqları bəşəriyyətə çox böyük töhfə vermişlər.

Biz xalqlarımıza mənsub olan və bizim üçün eyni dərəcədə qiymətli və əziz olan Şərqin görkəmli mütəfəkkirləri ilə fəxr edə bilərik. Bu sübut edir ki, biz ümumi köklərə bağlıyıq, eyni tarixi köklərə mənsubuq və xalqlarımızın din birliyi, mənəvi, əxlaqi, mədəni dəyərlərinin birliyi xalqlarımızı həmişə birləşdirmiş və dostluq şəraiti, qarşılıqlı yardım şəraiti yaratmışdır. Biz "Dədə Qorqud", "Alpamış", "Koroğlu" dastanlarından iftixar hissi ilə danışırıq. Onlar həm özbək xalqı üçün, həm də Azərbaycan xalqı üçün eyni dərəcədə dəyərlidir. Nizami Gəncəvi də, Əlişir Nəvai də bizim üçün doğmadır və bizdə həmişə olduqca böyük iftixar hissi doğurur, böyük əcdadlarımız o uzaq zamanlarda elə misilsiz əsərlər yaratmışlar ki, bu əsərlər dünya mədəniyyətini, dünya ədəbiyyatını zənginləşdirmişdir.

Bəli, İslam Abduqəniyeviç belə deməkdə həqiqətən haqlıdır ki, Füzuli bizim ümumi dəyərimiz, ümumi sərvətimizdir. Buna görə də təsadüfi deyil ki, ötən il Məhəmməd Füzulinin 500 illiyi Özbəkistanda da, Azərbaycanda da, digər türkdilli ölkələrdə də təntənə ilə qeyd edildi. Bu yubiley YUNESKO çərçivəsində beynəlxalq miqyasda qeyd olundu. Biz olduqça şad idik ki, Bakıda yubiley şənliklərində Özbəkistan parlamentinin sədri Xəlilov cənabları başda olmaqla Özbəkistanın mötəbər nümayəndə heyəti də iştirak etdi.

Biz keçən ilin oktyabrında görkəmli dövlət xadimi, özbək xalqının böyük oğlu Əmir Teymurun 660 illiyinə həsr olunmuş yubiley şənliklərinə əcdadlarımıza, qaynaqlarımıza, köklərimizə məhz belə dərin hörmət-izzət hissi ilə gəlmişdik. Xatirimdədir, biz Səmərqəndə getdik, möhtəşəm memarlıq abidələri ilə, dünya şöhrətli Registan, Əmiri Gur və özbək xalqının dühaları tərəfindən, onların əlləri ilə yaradılmış və indiki nəslə və gələcək nəsillərə yadigar saxlamış bütün komplekslə tanış olduq.

Yadımdadır, tələbəlik illərində biz qədim memarlıq tarixini öyrənirdik və bu dərslikdə Özbəkistanın, Səmərqəndin memarlıq abidələri kompleksinə, o cümlədən Registan və Əmiri Gur komplekslərinə çox mühüm yer verilirdi. Tariximizdə xalqlarımızın dühası ilə çox belə görkəmli əsərlər yaradılmışdır. Bu da Özbəkistanın və Azərbaycanın dövlət müstəqilliyi şəraitində yeni münasibətlərimizin əsasıdır. Biz keçmişdə olanların, yaradılanların hamısını yüksək qiymətləndiririk, bunlar sərvətimizdir, olduqca böyük nailiyyətimizdir. Lakin özbək xalqının və Azərbaycan xalqının bu illərdə, XX əsrin axırlarında əldə etdiklərinin - dövlət müstəqilliyinin, milli azadlığın çox böyük əhəmiyyəti var. Onlar bu müstəqilliyi, bu azadlığı biz azad olmadığımız, öz dövlətimizə malik olmadığımız, müxtəlif imperiyaların, müxtəlif ittifaqların tərkibinə daxil olduğumuz çox-çox illərdən, onilliklərdən və yüzilliklərdən sonra əldə etmişlər. İstər Özbəkistanda, istərsə də Azərbaycanda dövlət müstəqilliyi əldə edilməsi prosesi çətin, keşməkeşli şəraitdə gedirdi. Lakin biz onların hamısını dəf etdik. Biz artıq müstəqil həyat yoluna, müstəqillik yoluna çıxmışıq.

İndi məhz bunu xatırlamağa lüzum var ki, o illərdə, Sovet İttifaqının tərkibinə daxil olmuş xalqların, o cümlədən Özbəkistan və Azərbaycan xalqlarının milli azadlığı və dövlət müstəqilliyi üçün şərait yetişməyə başlayan vaxtlarda son dərəcə çox əngəllər törədilirdi. 1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzün başlanması da nəinki Ermənistandakı ayrı-ayrı millətçilərin və özgə ərazisini ələ keçirməyə can atan şəxslərin əməlləri idi, həm də böyük bir siyasətin - artıq baş vermiş müsbət proseslərə maneçilik törətməyə yönəldilmiş siyasətin bir hissəsi idi. Özbəkistana qarşı da belə hallar olmuşdur.

Bu gün İslam Abduqaniyeviç Fərqanə hadisələrini, Oş hadisələrini, Uzen hadisələrini xatırladı. Bunlar faciəli hadisələr idi. Allaha şükür ki, siz onların qarşısını ala bildiniz. Həmin hadisələr də başlanmış prosesi yubatmaq məqsədilə törədilmişdi. Mən bundan əvvəlki illəri, Sovet İttifaqının tərkibində olduğumuz illəri də xatırlayıram. O illərdə - 80-ci illərin ortalarında biz ayrı-seçkiliyə məruz qalırdıq. Mən həm Azərbaycanı, həm Özbəkistanı, həm də Orta və Mərkəzi Asiyanın bəzi digər respublikalarını nəzərdə tuturam. Təxminən 1983-1984-cü illərdən özbək xalqına qarşı ədalətsiz, vicdansız, əslində psixoloji, ideoloji təcavüzə başlanması da mənim dediklərimə sübutdur.

O vaxtlar biz Özbəkistana görə, bu gözəl respublikaya, bu gözəl və əməksevər xalqa görə təşviş keçirirdik. Belə ki, burada olan hər yaxşı şeyi gözdən, nüfuzdan salmağa çalışırdılar, elə bir rəy yaratmağa çalışırdılar ki, guya Özbəkistanda qanunsuzluq, korrupsiya, ən neqativ hallar hökm sürür, guya Sovet İttifaqının bütün qüsurları və eybəcərlikləri burada, Özbəkistanda cəmləşmişdir.

Bu cür cəhd Azərbaycan barəsində də olmuşdur. Belə tədbirlər görülürdü. Bəlkə də onlar bu cür vüsət, bu cür miqyas almamışdı, amma olmuşdu. Məhz bütün bunlar tarixin kədərli dərslərinə və bir də buna dəlalət edir ki, o illərdə biz öz müstəqilliyimizə doğru, öz azadlığımıza doğru necə bir şəraitdə gedirdik. Allaha şükür ki, bütün bunlar ötüb keçmişdir. Allaha şükür ki, Özbəkistan və Azərbaycan müstəqil dövlətlər olmuşlar və Allaha şükür ki, indi biz bərabərhüquqlu əsasda görüşə bilirik, özümüz öz taleyimizin sahibiyik, öz məsələlərimizi özümüz həll edirik, bütün dövlətlərlə öz münasibətlərimizi özümüz qururuq.

Buna görə də keçmişlərdə xalqlarımız arasında mövcud olmuş bütün gözəl hallardan fərlqi olaraq, Özbəkistan ilə Azərbaycan arasında indiki münasibətlər məhz onunla köklü surətdə seçilir ki, indi biz azad xalqlarıq, indi biz müstəqil dövlətlərik, öz taleyimizin sahibi biz özümüzük. Bu illər ərzində Özbəkistan öz inkişafında böyük yol keçmişdir. İslam Abduqəniyeviç dəyişikliklərin, iqtisadiyyatda dəyişikliklərin Özbəkistana xas yolundan danışdı. Bu gün mən müstəqillik illərində Özbəkistanda görülmüş bütün işlərə öz dərin hörmətimi ifadə etmək istəyirəm. Biz bunu bilirik, biz bunu görürük, biz bunu hiss edirik. Ötən dəfə - oktyabrda buraya gələndə də, indi də, bu gün də çox şey gördüm, çox məlumat aldım. Lakin iş təkcə bununla bitmədi. Axı biz hamımız bir-birimiz haqqında məlumata - statistika məlumatına və hər cür informasiyaya malikik. Əlbəttə, bəzən müxtəlif informasiya vasitələrində respublikalarımız - həm Özbəkistan, həm də Azərbaycan barəsində yalan məlumatlar da olur. Lakin bunlar həyata keçirilmiş və həyata keçirilən bütün işləri, o cümlədən də Özbəkistanda görülmüş və görülən tədbirləri onsuz da inkar edə bilməz.

Bu illər ərzində Özbəkistan öz müstəqilliyini möhkəmlətmişdir. Özbəkistanda böyük sosial-iqtisadi dəyişikliklər baş vermişdir və baş verir, iqtisadiyyatda, sosial sahədə müsbət nəticələr əldə edilmişdir. Asiyanın iri dövlətlərindən biri olan Özbəkistan Dünya Birliyində öz layqli yerini tutmuşdur. İndi Özbəkistan bir çox ölkələrin, bir çox sərmayədarların diqqətini cəlb edir. Özbəkistanın çox zəngin sərvətləri, təbii sərvətləri, olduqca böyük iqtisadi potensialı, olduqca böyük əmək ehtiyatları bir çox iri sərmayədarların diqqətini təbii olaraq cəlb edir. Bütün bunlar da, Özbəkistanın özünün imkanları ilə edilənlər də bugünkü müvəffəqiyyəti təmin edir, üstəlik, gələcək uğurlara şərait yaradır. Biz qardaşcasına sevinirik, açığını deyim, fəxr edirik. Gizlətmirəm, mən Özbəkistanı çox sevirəm. Mən Özbəkistanla çoxdan bağlıyam - həm birgə işimlə əlaqədar, həm də həyatımın gənclik illəriylə. Buna görə də Özbəkistanda olan yaxşı, müsbət hər şey məni sevindirir və hörmət hissi doğurur. Bütün bunlarda Özbəkistan prezidenti İslam Kərimovun olduqca böyük xidməti var.

Çətinliklər Özbəkistanda da olmuşdur. Azərbaycanda da. Lakin Özbəkistandan fərlqi olaraq, nə gizlədim, Azərbaycan bu illərdə daha çətinliklərlə qarşılaşdı. Bir tərəfdən, Ermənistan hərbi təcavüz etmiş və bunun nəticəsində ərazimizin 20 faizi erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. İşğal olunmuş torpaqlardan bir milyon sakin didərgin salınmış və onlar qaçqın kimi ağır şəraitdə, çadırlarda yaşayırlar. Respublikamıza olduqca böyük maddi və mənəvi ziyan vurulmuşdur. Çox adam həlak olmuşdur, çox itkimiz var.

Digər tərəfdən, həmin illərdə Azərbaycanda daxili siyasi vəziyyət, təəssüflər olsun, qeyri-sabitliklə, ayrı-ayrı siyasi qruplara, siyasi qüvvələrə, partiyalara mənsub müxtəlif silahlı bandaların, silahlı dəstələrin olması ilə səciyyələnmiş, hakimiyyət uğrunda mübarizə getmişdir. Bütün bunlar ona gətirib çıxarmışdı ki, həmin dövrdə hakimiyyət üç dəfə dəyişmişdi - 1992-ci ildə, 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlanmışdı. Azərbaycan fəlakət həddinə gəlib çıxmışdı. Ancaq biz bütün bunların qarşısını aldıq. İndi Azərbaycanda sakit, normal ictimai-siyasi vəziyyət yaranmışdır. Biz bütün bu çətinlikləri dəf edə bildik.

Demək istəyirəm ki, biz Azərbaycanda bu yolu çox çətin və ağır keçmişik. Özbəkistanın da öz çətinlikləri olmuşdur. Zənnimcə, özbək xalqının xoşbəxtliyi bundadır ki, məhz həmin dövrdə, Özbəkistanın dövlət müstəqilliyi aktından əvvəlki dövrdə də, Özbəkistan öz dövlət müstəqilliyini elan edən dövrdə də Özbəkistana İslam Abduqəniyeviç - böyük siyasi təcrübəyə, zəngin biliyə, başlıcası isə yenilməz iradəyə və möhkəm xarakterə malik bir adam başçılıq edirdi. O, Özbəkistanda qətiyyətsizliyə, tərəddüdlərə, daxili siyasi həyatın inkişafının normal məcrasından hər hansı şəkildə yayınmağa yol vermədi. Bu, çox vacibdir. Siz bunu qiymətləndirməlisiniz. Ona görə ki, bütün bu vaxt ərzində, Özbəkistan öz müstəqilliyini elan etdiyi vaxtdan bəri Özbəkistanda vəziyyət sabitdir, daxili siyasi və ictimai-siyasi vəziyyət sabitdir və vəziyyət Özbəkistan Sovet İttifaqının tərkibində olduğu dövrlərdəkindən qat-qat yaxşıdır - o illəri biz yaxşı xatırlayırıq. Sizin xoşbəxtliyiniz məhz bundadır, sizin üstünlüyünüz məhz bundadır. Burada İslam Abduqəniyeviç Kərimovun olduqca böyük xidməti var. O, özünün ən əvvəl öz xalqına sədaqəti ilə, özünün diqqətəlayiq bacarığı ilə, öz qabiliyyəti ilə bu çətin keçid dövründə özbək xalqını sıx birləşdirə bildi, Özbəkistanı bu gün bütün dünyanın gördüyü kimi etmək üçün lazımi islahatları, lazımi tədbirləri çox ağıllı, mərhələ-mərhələ həyata keçirə bildi.

Mən buna sevinirəm. Mən İslam Abduqəniyeviçi çoxdan tanıyıram. O, Özbəkistana rəhbərlik etməyə başladığı vaxtlardan onun fəaliyyətini müşahidə edirdim. Mən onun cəsarətini bu səpgidə ayrıca qeyd etmək istəyirəm ki, ondan əvvəl son illərdə respublikaya başçılıq etmiş adamların hamısından fərqli olaraq, o, öz xalqının şərəf və ləyaqətini qoruya bildi. Sovet İttifaqı rəhbərliyinin Özbəkistanı, özbək xalqını nüfuzdan salmaq üçün gördüyü tədbirlərə də, burada guya işləmək üçün emissarlar göndərilməsinə də - elə təsəvvür yaradılırdı ki, guya Özbəkistanda böyük iş aparmağa qadir kadrlar yoxdur, - o, son qoydu, bütün bunları məhz öz cəsur xarakteri ilə, öz dəyanəti və öz müdrikliyi ilə dəf etdi. Bu, çox qiymətlidir. Ona görə ki, həmin illərdə Özbəkistana qarşı nə kimi fitnə-fəsad düzəldildiyini, özbək xalqına qarşı, Özbəkistana qarşı nə kimi ədalətsiz addımlar atıldığını 1983-cü ilin əvvəllərindən Moskvada işlədiyimə görə başqalarından bəlkə daha yaxşı bilirəm. Bütün bunlara məhz İslam Abduqəniyeviç Kərimov son qoydu. Mən bunu onun özbək xalqı qarşısında tarixi xidməti hesab edirəm.

İndi münasibətlərimizdə səmimi hörmət, qardaşlıq hissləri var. Bu gün biz bunların hamısını duyduq. Onu da duyduq ki, Özbəkistan, Özbəkistan prezidenti beynəlxalq hüquq normaları mövqelərində möhkəm dayanmışlar, o mənada ki, dövlətlər bir-birinin daxili işlərinə qarışmamalıdırlar, heç nəyi zor gücünə həll etmək olmaz, hər bir ölkənin dövlət ərazi bütövlüyü qorunmalı və təmin edilməlidir, separatçılığa, təməlçiliyə, terrorçuluğa yol verilməməlidir. Biz bütün bunlarda yekdilik, həmrəyik.

Hərbi təcavüzə məruz qaldığımız, ərazi bütövlüyü pozulmuş ölkə olduğumuzu, haqqımızda dünya miqyasında ədalətsiz ictimai rəy yaradılmış ölkə olduğumuzu nəzərə alsaq, bu bəyanatlar bizdən ötrü çox dəyərli və çox mühümdür. Əminik ki, Ermənistanla əldə etdiyimiz və üçüncü ildir davam edən atəşkəs bizi sülhə gətirib çıxaracaqdır. Biz hərbi əməliyyatların yenidən başlanmasını istəmirik, bütün dünyada, regionumuzda sülh olmasını, Ermənistan ilə Azərbaycan arasında sülh olmasını istəyirik. Ancaq eyni zamanda biz torpağımızın bir metrini də kiməsə güzəştə gedə bilmərik. Biz Qafqazda, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verə bilmərik.

Mən şadam ki, beynəlxalq təşkilatlar, dünyanın bir çox ölkələri bizim bu ədalətli mövqeyimizi getdikcə daha çox dəstəkləyirlər, məmnunam ki, bu, Özbəkistanda, Özbəkistan prezidenti İslam Kərimovun mövqeyində də dəstəklənir. Hesab edirəm ki, bizim bugünkü görüşümüz, söhbətlərimiz, danışıqlarımız münasibətlərimizin gələcək inkişafı üçün daha əlverişli şərait yaradacaqdır. Bir də deyirəm, bütün sahələrdə - iqtisadiyyatda da, elmdə, mədəniyyətdə, insani münasibətlərdə də əməkdaşlığımızın inkişaf etməsi və möhkəmlənməsi üçün biz əlimizdən gələni əsirgəməyəcəyik. Biz bunu istəyirik, buna maraq göstəririk, bunu həyata keçirmək üçün öz tərəfimizdən hər şeyi edəcəyik.

Mən sizin ölkənizə, xalqınıza bir daha ən dərin ehtiramımı bildirmək istəyirəm. Biz bu gün Əlişir Nəvai adına Opera və Balet Teatrında olduq. Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun musiqisi üzrə Özbəkistan Opera və Balet teatrının kollektivi tərəfindən tamaşaya qoyulmuş baletə baxdıq. İslam Abduqəniyeviç Maqsud Şeyxzadəni xatırladı. O, həqiqətən görkəmli insan, Özbəkistanda özünə vətən tapmış və özündən sonra çox böyük irs qoyub getmiş azərbaycanlıdır. Bizim mədəniyyət, elm xadimlərimizin, müasir tariximizin xadimlərinin dostluğuna dair başqa faktlar da çoxdur və bu gün tamaşa etdiyimiz balet də bunu bir daha təsdiq edir.

Bütün bunlar onu göstərir ki, bizim əlaqələrimiz yaşayır, davam edir və yaşayacaqdır. Mən bu qədim torpağa, özbək xalqına, hörmətli dostlar, sizin hamınıza bir daha dərin ehtiramımı bildirirəm.

Mən sözümü görkəmli Azərbaycan şairi Süleyman Rüstəmin özbək qardaşına həsr etdiyi şerindən bir parça ilə tamamlamaq istəyirəm:

Candan əziz torpağını, daşını
Anam kimi, balam kimi sevirəm
Düşmənlərin qarşısında əyilməyən başımı,
Qardaş kimi qarşınızda əyirəm.

Bu sətirlər Azərbaycan xalqının özbək xalqına bəslədiyi və hər birimizin qəlbində yaşayan məhz həmin dərin hissləri ifadə edir.

Mən Özbəkistanın şərəfinə, özbək xalqının şərəfinə, Özbəkistanın daha da tərəqqi etməsi şərəfinə badə qaldırmağı təklif edirəm! Özbək xalqının görkəmli oğlu, Özbəkistanın prezidenti İslam Abduqəniyeviç Kərimovun şərəfinə! Əziz dostlar, sizin sağlığınıza! Sağ olun.