Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalqa Yeni İl müraciəti - 31 dekabr 1993-cü il


Hörmətli həmvətənlər, bacılar və qardaşlar! Sizi qarşımıza gələn 1994-cü il - Yeni il münasibətilə təbrik edirəm! Bu gün dünya azərbaycanlılarının həmrəylik günüdür. Bu əlamətdar gün münasibətilə bütün dünya azərbaycanlılarını təbrik edirəm, azərbaycanlılara bundan sonra daha da sıx həmrəylik arzulayıram!

Sona çatan 1993-cü il Azərbaycan xalqı üçün, respublikamız üçün ağır və çətin il olmuşdur. Bu il Azərbaycan Respublikasının həyatında mürəkkəb ictimai-siyasi proseslər baş vermiş, dəyişikliklər əmələ gəlmişdir. Bu il Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində müharibə davam etmiş, respublikamızın torpaqlarının bir qismi işğal olunmuş, həmvətənlərimiz, soydaşlarımız yaşadıqları yerlərdən didərgin düşmüş, qaçqın olmuşlar. Bu il Azərbaycan Respublikası dərin iqtisadi, sosial böhran içində olmuşdur. Tam qətiyyətlə, böyük iftixar hissi ilə demək olar ki, xalqımız, respublikamız bütün bu çətinliklərdən, sınaqlardan layiqincə çıxmış, 1994-cü ilə inamla irəliləyir.

1993-cü ildə respublikamızın ictimai-siyasi həyatında böyük qarışıqlıqlar olmuşdur. Ayrı-ayrı qruplar arasında qarşıdurma, separatçı qüvvələr tərəfindən Azərbaycanın parçalanmasına yönəldilən meyllər ictimai-siyasi sabitliyi pozmuş və ilin ortalarında respublikamız demək olar ki, son həddə - vətəndaş müharibəsi həddinə gəlib çatmışdı. Demək olar ki, vətəndaş müharibəsi artıq başlanmış, Azərbaycanın bəzi regionlarında qardaş qanı tökülmüş, bu da respublikada daxili vəziyyəti həddən artıq gərginləşdirmişdi. Lakin xalqımız öz müdrikliyini bir daha nümayiş etdirmiş, vətəndaş müharibəsinin qarşısı alınmış, yaranan qarşıdurma aradan götürülmüş, respublikamızı parçalamağa çalışan separatçı qüvvələr zərərsizləşdirilmişdir. Artıq indi respublikamız sabit və sərbəst şəraitdə öz problemlərini həll edir.

Bu il ərzində respublikamız Ermənistan silahlı qüvvələrinin qarşısını almağa çalışmışdır. Təəssüf ki, bizim məğlubiyyətlərimiz olmuş, torpaqlarımızın bir qismi əldən getmişdir. Erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlardan qaçqın düşmüş vətəndaşlarımız digər regionlarda yerləşmişlər. İndi Azərbaycanda bir milyondan artıq qaçqın vardır. Bu da Azərbaycanın ümumi vəziyyətini və xüsusən daxili şəraitini həddindən artıq gərginləşdirmişdir.

Ancaq qeyd etmək lazımdır ki, indi vəziyyət dəyişmişdir. Son aylarda respublikamızda ordunun qurulması, nizamlanması, torpaqlarımızın etibarlı müdafiə olunması sahəsində aparılan işlər nəticəsində biz böyük dəyişikliklərin şahidiyik. İndi bizim ordu hissələrimiz, qəhrəman döyüşçülərimiz torpaqlarımızın müdafiəsində etibarlı durublar, qəhrəmanlıq nümunələri göstərirlər, erməni silahlı qüvvələrinin hücumuna qarşı layiqli cavablar verirlər, onlara zərbələr endirirlər. Məmnuniyyət hissi ilə demək olar ki, son aylarda erməni silahlı qüvvələrinin bütün cəhdləri məğlubiyyətə uğrayıbdır, onların hücumları dəf olunubdur. Respublikamızın silahlı qüvvələri tutduğu mövqeləri etibarlı müdafiə edirlər və erməni silahlı qüvvələrinə Azərbaycan Respublikasının gücünün və qüdrətinin nə qədər artdığını artıq sübut edirlər. İndi bütün cəbhə boyu qanlı döyüşlər gedir. Bu döyüşlərin səbəbkarları da erməni silahlı qüvvələridir. Dəfələrlə demişik, bu gün bir daha təkrar edirəm ki, dövlətimiz Azərbaycan Respublikasının başına gəlmiş bu bəladan - müharibə şəraitindən sülh yolu ilə çıxmaq tərəfdarıdır. Bu barədə biz bir neçə addım atmışıq və bu gün də həmin mövqeyimizi bəyan edirik. Güman edirəm ki, bizim bu addımlarımız nəticə verməlidir. Eyni zamanda, Azərbaycan Respublikası öz hərbi qüdrətini artıq gücləndirə bilib və xalqımız tam əmin ola bilər ki, respublikamızın etibarlı müdafiəsini təmin etmək üçün, işğal olunmuş torpaqları geri qaytarmaq üçün ordumuz bundan sonra da lazımi tədbirləri görə biləcəkdir.

Müharibə gedir, döyüşlər gedir, xalqımız itkilər verir. Təbiidir. Bu günlərdə də, ilin əvvəlindən olduğu kimi, Azərbaycan xalqının igid oğulları cəbhə bölgələrində torpaqlarımızı müdafiə edərək şəhid olurlar, həlak olurlar. Mən bu gün, bu bayram ərəfəsində bütün şəhidlərin ailələrinə, qohum-əqrəbalarına başsağlığı verirəm. Azərbaycanın qəhrəman oğullarının rəşadəti, igidliyi qarşısında baş əyirəm. Allah şəhid olanların hamısına rəhmət eləsin, qəbirləri nurla dolsun. Onların ailələrinə Allah səbir versin.

Güman edirəm ki, xalqımız bu ağır sınaqlardan çıxmağa artıq qadirdir. Bu gün- bu bayram günü cəbhə bölgələrində mətanətlə, qəhrəmanlıqla döyüşən əsgərlərimizə, zabitlərimizə, bütün vətəndaşlarımıza bayram salamı göndərirəm. Onları Yeni il münasibətilə təbrik edirəm. Onlara cansağlığı və bu müqəddəs vəzifələrini yerinə yetirməkdə uğurlar diləyirəm.

Müharibə acı nəticələr verib və bu gün də verir. Müharibə nəticəsində, erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində qaçqınların sayı artıbdır. Mən bu gün üzümü qaçqınlara, Azərbaycanın dəyərli vətəndaşlarına tutaraq onların hamısını Yeni il münasibətilə təbrik edirəm. Bəli, xalqımızın adət-ənənəsinə görə hər bir vətəndaş Yeni il bayramını öz evində, öz ocağında qeyd edir. Təəssüf ki, vətəndaşlarımızın bir çoxu isti evlərini, yurdlarını, obalarını itirib, ayrı-ayrı bölgələrdə yerləşib, sığınacaq tapıb. Harada olursa-olsun, bu gün qaçqınlar bilməlidirlər ki, xalqımız onlara böyük qayğı ilə yanaşır, dövlət onlara böyük qayğı göstərir. Onlar nə qədər kədərli olsalar da, nə qədər çətinlik çəksələr də, bu gün onlara bayram əhval-ruhiyyəsi arzulayıram.

Respublikamız ağır böhran içindədir. İqtisadi-sosial böhran bir tərəfdən müharibənin altı ilə yaxın davam etməsi ilə əlaqədardır. İkinci tərəfdən, bəzi obyektiv və subyektiv səbəblərlə bağlıdır. Bunların hamısı xalqımızın rifah halının aşağı düşməsinə səbəb olubdur. Xalqımız çətin vəziyyətdə yaşayır. Ancaq biz bilirik ki, xalqımız dözümlü xalqdır, bu çətinliklərə dözəcək, bu ağrı-acılı 93-cü ili başa çatdıracaq və 94-cü ildə iqtisadiyyatımızın inkişafında dönüşlər olacaq, xalqımızın rifah halı günü-gündən yaxşılaşacaqdır.

Bu gün dünya azərbaycanlılarının həmrəylik günü bütün azərbaycanlılara birlik, həmrəylik arzulayıram. Bütün azərbaycanlıların birliyi, həmrəyliyi olması üçün birinci növbədə müstəqil Azərbaycan Respublikasının ərazisində olan azərbaycanlıların həmrəyliyi lazımdır. İndi biz müstəqi Azərbaycan Respublikasının ikinci ilini başa çatdırırıq. Bu, o qədər də böyük müddət deyil. Bu iki il müddətində respublikamız ağır dövr keçiribdir. Müstəqilliyimizin üçüncü ilinə qədəm qoyuruq. Qarşımızda böyük vəzifələr var. Bu vəzifələrin həyata keçirilməsi üçün xalqımıza, Azərbaycan Respublikasının bütün vətəndaşlarına birlik, həmrəylik lazımdır. Əgər vətəndaşlarımızın hamısı, respublikamızda yaşayan azərbaycanlıların hamısı həqiqi həmrəylik yarada bilsələr, biz bütün dünya azərbaycanlılarının həmrəyliyinə nail ola bilərik.

Buna görə də mən xalqımızı birliyə, həmrəyliyə dəvət edirəm, dözümlülüyə dəvət edirəm. Xalqımızı əmin etmək istəyirəm ki, qarşıdan gələn 1994-cü il Azərbaycan Respublikası üçün böyük dəyişikliklər, böyük dönüşlər ili olacaqdır. Bir daha deyirəm: Biz indi Vətənimizi, torpağımızı etibarlı müdafiə edirik. Biz Azərbaycanın müharibə vəziyyətindən çıxmasına, müharibəyə son qoyulmasına çalışırıq, yaranmış vəziyyətdən sülh yolu ilə çıxmağa çalışırıq. Bunun üçün bir çox addımlar atmışıq və bundan sonra da atacağıq. Dekabrın 20-də Parisdə mən Azərbaycan xalqı adından Paris Xartiyasını imzaladım. Bununla da biz Azərbaycan Respublikasının sülhə, əmin-amanlığa, təhlükəsizliyə sadiq olduğunu dünya qarşısında bir daha nümayiş etdirdik.

Biz sülh tərəfdarıyıq. Ancaq bununla yanaşı, müdafiə qüvvələrimizi gücləndiririk, torpaqlarımızı azad etməyə, işğal olunmuş ərazilərimizin geri qaytarılmasını təmin etməyə çalışırıq və çalışacağıq. Xalqımız əmin ola bilər ki, respublikamızın ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək üçün bütün tədbirlər görüləcəkdir.

Siz, əziz vətəndaşlar, əziz qardaşlar və bacılar, əmin ola bilərsiniz ki, işğal olunmuş torpaqlarımız nəyin bahasına olursa-olsun azad ediləcəkdir. Qaçqınlar öz evlərinə, obalarına qayıdacaqlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü, dövlət suverenliyi tamamilə təmin olunacaqdır.

Bir daha sizin hamınızı Yeni il münasibətilə təbrik edirəm.

Bütün Azərbaycan vətəndaşlarına sülh, əmin-amanlıq, xoşbəxtlik, şəxsi həyatınızda səadət, bütün işlərinizdə müvəffəqiyyətlər diləyirəm.

Sağ olun! Yeni iliniz mübarək olsun!

"Azərbaycan" qəzeti, 3 yanvar 1993-cü il