Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik - 19 aprel 1996-cı il


Mərhəmətli, rəhmli Allahın adı ilə!

Əziz bacılar və qardaşlar!

Allah-təalanın islamı bir din kimi tamamlayıb insanlar üçün seçdiyi bu əziz Qurban bayramı günündə hamınızı ürəkdən təbrik edir, sizə cansağlığı və xoşbəxtlik arzulayıram.

Böyük xaliqin bəxş etdıyi nemətlərə görə bu minnətdarlıq günündə etdiyiniz dua və niyyətlərin çoxu doğma Azərbaycanımızın suverenliyinin, ərazi bütövlüyünün qorunmasına, xalqımızın əminamanlıq içində, xoşbəxt və firavan həyata qovuşmasına yönəlmişdir. Əminəm ki, sizin bütün arzu və diləkləriniz Allahın köməyi və xalqımızın iradəsi ilə həyata keçəcəkdir.

Bütün müsəlmanların həmrəylik və qardaşlıq bayramı olan mübarək Qurban bayramı günündə hamınızı xalqımızın haqq işinin təntənəsi, müstəqil respublikamızın çiçəklənməsi naminə daha sıx birlik və əzmkarlıq nümayiş etdirməyə çağırıram.

Bu müqəddəs bayram günlərində ölkəmizin hər tərəfində sülh və əmin-amanlığın, hər bir evdə xoş əhval-ruhiyyənin bərqərar olmasını Allahdan diləyirəm!

 

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti