Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi


Azərbaycanın Dağlıq Qarabağ regionuna Ermənistanın və yerli erməni separatçılarının xaricdəki erməni diasporunun köməyi ilə ərazi iddiası nəticəsində baş vermiş hərbi-siyasi konflikt. 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin sessiyası vilayətin statusuna baxılması haqqında Azərbaycan SSR Ali Sovetinə müraciət edib.

1989-cu il dekabrın 1-də isə Ermənistan parlamenti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında antikonstitusion qərar qəbul edib. Bu Ermənistan tərəfindən Azərbaycan SSR-in ərazi bütövlüyünə qarşı açıq hüquqi müdaxilə aktı idi. Azərbaycan Respublikası tərəfindən 1991-ci il noyabr ayının 26-da isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu ləğv olunub.

1991-ci ilin sonlarından SSRİ-nin dağılması ilə Ermənistan, faktiki olaraq, Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistanın hərbi birləşmələri Azərbaycanın sərhədlərini pozub Qarabağa daxil oldular və Dağlıq Qarabağın erməni separatçıları-terrorçuları ilə birləşərək Azərbaycan torpaqlarının işğalına başladılar.

Əvvəlcə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan məskənlərinin işğalına başlandı.

1992-ci il fevralın 26-na keçən gecə Azərbaycanın müasir tarixində ən faciəli hadisə baş verdi. Erməni hərbi birləşmələri Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdi. 1992-ci ilin mayında erməni hərbi birləşmələri Şuşanı ələ keçirdilər. Bununla da ermənilər Dağlıq Qarabağın, demək olar, bütün ərazisini işğal etdilər. Növbəti addım Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın rayonunun işğalı oldu. Daha sonra, 1993-cü ilin aprelində Kəlbəcər, elə həmin ilin iyul-oktyabr aylarında Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları işğal olundu.

1988-1992-ci illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur.

Münaqişə dövründə 4852 nəfər (o cümlədən 54 uşaq, 323 qadın, 410 qoca) azərbaycanlı itkin düşmüş, onlardan 1368 nəfəri (o cümlədən 169 uşaq, 338 qadın, 286 qoca) əsirlikdən azad edilmiş, 783 nəfəri (o cümlədən 18 uşaq, 46 qadın, 69 qoca) isə bu günədək Ermənistanda əsirlikdədir. Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə 439 nəfər əsirlikdə ölmüşdür.

1 milyon nəfər insan işğal nəticəsində öz yurd-yuvalarından qaçqın düşmüşdür.

İlkin və tam müəyyənləşdirilməmiş məlumata görə, mənəvi-psixoloji zərbə ilə bərabər Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dollarından çox həcmdə ziyan dəymişdir.