"Azərbaycan Respublikası Prezidenti adından Polşa Respublikasının Prezidenti Aleksandr Kvasnevskinin şərəfinə təşkil olunmuş rəsmi qəbulda Heydər Əliyevin nitqi" (Bakı, 27 oktyabr 1999-cu il) sənədinə tarixi arayış


Azərbaycanla Polşa arasında əlaqələrin qədim tarixi vardır. Hələ XIX əsrdə siyasi baxışlarına görə Polşadan sürgün edilmiş inqilabçılar Azərbaycanın timsalında özlərinə ikinci vətən tapıblar. XIX əsrin ikinci yarısından başlayaraq Bakıda inkişaf edən neft sənayesində polyak mütəxəssislərin, alimlərinin də rolu olub. Mühəndis V. Zqlenitski, geoloq K. Boqdanoviç və başqaları Azərbaycanda neftin sənaye üsulu ilə çıxarılması işinə öz töhfələrini veriblər. Həmin dövrdə Azərbaycanda neft milyonçuları tikinti işlərində polşalı mühəndislərə və memarlara müraciət ediblər. İndi Bakı şəhərində yerləşən və ötən əsrlərdən yadigar qalmış onlarla tarixi binanın müəllifləri polşalı memarlardır.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra mühacir həyatı yaşamağa məcbur olmuş Məmməd Əmin Rəsulzadə də uzun illər Varşavada yaşayıb, Polşada geniş ictimai və siyasi fəaliyyətlə məşğul olub. Polşada İkinci dünya müharibəsi zamanı Varşava üsyanında iştirak etmiş və həlak olmuş azərbaycanlı zabitlərin xatirəsini əbədiləşdirmək üçün xatirə lövhəsi də açılıb.

27 dekabr 1991-ci ildə Polşa Azərbaycanın müstəqilliyini tanımış və 21 fevral 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulub. 2001-ci ildə Polşanın Azərbaycanda, 2004-cü ildə Azərbaycanın Polşada səfirliyi təsis edilib. (http://www.mfa.gov.az/) 

Bu gün NATO, Avropa Birliyi və digər nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Polşa ilə mövcud əlaqələrin daha da genişləndirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Bu ölkə Azərbaycanın Avropa strukturlarına və NATO-ya inteqrasiyası sahəsində səylərini dəstəkləyir. Hər iki ölkə beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası və Avropa Birliyi çərçivəsində sıx əməkdaşlıq edirlər. Polşa Azərbaycan nefti və qazının reallaşmaqda olan marşrutlarla nəqlində maraqlıdır. Azərbaycanla Polşa arasında bir sıra birgə layihələr - o cümlədən təbii qazın və neftin Avropaya nəqli sahəsində layihələr hazırlanır və bunlar gələcəkdə həyata keçiriləcəkdir. Azərbaycan neftinin Odessa-Brodi-Plotsk-Qdansk marşrutu ilə nəqli də rəsmi Varşavanın maraq göstərdiyi əsas məsələlərdəndir. Polşa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində problemin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, beynəlxalq hüquq normaları əsasında nizamlanması mövqeyindən çıxış edir.

Azərbaycan-Polşa münasibətlərinin inkişafına hər iki ölkənin dövlət rəhbərlərinin qarşılıqlı səfərləri mühüm təkan verib. Hələ 26-28 avqust 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Polşa Respublikasının Prezidenti Aleksandr Kvasnevskinin dəvətilə bu ölkədə ilk rəsmi səfərdə olub. Səfər zamanı prezidentlər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, beynəlxalq aləmdə vəziyyət məsələləri barədə müzakirələr aparıblar. Geniş tərkibdə keçirilən Azərbaycan-Polşa danışıqlarından sonra prezidentlər Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında Dostluq və Əməkdaşlıq haqqında bəyannamə imzalayıblar.

Səfərin gedişində Heydər Əliyev Polşa Təsərrüfat Palatasında olub, Polşa işgüzar dairələrinin nümayəndələri, xarici işlər naziri, Polşa Respublikasının nazirlər sovetinin sədri və s. şəxslərlə görüşüb, danışıqlar aparıb.

Azərbaycan Prezidentinin Polşa Respublikasına səfərindən sonra Polşa Prezidenti Aleksandr Kvasnevski də 27-29 oktyabr 1999-cu ildə Azərbaycanda rəsmi səfərdə olub. Bu səfər Polşa prezidentinin Azərbaycana ilk rəsmi səfəri olub. Səfər zamanı prezidentlər Heydər Əliyev və Aleksandr Kvasnevski tərəfindən birgə bəyanat imzalanıb. Daha sonra ARDNŞ-nin vitse-prezidenti və Polşanın Neft-Qaz Şirkətinin prezidenti qarşılıqlı anlaşma haqqında memorandum imzalayıblar.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də 30-31 mart 2005-ci ildə Polşa Respublikasında rəsmi səfərdə olub. Səfər zamanı Azərbaycan Respublikası hökuməti və Polşa Respublikası hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq, gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım, iqtisadi əməkdaşlıq haqqında sazişlər imzalanıb.

30 mart 2007-ci ildə Polşa Prezidenti Lex Kaçinski Azərbaycanda rəsmi səfərdə olub. Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Lex Kaçinskinin təkbətək görüşü olub. Görüşdə siyasi, iqtisadi və humanitar sahələrdə Azərbaycan-Polşa əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri bu əlaqələrin genişlənməsinə təkan verir. Beynəlxalq təşkilatlarda, habelə Avropa qurumlarına inteqrasiya sahəsində əməkdaşlıq dinamik inkişaf edir.

18 iyun 2007-ci ildə Polşa Prezidenti Lex Kaçinski növbəti dəfə Azərbaycanda olub. İyunun 18-də Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Lex Kaçinskinin görüşü olub. Təkbətək görüş zamanı bütün sahələrdə uğurla inkişaf edən Azərbaycan-Polşa əlaqələrindən danışılıb, iki ölkə arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığın genişlənməsində GUAM-ın rolu vurğulanıb.

26-27 fevral 2008-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşada rəsmi səfərdə olub. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Lex Kaçinski arasında görüş olub. Görüş zamanı Birgə Bəyannamə qəbul edilib. Bəyannamədə Beynəlxalq məsələlərdə əməkdaşlıq da daxil olmaqla, Azərbaycan və Polşa arasında ümumi maraq kəsb edən sahələrdə ikitərəfli əlaqələr və əməkdaşlığın vəziyyəti və inkişaf istiqamətləri, münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət və riayət əsasında, BMT Nizamnaməsinə uyğun olaraq, sülh yolu ilə həllini dəstəklədikləri qeyd edilib.

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Lex Kaçinski Qdansk neft limanında olublar.

1 iyul 2008-ci ildə Batumidə keçirilən GUAM-ın sammitində Prezident İlham Əliyevin və Polşa Prezidenti Lex Kaçinskinin görüşü olub. Görüşdə Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin genişlənməsindən məmnunluq ifadə olunub. Bu cür yüksək səviyyədə görüşlərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyəti vurğulanıb. Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən GUAM çərçivəsində əməkdaşlığının inkişaf etdiyi qeyd olunub.

Tarixi arayış 4 sentyabr 2008-ci ildə yeniləşdirilib.