İslam Konfransı Təşkilatı


1969-cu ildə Mərakeşin paytaxtı Rabat şəhərində müsəlman ölkələrin dövlət və hökumət başçıları tərəfindən yaradılan beynəlxalq təşkilat. Təşkilatın ali orqanı 1972-ci ildə qəbul edilmiş Nizamnaməyə əsasən üzv ölkələrin üç ildə bir dəfə keçirilən dövlət və hökumət başçılarının konfransıdır. İKT-nin iqamətgahı "müvəqqəti" olaraq (Yerusəlimin (Qüds) azad edilməsinə qədər) Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşir. 1975-ci ildən təşkilat BMT-də müşahidəçi kimi təmsil olunmaq statusuna malikdir. Bu barədə qərar BMT Baş Assambleyasının 27-ci sessiyasında qəbul edilib. İKT Baş katibliyi özündə aşağıdakı bölmələri birləşdirir: sosial-iqtisadi, elm və texnika, Asiya məsələləri üzrə, Afrika məsələləri üzrə, beynəlxalq məsələlər üzrə, informasiya, insan hüquqları və dini azlıqlar üzrə, müsəlman qeyri-hökumət təşkilatların məsələləri üzrə və s.