Аzərbаycаn Respublikasının Prеzidеnti Heydər Əliyevin Rusiya Federasiyasının əmək və sosial inkişaf naziri Aleksandr Poçinokun başçılığı ilə nazirliyin nümayəndə heyəti ilə görüşü - Prеzidеnt sаrаyı, 27 sentyabr 2002-ci il


Azərbaycan Prezidenti Heydər Əliyev qonaqları səmimiyyətlə salamlayaraq, Rusiya Federasiyasının daha bir nazirliyinin nümayəndə heyətinin Rusiya–Azərbaycan münasibətlərini inkişaf etdirmək üçün Azərbaycana gəlməsindən məmnun olduğunu bildirdi. Azərbaycan rəhbəri vurğuladı ki, son vaxtlar ölkələrimiz arasında əlaqələr intensivləşmişdir. Biz buna şadıq, Azərbaycan Rusiya ilə münasibətlərin dərinləşməsinə və inkişafına daim böyük diqqət yetirir. Azərbaycan prezidentinin Moskvaya son səfəri də bu məqsədlə edilmişdi. Bu səfər zamanı mühüm sənədlər, o cümlədən Xəzərin probleminə dair sənəd imzalanmışdır.

Dövlətimizin başçısı vurğuladı ki, Rusiya Əmək və Sosial İnkişaf Nazirliyi nümayəndə heyətinin səfəri onu göstərir ki, hökumətlərimiz Rusiya və Azərbaycan prezidentlərinin siyasətini əməli surətdə həyata keçirirlər.

Aleksandr Poçinok səmimi qəbula görə təşəkkür edərək dedi ki, Azərbaycana çoxdan gəlmək istəyirdi və bu səfəri həyata keçirməyə şərait yaratdığı üçün dövlətimizin başçısına minnətdardır. Nazir bildirdi ki, tanış olduğu statistik məlumatlara görə, son illər Azərbaycan sürətlə inkişaf edir, iqtisadiyyatda yaxşı artım müşahidə olunur, sosial sahədə böyük dəyişikliklər baş verir. Qonaq vurğuladı ki, prezident Heydər Əliyevin Rusiyaya səfəri ikitərəfli münasibətlərə, habelə Azərbaycan diasporunun vəziyyətinin yaxşılaşmasına, onun birləşməsinə müsbət təsir göstərir.

Nazir Rusiyada aparılan islahatlardan danışaraq bildirdi ki, pensiya islahatı da keçirilmişdir və indi vahid sosial vergi o birilərindən yaxşı yığılır. Pensiyaların yığım hissəsinə hər ay təxminən 150 milyon dollar köçürülür. Tibb, sosial sığorta sahələrində, əmək qanunvericiliyində islahatlara hazırlıq görülür. Bakıda aparılacaq danışıqlarda Rusiya və Azərbaycan nazirlikləri arasında əmək qanunvericiliyi, planlaşdırma və əmək haqqının proqnozlaşdırılması sahələrində əməkdaşlıq məsələlərini müzakirə etmək nəzərdə tutulur.

Aleksandr Poçinok dedi ki, pensiya sistemi üzrə böyük ikitərəfli iş görülməlidir. 1999-cu ildə imzalanmış dövlətlərarası saziş Rusiyada mövcud olan köhnə sistemə əsaslanırdı. İndi yeni sənəd qəbul etmək lazımdır və buna uyğun olaraq, ölkədən gedən hər bir vətəndaşa yığım fondunda topladığı vəsaiti aparmağa ixtiyar veriləcəkdir. Güman edilir ki, Bakıda müzakirə ediləcək məsələlərdən biri də iki ölkənin vətəndaşlarının qarşılıqlı tibbi sığortasının təmin edilməsi olacaqdır. Nazirin fikrincə, birgə səylərlə əhalinin məşğulluğu sahəsində də xeyli iş görmək mümkündür.

Dövlətimizin başçısı Rusiyada həyata keçirilən islahatlar və iki nazirlik arasında əməkdaşlıq barədə ətraflı məlumat verdiyinə görə nazirə təşəkkür edərək dedi ki, bütün bunların Azərbaycan üçün böyük əhəmiyyəti var. Sosial islahatların ke-çirilməsində Rusiyanın təcrübəsi bizim üçün yaxşı nümunə ola bilər. Prezident Heydər Əliyev onu da xatırlatdı ki, ölkəmizin iqtisadiyyatının bəzi sahələri islahatların keçirilməsində Rusiyanı qabaqlayır. Belə ki, bizdə aqrar islahatlar uğurla həyata keçirilmişdir, hələ 1995-ci ildən başlayaraq torpaq kəndlilərə verilmişdir və bunun gözəl nəticələrini görürük.

Azərbaycan prezidenti daha sonra dedi ki, Rusiyada təxminən 2 milyon azərbaycanlı yaşayır və onların bir hissəsi Rusiyanın vətəndaşıdır, digər hissəsi isə bu ölkədə müvəqqəti işləyir. Nəzərdə tutulan ideyaların həyata keçirilməsi iki ölkənin dövlətləri tərəfindən öz vətəndaşlarına verilmiş bütün sosial və digər güzəştlərdən istifadə etməkdə bu insanlara kömək edə bilər.

AzərTAc