"Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi" (Aşqabad, 24 aprel 2002-ci il) sənədinə tarixi arayış


1994-cü ildə Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanla Böyük Britaniya arasında bağlanmış "Energetika sahəsində əməkdaşlıq haqqında" memorandumda "Xəzər dənizinin Azərbaycan sektoru" termininin işlədilməsinə etiraz olaraq Böyük Britaniya səfirinə nota göndərib. Notada deyilirdi ki, Xəzərdəki neft yataqlarının işlənməsinə və onun Avropaya nəqlinə dair istənilən layihə hövzənin bütün ölkələri ilə əvvəlcədən saziş bağlanmadan hüquqi qüvvəyə minə bilməz.

Azərbaycan dövlətinin bu məsələ ilə bağlı mövqeyi belədir: Rəsmi Bakı hamılıqla qəbul edilmiş beynəlxalq-hüquqi orta xətt və onun əsasında Xəzərin milli sektorlara bölünməsi prinsipindən çıxış edir və bəyan edir ki, hər dövlət öz milli sektoru üzərində müstəsna suverenliyə malikdir. Azərbaycanın xarici şirkətlərlə birgə işlənməsini nəzərdə tutduğu yataqlar dənizin ona məxsus sektorunda yerləşir. (İlham Əliyev: Azərbaycanıma inanıram, Bakı 2007)

1996-cı il noyabrın 11-12-də Aşqabadda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclasında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın işlənib hazırlanması məqsədilə bu ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupu yaradılıb. İndiyədək bu qrupun 22 iclası olub. Son iclas 20 iyun 2007-cü ildə Tehranda keçirilib.

2002-ci il aprelin 23-24-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Xəzəryanı dövlət başçılarının sammiti keçirilib. Prezidentlər Heydər Əliyev (Azərbaycan Respublikası), Saparmurad Niyazov (Türkmənistan Respublikası), Məhəmməd Xatəmi (İran İslam Respublikası), Nursultan Nazarbayev (Qazaxıstan Respublikası) və Vladimir Putinin (Rusiya Federasiyası) iştirakı ilə Aşqabadın "Ruhiyyət" sarayında keçirilən bu toplantı Xəzəryanı ölkələrin dövlət başçılarının ilk zirvə görüşü idi. SSRİ-nin süqutundan sonra Xəzərin sahibi olmuş bu dövlətlərin mövqelərindəki ziddiyyətli məqamlar uzun müddət belə bir görüşün keçirilməsinə mane olub. Bu müddət ərzində Xəzəryanı dövlətlər arasındakı Xəzərlə bağlı bütün münasibətləri (gəmiçilik, balıqçılıq, karbohidrogen ehtiyatlarının işlənməsi) tənzimləyəcək yeganə hüquqi baza 1921 və 1940-cı illərdə SSRİ ilə İran arasında imzalanmış müqavilələr olub.

Toplantının gündəliyinə Xəzərin hüquqi statusu, beynəlxalq və regional məsələlər, hövzənin müxtəlif problemlərinin müzakirəsi daxil idi. Görüşdə çıxış edən Türkmənistan Respublikasının Prezidenti Saparmurad Niyazov regional əməkdaşlığı genişləndirmək üçün beş dövlətin daimi fəaliyyət göstərən şurasının yaradılmasını təklif edib. Rusiya Prezidenti Vladimir Putin isə çıxışı zamanı Xəzərin daimi monitorinqini keçirmək üçün beştərəfli hökumətlərarası mərkəzin təşkil edilməsi təklifini irəli sürüb. İki gün ərzində aparılan müzakirələr tərəflərin mövqeləri arasındakı fikir ayrılıqları ilə müşayiət olunub. Bu səbəbdən tərəflər arasında yekun bəyannamənin imzalanması baş tutmayıb. Sənəd Xəzərin hüquqi statusunun müəyyənləşməsi üzrə əsas prinsip və istiqamətləri əks etdirməli idi. Qeyd edək ki, sahilyanı dövlətlər Xəzərin bölünməsi məsələsində fərqli mövqelərə malikdirlər. Azərbaycan tərəfi Xəzər dənizinin sahilyanı dövlətlər arasında sektorlara bölünməsinin orta xətt prinsipi nəzərə alınmaqla, bu dənizdə təşəkkül tapmış təcrübə, beynəlxalq hüququn ümumtanınmış prinsipləri və sahilyanı dövlətlərin Xəzər dənizində suveren hüquqlarının tətbiq olunması əsasında həyata keçirilməsinin tərəfdarıdır. Qeyd edək ki, bu sahədə Rusiya Federasiyası və Qazaxıstan Respublikasının mövqeyi Azərbaycan tərəfinin mövqeyi ilə üst-üstə düşür.

Toplantıdan sonra keçirilən mətbuat konfransında çıxış edən prezidentlər sammitin ilk növbədə hər bir dövlətin mövqeyinin açıqlanması üçün əlverişli imkan yaratdığını bildiriblər.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2002-ci il aprelin 24-də zirvə görüşündə çıxış edərək Xəzər dənizinin hüquqi statusu məsələsinin Xəzəryanı dövlətlər arasında həllinin onların "suveren hüquqlarına hörmət, qarşılıqlı surətdə faydalı tərəfdaşlıq ruhunda, dinc vasitələrlə" həyata keçirilməli olduğunu bildirib.

Xəzəryanı ölkələrindövlətbaşçılarınınIIsammiti16 oktyabr2007-ciiltarixindəTehrandakeçirilib.Azərbaycan Prezidenti İlham Əliyev Tehranda keçirilən Xəzəryanı ölkələrin başçılarının sammitindəki çıxış edərək bildirib ki, 2002-ci ildə Aşqabadda keçirilən birinci sammit Xəzərin yeni hüquqi statusunun müəyyənləşməsi üçün müzakirələrin başlanmasına zəmin yaradıb. Azərbaycan prezidenti bildirib ki, Xəzərin hüquqi statusu ilə bağlı XİN rəhbərlərinin və işçi qruplarının ötən illər ərzində keçirdikləri görüşlərdə çoxlu təcrübələr əldə olunub: "Ümid edirik ki, Tehranda keçirilən zirvə görüşü Xəzəryanı ölkələrin bir-biriləri ilə əlaqələrinin gücləndirilməsinə kömək edərək, mövqelərimizin yaxınlaşmasına şərait yaradacaq". İlham Əliyev Azərbaycanın Xəzərin statusu haqqında mövqeyinin dəyişməz olaraq qaldığını və sammitdə müştərək bəyannamənin imzalanmasının Xəzəryanı ölkələrin həmkarlığının güclənməsinə kömək edəcəyini söyləyib. (www.xalqqazeti.com)

Xəzəryanı ölkələrin dövlət başçılarının Tehranda keçirilən II sammitinin yekunu olaraq Bəyannamə imzalanıb. Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan prezidentlərinin imzaladığı sənəd 25 bənddən ibarət olub. Bəyannamənin 25-ci bəndində göstərilir ki, Xəzəryanı ölkələrin prezidentlərinin növbəti iclası 2008-ci ilin oktyabrında Bakıda keçiriləcək. 

Tarixi arayış 24 iyul 2008-ci ildə yeniləşdirilib.

***

2002-ci il aprelin 23-24-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Xəzəryanı dövlət başçılarının sammiti keçirilib.

Prezidentlər Heydər Əliyev (Azərbaycan Respublikası), Saparmurad Niyazov (Türkmənistan Respublikası), Məhəmməd Xatəmi (İran İslam Respublikası), Nursultan Nazarbayev (Qazaxıstan Respublikası) və Vladimir Putinin (Rusiya Federasiyası) iştirakı ilə Aşqabadın “Ruhiyyət” sarayında keçirilən bu toplantı Xəzəryanı ölkələrin dövlət başçılarının ilk zirvə görüşü idi. SSR İ-nin süqutundan sonra Xəzərin sahibi olmuş bu dövlətlərin mövqelərindəki ziddiyyətli məqamlar uzun müddət belə bir görüşün keçirilməsinə mane olub.

Azərbaycan beş Xəzəryanı dövlət içərisində Xəzərin statusunun həlli məsələsində ən konstruktiv, ardıcıl və elmi cəhətdən əsaslandırılmış mövqe nümayiş etdirir. Azərbaycan ardıcıl şəkildə bəyan edir ki, hər bir Xəzəryanı ölkə orta xətt üzrə bölünmüş özünəməxsus sektoru üzərində (suyun həm dibi, həm də səthi) suverenlik hüququna malikdir. Xəzər sektorlara bölünüb və hər bir dövlətin öz sektoruna olan hüquqları beynəlxalq hüquq normaları ilə qorunmalıdır. Azərbaycan bu prinsipial mövqeyini qəti şəkildə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul etdiyi yeni Konstitusiyasında bildirərək Xəzər dənizinin müvafiq əraziyə bitişik sahəsini öz ərazisinin ayrılmaz tərkib hissəsi hesab edir.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.208