Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in icraçı sədrinin və ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin xarici işlər nazirləri və Ermənistan Prezidenti ilə görüşündəki söhbətindən - İstanbul, "Çırağan sarayı", 18 noyabr 1999-cu il


Huber Vedrin  (Fransanın xarici işlər naziri): Mən görüş iştirakçılarını səmimi-qəlbdən salamlayıram və bildirirəm ki, müstəqillik yolu ilə gedən Azərbaycanın və Ermənistanın inkişafı regionda sülh və sabitlikdən asılıdır. ATƏT-in Minsk qrupunun və onun həmsədrlərindən biri olan Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması sahəsində iş aparır və mən öz ölkəmizin regionda sülhün və sabitliyin bərqərar edilməsinə hər cür kömək göstərməyə hazır olduğunu nəzərə çarpdırıram.

Madlen Olbrayt  (ABŞ-ın Dövlət katibi): Bu görüşdən məmnun olduğumu bildirirəm. Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa görüşlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün böyük əhəmiyyət daşıdığını, bununla yanaşı, Minsk qrupu həmsədrlərinin öz fəaliyyətlərini genişləndirməyə hazır olduqlarını, ABŞ-ın regionda sülhün və sabitliyin bərqərar olmasında və münaqişənin tezliklə həll edilməsində marağı olduğunu bildirirəm.

İqor İvanov  (Rusiyanın xarici işlər naziri): Qafqazda və regionda sabitliyin bərqərar olunmasına Rusiya böyük əhəmiyyət verir və nəzərə çarpdırıram ki, bizim ölkəmiz ATƏT-in Minsk qrupunun həmsədri kimi, münaqişənin dinc vasitələrlə aradan qaldırılmasını zəruri hesab edir, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa ikitərəfli görüşlərini dəstəkləyir və bu görüşlərin davam etdirilməsini zəruri sayır.

Heydər Əliyev: Dünyanın ən qaynar və problemli regionlarından biri hesab edilən Qafqaz regionunda mövcud olan problemlərə böyük diqqət yetirdiklərinə, Sizə - görüş iştirakçılarına səmimi minnətdarlığımı bildirirəm. Müstəqillik yolu ilə irəliləyən Azərbaycanın inkişafı üçün böyük çətinliklər doğurmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 12 ildən bəri davam edir, məsələnin sülh yolu ilə nizamlanmasının dönmədən tərəfdarı olduğumu dəfələrlə bildirmişəm və hazırda sülh əldə olunmasının həyati zəruriliyini bir daha vurğulayıram.

Mən münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizinin hələ də işğal altında qaldığını, bir milyondan çox soydaşımızın çadır şəhərciklərində ağır vəziyyətdə yaşadıqlarına görüş iştirakçılarının diqqətini cəlb edərək, bu münaqişənin tezliklə həlli üçün hər cür səylər göstərilməsini xahiş edirəm.

Mən 1992-ci ildən fəaliyyət göstərən Minsk qrupunun müəyyən iş apardığını, lakin hələ hər hansı bir nəticə əldə olunmadığını təəssüf hissi ilə nəzərə çarpdırıram. Ermənistan prezidenti ilə apardığımız təkbətək görüşlər daxil olmaqla keçirilən müxtəlif səviyyəli görüşlərin davam etdirilməsi ilə yanaşı, Minsk qrupu həmsədrlərinin fəaliyyətinin daha da gücləndirilməsinin zəruriliyini qeyd etmək istəyirəm.

Mən görüşdə iştirak edən xarici işlər nazirlərinin öz ölkələrinin həm ATƏT-in Minsk qrupu çərçivəsində, həm də ayrı-ayrılıqda münaqişənin həlli üçün səylər göstərməyə hazır olduqlarını bəyan etməsindən məmnun qaldığımı bildirirəm.

Robert Koçaryan: Bu görüşün təşkilinə və regionda sülh yaradılmasına göstərilən marağa görə iştirakçılara təşəkkür edirəm. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün iki ölkə prezidentlərinin birbaşa görüşlərinin əhəmiyyətini vurğulayaraq, ATƏT-in vasitəçilik missiyasının da vacibliyini nəzərə çarpdırıram.

Knut Vollebek (ATƏT-in icraçı sədri, Norveçin xarici işlər naziri): Mən Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində həlli sahəsində atılan addımları, atəşkəs rejiminə əməl olunmasını, iki ölkənin başçıları arasında aparılan dialoqu yüksək qiymətləndirirəm.

Huber Vedrin: Görüşə yekun vuraraq geniş fikir mübadiləsinə görə görüş iştirakçılarına təşəkkür edir və münaqişənin tezliklə sülh yolu ilə aradan qaldırılması üçün beynəlxalq birliyin, ATƏT-in öz səylərini artırmağa hazır olduğunu bildirirəm.