Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin açılışında nitqi - 10 oktyabr 2002-ci il


Hörmətli xanımlar və cənablar!

Əziz dostlar, naxçıvanlılar! Biz bu gün buraya əlamətdar hadisə münasibətilə toplaşmışıq. Naxçıvan Muxtar Respublikası Bakıda öz daimi nümayəndəliyinin yeni binasını yaradıb, təmir edib və bizi bunun açılışına dəvət edibdir. Əgər biz ümumi işlərimiz nöqteyi-nəzərindən baxsaq, bu, o qədər də böyük hadisə deyildir. Ancaq, Azərbaycanın ayrılmaz bir hissəsi olan Naxçıvan Muxtar Respublikasının 1990-cı illərin əvvəllərindən blokadaya düşməsi və coğrafi nöqteyi-nəzərdən Azərbaycanın əsas torpağından aralı olaraq çətinlikiərlə üzləşməsi Naxçıvan Muxtar Respublikasının Bakıda, Azərbaycan hökumətinin yanında daimi nümayəndəliyınin təşkil olunmasının zəruriliyini irəli sürdü. Zəlzələ köhnə binanı dağıdıbdır. Bəlkə də, yaxşı ki, dağıdıbdır, çünki mən o binanı görmüşdüm, heç də yararlı bina deyildi. Ancaq, o vaxtlar Naxçıvanın rəhbərləri onu çətinliklə əldə etmişdilər. Elə ona görə də, onlarada sağ ol deyirəm. İndi avtomobillə gələndə gördüm məni başqa yol ilə aparırlar. Fikirləşdim, axı nümayəndəlik oradadır. Sonra yadıma düşdü ki, yox, o bina dağılıbdır, indı burada yeni bina tikilibdir və biz bunu birlikdə açmalıyıq. Naxçıvan Muxtar Respublikası Azərbaycanın xüsusi əhəmiyyət kəsb edən bir bölgəsidir. Bu, keçmişdə də belə olubdur. Vaxtilə, 1920-ci illərin əvvəllərində Qafqazın, xüsusən Cənubi Qafqazın xəritəsini çəkən adamlar Azərbaycana xəyanət ediblər.

Naxçıvan Muxtar Respublikası, Zəngəzur mahalı, Azərbaycanın digər hissəsi, -bunlar hamısı bütöv bir ərazi olub, Azərbaycan ərazisı olubdur. Ancaq, Azərbaycan xalqına düşmən olan qüvvələr məkrli niyyətlərini həyata keçirmək üçün o vaxtlar Naxçıvan ərazisi haqqında çox danışıqlar aparırdılar, çox təlaş edirdilər kı, onu Azərbaycandan ayırsınlar. Nəhayət, 1921-cı ildə Qars müqaviləsinin, sonra Moskva müqaviləsinin nəticəsində, - o müqavilələri Azərbaycan Respublikası, Rusiya, Gürcüstan, Ermənistan imzalayıblar, onların əsasında Naxçıvanın Azərbaycana mənsub olması və Azərbaycanın olması sübut edilibdir. Azərbaycanın əsas ərazisindən aralı qaldığına görə də ona muxtariyyət statusu verilibdir.

Mən Naxçıvanda doğulmuş, böyümüş bir adamam və keçmişdə, yəni 1940-cı illərdə bir müddət orada işləmişəm və görmüşəm ki, Azərbaycanın mərkəzi rəhbərliyi tərəfindən həmişə Naxçıvana çox ögey münasibət göstəriblər. Mən bunun şahidiyəm. Onlar Azərbaycan uğrunda çalışan, çarpışan, o müqavilələrə nail olan insanlardan fərqli idilər. Çünki o insanlar Azərbaycan haqqında düşünürdülər, onun bütövlüyü haqqında düşünürdülər, onun gələcəyi haqqında düşünürdülər. Amma, sonra bir-birini əvəz edən Azərbaycan rəhbərliyi, təəsüf ki, bunları unutdular və 1930-cu illərdə də, 1940-cı illərdə də, 1950-ci illərdə də, 1960-cı illərdə də Naxçıvana qarşı ögey münasibət var idi. Bu, həqiqətdir. Amma bütün bu ədalətsizliklərə baxmayaraq, zəhmətkeş insanlar olaraq naxçıvanlılar həmişə öz diyarını inkişaf etdiriblər və azərbaycanın ən qədim diyarı olan, böyük tarixi abidələri özündə əks etdirən bu hissəsini qoruyub saxlayıblar. Sovet hakimiyyəti vaxtı bütün bu çətinliklər vardısa da, amma eyni zamanda, Naxçıvanın Azərbaycanın başqa hissələri ilə, xüsusən, paytaxt ilə əlaqəsində elə bir problem yox idi. Dəmir yolu işləyirdi. Düzdür, avtomobil yolu yox idi, amma çox uzun məsafədən, Gürcüstandan keçib, Ermənistandan keçib Naxçıvana avtomobillə də getmək mümkün olurdu.

Yaxud da oradan dağı aşıb Sisyan, Gorus, sonra Laçın, Şuşa yolu ilə də Naxçıvandan Bakıya gəlmək mümkün olurdu. Ona görə də insanlar bütün bu yollara, bu imkanlara öyrənmişdilər və onu da kafi hesab edirdilər. Bəli, bəlkə də elə o bəs idi.

Ancaq, Ermənistan-Azərbaycan münaqişəsi başlayandan sonra Naxçıvanın Bakı ilə, Azərbaycanın başqa bölgələri ilə əlaqələri get-gedə çətinləşdi və nəhayət, dəmir yolu baglanandan və bütün kommunikasiyalar, yəni elektrik xətləri, qaz xətləri kəsiləndən sonra və Naxçıvan nəinki blokada şəraitinə düşdü, tamamilə qaranlığa batdı. Belə bir şəraitdə biz orada Naxçıvanı yaşadırdıq. Onu yaşatmaq isə təkcə Naxçıvan üçün deyildi.

Mən bu barədə danışarkən, o illəri xatırlayarkən həmişə həyacanlanıram. Çünki bəzilərinə elə gəlirdi ki, Naxçıvan heç Azərbaycana lazım deyil. Hətta Xalq Cəbhəsi hakimiyyəti vaxtında bəzi şəxslər meydana çıxdı və universitet partasından gətirilib Prezident Aparatında məsul vəzifələrə qoyulan həmin adamlar, necə deyərlər, ağzından süd qoxusu gələn gənc insanlar və dərd də orasıdır ki, naxçıvanlılar gəlib Naxçıvanda bizimlə döyüşürdülər, mübahisə aparırdılar ki, Azərbaycan unitar dövlətdir və Naxçıvanın Muxtariyyəti ləğv olunmalıdır. Naxçıvan blokada içində idi, bütün yollar kəsilmişdi, yaşamaq get-gedə çətinləşırdi, Ermənistan silahlı qüvvələrinin Naxçıvana hücum etmək, onu işğal etmək niyyətləri açıq-aydın görünürdü. Onların bunun üçün böyük imkanları da var idi. Çünki Yerevanda onların həm böyük hərbi hissələri var idi, həm də hələ Sovet İttifaqının 7-ci ordusu dururdu. Yerevan ilə Naxçıvan arasında saat yarımlıq yol var. Belə bir vəziyyətdə Xalq Cəbhəsinin nümayəndələri gəlib bizdən Naxçıvanın Muxtariyyətini ləğv etməyi tələb edirdilər. Hətta Naxçıvan Ali Məclisinin iclası zamanı gəlib orada çıxış edən həmin o cocuqlar - mən bu sözü deyirəm - mənimlə mübahisə aparırdılar ki, Naxçıvanın muxtariyyəti ləğv olunmalıdır.

Ancaq, belə bir şəraitdə biz Naxçıvanı qorumaq, saxlamaq üçün Bakıda Naxçıvanın daimi nümayəndəliyinin mütləq olmasının zəruriliyini gördük və mən bu məsələni həll etməyə başladım. Lakin, buna zorla, güclə razılıq verdilər. Orada da biri razılıq verir, digər bürokrat - bəlkə onların bəziləri elə indi Nazirlər Kabinetində oturublar, bizim rəhbərliyimiz altında da işləyirlər - Azərbaycanda bir söz var, qulp qoyurdu. Beləliklə, gün keçir, daimi nümayəndəliyin yaranması üçün sənəd əldə edə bilmirdik. Təsəvvür edin o vaxt nə qədər çətinliklər çəkirdik. Nəhayət, sənəd əldə edildi, razılıq əldə olundu, amma yer vermədilər. Mən o vaxt Nazirlər Sovetinin rəhbərliyinə bir neçə dəfə telefon etdim, çox ağır sözlər dedim. Nəhayət, Nazirlər Sovetinin binasında balaca bir otaq verdilər ki, gəlin burada oturun. Hüquq da, heç bir şey də verməmişdilər. Belə bir şəraitdə Naxçıvan Muxtar Respublikasının Bakıda daimi nümayəndəliyi yarandı. İndi keçən illər onu göstərir ki, həqiqətən bu çox lazım imiş. Çünki, sonrakı illər əlaqələr tamamilə kəsildi. Naxçıvanlılar ancaq təyyarə ilə, bir də İran İslam Respublikasından ayrılmış yol vasitəsilə avtobusla, yük maşınları ilə gedib gələ bilərdilər. Başqa maşınlar bu yoldan o qədər də istifadə edə bilmirdilər. Bunun özü də bizim üçün böyük bir şey idi. Çünki, təyyarə nə idi ki, onunla nə etmək olar? Demək bizim yük maşınları, avtobuslar İran ərazisindən Bakıya gəlirdilər, buradan Naxçıvana yük gətirirdilər. Beləliklə, bu əlaqə quruldu. Amma, bu nəqliyyat işlərini təşkil edən sürücülər və başqa işçilər üçün əlbəttə, Bakıda bir dayaq nöqtəsi olmalı idi. Bunu da məhz Naxçıvanın Bakıdakı nümayəndəliyi həyata keçirdi.

Bəli, burada Vasif Talıbov dedi. 1992-ci ilin mart ayında Naxçıvanda dövlət çevrilişi etmək istəyirdilər. Biz onun qarşısını aldıq. Sizə məlum olan İsgəndər Həmidov o vaxt hava limanına 3 minə qədər polis yığmışdı. Görənlər deyirdilər, onun yanında 5-6 dənə həqiqi it də var imiş, özü də silahlanaraq, bədəninə çoxlu patron zad asmış imiş ki, Naxçıvana uçacaq, gəlib Heydər Əliyevin başına iki güllə vuracaq və Naxçıvanı da işğal edəcəkdir.

Onlar Naxçıvanda bir şey edə bilmədilər. Ancaq sağ olsunlar, həm Naxçıvandan burada yaşayan insanlar, həm də təkcə Naxçıvandan olanlar yox, bütün başqaları bunu bilən kimi Bakı hava limanına gedib bunun qarşısını almağa çalışmışdılar. Naxçıvanda hava limanında elə xalq özü yük maşınlarını təyyarə enən zolaqların üzərinə düzmüşdü. Təyyarənin oraya enməsi mümkün deyildi, əgər ensəydi dağılacaqdı. Biz bunun qarşısını bu yolla aldıq. Onlar bizim daimi nümayəndəmiz Həsən Zeynalovu həbs etdilər. Onu aparıb Daxili İşlər Nazirliyinin həbsxanasına saldılar. Mənə telefon etdilər ki, burada təlaş var. Həsən Zeynalovun iki-üç işçisi var idi, yazıq qızlar idi, onlar ağlayırdılar ki, indi bizi də həbs edəcəklər.

İsgəndər Həmidov Həsən Zeynalovu həbs elədi. Ancaq biz bir-iki günə bunların öhdəsindən gəldik. Hücum edənlər bilmirəm, ya ağıllandı, ya ağıllanmadı, geri çəkildilər. Həsən Zeynalovu da həbsdən buraxdılar. O, həbsxananın ləzzətini gördü.

Sonra mən Bakıya gəldim. Doğrusu, deyə bilmərəm ki, mən Bakıya gələndən sonra nümayəndəliyin işinin yaxşılaşmasına kömək etmişəm. Sadəcə, mənim burada olmağım bunların işinə kömək edibdir. Mən də düşunmüşəm ki, elə bu bəsdir, bundan artıq nə etmək lazımdır? İşləri normal gedir, qoy Allahlarına şükür eləsinlər. Mən heç vaxt bir şeyin artıqlaması ilə edilməsinın tərafdari deyiləm. Bizim Naxçıvan nümayəndəliyi o vaxtdan işləyir və sübut edir, göstərir ki, həqiqətən Naxçıvan Muxtar Respublikasının Bakıda daimi nümayəndəliyi lazımdı və bəlkə onu daha da gücləndirmək, daha da genişləndirmək lazımdır. Bunların hamısının səbəbi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Naxçıvanın bizim əsas torpağımızdan ayrı düşməsi və demək olar ki, mühasirədə olmasıdır. Təbiidir, biz o illər Naxçıvanda vəziyyəti belə qoya bilməzdik. Bizə Türkiyə çox kömək elədi. Oradan elektrik xətlərini çəkdilər, Naxçıvana elektrik enerjisi verməyə başladılar. Düzdür, bu tələbatı tam təmin etmirdi. Amma biz İrandan da az da olsa elektrik enerjisi aldıq, oradan da elektrik xətləri çəkdik. Araz çayının üzərindən Türkiyə ilə Azərbaycan arasında körpü tikildi. Biz bunların hamısını məhz Naxçıvanı o şəraitdə yaşatmaq üçün etdik. Həqiqətən, bunlar orada bizim həyatımıza müsbət təsirini göstərdi və bu gün də göstərir. Bu gün də biz elektrik enerjisinin bir hissəsini Türkiyədən, bir hissəsini İrandan alırıq. Doğrudur, biz onların haqqını veririk. Əvvəllər verməyə imkanımız yox idi, indi veririk. Naxçıvana elektrik enerjisi alırıq, ancaq deyə bilmərəm ki Naxçıvan Muxtar Respublikası çox elektrik enerjisi alır.

Naxçıvan Muxtar Respublikasının təxminən 400 minə yaxın əhalisi var. Naxçıvan 95 meqavat elektrik enerjisi ilə yaşayır. Ancaq bizim Şəmkir rayonu 100 meqavat elektrik enerjisi işlədir, pulunun da heç 10 faizini vermir. Bax, gorün, burada, yəni Bakıda, ya Azərbaycanın başqa bölgələrində elektrik enerjisi bir gün olmayanda, deyirlər ki, işıq yoxdur. İndi çox yerə qaz çəkmişik. Bir gün qaz olmayanda deyirlər ki, qaz yoxdur. Müxalifətdən də başlayırlar, bəli, elektrik yoxdur, qaz yoxdur. Axı, gərək elektrik olsun ki, onu insanlara verəsən. Gərək qaz olsun ki, onu insanlara verəsən. Amma biz Naxçıvana 95-100 meqavatdan artıq elektrik enerjisi verə bilmirik. Onlar neçə illərdir artıq bu şəraitdə yaşamağa öyrəniblər. Elektrik enerjisini fasilə ilə, cədvəllə alırlar. Bilirlər kı, hansı bölgə nə vaxt neçə saat enerji alacaq. Bununla yaşayırlar və narazılıq da etmirlər. Başa düşürsünüz, naxçıvanlıların xüsusiyyəti budur.

Bilirsiniz, mən son vaxtlar Naxçıvanın inkişafı ilə əlaqədar bəzi tədbirlər həyata keçirmək barədə qərarlar vermişəm. Bunlar lazımdır. Heç kəs elə başa düşməsin ki, mən bunu edirəm, çünki özüm Naxçıvanlıyam, Naxçıvandan gəlmişəm.

Yox. Mən şuşalı da olsaydım bunu edəcəkdim, şəkili də olsaydım bunu edəcəkdim, bakılı da olsaydım bunu edəcəkdim, gəncəli də olsaydım bunu edəcəkdim. Haralı olsam bunu edəcəkdim. Nə üçün? Çünki, Naxçıvanın coğrafi vəziyyəti və Naxçıvana qarşı bizim düşmənlərimizin daimi iddiası Naxçıvanı xüsusi inkişaf etdirmək məsələsini qarşımızda qoyur.

Bir də qeyd edirəm, Naxçıvan Azərbaycanın ən qədim torpaqlarından biridir. Azərbaycan ərazisində ən qədim dövlətlərdən olan Atabəylər dövlətinin paytaxtı Naxçıvan olubdur. Naxçıvanda Azərbaycanın milli mədəniyyətini, memarlığını, rəssamlığını nümayiş etdirən, qədim zamanlardan, 10-cu, 12-ci əsrlərdən qalmış abidələr vardır. Onlar təkcə Naxçıvanın yox, Azərbaycanındır. Naxçıvan və Azərbaycan ayrı deyil, birdir, - Azərbaycandır. Təbiidir, demək biz Azərbaycanın xüsusi ağır şəraitdə olan bir hisssəsini gərək o qədər inkişaf etdirək ki, oradakı problemlər insanları narahat etməsin və həmin insanlar orada daim yaşasınlar. Azərbaycan torpağını, Naxçıvan Muxtar Respublikasının rəhbərliyini və Muxtar Respublikanın bütün sakinlərini təbrik edirəm. Artıq sizin burada bir dayanacaq nöqtəniz var və əminəm ki, bu imkanlardan səmərəli istifadə edəcəksiniz.

Heydər Əliyev daimi nümayəndəliyin açılışını bildirən qırmızı lenti kəsdi, ikimərtəbəli, müasir tələblərə cavab verən və lazımi avadanlıqla təmin edilmiş yaraşıqlı bina ilə yaxından tanış oldu.

Daimi nümayəndəliyin əməkdaşları üçün gözəl iş şəraiti yaradıldığını vurğulayan prezident Heydər Əliyev, Naxçıvanla bağlı qərarların yerinə yetirilməsinə dair tapşırıq və tövsiyələrini verdi.

Dövlətimizin başçısı binanın qarşısına toplaşanlarla səmimiyyətlə sağollaşdı.

Oçerklər

DAXİLİ SİYASƏT

Tarixi arayış