Rus mətbuatının V Ümumdünya Konqresinin iştirakçılarına - 19 sentyabr 2003-cü il


Hörmətli konqres iştirakçıları!

Siz - Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində öz işinə başlayan Rus Mətbuatının V Ümumdünya Konqresinin iştirakçılarını səmimiyyətlə salamlayır və konqresin işinə uğurlar diləyirəm.

Konqresin təbliğ etdiyi ideyalar - rus dilinin yayılması, humanitar əlaqələrin, mədəni-informasiya mübadiləsinin güclənməsi - bütün bunlar vahid informasiya mühitinin formalaşdırılmasında, uzaq və yaxın xarici ölkələrin rusdilli kütləvi informasiya vasitələrinin əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.

Bu gün dünyada A. Puşkinin, F. Dostoyevskinin, L.Tolstoyun öz dahi əsərlərini yaratdıqları rus dili ilə yanaşı, zəngin ənənələri olan rus mətbuatı da məşhurdur. Müasir rus mətbuatı özünün yüksək peşəkarlığı, mövzu seçimi, humanizm ideallarına xidmət etməsi ilə səciyyələnir. Biz Azərbaycan xalqının mədəni inkişafında, qabaqcıl bəşəri dəyərlərə qovuşmasında rus dilinin və rus mətbuatının rolunu daim yüksək qiymətləndirmişik və indi də buna böyük əhəmiyyət veririk.

Düşünürəm ki, konqresin keçirildiyi yer kimi Azərbaycan Respublikasının və xüsusən Bakı şəhərinin seçilməsi də təsadüfi deyildir. Azərbaycanda bütün xalqlara, dinlərə və dillərə münasibətdə həmişə hörmət və tolerantlıq mühiti hökm sürmüşdür. Respublikada rus mədəniyyətinə və rus dilinə böyük hörmət göstərilmişdir və göstərilir. Bu gün ölkədə rus dilində xeyli sayda qəzet və jurnallar nəşr olunur, orta və ali məktəblər fəaliyyət göstərir, televiziya və radio verilişləri yayımlanır. Rus dili təkcə Rusiyanın deyil, həm də onun yaxın qonşularının milli sərvətidir. Məhz bu dil keçmiş Sovetlər Birliyində xalqlararası ünsiyyət dili olmuşdur və bugünkü MDB məkanında da öz əhəmiyyətini saxlamaqdadır.

Qloballaşdırmanın geniş vüsət aldığı XXI əsrdə ayrı-ayrı xalqları və bütün bəşəriyyəti narahat edən məsələlərin müəyyənləşdirilməsi və həll edilməsində kütləvi informasiya vasitələrinin üzərinə düşən məsuliyyət kifayət qədər artmışdır. Müasir dövrdə kütləvi informasiya vasitələri istər hər bir ölkənin ictimai həyatına, istərsə də dövlətlər və xalqlar arasında dostluq münasibətlərinin qurulmasına, iqtisadi və mədəni əlaqələrin genişlənməsinə, mənəvi dəyərlərin mübadiləsinə böyük təsir göstərir.

Mətbuat, elektron kütləvi informasiya vasitələri ölkələrin və xalqların yaxınlaşmasına daha fəal kömək etmək, işgüzar və mədəni əməkdaşlığa önəmli töhfələr verməklə yanaşı, həm də bütün dünyada sülhə və əmin-amanlığa təhlükə olan beynəlxalq terrorizmə, ekstremizmə və təcavüzkar separatçılığa qarşı mübariz və prinsipial mövqe tutmalıdır. Bunun üçün hər bir jurnalist yüksək peşəkar olmalı, həqiqi bəşəri və demokratik dəyərlərə xidmət etməli, hadisə və faktlara münasibətdə obyektiv mövqe tutmalıdır.

Ümidvaram ki, rus mətbuatı əməkdaşlığın, qarşılıqlı informasiya mübadiləsinin daha da genişlənməsinə nail olacaq, dünyada sülhün, təhlükəsizliyin və əmin-amanlığın möhkəmlənməsi işinə öz sanballı töhfələrini verəcəkdir.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 20 sentyabr 2003-cü il.

Tarixi arayış