Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Səudiyyə Ərəbistanına rəsmi səfərə yola düşərkən Binə Hava limanında müxbirin sualına cavabı - 9 iyul 1994-cü il


Dünya dövlətləri birliyində Səudiyyə Ərəbistanının özünə layiq yeri var. O, ərəb dünyasının inkişaf etmiş zəngin bir ölkəsidir. Eyni zamanda bu dövlət dünya müsəlmanlarının müqəddəs yerlərinin mühafizidir. Ona görə də bu ölkə ilə Azərbaycan arasında əlaqələr yaradılmalıdır. İndiyədək Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında, demək olar, heç bir əlaqə olmamışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra bu sahədə müəyyən cəhdlər olsa da, bunlar bir nəticə verməmişdir. Ancaq bu ölkə dünya birliyində böyük nüfuza malik olduğuna görə, dini birliyimizi, tarixi ənənələrimizin oxşarlığını nəzərə alaraq, mən Səudiyyə Ərəbistanı məlikinin rəsmi dəvətini qəbul etmişəm və indi səfərə gedirəm. Güman edirəm ki, bu səfər yaxşı nəticələr verəcəkdir. Ən böyük nəticə kimi onu gözləyirəm ki, bizim müntəzəm əməkdaşlığımız üçün imkanlar yaranacaqdır. Səudiyyə Ərəbistanında bizim səfirliyimiz fəaliyyət göstərir. Bu günlərdə Səudiyyə Ərəbistanının səfiri də Azərbaycana gələrək öz etimadnaməsini təqdim edəcəkdir. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri, turist mübadiləsi, mənəvi əlaqələr genişlənəcəkdir.

Hər il müsəlmanlar Səudiyyə Ərəbistanına ziyarətə gedirlər. Onların arasında Azərbaycandan gələnlər də olur. Ola bilər, bu barədə də danışıqlarımız olsun ki, Azərbaycandan ziyarətə gedənlərə orada necə kömək göstərə bilərlər.

Mən bu səfərə böyük məmnuniyyətlə gedirəm. Səudiyyə Ərəbistanı məni həm bir ölkə kimi maraqlandırır, həm də müsəlmanların müqəddəs yeri kimi oraya ziyarət edəcəyimi çox böyük həyəcanla gözləyirəm.

"Azərbaycan" qəzeti, 10 iyul 1994-cü il