Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki - 29 yanvar 1998-ci il


Mərhəmətli, rəhmli Allahın adı ilə!

Əziz bacı və qardaşlar!

Sizi dünya müsəlmanlarının ən böyük bayramlarından olan Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Öz tarixinə, milli və dini ənənələrinə həmişə sadiq qalmış Azərbaycan xalqı bu əziz bayramını müstəqil dövlətində azad və sərbəst şəkildə qeyd edir. Müqəddəs kitabımız Qurani-Kərimin insanlar üçün nazil edildiyi mübarək Ramazan ayının sınaq günlərində öz borcunu ləyaqətlə yerinə yetirmiş müsəlmanlarımız bu gün bayram edir, bir-birlərinə sevgi və ehtiram hisslərini bildirir, həyatdan getmiş yaxınlarının, şəhidlərimizin ruhlarına dualar oxuyurlar. Bu bayram günlərində cəmiyyətdə Allaha inam, vətənə, torpağa, xalqa bağlılıq hissindən doğan bir nikbinlik əhval-ruhiyyəsi vardır.

Bu günlərdə hamımızı eyni arzu və diləklər birləşdirir: Qoy böyük qurbanlar bahasına əldə etdiyimiz azadlıq və müstəqillik dönməz olsun, doğma Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam təmin olunsun, qaçqın və köçkün vəziyyətinə düşmüş soydaşlarımız yurdlarına qayıdıb Allahın öz bəndələrinə bəxş etdiyi nemətlərindən faydalansınlar, ölkəmizdə həmişə əmin-amanlıq və sabitlik hökm sürsün, xalqımız layiq olduğu xoşbəxt və firavan həyata qovuşsun!

Hər birinizi bu müqəddəs amallar naminə sıx birlik və əzmkarlıq göstərməyə çağırır və əmin olduğumu bildirirəm ki, Ulu Tanrının köməyi ilə, xalqımızın əməyi və qeyrəti sayəsində arzularımızın gerçəkləşəcəyi gün uzaqda deyildir.

Ramazan bayramı münasibətilə sizə cansağlığı, xoşbəxtlik arzu edirəm, Vətənin azadlığı və tərəqqisi naminə işlərinizdə böyük uğurlar diləyirəm.

Bayramınız mübarək olsun!

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.