Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin neft-qaz sənayesi kollektivlərinin nümayəndələri ilə görüşdə giriş və yekun nitqi - 20 sentyabr 1995-ci il


Hörmətli neftçilər!

Bu gün Azərbaycan iqtisadiyyatının əsas sahəsi olan neft-qaz sənayesi kollektivlərinin nümayəndələri buraya dəvət olunublar. Məqsədimiz neft-qaz sənayesinin bugünkü vəziyyətini sizinlə birlikdə bir daha təhlil etmək, görülən işləri bir daha nəzərdən keçirmək və qarşıda duran vəzifələr haqqında danışmaqdan ibarətdir.

Neft-qaz sənayesində çalışan mütəxəssislərlə, mühəndislərlə, fəhlələrlə və bu sənayenin müxtəlif sahələrinə rəhbərlik edən şəxslərlə biz dəfələrlə görüşmüşük, danışıqlar aparmışıq. Ancaq bu gün belə bir görüşə ehtiyac var. Mən rica etmişdim ki, bu görüşə neft-qaz sənayesi kollektivlərinin hamısından nümayəndələr dəvət olunsun, bu sahədə olan vəziyyəti birlikdə bir daha təhlil edib nəzərdən keçirə bilək.

Bu gün, eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın böyük neft şirkətləri konsorsiumu arasında bağlanan neft müqaviləsinin imzalanması günündən bir il keçir. Biz bu müqavilənin imzalanmasına çox böyük ümidlər bəsləmişik. O, Azərbaycan neft sənayesinin inkişafında çox böyük rol oynayacaqdır. Artıq bir il arxada qalmışdır. Bu bir il müddətində nə işlər görülübdür? Müqavilənin həyata keçirilməsi üçün nə tədbirlər aparılıb və hansı nəticələrə gəlmişik? Bu məsələyə də nəzər salmaq lazımdır. Şübhəsiz ki, bunlar bir-biri ilə əlaqədar məsələlərdir. Çünki neft sənayemizin bu günü və gələcəyi mövcud neft quyularından, neft istehsal edən sahələrdən səmərəli istifadə olunmasında, eyni zamanda, yeni neft yataqlarının işlədilməsindən asılıdır. Bunlar hamısı da yeni texnologiyadan, texnikadan istifadə olunması ilə bağlıdır. Bunlar hamısı indiyədək istifadə edilən avadanlığın müasir tələblərə uyğun avadanlıqla əvəz olunmasından asılıdır. Bunlar hamısı dünya təcrübəsində indi artıq məlum olan üsulların, metodların Azərbaycan neft sənayesində tətbiq olunmasından asılıdır.

Ona görə də bu məsələlər bir-biri ilə sıx bağlıdır. Yəni bu, bir məsələdir. Ancaq neft müqaviləsinin bağlanmasından bu gün artıq bir il keçdiyinə görə bu sahədə görülən işlər haqqında ayrıca bir məlumat dinləməyə ehtiyac var.

Yekun nitqi

Respublikamızın həyatında, o cümlədən onun əsas sahəsi olan iqtisadiyyatda problemlər çoxdur. Bunlar bu gün yaranmayıb, dünən yaranmayıb, son illər gedən proseslərin nəticəsində yaranan problemlərdir, bir-birinin üstünə gələn problemlərdir. Bu problemlər bizim neft-qaz sənayesində də var və onlar həmin sahədə imkanlarımızdan tam istifadə olunmasına mane olur.

Respublika ümumiyyətlə sosial-iqtisadi böhran içindədir. Bu böhranın səbəbləri də məlumdur, bunu dəfələrlə demişik. Biz bir iqtisadi-siyasi sistemdən, sosial sistemdən başqasına keçirik, tamamilə ondan fərqli olan bir sistemə keçirik. Bu keçid dövrü çətindir, ağırdır, əzablıdır, böyük itkilərlə müşayiət olunur. Ancaq bu dövrü biz yaşamalıyıq, bu dövrü keçməliyik.

Bilirsiniz ki, neft sənayesi ilə mən uzun illər ərzində - 1969-cu ildə Azərbaycan Respublikasına rəhbərliyə başlayan gündən məşğul olmuşam. Sonralar isə - Moskvada işlədiyim zaman - ümumiyyətlə, böyük bir dövlətin - Sovetlər İttifaqının neft sənayesi ilə məşğul olmuşam. O vaxtlar da bizim neft sənayesində problemlər var idi, az deyildi. O vaxt da biz bu problemlərin həll olunmasında bəzi çətinliklərlə rastlaşırdıq. Ancaq onları həll edirdik. O zaman problemlər başqa xarakter daşıyırdı. Məsələn, o vaxt maaşın vaxtında verilib-verilməməsi problemi yox idi. Fəhlə, mütəxəssis, neftçi işləyirdi, vaxtında maaşını alırdı. O vaxtlar, məsələn, uşaq bağçalarının çatışmaması barədə söhbət yox idi. Yaxud da ki, indi Neft daşları haqqında danışdılar, o vaxtlar Neft daşlarına gedib-gələnlər həmişə deyirdilər ki, bura Neft daşları deyil, bir cənnətdir.

Bu problemlər yox idi, başqa problemlər vardı. Burada qeyd edildi: ildə nə qədər kəşfiyyat qazması aparmaq lazım idi, nə qədər istehsal qazması aparmaq lazım idi, yeni-yeni buruqlar lazım idi, yeni-yeni qazma işləri lazım idi. Bu işlərin görülməsi üçün ləvazimat çatışmırdı, bəzən planlar vaxtında yerinə yetirilmirdi. Bu problemlər var idi. O vaxtlar istehsal fondları yaxşı vəziyyətdə idi, xüsusən dənizdə neft çıxarılması sahəsində. İstehsal fondlarının dəyişilməsinə, onların təzələnməsinə, təmir olunmasına biz çox vəsait ayırırdıq. Bunlar hamısı var idi. Ancaq o vaxtlar yenə də problemlər var idi, onları həll edirdik.

Amma indi o problemlərin üzərinə bir çox başqa problemlər gəlibdir. Bunlar hamısı bizim respublikanın iqtisadiyyatında gedən proseslərlə əlaqədardır. Burada dedilər ki, 100 milyon dollarlıq, mən belə başa düşdüm, neft avadanlığı, maşınqayırma zavodlarının məhsulu var, onları sata bilmirlər. Çünki dəmir yolunun tarifləri çox yüksəkdir. O vaxtlar dəmir yolunun tarifi haqqında heç düşünən var idimi? Yaxud dəmir yolu bir gün işləməsin, - axı, belə şey yox idi. Amma indi nəinki dəmir yolumuzun işləməsi çətindir, onun yolunu uzun müddət bağlamışdılar, indi bir balaca açılıbdır. Amma bu, təkcə dəmir yolu məsələsi deyil. Bizim dəmir yolundan vaqonları keçiririk başqa ölkələrin dəmir yoluna. O dəmir yoluna keçmək üçün, ondan istifadə etmək üçün onların tariflərinə uyğun haqq verməliyik. Bir bu deyil. Mən sadəcə bir neçə nöqtəyə sizin diqqətinizi cəlb edərək bildirmək istəyirəm ki, indi vəziyyət tamamilə başqa cürdür.

Biz müstəqil dövlət olmaq istəmişik və indi müstəqil dövlətik. Müstəqillik üçün biz gərək bu əziyyətləri çəkək, gərək bu əzablara dözək. Çünki müstəqil dövlətin yaranması, qurulması bu çətin yollardan keçəcəkdir, başqa yollar yoxdur.

Ancaq bu, təkcə Azərbaycana aid olan problemlər deyil. Başqa respublikaların iqtisadiyyatında da vəziyyət belədir. Ola bilər, birində digərindən biz az yaxşı olsun, başqasında isə o birindən pis olsun. Yəni fərqlər varsa da, o qədər böyük deyil. Əgər keçmişdə bir dövlətdə olduğumuz vaxtdakı neft sənayesini - indi ayrı-ayrı müstəqil dövlətlərdə olan neft sənayesini götürsək, əksəriyyətinin vəziyyəti elə bizim neft sənayesinin vəziyyəti kimidir.

Müstəqilliklə, keçid dövrü ilə əlaqədar olaraq bu çətinliklər obyektiv xarakter daşıyır, təbiidir. Bunları bilmək lazımdır. Biz bunlara dözməliyik. Ancaq o mənada yox ki, həmişə belə olacaq, buna daim dözəcəyik və elə həmişə belə yaşayacağıq, - yox. Bunlara dözərək eyni zamanda bu vəziyyətdən çıxmaq üçün çox ciddi tədbirlər görməliyik. Varmı bu vəziyyətdən çıxmaq yolları? Var. Edə bilərikmi biz onları? Edə bilərik. Ancaq gəlin, bu gün burada həqiqəti etiraf edək ki, bu ağır, çətin yolu keçərkən insanların bir çoxu yalnız öz şəxsi məqsədlərini, şəxsi mənafelərini güdür, müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatının sağlamlaşması, onun bu ağır vəziyyətdən çıxması üçün çalışmaq lazım gəldiyini o qədər də bilmir. Hərə özü üçün nəsə edir - biri zənginləşir, biri kasıblaşır, biri həddindən artıq qeyri-qanuni sərvətlər əldə edir, o birisi yaşadığı vəziyyətdən də üç-dörd pillə aşağı düşür. Ümumiyyətlə, dövlətimizin iqtisadiyyatında bu ağır vəziyyət davam edir.

Ona görə də bugünkü görüşümüzdən hamımız bir əsas nəticə çıxarmalıyıq: biz bu ağır iqtisadi-sosial vəziyyətdən çıxış yollarını müəyyən edib, bu çıxış yollarından istifadə edib iqtisadiyyatımızı bu vəziyyətdən qurtarmalıyıq. Ümumiyyətlə, iqtisadiyyatın bu vəziyyətdən çıxarılmasının əsas yolunu biz müəyyən etmişik. Bu, mülkiyyət formasının tədricən dəyişdirilməsi, bazar iqtisadiyyatı yolu ilə gedilməsi, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatı ilə daha da sıx inteqrasiya olunması və xarici şirkətlərin Azərbaycana sərmayə qoyması, onların vasitəsilə Azərbaycan iqtisadiyyatının canlandırılması və hərəkətə gətirilməsidir. Respublikamızın, xalqımızın xoşbəxtliyi ondan ibarətdir ki, zəngin təbii sərvətlərimiz var, böyük iqtisadi potensialımız var, intellektual potensialımız var. Geofizika sahəsində müştərək müəssisə haqqında indi verilən məlumat onu göstərir ki, bizim böyük intellektual, texniki və mühəndis potensiallarımız var. Bu potensiallardan sadəcə olaraq səmərəli istifadə etmək lazımdır. Bu, respublikamızın ümumi sərvətidir. Ola bilər, buna görə biz ayrı-ayrı respublikalardan bir az da fərqliyik, müsbət mənada fərqliyik. Ancaq bunların hamısını hərəkətə gətirmək üçün biz gərək yeni iqtisadi yollara gedib, iqtisadiyyatımızı yeni iqtisadi prinsiplər əsasında qurub bu ağır vəziyyətdən çıxaq.

Biz bu barədə neft sahəsində böyük bir addım atmışıq. Dünyanın böyük neft şirkətləri ilə neft müqaviləsi imzalamışıq. Neft yataqlarının başqa sahələrində də müştərək iş görmək üçün danışıqlar aparırıq. Ancaq bu, bütün işlərin həll olunması deyil. Bütün işləri həll etmək üçün daha geniş fəaliyyət göstərmək lazımdır.

Neft sənayesində bizim vəziyyətimiz başqa sahələrə nisbətən, demək olar ki, yaxşıdır. Baxmayaraq ki, problemlər çoxdur, - ağır vəziyyət haqqında burada nə qədər danışıldı, - ancaq sənayemizin bütün başqa sahələrinə nisbətən neft sənayesinin vəziyyəti fərqlidir. Fərqlidir ona görə ki, biz neft çıxarırıq, fərqlidir ona görə ki, neft emal edirik. Ölkəmizin, respublikamızın neft məhsullarına olan tələbatını tamamilə ödəyə bilərik və neftin bir hissəsini ixrac edirik. İqtisadiyyatımızın və xüsusən sənayemizin başqa sahələrində bu cəhətdən imkanlarımız çox məhduddur. Ancaq eyni zamanda, biz neft sənayesinin potensialının hamısından istifadə edə bilmirik. Bunlar da bax, bu ağır problemlərin yaranmasına gətirib çıxarmışdır.

Mən bu gün görüşümüzü başlayarkən bildirdim ki, bu görüşümüzün birinci məqsədi, əvvəla, neft sənayesində olan vəziyyət və lazımi tədbirlər haqqında fikir mübadiləsi aparmaqdan, ikincisi, bir il bundan öncə imzalanmış neft müqaviləsinin necə həyata keçirilməsi haqqında hesabat, məlumat almaqdan ibarətdir. Müzakirəmizin birinci məsələsi bugünkü danışıqlardan, verilən məlumatlardan daha da aydın olur. Neft sənayesində çox böyük problemlər var, onları həll etmək lazımdır. Bunun üçün də daha fəal işləmək, yeni tədbirlər görmək lazımdır. Bunların bir qismi bizim Dövlət Neft Şirkəti rəhbərliyinin üzərinə düşür, onların fəaliyyətindən asılıdır, şirkətin ayrı-ayrı strukturlarının rəhbərlərinin fəaliyyətindən asılıdır. Mən bu gün tələb edirəm ki, mövcud şəraitdən, mövcud imkanlardan istifadə edərək Dövlət Neft Şirkəti və onun bütün strukturları öz fəaliyyətlərini gücləndirsinlər. Belə hesab edirəm ki, onların hələ istifadə etmədikləri imkanlar çoxdur və bunlardan daha səmərəli istifadə etmək lazımdır. Neft şirkətinin prezidenti Natiq Əliyev, onun müavinləri və bütün strukturların rəhbərləri bundan da yaxşı işləməlidirlər.

Doğrudur, məsələn, bu ilin nəticələrini mən o qədər müsbət qiymətləndirməsəm də, o qədər mənfi də qiymətləndirə bilmərəm. Bizim əsas göstəricimiz çıxarılan neftin miqdarıdır. 1985-ci ildə biz Azərbaycanda 13 milyon 150 min ton çıxarırdıqsa, bu il 9 milyon 100 min ton gözlənilir. Fərq böyükdür. Ancaq əgər bu on ili götürüb ilbəil baxsaq, - məndə cədvəl var, bu gün baxmışam, - görərik ki, məsələn, 1985-ci ildən sonra beş il müddətində neft xeyli azalıbdır. 1990-cı ildən azalma sürəti ilbəil getdikcə çox böyük olubdur. Amma, məsələn, keçən illə bu ili müqayisə etsəniz, azalma sürəti aşağı düşübdür. Bunu müsbət qiymətləndirmək olar. Əgər keçən il 9 milyon 500 min ton neft hasil olunubsa, bu il 9 milyon 100 min ton gözlənilir. 400 min ton azalır. Bu, şübhəsiz ki, keçən illərdəki azalmaya nisbətən aşağıdır. Ancaq biz keçən ilə nisbətən 400 min ton az neft alacağıq. Əgər bu meylin qarşısı alınmasa, gələn il bu səviyyə daha da aşağı düşəcəkdir.

Şübhəsiz ki, neft müqaviləsi ilə bağlı aparacağımız iş və əldə edəcəyimiz nəticələr buna müsbət təsirini göstərəcəkdir. Ancaq yalnız buna ümid bağlamaq olmaz. Mövcud quyulardan, mövcud istehsal imkanlarından daha səmərəli istifadə etmək lazımdır. Ona görə də neft çıxarılması sahəsindəki işi mən bu cür qiymətləndirirəm. Hesab edirəm ki, Dövlət Neft Şirkəti də öz işindən razı olmamalıdır, biz də onların işindən razı deyilik. İş daha yaxşı getməlidir, imkanlardan daha çox istifadə olunmalıdır.

Neft sənayesi ağır sahədir. Keçmişdə bizim neft sənayesi lap yüksək səviyyədə olduğu zaman da burada işlər asan getmirdi. Mənim xatirimdədir, o illər demək olar ki, günümüzün yarısı neft sənayesinin problemlərinin həllinə sərf olunurdu. Məhz buna görə biz o illərdə neft sənayesini o səviyyədə saxlaya bilirdik. Amma indi çox yerdə nizam-intizam pozulub, dağıntı da gedir, hərc-mərclik də var, oğurluq da, məsuliyyətsizlik də var. Bunlar hamısı var. Bu gün Natiq Əliyev deyir ki, Əzizbəyov neftin binasını kim isə kooperativə vermişdir, kooperativ isə bir şəxsə satmışdır. Bilirsiniz, sərbəst iqtisadiyyat yoluna keçmək, iqtisadiyyatı sərbəstləşdirmək onu bu cür dağıtmaq demək deyildir. Bazar iqtisadiyyatına keçmək, sərbəst iqtisadiyyata keçmək illər boyu milyonlarla insanın əlinin qabarı, zəhməti ilə, alın təri ilə yaradılmış bu sərvətləri ayrı-ayrı quldurlar tərəfindən, ayrı-ayrı oğrular tərəfindən dağıtmaq demək deyildir. Ancaq təəssüflər olsun ki, 1988-1989-cu illərdən, xüsusən 1990-cı ildən başlayaraq ayrı-ayrı adamlar, - guya ki, bunlar yeni istehsal formaları yaradırlar, yeni kiçik müəssisələr yaradırlar, Azərbaycanın iqtisadiyyatını yüksəldəcəklər, onun səmərəliliyini artıracaqlar, - bu yolla iqtisadiyyatın çox hissəsini dağıdıblar. O cümlədən neft sənayesində də çox dağıdıblar, ona görə də ayrı-ayrı adamlar həddindən artıq zənginləşib, amma ümumiyyətlə neft sənayemiz bu günə düşübdür.

Məsələn, keçmişdə İliç adına olan Neftçilər sarayı, böyük, zəngin bir saraydır, burada doğru deyildi, - memarlıq abidəsidir. Kim isə onu götürüb bir şəxsə vermişdi, kim isə orada kooperativ düzəltmişdi. Yaxşı ki, biz bu işə qarışdıq, sarayı bərpa etdik, şirkətin ixtiyarına keçirdik. Şirkət də indi ondan səmərəli istifadə edir. Amma Azərbaycanın nə qədər belə varı-dövləti dağılıbdır, oğurlanıbdır, ayrı-ayrı adamların əlinə keçibdir. Təəssüflər olsun ki, bax bu da insanların əxlaqını pozub, mənəviyyatını pozub, nizam-intizamı pozub, qanun-qaydanı pozubdur, bizim ümumi sərvətimizə, ümumi iqtisadiyyatımıza böyük zərbələr vurubdur.

Bir də deyirəm: bizim yolumuz mülkiyyətin formasını dəyişdirməkdir, bazar iqtisadiyyatını inkişaf etdirməkdir. Ancaq oğurluqla yox, quldurluqla yox, ayrı-ayrı adamların qeyri-qanuni yollarla bu işləri ələ keçirməsi ilə yox, qanuni yolla, qanun çərçivəsində də, bir də sosial ədaləti unutmadan, onun prinsiplərini saxlayaraq inkişaf etdirməkdir. Ona görə də, yenə də deyirəm, nə qədər çox dağılmış olsa da, bizim neft sənayesinin hələ də çox böyük, zəngin istehsal fondları var. Düzdür, bu fondların bəziləri köhnəlib, əvvəlki keyfiyyətini itirib, ancaq onlardan səmərəli istifadə etsək - və biz bunu etməliyik, - neft hasilatını nəinki bu səviyyədə saxlaya bilərik, bundan da çox neft çıxara bilərik.

Sənayedə bizim ikinci əsas sahəmiz qaz istehsalıdır. Təsəvvür edin, 1985-ci ildə 14 milyard kubmetr qaz çıxarılırdı, bu il isə 6,6 milyard kubmetr gözlənilir. Görün nə qədər aşağı düşmüşdür. Bəli, iki dəfə yarım azalmışdır. Nə üçün, nəyə görə? Mən hər dəfə soruşanda deyirlər ki, əlavə quyular qazılmalı idi, yeni buruqlar olmalı idi, yeni-yeni qaz yataqları açılmalı idi. Doğrudur, bu belədir. Xatirimdədir, keçmişdə - təxminən 80-ci illərin əvvəlində biz qaz istehsalını 15 milyard kubmetrə çatdırmışdıq. Onda da bu, elə-belə başa gəlmirdi. Hər il iş görülürdü, yeni quyular qazılırdı, yeni istehsal sahələri açılırdı, qaz çıxarılması da artırdı.

Ancaq indi biz mövcud buruqlarımızdan, mövcud mədənlərimizdən bundan da çox qaz çıxara bilərik. Doğrudur, burada Natiq Əliyev bir problemi dedi, məsələn, əgər boru kəməri çəkilsə, orada müəyyən qədər qaz istehsal edib nəql etmək olar. Yaxud, "Pennzoyl" şirkətinin gətirib kompressor stansiyasını qurması ilə qaz çıxarılması ilə 1 milyard 200 milyon kubmetr artıbdır. Belə imkanlar var, ancaq bunlar vəsait tələb edir. güman edirəm ki, gələcəkdə biz bu vəsaiti vaxtlı-vaxtında tapıb verməliyik və bu işi təmin etməliyik. Ancaq mövcud imkanlarımız indikindən də artıq qaz çıxarmağa şərait yaradır. Sadəcə olaraq bu sahədə də daha səmərəli işləmək lazımdır.

Bir sözlə, hesab edirəm ki, əsas vəzifə bu ilin sonuna qədər işləri daha da yaxşılaşdıraraq neftçıxarma, qazçıxarma sahəsində əldə olunmuş səviyyədən daha da yüksəyə qalxmaq və Azərbaycanın tələbatını təmin etməkdir. Eyni zamanda bunu təmin etmək üçün, - burada bu barədə çox deyildi, - neft-qaz sənayesinə kömək etmək lazımdır, onun problemlərini həll etmək lazımdır. Burada 28 May adına Neft və Qazçıxarma İdarəsindən gələn nümayəndə sadəcə dedi ki, bizim yeməyimizi verin, içməyimizi verin, məvacibimizi verin, biz də neft çıxaraq. Bunu etmək lazımdır. Düzdür, bizim maliyyə vəziyyətimiz ağırdır, çətindir. Amma buna baxmayaraq, neftçilərin maaşları vaxtlı-vaxtında verilməlidir. Mən onu da bildirmək istəyirəm ki, neftçilərin maaşları bütün başqa sahələrdə işləyən fəhlələrin, mühəndislərin, mütəxəssislərin maaşlarının hamısından yüksəkdir, bunu siz bilirsiniz. Bizim neft şirkətində orta əmək haqqı 200 min manatdır. Elədir, ya yox? 220 min manatdan artıqdır. Amma ümumiyyətlə, bizim respublikada orta əmək haqqı 60 min manatdır. 60 minlə 220 min arasında, görürsünüz, üç dəfədən çox fərq var. Demək, neftçilərin orta əmək haqqı bütün başqa sahələrdə işləyən adamların orta əmək haqqından üç dəfə artıqdır. Bilirəm ki, bu da bugünkü tələbatı ödəmir. Ancaq nə edək ki, bundan artıq imkanımız yoxdur. Lakin Maliyyə Nazirliyi, banklarımız neftçilərin maaşlarının vaxtlı-vaxtında verilməsini təmin etməlidirlər. Neftçilərin maaşı gecikməməlidir, bunu təmin etmək lazımdır.

Neftçilərin səmərəli işləməsi üçün burada bir çox problemlər qaldırıldı. Təkcə onların səmərəli işləməsi üçün yox, ümumiyyətlə neft sənayesinin daha ahəngdar işləməsi üçün məsələlər qaldırıldı. Məsələn, neft sənayesinə olan borclar və neft sənayesinin borcları. Azərenerji şirkətinin rəhbəri Müslüm İmanov çıxış etdi - onların borcları və onlara olan borclar. Kənd təsərrüfatının borcları və kənd təsərrüfatına olan borclar. Eləcə də başqa sahələri götürək. Bunlar böyük iqtisadi problemlərdir. Mən bunların həll edilməsi barədə dəfələrlə Nazirlər Kabinetinə göstərişlər vermişəm. Bu gün çox böyük təəssüf hissi ilə demək istəyirəm ki, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi bu məsələlərin həlli ilə layiqincə məşğul olmurlar. Demək istəmirəm ki, bu məsələlərin həll olunması asan bir işdir. Yox, asan iş deyildir. Ancaq eyni zamanda bunu tamamilə çıxılmaz vəziyyət kimi də qəbul edə bilmərəm. Bunun cürbəcür yolları var. Bu yolları bizim iqtisadçılar da bilirlər, sənayeçilər də bilirlər və Nazirlər Kabinetinin rəhbərliyi də bilir. Sadəcə olaraq oturub bir neçə variant haqqında düşünmək lazımdır, lazımi tədbir görülməlidir.

Ancaq təəssüf ki, bu tədbirlər görülmür. Bir tərəfdən biz neft çıxarırıq. Burada İmanov dedi ki, neft şirkətinin məhsullarının 40 faizini onlar işlədir, elektrik enerjisi istehsal edirlər. Həmin elektrik enerjisi əhaliyə, xüsusən sənaye müəssisələrinə verilir. Əgər istifadə olunan elektrik enerjisinin qiyməti qayıtmırsa, demək, insanlar, təşkilatlar, müəssisələr bundan müftə istifadə edirlər. Şübhəsiz ki, onlr da müftə istifadə edəndə hər şeyi dağıdırlar. Bunların qarşısı alınmalıdır, lazımi tədbirlər görülməlidir. Bu tədbirləri də Nazirlər Kabineti görməlidir. Təəssüf ki, Nazirlər Kabineti bu işlərlə ciddi məşğul olmamışdır. Mən tələb edirəm ki, bu işlərlə ümumiyyətlə ciddi məşğul olunsun. Xüsusən neft sənayesinin problemlərinin köklü surətdə həll olunması üçün ayrıca tədbirlər hazırlanmalı, təsdiq edilməlidir. Lazım gələrsə, bunlar mənim fərmanlarımla qəbul olunmalıdır.

Ona görə mən Nazirlər Kabinetinə tapşırıram. Baş nazir Fuad Quliyev burada yoxdur, ezamiyyətdədir, iki-üç gündən sonra gələcəkdir, ona tapşırıq verirəm, - neft sənayesinin bütün problemlərinin həll olunması üçün bir ay müddətində tədbirlər hazırlansın və mənə təqdim edilsin. Şübhəsiz ki, bu tədbirlər Dövlət Neft Şirkəti ilə birlikdə, müvafiq nazirliklər - İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi ilə, banklarla, başqa əlaqədar təşkilatlarla birlikdə hazırlanmalıdır.

Burada borclar haqqında söhbət getdi. Bu da böyük bir problemdir. Biz bu məsələnin həll olunmasını vaxtilə Nazirlər Kabinetinə tapşırmışıq. Nazirlər Kabineti bu məsələlərin həlli üçün komissiya yaradıbdır. Ancaq bu komissiya indiyə qədər bir iş görə bilməyibdir. Ona görə mən bu gün Nazirlər Kabinetinə və Vahid Axundova tapşırıram ki, bu, sadəcə şifahi tapşırıq olmasın, bu tapşırıqla əlaqədar və neft sahəsində görüləsi işlərlə əlaqədar mənim sərəncamımı hazırlayasınız ki, mən onu imzalayım. Bunun üçün ayrı sərəncam. Borcların ödənilməsi ilə əlaqədar oktyabrın 15-dək müvafiq tədbirlər hazırlanıb təqdim olunmalıdır. Yəni Nazirlər Kabinetində bunlara baxılmalıdır, lazımi qərarlar qəbul olunmalıdır və bu qərarların qəbul edilməsi və nəticəsi haqqında Prezidentə məlumat verilməlidir.

Mən yenə də Dövlət Neft Şirkətinin daxili imkanları məsələsinə qayıdıram. Dövlət Neft Şirkəti istehsal etdiyi neft məhsullarının böyük bir hissəsini ixrac edir, xarici ölkələrə satır, valyuta qazanır. Ancaq ixrac edilən neftdən gələn gəlirdən necə istifadə olunur? Doğrusu, bu barədə mənim dəqiq məlumatım yoxdur. Mən bunu Natiq Əliyevə bir neçə dəfə demişəm. Bu gün də görüşdən əvvəl dedim. O mənə deyir ki, biz bunu xərcləyirik, öz daxili işlərimizə yönəldirik. Ancaq mənim məlumatım yoxdur ki, nə cür xərclənir, nə təhər xərclənir. Hər halda bizim ixracdan gələn gəlirimizin əsas mənbələrindən biri neft məhsullarıdır. Bu məhsulları biz satırıq. Amma gələn gəlirdən nə cür, nə təhər istifadə olunur, buna nə qədər nəzarət var, bu pullar hara gedir - mən bir Prezident kimi bunu bilmirəm.

Tələb edirəm ki, həm 1993-cü ildə, həm 1994-cü ildə, həm də bu ilin doqquz ayında xaricə satılmış bütün neft məhsullarının haraya, nə qədər, hansı qiymətə satılması, ondan nə qədər gəlir gəlməsi, bu gəlirin haraya istifadə olunması, nə nəticə verməsi barədə Dövlət Neft Şirkəti mənə yazılı hesabat versin. Mən bunu bilməliyəm. Nəinki bilməliyəm, həm də bu, bizim müzakirə mövzusuna çevrilməlidir. Biz bunu müzakirə etməliyik. Çünki bu heç vaxt nə Nazirlər Kabinetində müzakirə olunubdur, nə bir Prezident kimi mən bunu burada heç vaxt müzakirə etməmişəm və bilmirəm bu pullar haraya gedir. Mən bundan narahatam. Ona görə də bunu tələb edirəm.

Burada dedilər ki, biz keçən il Türkmənistandan qaz almışıq. Bu ilin əvvəlində də, - mən belə başa düşdüm, - 500 milyon kubmetr qaz alınıbdır. Son vaxtlar mən oradan-buradan belə təkliflər eşidirdim ki, biz yenə də Türkmənistanla əlaqə yaratmalıyıq, qaz almalıyıq və respublikanı qazla təmin etməliyik. Əgər belə olmasa, burada vəziyyət çətinləşəcək, ağır olacaq, hətta bəziləri deyirdi ki, sosial partlayış olacaq və sairə. İndi burada Səməd Sadıqov dedi ki, bizim qaza olan tələbatımızın 6,6 milyard kubmetri var, 2 milyard kubmetr çatışmır. Bilirsiniz, bəlkə bizə bundan əlavə 4 milyard kubmetr də qaz lazımdır. Ancaq elə şey var ki, bizim yoxumuzdur, 6,6 milyard kubmetr qazımız ki var! Bəs Gürcüstan, Ermənistan nə etsin - onların bir kubmetr də qazı yoxdur. Onlar necə yaşayırlar!

Mən bunu niyə deyirəm? Özü də çox böyük hiddətlə deyirəm. Çünki çıxarılan qazın bir çox hissəsi dağıdılır, ayrı-ayrı yerlərdə satılır. Mənə gələn məlumatlardan görünür ki, bizim Dövlət Qaz Şirkətində çox hərc-mərclik var. Onlar qazı Gürcüstana, oradan da Ermənistana satırlar. Həm də təkcə qazı yox. Məndə olan məlumatlara görə, buradan neft məhsullarını da xəlvətcə Qazax tərəfdən keçirirlər və Gürcüstan adı ilə Ermənistana da gedir. Türkmənistandan qazın alınmasında da cürbəcür qanunsuz və iqtisadiyyatımıza zərbə vuran hərəkətlər olubdur. Bu siqnallar da mənə gəlib çatıbdır. Mən elə bilirəm ki, qaz almaq üçün çox çalışan adamlar heç də hesab etmirlər ki, doğrudan da biz qışda qazsız yaşaya bilməyəcəyik. Ona görə ki, istəyirlər bu işdə yenə əllərini qızdırsınlar. Bilirsiniz, xalqın bu ağır vəziyyətində, insanların kasıb yaşadıqları bir dövrdə xalqın malını oğurlayıb, mənimsəyib zənginləşməkdən ləyaqətsiz hərəkət ola bilməz. Ayrı-ayrı insanlar ləyaqətini itiriblər, xalq haqqında düşünmək əvəzinə, millət haqqında düşünmək əvəzinə, respublikanın iqtisadiyyatını normal vəziyyətə salmaq əvəzinə tutduğu vəzifəyə hərə özü üçün xüsusi bir gəlir götürmək istəyir. Özü də bu gəliri, nə təhər deyərlər, bir balaca insafla götürsə, yenə deyərsən ki, buna bəlkə dözmək olar. Ancaq bunlar o qədər yırtıcı olurlar, o qədər gözüac olurlar ki, heç bir şeylə doymurlar. Belələri bizim içərimizdə hələ də var. Həmin bu qazı, neft məhsullarını bizim qərb zonasında satan adamlar yenə öz çirkin işlərini davam etdirirlər.

Ümumiyyətlə, işlərimizin çətin getməsinin səbəbi nədir? Burada Müslüm İmanov danışdı. Bir məsələni həll etmək üçün min dənə mərtəbədən keçib hər yerdə nə isə vermək lazımdır. Bizim bu ağır vəziyyətimizdə belə şeylərə dözmək olarmı?

Dəmir yolunda böyük hərc-mərclik var. Şirkətlərin-filanların yüklərinin birini də rüşvətsiz keçirmirlər. Hətta onun taksası da var: hansı vaqona nə qədər vermək lazımdır. Bilirsiniz, bu qədər soyğunçuluq, xalqa bu qədər xəyanət hallarına biz artıq dözə bilmərik. Ona görə də mən hesab edirəm ki, əgər bu il biz 6,6 milyard kubmetr qaz çıxarırıqsa, həmin səviyyəni nəinki saxlamaq, həm də artırmaq lazımdır. Çünki "Pennzoyl" şirkətinin bizə verdiyi kompressor stansiyasının hesabına o artmalıdır və bundan savayı özümüz də onu artırmalıyıq. Əgər "Pennzoyl" olmasaydı, demək, biz bir milyard filan qədər aşağıya düşməliydik? Keçən il "Pennzoyl" yox idi, biz 6,4 milyard kubmetr qaz çıxarmışdıq. Bu il "Pennzoyl" var, 6,6 milyard kubmetr qaz çıxarılacağı gözlənilir.

İndi bir milyard 300 milyon kubmetr qaz gəlir. Əgər "Pennzoyl" olmasaydı, onda qazın həcmi nə qədər aşağı düşəcəkdi. Belə yaramaz, mən bununla razı ola bilmərəm. Mən Dövlət Neft Şirkətinin rəhbərliyindən və Natiq Əliyevdən tələb edirəm ki, qazçıxarma sahəsində əlavə tədbirlər görülsün. Biz bu il Türkmənistandan qaz almayacağıq, imkanımız yoxdur. Mən bunu elan edirəm. Onsuz da indiyədək alınan qazdan bizim xeyli borcumuz var.

Bilirsiniz, indi baş qarışıqdır, bəzən mən bunu bilmirəm, amma bu işlə bir balaca ciddi məşğul olanda hər şey mənə aydın olur. Türkmənistandan ki, qazı almışıq, mən hesab edirəm ki, o qazın hamısı gəlib respublikaya çatmayıb. Onu oğurlayıblar, Türkmənistanda və burada olan adamlar əlbir olub onu mənimsəyiblər. Mən belə fikirdəyəm, bu mənim təhlilimin nəticəsidir. Ona görə də biz bu il heç bir yerdən qaz almayacağıq, öz qazımızla yaşamalıyıq.

Yenə də deyirəm, Ermənistan 1990-cı ildən heç bir yerdən qaz almır. Gedib Türkmənistandan milyard yarım kubmetr qaz alır, nə cür yaşayır? Yaşayır, hətta müharibə edib bizim torpaqlarımızı da işğal etdi. Ermənistanın nefti, neft məhsulları yoxdur. Biz respublikamızı neftlə bütünlüklə təchiz etmişik. Nefti, benzini olmayan Ermənistan isə gəlib torpaqlarımızı işğal etdi. Amma bu qədər neft çıxarırıq, bu qədər neft məhsullarımız var, bunları isə ora-bura dağıdırıq.

Gürcüstanın da həmçinin, nə nefti var, nə də qazı var. Böyük çətinliklə İrandan, yaxud Türkmənistandan bir qədər qaz ala bilirlər. Ordan-burdan bir az neft məhsulları alırlar, yaşayırlar. Bizim isə bu qədər neftimiz olduğu halda və bu qədər qaz çıxardığımız halda hələ gedib Türkmənistandan qaz alıb gətirək? Əlbəttə, pulumuz olsaydı, alardıq. Ancaq yoxdur axı! Olmayan halda nə üçün bəzi adamlar bizi daha böyük bəlaya salmaq istəyirlər?

Qazdan istifadə edilməsinə nəzarət olmalıdır. Mən "Azəriqaz" Dövlət Şirkətinin prezidenti Tariyel Hüseynova xəbərdarlıq edirəm və ondan tələb edirəm ki, şirkətin işində olan nöqsanlar aradan götürülsün. Cürbəcür yaramaz hallara son qoymaq lazımdır. Dövlət Neft Şirkətindən tələb edirəm ki, qaz istehsalını təmin etsin ki, xüsusən qış dövründə respublikamız öz qazı ilə yaşayıb-işləyə bilsin.

Gəlin bir şeyi də fikirləşək. Sənayenin çox hissəsi işləmir. Respublikamızda qazın və neft məhsullarının ən böyük istehlakçısı sənayemizdir. Sənayenin çox hissəsi işləmirsə, bəs onda qaz niyə çatmır? Axı, işləmirsə, demək, ora qaz getmir. Neft məhsulları da həmçinin. Əgər sənayenin çox hissəsi işləmirsə və neft məhsullarından istifadə etmirsə, onda bu neft məhsulları haradadır?

Bizim İqtisadiyyat Nazirliyi də köhnə qayda ilə işləməməlidir. Siz bu məsələlərə baxmalısınız. Köhnə Dövlət Plan Komitəsində olduğu kimi, sizin standart cədvəlləriniz var və həmin cədvəllər əsasında da yazırsınız ki, keçən il bu qədər olmuşdur, gərək bu il bundan beş faiz artıq olsun. Bir bax, gör, hansı zavod, hansı fabrik işləyir, nə qədər qazdan istifadə edir, nə qədər neft məhsullarından istifadə edir, nə qədər elektrik enerjisi işlədir.

Müslüm İmanov burada deyir ki, mən elektrik enerjisi verirəm, pul vermirlər. Yaxşı, sən elektrik enerjisini verirsən, əgər bu zavodların, fabriklərin bir çoxu işləmirsə, yaxud da ki, istehsal gücünün cəmi 20-30 faizi səviyyəsində işləyirsə, bu elektrik enerjisi hara gedir? Bunu bir araşdıran varmı? Yoxdur axı!

Bizim İqtisadiyyat Nazirliyi bununla məşğul olmur, Nazirlər Kabineti bununla məşğul olmur. Ayrı-ayrı müəssisə rəhbərləri, şirkət rəhbərləri axı, vicdanla işləməlidirlər. Bu, yağı malı deyil, dövlətin malıdır. Bu, bizim xalqın sərvətidir. Əgər sənin zavodun bu il öz istehsal gücünün 20 faizi səviyyəsində işləyirsə, demək, sən 20 faiz elektrik enerjisi alacaqsan, 20 faiz də neft, yaxud qaz məhsulları ala bilərsən. Sənə bundan artıq lazım deyil. Əgər artıq gəlirsə, demək, harasa havayı gedir, harasa dağıdılır, oğurlanır.

Bu məsələləri həm araşdırmaq lazımdır, həm də qanun-qayda yaratmaq lazımdır. Mən İqtisadiyyat Nazirliyinə, Nazirlər Kabinetinə tapşırıram ki, bu məsələləri araşdırsınlar, respublikanın istehsal sahələrində - sənayedə, kənd təsərrüfatında, nəqliyyatda və bütün başqa sahələrdə elektrik enerjisinə, neft məhsullarına olan tələbat dəqiqləşdirilsin. Kağız üzərində on ildən, on beş ildən qalmış tələbat yox, real tələbat müəyyənləşdirilsin, onlara tələbatı təmin edən miqdarda bu məhsullar, o cümlədən elektrik enerjisi ayrılsın və məlumat verilsin ki, bu elektrik enerjisinin, neft-qaz məhsullarının qalan hissəsi haradadır, hara gedir və bundan kim istifadə edir.

Mən Azərbaycan neftçilərinin fəaliyyətini həmişə yüksək qiymətləndirmişəm və qiymətləndirirəm. Neftçilər Azərbaycan tarixində əvəzsiz xidmətlər göstərmişlər, əsrin əvvəlindən indiyədək Azərbaycanın şanını-şöhrətini qaldırmışlar. Respublikanın bütün iqtisadiyyatının inkişafı neft sənayesi ilə bağlıdır. Demək, Azərbaycan neftçilərinin əməyi ilə bağlıdır.

Azərbaycan neftçiləri 45 ildir ki, dənizdən neft çıxarırlar və onların hər günkü əməyi böyük qəhrəmanlıq nümunəsidir. 28 May adına Neft və Qazçıxarma İdarəsinin burada çıxış edən nümayəndəsi dedi ki, onlar balaca bir sahədə, bir özüldə həm işləyirlər, həm də yaşayırlar, lakin xəstələri olanda onlara dərman verən bir həkim də yoxdur. Belə bir şəraitdə işləməyin, çalışmağın özü bir qəhrəmanlıqdır. Mən həmişə olduğu kimi, bu gün bir daha neftçilərin əmək fəaliyyətini, Azərbaycan iqtisadiyyatının inkişaf etməsində onların xidmətini yüksək qiymətləndirirəm və bütün neftçilərə öz təşəkkürümü, hörmət və ehtiramımı bildirirəm.

28 May adına Neft və Qazçıxarma İdarəsinin buruqlarından, Neft daşlarından, başqa neftçıxarma idarələrindən, yaxud neft buruqlarından gələrək burada iştirak edən, neft sənayesində, bilavasitə neftin çıxarılmasında işləyən şəxslərlə bugünkü görüşümdən çox məmnun olduğumu bildirmək istəyirəm. 28 May adına Neft və Qazçıxarma İdarəsindən burada çıxış edən nümayəndə dedi ki, onun Prezidentlə görüşəcəyini eşidəndə hamı sevindi. Bilin ki, mən də sizinlə görüşə belə sevinclə gəlmişəm.

İşlər çox olduğuna görə indi mən Neft daşlarına gəlməyə imkan tapmamışam. 28 May adına idarənin buruqlarına da gəlməyə çox can atıram, amma hələ ki, imkanım yoxdur. Güman edirəm, vaxt gələcək, biz bəzi işlərimizi qurtarandan sonra mən sizin yanınıza da gələcəyəm, görüşəcəyik. Bilavasitə sizin buruqlarda, sahələrində söhbət edəcəyik, problemlərinizin həll olunması üçün əlavə tədbirlər görəcəyik. Mən burada olan nümayəndələrdən xahiş edirəm ki, bütün neftçilərə və xüsusən uzaqda, dənizdə işləyən, ayrı-ayrı buruqlarda olan neftçilərə mənim salamımı, hörmət və ehtiramımı çatdırasınız.

Biz sözlə, neftçilər Azərbaycan ictimaiyyətinin, xalqının, cəmiyyətinin həmişə aparıcı qüvvəsi olublar, belə də var. Neftçilər Azərbaycan dövlətçiliyinin dayağıdırlar. Mən neftçilərə güvənirəm və Azərbaycan neftçilərinin dayağı kimi mən onları daim öz yanımda hiss edirəm. Sizin problemlərinizin imkan daxilində həll olunması üçün lazımi göstərişlər verdim.

Bu gün müzakirə olunan ikinci məsələ neft müqaviləsinin həyata keçirilməsi barədədir. Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyevin verdiyi məlumatdan belə görünür ki, neft konsorsiumunun fəaliyyəti ilə əlaqədar Beynəlxalq Rəhbər komitənin bu il üçün nəzərdə tutduğu işlər normal gedir, planlar vaxtlı-vaxtında yerinə yetirilir, ayrılmış büdcədən tamamilə istifadə olunur və ilin axırınadək istifadə olunacaqdır. Bu onu göstərir ki, neft müqaviləsi kağız üzərində olan bir sənəd deyil, artıq fəaliyyətdə olan bir müqavilədir. Bu gün neft müqaviləsinin birinci ildönümünü qeyd edərkən mən bir daha bildirmək istəyirəm ki, biz bir il bundan əvvəl Azərbaycanın iqtisadiyyatı üçün, Azərbaycan xalqının rifahı üçün, respublikamızın bu günü və gələcəyi üçün çox cəsarətli, gərəkli bir addım atmışıq. Biz bu yolla gedəcəyik, imzalanmış neft müqaviləsini ilbəil həyata keçirəcəyik.

Mən əminəm ki, Azərbaycan xalqı müqavilədə nəzərdə tutulmuş mərhələlərdə bu müqavilənin əhəmiyyətini və xüsusən onun iqtisadi faydasını görəcək, hiss edəcəkdir. Ancaq onun əhəmiyyəti və faydası sadəcə olaraq müqavilə əsasında çıxarılan neftdən gələn gəlirdən ibarət deyil. "Geofizika" müştərək müəssisəsinin rəhbəri Fuad Əliyevin buradakı çıxışı buna nümunədir. Nümunədir ona görə ki, biz bu neft müqaviləsi ilə artıq dünyanın neft şirkətlərinin, tək neft şirkətlərinin yox, bütün başqa şirkətlərin də Azərbaycana gəlməsi üçün geniş yol açmışıq. Onlar bu yolla gedəcəklər və öz fəaliyyətləri ilə, elə bu müqavilənin həyata keçirilməsi üçün qoyduqları vəsaitlə Azərbaycan iqtisadiyyatının bir çox sahələrini inkişaf etdirəcəklər və Azərbaycanın müasir tələblərə uyğun infrastrukturlarını yaradacaqlar. Mən buna tam əminəm.

Əgər "Geofizika" müştərək müəssisəsində indi 600 nəfər işləyirsə və yüksək əmək haqqı alırsa, onların hazırladığı, avadanlıqla təmin etdiyi "Geofizika" gəmisi artıq dünya standartlarına cavab verirsə və Xəzər dənizinin başqa sektorlarında da fəaliyyət göstərə bilirsə, artıq bu, neft müqaviləsinin kiçik, orta bir nəticəsidir. Ancaq neft müqaviləsindən bilavasitə və dolayısı ilə irəli gələn, bizim üçün iqtisadi cəhətdən belə mənfəətli hallar bu gün də, gələcəkdə də çox olacaqdır. Ona görə də biz bu neft müqaviləsinin həyata keçirilməsini ardıcıl surətdə təmin edəcəyik.

Düzdür, neft müqaviləsi bir ildir ki, imzalanıbdır. Bir ildir ki, dünyanın demək olar hər yerində bu müqavilənin ətrafında cürbəcür mülahizələr irəli sürülür. Neft müqaviləsi, demək olar ki, bütün dünya mətbuatının və bir çox iqtisadi mərkəzlərin, bir çox ölkələrin diqqətini xüsusi cəlb edibdir. Onun həyata keçirilməsi üçün cürbəcür maneələr törətmək istəyirlər. Onun əleyhinə ayrı-ayrı ölkələrdə, ayrı-ayrı mətbuat orqanlarında cürbəcür məqalələr yazırlar. Bəzən bizi qorxutmaq istəyirlər. Bəzən bizi bu işlərdən çəkindirmək istəyirlər. Ancaq bunların hamısı əhəmiyyətsizdir. Çünki biz neft müqaviləsini imzalamaqdan qabaq, baş verə biləcək bütün bu halları düşünmüşük, onları qabaqcadan görmüşük və neft müqaviləsini tam düşüncəli şəkildə və tam inamla imzalamışıq.

Ancaq çalışmaq lazımdır ki, neft müqaviləsi Azərbaycan iqtisadiyyatının bütün sahələrinə də qoşulsun. Məsələn, bizim neft maşınqayırma sahəsi. Mənə deyirlər ki, guya bu barədə - neft maşınqayırma sənayesində bu neft müqaviləsinin həyata keçirilməsi barədə danışıqlar gedir. Amma güman edirəm ki, danışıqlar hələ zəif gedir. Çünki bu neft müqaviləsinin həyata keçirilməsində Azərbaycanın neftçıxarma və neft maşınqayırma potensialından istifadə olunmalıdır. Bu konsern isə çox zəif işləyir. O zavodların rəhbərləri də bu işlə ciddi məşğul olsunlar. Mən fürsətdən istifadə edib bu gün bunu deyirəm və konsernin rəhbərliyini, zavodların rəhbərlərini xəbərdar edirəm - onlar bu işlə ciddi məşğul olsunlar.

Bu yaxınlarda konsorsiumun beynəlxalq rəhbər komitəsinin Azərbaycanda, Bakıda iclası olacaqdır. Konsorsiumun nümayəndələri yenə də Bakıda toplaşacaqlar. Onlarla sıx əməkdaşlıq etmək lazımdır. Ümumiyyətlə, sənayemizin bütün sahələri maşınqayırma sahəsi, xüsusən neft maşınqayırma sahəsi bu işə girişməlidir. Müqavilənin imzalanmasından bir il keçibdir. Ancaq mən burda hələ ki, ciddi bir hərəkət görmürəm. Təkcə neft maşınqayırmasında deyil, iqtisadiyyatımızın başqa sahələrində də xüsusən sənayemizdə, maşınqayırmanın başqa sahələrində ciddi bir nəticə müşahidə olunmur.

Şübhəsiz ki, zavodlarımız, istehsal müəssisələrimiz bu neft müqaviləsinin həyata keçirilməsində iştirak etmək üçün gərək müasir texnologiya səviyyəsinə qalxsınlar. Ancaq bu səviyyəyə qalxmaq üçün də gərək müştərək işə qoşulasınız, bu şirkətləri özünüzə cəlb edəsiniz. Bu müasir texnologiya səviyyəsinə onlarla birlikdə qalxmaq olar. Siz təkbaşına müasir texnologiya səviyyəsinə qalxa bilməyəcəksiniz. Çünki özünüzün vəsaitiniz yoxdur və sizə əlavə vəsait verməyə bizim imkanlarımız da yoxdur. Siz bunu bilməlisiniz və düşünməməlisiniz ki, bir ay da, iki ay da, üç ay da yaşadınız, işlədiniz, başınızı birtəhər dolandırdınız, - bununla da qurtarmaq olar. Bu cür işləmək olmaz. Bizim böyük iqtisadi potensialımız var, bu potensial şübhəsiz ki, neft müqaviləsinin həyata keçirilməsinə cəlb olunmalıdır, mütləq!

O ki qaldı, Dərin özüllər zavodu, indi onun adını dəyişiblər, başqa cürdür, - o zavod bu sahədə işin əsas iştirakçısı olmalıdır. Mən bunu tapşırdım və güman edirəm ki, mənə bu barədə məlumatlar veriləcəkdir. Ancaq indi bilmirəm o "MakDermott" şirkəti ilə müştərək yaranmış müəssisənin fəaliyyəti necə olacaqdır. Güman edirəm ki, bunlar düşünülmüş bir şeydir. Mən hesab edirəm ki, bu zavodun istehsal gücü tamamilə konsorsiuma cəlb olunmalıdır və konsorsium tamamilə bundan istifadə etməlidir.

Zavodun direktoru burada dedi ki, ona şərait yaratsınlar, nəsə çubuqlar istehsal etsin, onlar lazımdır. Bəlkə sənayemizə, iqtisadiyyatımıza lazımdır, mənim etirazım yoxdur. Amma bu, zavodun əsas iş sahəsi deyil axı, köməkçi, əlavə sahəsidir. Zavod özünə əlavə iş tapmaq istəyir. Mən bunu başa düşürəm, ona kömək etmək olar ki, doğrudan da fəhlələrin, mütəxəssislərin müəyyən hissəsi orada işləsin. Ancaq bu, zavodun əsas məqsədi, əsas profili deyil. Zavodun əsas profilindən istifadə etmək haqqında, bu barədə düşünmək lazımdır. Güman edirəm, Nazirlər Kabinetinə bir ay müddətinə hazırlamağı tapşırdığım tədbirlərə bunlar hamısı daxil olacaqdır.

Biz sözlə, imzalanmış neft müqaviləsinin bir illiyini bu gün qeyd edərək məmnuniyyət hissi ilə bildirmək istəyirəm ki, müqavilə işləyir, lazımi işlər görülür. Ancaq bu işlərin daha geniş miqyasda görülməsi üçün iqtisadiyyatımızın bütün sahələri bu müqavilədə iştirak etməyə maraq göstərməlidirlər, öz təkliflərini verməlidirlər, təşəbbüslərdə bulunmalıdırlar.

Nəhayət, bu gün iqtisadiyyatdan söhbət getdiyinə görə mən bir də bildirmək istəyirəm ki, iqtisadiyyatımızın bu ağır vəziyyətdən çıxması yolu iqtisadiyyatda islahatların aparılmasıdır, özəlləşdirmə proqramının həyata keçirilməsidir, bütün islahatların keçirilməsidir və mülkiyyətin formasının dəyişdirilməsidir. Bunun üçün bütün sahələrdə, o cümlədən neft və qaz sahəsində də ciddi işlər görülməlidir. Ancaq bu işlər qanun çərçivəsində proqramımız çərçivəsində aparılmalıdır. Bu işləri görərkən heç kəs nə vəzifəsindən, nə də imkanlarından sui-istifadə etməməlidir.

Bu ağır, çətin prosesdir. Ona görə də bu prosesin həyata keçirilməsində hər bir insan gərək vətəndaşlıq məsuliyyətini hiss etsin. Hiss etsin ki, bu işdə gərək namusla, insafla iştirak etsin, öz xeyrini də götürsün, ancaq dövlətə də zərər vurmasın. İqtisadiyyatımız bütün bu özəlləşdirmədən böyük mənfəət götürməlidir. Nədən mənfəət götürməlidir? Birincisi, bu özəlləşdirmə prosesindən, gəlirdən Azərbaycanın milli gəlirinin, büdcəsinin inkişaf etməsi təmin olunmalıdır. İkincisi də özəlləşdirilmiş müəssisələr dərhal yeni texnologiya ilə şəxsi mülkiyyətdə işləyib mallar istehsal etməlidir, nəticələr verməlidir və bu da iqtisadiyyatımızı inkişaf etdirməlidir. Bunu ancaq ona görə edirik. Başqa məqsəd olsa biz bunu etmərik.

Ona görə də mən bu məsələlərin qarşımızda duran əsas məsələlər olduğunu bir daha bəyan edirəm və güman edirəm ki, bu tədbirlərin həyata keçirilməsində hər kəs öz məsuliyyətini hiss edəcəkdir.

Gəlin, bununla da bu görüşümüzü qurtaraq. Görüşümüzün sonunda Azərbaycan neftçilərini indiyədək etdikləri xidmətlərə görə bir daha təbrik edirəm. Onlara təşəkkürümü bildirirəm. Müstəqil Azərbaycan Respublikasının bu günü, gələcəyi naminə neftçilərimizin böyük fəaliyyət göstərəcəyinə ümidvar olduğumu bildirmək istəyirəm. Sağ olun.

"Azərbaycan" qəzeti, 21 sentyabr 1995-ci il.