Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Misir - Azərbaycan Dostluq Cəmiyyətinin numayəndələri ilə görüşdə çıxışı - 5 sentyabr 1994-cü il


Hörmətli Misir Ərəb Respublikası parlamentinin sədri!

Cənab parlament üzvləri, cənab nazirlər!

Cənab Misir - Azərbaycan dostluq cəmiyyətinin sədri!

Hörmətli xanımlar və cənablar!

Sizi və sizin şəxsinizdə dost Misir Ərəb Respublikasının vətəndaşlarını, qardaşlarımızı Azərbaycan xalqı adından, öz adımdan səmimi qəlbdən salamlayıram və ölkənizə xoşbəxtlik, səadət, bütün gələcək günlərdə inkişaf diləyirəm. Mən sizin bu gözəl ölkənizə, burada BMT tərəfindən keçirilən böyük beynəlxalq konfransa gəlmişəm. Bu konfrans "Əhali və inkişaf" məsələlərinə həsr olunub. Dünyanın bu günü və gələcəyi üçün bu konfransın böyük əhəmiyyəti var. Konfransa dəvət olunduğuma və burada iştirak etdiyimə görə çox məmnunam.

Fursətdən istifadə edib demək istəyirəm ki, dəvətinizi qəbul edib sizinlə, Misir Ərəb Respublikasının görkəmli siyasi, ictimai xadimləri ilə, parlamentin uzvləri və nazirlərlə görüşmək mənim üçün xoşbəxt bir hadisədir.

Sizin xalqınız, sizin ölkəniz qədim tarixə malikdir. Xalqınız, ölkəniz, diyarınız dünya mədəniyyətini zənginləşdirmişdir. Sizin torpaqda olmaq, dünyanın bu gözəl guşəsini ziyarət etmək, sizinlə görüşmək hər bir azərbaycanlı üçün, O cümlədən mənim üçün böyük bir hadisədir.

Misirlə Azərbaycan arasında əlaqələrin tarixi çox böyüklur. Bizim xalqlarımız üzun əsrlər boyu bir-biri ilə əlaqə saxlayıb, bir-birinə kömək ediblər. Bizim milli, dini, tarixi ənənələrimizdə çox oxşarlıq, eynilik vardır. Bunlar hamısı Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası, bizim xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrini möhkəmləndirmək, inkişaf etdirmək üçün, hər bir sahədə əlaqələrimizi daha səmərəli etmək üçün çox böyük əsasdır.

Bizə məlumdur, mən yaxşı bilirəm ki, son illər Misir Ərəb Respublikası, sizin xalqınız, ölkəniz Misir Ərəb Respublikasının prezidenti, bizim dostumuz, qardaşımız əlahəzrət Məhəməmd Hüsni Mübarəkin rəhbərliyi altında çox böyük nailiyyətlər əldə etmişdir. Böyük bir beynəlxalq konfransın məhz Qahirədə, Misir Ərəb Respublikasında keçirilməsi həm sizin ölkənin dünya birliyində çox görkəmli yer tutduqunu göstərir, həm də dünya xalqlarının, dünya birliyinin Misir Ərəb Respublikasına, sizin ölkənizə olan hörmətini, ehtiramını göstərir. Xalqınızın, ölkənizin bu nailiyyətləri ilə mən fəxr edirəm, sizə böyük uğurlar diləyir və bütün gələcək həyatınızda müvəffəqiyyətlər, xoşbəxtlik arzulayıram.

Hörmətli dostum cənab Əbulxeyirin dediyi kimi, Misir Ərəb Respublikası ilə Azərbaycan arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün geniş imkanlar vardır və mən umidvaram ki, həmin imkanlardan istifadə edib bu əlaqələri inkişaf etdirəcəyik.

Azərbaycan gənc müstəqil bir dövlətdir. Üç ilə yaxındır ki, respublikamız müstəqillik əldə edib. Respublikamızın ən böyük problemlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavuz etməsidir. Azərbaycan xalqının bu təcavüzə qarşı apardığı mübarizədə, beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən tədbirlərdə Misir Ərəb Respublikası, onun dövləti və xüsusən dostumuz, qardaşımız Hüsni Mübarək obyektiv, prinsipial mövqe tutur, Azərbaycanı daim müdafiə edir. Ona görə də mən sizə, xalqınıza və xüsusən Misir Ərəb Respublikasının prezidenti, bizim dostumuz, qardaşımız Məhəmməd Hüsni Mübarəkə təşəkkürümü, minnətdarlığımı bildirirəm.

Mən əminəm ki, xalqlarımız, ölkələrimiz arasında dostluq, qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcəkdir. Sizi əmin edirəm ki, biz, Azərbaycan xalqı və Azərbaycan prezidenti kimi mən bu dostluğa, qardaşlığa daim sadiq olacağıq. Misir Ərəb Respublikasına, sizin xalqınıza, şəxsən sizə öz hörmət və ehtiramımı bildirirəm və hamınıza, sizin xalqınıza gələcək işlərinizdə uğurlar diləyirəm. Sağ olun.