Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Koreya Respublikasının «Samsunq elektroniks» şirkətinin MDB ölkələri və Baltikyanı ölkələr üzrə nümayəndəliyinin prezidenti Çjanq Çanq Dak başda olmaqla bu şirkətin nümayəndə heyəti ilə görüşü - Prezident sarayı, 5 iyun 2002-ci il


Azərbaycan Prezidenti Heydər Əliyev qonaqları salamlayaraq, dünyanın bu məşhur şirkətinin Azərbaycandakı fəaliyyətindən məmnun olduğunu bildirdi.

Cənab Dak şirkətin Azərbaycanda fəaliyyət göstərməsini özləri üçün böyük şərəf saydıqlarını vurğulayaraq dedi ki, biz «Samsunq elektroniks»in yeni məhsulunu – diaqonal üzrə ölçüsü 55 santimetr olan monitoru Azərbaycan prezidentinə təqdim etməkdən böyük sevinc duyuruq. Şirkət dünyada ən yaxşı sayılan bu məhsulu ölkəmizdə alıcılara yerli tərəfdaşı – «Azərbaycan elektronikası» ilə birlikdə təqdim edir. Cənab Dak bildirdi ki, eyni ilə bu cür monitor keçən il Rusiya Prezidenti Vladimir Putinə də hədiyyə olunmuşdur.

Nümayəndəliyin başçısı nəzərə çatdırdı ki, Azərbaycan MDB ölkələri arasında özünün iqtisadi inkişaf perspektivləri ilə fərqlənir və «Samsunq elektroniks» respublikamızla əməkdaşlığı genişləndirmək istəyir. Bir neçə ildir ki, şirkət Azərbaycanda audio və videotexnika, informasiya sistemləri, mobil rabitə sahəsində səmərəli tərəfdaşlıq münasibətləri yaratmışdır.

Azərbaycan prezidenti «Samsunq elektroniks»in fəaliyyətindən danışaraq, yeni kompüter modellərinin və müasir texnologiyaların yaradılmasında şirkətin rolunu və bütün dünyada yüksək nüfuza malik olduğunu qeyd etdi. Prezident Heydər Əliyev dedi ki, şirkətin dünyanın bir çox ölkələrində böyük şöhrətə malik olan məhsulları tərəqqi işinə xidmət edir.

Şirkət Azərbaycanda öz fəaliyyətini genişləndirməlidir. Prezident şirkətə yeni uğurlar arzuladı və hədiyyə olunmuş monitora görə təşəkkürünü bildirdi.

«Azərbaycan elektronikası» şirkətinin prezidenti İqor Yakovenko dövlətimizin başçısına monitorun yeni modelinin imkanları barədə məlumat verdi, Azərbaycan Prezidenti Heydər Əliyevin, habelə Milli Olimpiya Komitəsinin rəhbəri, ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyevin fəaliyyətinə həsr olunmuş saytları nümayiş etdirdi.

Prezident Heydər Əliyev nümayəndə heyətinin üzvləri ilə xatirə şəkli çəkdirdi.