Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün tikilmiş yaşayış evinin istifadəyə verilməsi mərasimində nitqi - Bakı, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 30 iyun 1999-cu il


Hörmətli bacılar, qardaşlar! Əziz dostlar!

Mən sizi, Qaradağ rayonunun bütün sakinlərini səmimi-qəlbdən salamlayıram və sizə ən xoş arzularımı bildirirəm.

Bizim bugünkü görüşümüz sizin üçün nə qədər əlamətdardırsa, mənim üçün ondan da çox əlamətdar və əzizdir. Çünki mən sizinlə görüşə gəlmişəm - Qaradağ rayonunun sakinləri ilə görüşə gəlmişəm, neftçilərlə görüşə gəlmişəm, başqa sənaye müəssisələrində çalışanlarla görüşə gəlmişəm. Mən şəhid ailələri ilə görüşə gəlmişəm, Qarabağ əlilləri ilə görüşə gəlmişəm. Mən bundan çox məmnunam.

Qaradağ rayonunun Azərbaycan xəritəsində, Azərbaycan iqtisadiyyatında, Azərbaycanın həyatında özünəməxsus yeri vardır. Qaradağ rayonunda böyük sənaye müəssisələri - neft idarələri, neft hasil edən təşkilatlar və başqa böyük sənaye müəssisələri yerləşir. Qaradağ rayonu bu gün, Azərbaycanın bu keçid dövründə bütün problemlərin həll olunmasında çox səylər qoyur və mən buraya gələrkən yolda düşünürdüm, bunu burada bəyan etmək istəyirəm ki, Bakı şəhərinin başqa rayonları ilə müqayisədə Qaradağ rayonundakı işlər bizim üçün daha da qiymətlidir və mən bunu yüksək qiymətləndirirəm.

Burada ictimai-siyasi sabitlik daim qorunub saxlanır. Burada rayon rəhbərləri, rayon icra hakimiyyəti əhalinin bir çox problemlərinin həll olunmasına çalışır və onlara nail olurlar. Burada insanlara qayğı görürəm. Xüsusən şəhid ailələrinə qayğı görürəm, rnüharibə əlillərinə qayğı görürəm. Burada insanların rahat yaşamasını görürəm. Yəni bu, Bakı rayonlarının içərisində ən rahat bir rayondur, sakit bir rayondur. Burada hay-küy salmırlar, öz işlərini o qədər göstərməyə çalışmırlar, özlərini təvazökar aparırlar. Amma öz işlərini yaxşı aparırlar və mən də hesab edirəm ki, bundan sonra da yaxşı olacaqdır.

Bunların da əsas səbəbi odur ki, Qaradağ rayonunda yaşayan insanların əksəriyyəti əmək adamları, zəhmət adamlarıdır. Bu insanlar - keçmişdə də, indi də Qaradağın tərkibində olan qəsəbələrdə, kəndlərdə yaşayan insanlar həmişə fədakar, çalışqan, təvazökar insanlar olmuşlar, özləri öz həyatını qurmağa çalışmışlar və başqa iddiaları olmayıbdır. Ona görə əgər bu gün biz Qaradağ rayonundan razıyıqsa və Qaradağ rayonu bizim üçün başqa rayonlara nisbətən irəlidə gedən rayondursa, bu, birinci növbədə Qaradağ rayonu sakinlərinin, zəhmət adamlarının, təvazökar insanlarının xidmətidir.

Eyni zamanda bu, Qaradağ rayonu rəhbərliyinin təşkilatçılığının, bacarığının və əhaliyə, insanlara qayğı göstərməsinin səbəbidir, nəticəsidir.

Mən bunlara görə sizə bir daha, bir daha öz razılığımı bildirmək istəyirəm və əminəm ki, Qaradağ rayonu bundan sonra Azərbaycan iqtisadiyyatının inkişafında, Azərbaycanın ictimai-siyasi həyatında daha da böyük rol oynayacaqdır.

Bu gün buraya toplaşmağımızın ikinci səbəbi şəhid ailələri üçün, Qarabağ döyüşlərinin əlilləri üçün tikilmiş, hazırlanmış binanın açılışıdır. Bu, indi - həyatımızın ağır, çətin bir dövründə, yeni-yeni binalar tikmək üçün böyük imkanlarımız olmadığı bir zamanda və hökumətin, dövlətin vəsaitinin az olduğu bir zamanda doğrudan da çox əlamətdar bir hadisədir. Mənə məlumat verilmişdi və İlham Əliyev mənə bildirmişdi ki, onun təşəbbüsü ilə burada şəhid ailələri üçün, Qarabağ döyüşlərinin əlilləri üçün yeni bir yaşayış binası tikilir. Şübhəsiz ki, mən də buna sevinmişdim və bu gün də sevinirəm. Ancaq indi buraya daxil olanda, bu evin nə qədər gözəl, nə qədər yaraşıqlı, nə qədər də sevindirici olduğunu görəndə mən həddindən artıq sevindim.

Mən o tərəfdən də, bu tərəfdən də baxıram, - bu ev demək olar ki, gözəl bir memarlıq nümunəsidir. Güman edirəm ki, evin zahiri görünüşü kimi, daxili şəraiti də, imkanları da bir-birinə uyğundur və beləliklə, şəhid ailələri üçün, Qarabağ döyüşlərinin əlilləri üçün burada, Qaradağ rayonunda İlham Əliyevin təşəbbüsü ilə gözəl bir bina tikilibdir və bu binanın da açılışına biz birlikdə toplaşmışıq.

Azərbaycanın suverenliyi, milli azadlığı, müstəqilliyi, torpaqlarının müdafiəsi yolunda şəhid olmuş insanlar bizim ən əziz insanlarımızdır. Onların qəhrəmanlıqları, onların Azərbaycan xalqı qarşısındakı böyük xidmətləri heç vaxt unudulmayacaqdır və Azərbaycan xalqının qəlbində onların xatirəsi daim yaşayacaqdır. Vətən yolunda, torpaq uğrunda şəhid olanların ailələri fəxr edə bilərlər ki, onlar müstəqil Azərbaycan üçün belə gözəl, qəhrəman övladlar yetişdiriblər. Eyni zamanda şəhid ailələrinə daim diqqət hər bir vətəndaşın borcudur, dövlətin borcudur, hökumətin borcudur, mənim borcumdur, sizin borcunuzdur. Biz bu borcumuzu heç vaxt unutmamalıyıq və çalışmalıyıq ki, nə qədər mümkündürsə o qədər də borcumuzu yerinə yetirək. Məhz bugünkü mərasim, inşa olunmuş bu ev - şəhid ailələrinə, Qarabağ əlillərinə təqdim olunan ev həmin borcumuzun yerinə yetirilməsinin parlaq bir nümunəsidir.

Qarabağ döyüşlərində əlil olmuş insanlar bizimlə bərabər cəmiyyətimizdə yaşayırlar. Onlar qəhrəmanlıq göstəriblər, onlar torpaqlarımızı müdafiə ediblər, xəsarət alıblar, onlar yaralanıblar və o yaraları da daim daşıyırlar.

Ancaq mən vətənin müdafiəsi uğrunda döyüşlərdə şikəst, əlil olmuş insanlarla dəfələrlə görüşərkən o qənaətə gəlmişəm ki, bu insanlar nəinki qəhrəmandırlar, nəinki Azərbaycan qarşısında böyük xidmətlər ediblər, o cümlədən də, bununla bərabər, onlar bugünkü cəmiyyətimizin çox dəyərli üzvləridirlər və Azarbaycanın bugünkü həyatında, cəmiyyətində böyük rol oynayırlar. Mən bu gün şəhid ailələrinə və Qarabağ döyüşlərində əlil olmuş soydaşlarımıza öz sevgi-məhəbbətimi bildirirəm və onlara cansağlığı arzu edirəm. Onlara həyatda uğurlar arzu edirəm və bəyan edirəm ki, biz bu şəhid ailələrinə, Qarabağ döyüşləri əlillərinə qayğını, diqqəti bundan sonra da azaltmayacağıq, artıracağıq.

Ölkəmiz ağır bir dövr yaşayır. Bu ağır dövr Azərbaycan üçün 1988-ci ildən başlayıbdır. 1988-ci ildə erməni qəsbkarları Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağı ələ keçirmək məqsədi ilə hərbi münaqişəyə başlayıblar və sonra bu, böyük bir müharibəyə çevrilibdir. O günlərdən 11 il keçibdir. Təəssüflər olsun ki, bütün bu dövrdə və xüsusən Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsi yaranan ilk illərdə Azərbaycan hakimiyyəti, Azaərbaycan dövləti, hökuməti bu münaqişənin qarşısını ala bilməmiş, torpaqlarımızın müdafiəsini təmin edə bilməmiş və nəticədə Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuşdur, işğal edilmiş torpaqlardan bir milyondan artıq vətəndaşımız yerindən-yurdundan didərgin olmuşdur, onlar ağır vəziyyətdə yaşayırlar. Onların böyük bir hissəsi çadırlarda yaşayır, digər hissəsi isə ayrı-ayrı binalarda çox çətin vəziyyətdə yaşayır. Bu, Azərbaycanın böyük bir dərdidir. Bu dərd o qədər dərindir, o qədər ağırdır ki, bunu çəkmək də çətindir və bu dərddən xilas olmaq da asan deyildir.

Bu dərddən, bu bəladan xilas olmaq üçün son illər biz çox işlər görmüşük və görürük. Burada şəhid anası qeyd etdi, beş il bundan öncə atəşi dayandırdıq, atəşkəs haqqında saziş imzaladıq. Bu, böyük bir hadisə idi. Götürün, təhlil edin. 1988-ci ildən 1994-cü ilin mayına qədər döyüş gedib, qan tökülüb, insanlar həlak olub, böyük itkilər vermişik. Nəyə nail olmuşuq? Torpaqlarımız gedibdir, ərazimizin bir hissəsi işğal olunubdur, işğal edilmiş torpaqlardan soydaşlarımız didərgin düşübdür, ağır vəziyyətdə yaşayırlar. Bax, o illərin nəticəsi bundan ibarətdir.

Ona görə də 1994-cü ilin may ayında atəşkəsin yaranması və bu barədə sazişin imzalanması o dövrün zərurətindən irəli gəlmişdi və biz bunu etdik. Ötən beş il onu göstərir ki, biz düzgün qərar qəbul etmişik, biz doğru qərar qəbul etmişik. Beş ildir ki, Azərbaycan atəşkəs şəraitində yaşayır. Yəni müharibə yoxdur, döyüşlər yoxdur, gənclərimiz tələf olmur. Eyni zamanda bu beş il müddətində biz ardıcıl olaraq çalışırıq ki, Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll edək. Sülh yolu ilə həll etməyin də yolu ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş torpaqları azad edilməlidir, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcəli özünüidarəetmə statusu verilməlidir. Bu prinsiplər əsasında biz bu illərdə iş aparırıq.

Ancaq bu da asan deyildir. Ona görə ki, atəşkəsdən əvvəlki illərdə Azərbaycan çox şeylər itiribdir – Azəbaycanın torpaqları işğal olunubdur, işğalçı erməni silahlı dəstələri nəinki Dağlıq Qarabağda, həm də Dağlıq Qarabağın ətrafında olan rayonlarda yerləşiblər. İndi onları oradan çıxarmaq asan məsələ deyildir.

Şübhəsiz ki, müharibəni başlamaq olar, vuruşmaq olar və nəyəsə nail olmaq olar. Ancaq bu lazımdırmı? Biz ondan öncəki illərdə gedən müharibələrin nəticəsini gördük. Ona görə də atəşkəsi qoruyub saxlamaq və məsələnin silh yolu ilə həll olunmasına çalışmaq lazımdır. Bir də deyirəm, bu, asan məsələ deyildir. Ancaq biz addımbaaddım irəliyə gedirik.

Məsələn, 1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşündə ilk dəfə olaraq böyük bir nailiyyət əldə etdik. Yəni Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsinin prinsipləri orada öz əksini tapdı və ATƏT-in bəyanatında qeyd olundu. 1996-cı ilin dekabrından sonra biz bu prinsipləri həyata keçirmək üçün çalışırıq. Ancaq bu da asan deyildir.

Bilirsiniz ki, bu məsələlərlə ATƏT və onun yaratdığı Minsk qrupu məşğul olur. ATƏT-in Minsk qrupunun həmsədrləri var - Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa. Bütün bu illər ərzində biz həm Minsk qrupuna daxil olan dövlətlərlə, həm də Minsk qrupunun hamsədrləri olan Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa ilə, onların hökumətləri ilə, dövlət başçıları ilə - şəxsən Amerikanın Prezidenti cənab Bill Klinton ilə də, Rusiyanın Prezidenti cənab Boris Yeltsin ilə, Fransanın prezidenti cənab Jak Şirakla və başqa dövlət xadimləri ilə daim təmasdayıq, daim danışıqlar aparırıq, Azərbaycanın haqq işini daim sübut etməyə çalışırıq.

Bizim ən böyük çətinliyimiz bir də ondan ibarətdir ki, təəssüflər olsun, 1988-ci ildən başlayaraq Ermənistan Azərbaycana təcavüz etdiyi halda Ermənistan və bir çox ölkələrdə olan erməni diasporu öz imkanlarından istifadə edərək bu münaqişədə, bu müharibədə guya ermənilərin haqlı olduğunu, guya azərbaycanlıların haqsız olduğunu müəyyən qədər sübut edə biliblər. Dünyaya yayıblar ki, guya azərbaycanlılar Dağlıq Qarabağda yaşayan erməniləri qırırlar, ona görə də müharibə başlayıbdır. Təəssüflər olsun ki, o illər Azərbaycanın bu sahədə işi çox zəif olubdur və həqiqəti dünyaya, xüsusən dünyanın həlledici dövlətlərinə, beynəlxalq təşkilatlarına lazımi qədər çatdırmaq mümkün olmayıbdır.

Buna görə də son illər bizim apardığımız işlərin asas nəticələrindən biri ondan ibarətdir ki, biz demək olar ki, beynəlxalq təşkilatları, bir çox dövlətləri, xüsusən Minsk qrupuna daxil olan dövlətləri, Minsk qrupunun həmsədri olan ölkələri inandıra bilmişik, fıkri dəyişdirə bilmişik və sübut edə bilmişik ki, Ermənistan Azərbaycana qarşı təcavüz edibdir. Ermənistan qəsbkardır, Ermənistan Azərbaycan torpaqlarını işğal edibdir və Azərbaycan bu işğalın altında böyük əziyyətlərə və böyük çətinliklərə məruz qalmışdır.

Bunu etmək asan deyildi. Onu da bilməlisiniz ki, ermənilərin bütün ölkalərdə diasporları böyükdür: Amerikada da, Fransada da, Rusiyada da, bütün başqa ölkələrdə də. Onların çoxu imkanlı adamlardır. Onların bir çoxu o ölkələrin dövlət orqanlarında işləyirlər və şübhəsiz ki, bu dövlətlərə təsir edirlər.

Məsələn, mən sizə deyim ki, Amerikanın prezidenti cənab Bill Klinton ilə 1994-cü ildən indiyə qədər bir neçə dəfə görüşmüşəm. Bir neçə dəfə bu məsələləri - həm bu münaqişənin aradan götürülməsi və Azərbaycanın bu işğaldan xilas olması məsələsini, həm də ki, 1992-ci ildə Amerika Konqresi tərəfindən Azərbaycana qarşı ədalətsiz qəbul olunmuş 907 -ci maddənin götürülməsi məsələsini müzakirə etmişəm. Bu məsələləri müzakirə edərkən Prezident Bill Klinton deyir ki, haqlısınız, 907-ci maddəni götürmək lazımdır. Ancaq onu götürə bilmir və bəzən də deyir ki, bilirsiniz, bizim ölkəmizdə ermənilər çoxdur, ermənilər Konqresə təsir edirlər və Amerikanın Konqresində ermənipərəst qüvvələr çoxdur. Ona görə də bu­nu etmək çətindir. İndi təsəvvür edin, Amerika kimi bir ölkədə, Amerikanın prezidenti bu məsələdə çətinlik çəkdiyi halda biz hansı çatinliklərlə rastlaşırıq.

Ancaq bunlara baxmayaraq biz məsələnin sülh yolu ilə həll olunması üçün daim çalışırıq və bundan sonra da çalışacağıq. Mən əminəm ki, biz buna nail olacağıq. Mən əminəm. Mən sizin qarşınızda, bütün Azərbaycan xalqı qarşısında bəyan edirəm ki, son beş ildə gördüyümüz işlər bizi məsələnin sülh yolu ilə həll olunmasında irəliyə aparıbdır və bundan sonra da irəliyə aparacaqdır. Əminəm ki, beləliklə, biz işğal edilmiş torpaqların azad olunmasına nail olacağıq, yerindən-yurdundan didərgin düşmüş vətəndaşlarımız öz yerlərinə qayıdacaqlar, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir və vətən yolunda canlarını qurban vermiş şəhidlərin də ruhu şad olacaqdır.

Şübhəsiz ki, biz təkcə bu vasitə ilə yox, bütün başqa vasitələrlə də çalışırıq. Hər halda bilməlisiniz ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Azərbaycan torpaqlarının işğalçılardan azad olunması bizim ali məqsədimizdir və bu məqsədə nail olmaq üçün biz həm sülh yolundan, bütün imkanlardan istifadə edəcəyik, həm də, lazım olarsa, bütün başqa imkanlardan istifadə edəcəyik, Azarbaycanın torpaqlarını azad edəcəyik.

Ancaq təəssüf ki, bizim Azərbaycanda ara qarışdırmaq cəhdi göstərənlər də, bu işə mane olmaq istəyənlər də vardır. Müxalifət qüvvələri vaxtaşırı deyir ki, «Qarabağ məsələsi həll olunmadı, nə üçün həll olunmur, niyə həll olunmur?» Amma heç birisi konkret təklif verə bilmir ki, biz gördüyümüz işlərdən başqa hansı işi görmək olar. Hansı işi görmək olar ki, biz görməmişik? Şübhəsiz ki, onların bu fikirləri bizim üçün əhəmiyyətli deyildir. Ancaq bəzən cəmiyyətimizdə qəzetlər vasitəsilə ayrı-ayrı adamların fikirlərini pozmaq istəyirlər, onları aldatmaq istəyirlər və onlarda müəyyən şübhə yaratmaq istəyirlər. Yaxud da, bu son vaxtlar bəzi müxalifət qüvvələri başlayıblar ki, «Dağlıq Qarabağa yürüş təşkil edək». Nədir bu yürüş, nə yürüş təşkil edəcəksiniz?

Bunlar o adamlardır ki, 1988-ci ildən «Dağlıq Qarabağ kartı»ndan istifadə edərək Azərbaycanın daxilində ictimai-siyasi sabitliyi pozmuş, hakimiyyət mübarizəsi aparmış və bu da Azərbaycan torpaqlarının işğalının əsas səbəblərindən biri olmuşdur. Mən bu gün bəyan edirəm ki, bizim apardığımız işə, yəni torpaqlarımızın azad olunması, Qarabağ məsələsinin həll edilməsi sahəsində apardığımız işə heç kəs mane olmamalıdır. Əgər kim mane olarsa, biz onların qarşısını alacağıq. Ancaq eyni zamanda o qəzetlərdə - filanlarda vaxtaşırı Qarabağ məsələsini öz siyasi məqsədləri üçün qaldıranlara mən bu gün bəyan edirəm - hansının nə təklifi varsa, buyursun. Hansı bu yollardan daha da böyük yol, düzgün yol göstərə bilərsə, verə bilərsə, buyursun. Mən bir onlara demirəm, hamıya deyirəm. Biz hesab edirik ki, apardığımız iş, tutduğumuz yol düzgün yoldur. Əgər kimsə hesab edir ki, belə deyil, meydana çıxsın və gəlsin təklif versin, boş danışıqlarla məşğul olmasın.

Məsələn, təsəvvür edin, dediyim kimi, 1996-cı ilin dekabında ATƏT-in Lissabon zirvə görüşündə biz böyük nailiyyət əldə etdik. Təsəvvür edin, ora 54 dövlət başçısı yığışmışdı. 54 dövlət başçısından 53-ü orada qəbul olunan sənədə səs verdi. Yəni Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması və Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcəli özünüidarə statusu verilməsi prinsiplərinə. Ancaq bizim ölkəmizdə, Azərbaycanda həmin o Lissabon zirvə görüşündə qazandığımız böyük nailiyyəti ayrı-ayrı müxalifət qüvvələri təhrif etməyə başladılar. Belə bir təbliğat apardılar ki, guya biz orada uduzmuşuq. Amma o biri tərəfdə - Ermənistanda bu qərarı - Lissabon sammitinin qərarını matəm kimi qəbul etdilər, onun əleyhinə çıxdılar, təbliğat apardılar. Mən sizə deyə bilərəm, indiyə qədər də biz Lissabon zirvə görüşünün prinsiplərini həyata keçirə bilmirik. Nə üçün həyata keçirə bilmirik? Çünki Ermənistan tərəfi bununla razı olmur. İndi gəlin, özünüz araşdırın. Burada Lissabon sammitində qazandığımız böyük nailiyyəti bizim içərimizdə olan adamlar qaralamaq istəyirlər, ləkələmək istəyirlər və bunu məğlubiyyət hesab edirlər. Ermənistanda isə ermənilər matəm elan etdilər və o vaxtdan indiyə qədər o prinsiplərin birini də onlara qəbul etdirə bilmirik. Bununla nəyi demək istəyirəm?

Bilirsiniz, indi Azərbaycanda siyasi plüralizm var, demokratiya var və biz bunları inkişaf etdirəcəyik. Ancaq öz şəxsi ambisiyalarına görə, öz şəxsi məqsədlərinə görə Azərbaycanın dövlət mənafeyinə zərər gətirmək, ləkə vurmaq xəyanətdir, cinayətdir. Bilin ki, biz bunların qarşısını bundan sonra da qətiyyətlə alacağıq.

İndi danışıqlar bir az zəif gedir. Amma güman edirəm ki, biz bunları sürətləndirəcəyik. Biz 1996-cı ilin dekabrından Lissabon zirvə görüşünün prinsipləri əsasında Ermənistanla razılığa gəlmək istəyirik. Onlar bunu qəbul etmirlər. Keçən ilin axırında ATƏT-in Minsk qrupunun həmsədrləri yeni bir təklif - «ümumi dövlət» prinsipi təklifı verdilər. Biz bunu qəbul etmədik. Amma biz qəbul etmədiyimiz prinsipləri Ermənistanda qəbul ediblər, Ermənistanda təbliğ edirlər və bütün dünyaya yayırlar ki, «Bilirsiniz, məsələ həll oluna bilər, ancaq Azərbaycan həmin o «ümumi dövlət» prinsipini qəbul etmir».

Görürsünüz, necədir! Lissabon zirvə görüşünün prinsipləri məsələni ədalətli həll edirdi. Təkcə Azərbaycanın xeyrinə yox, ədalətli, yəni həm Azərbaycanın, həm də Ermənistanın xeyrinə həll edirdi. Ancaq onlar bununla razı olmadılar. Çünki onlar Dağlıq Qarabağa müstəqillik verilməsi iddiasından əl çəkmirlər. Ancaq indi verilən «ümumi dövlət» prinsipi Azərbaycana qarşı ədalətsizlikdir. Ona görə də biz bundan imtina etdik. Amma Ermənistan onu dərhal qəbul etdi və bütün dünyaya yayır ki, «Azərbaycan məsələnin həll olunmasını istəmir».

Bax, vəziyyət belədir. Mən bunu sizə qısaca çatdırıram və fürsətdən istifadə edib Azərbaycanın vətəndaşlarına çatdırıram ki, bunlar çox ağır və çətin proseslərdir. Biz bu proseslərlə məşğul oluruq.

Siz hamınız mənim həyat təcrübəmi, siyasi təcrübəmi bilirsiniz. Siz hamınız mənim keçmişimi və bu işlərdə nə qədər bilikli olduğumu bilirsiniz. Əgər mən bu işə başçılıq edirəmsə, mən bu işin üzərindəyəmsə, demək, nə mümkündür onu edirik. Bir də deyirəm, bütün gördüyümüz işlər öz müsbət nəticəsini verəcəkdir.

Əziz dostlar!

Əziz bacılar, qardaşlar!

Mən sizinlə bu görüşümdən çox şad olduğumu bir daha bildirmək istəyirəm. Mən hər dəfə Azərbaycanın vətəndaşları ilə ayrı-ayrı şəhərlərdə, bölgələrdə görüşərkən çox sevinirəm. Bu gün bu görüş mənim üçün çox böyük sevinc gətirdi. Mın buraya gələrkən bura çatmağıma bir neçə kilometr qalmış Qaradağ rayonunun sakinləri yol kənarında durub məni salamlayırdılar, xoş arzularını bildirirdilər. Siz burada mənə öz sevginizi, məhəbbətinizi bildirirsiniz. Bunların hamısına görə təşəkkür edirəm.

Mənim həyatımın mənası insanlarla, xalqla birlikdə olmaqdan ibarətdir və indiyə qədər həyatımda əldə etdiyim nailiyyətlər xalqın mənə göstərdiyi etimad, xalqın mənə göstərdiyi qayğı, xalqın mənə göstərdiyi hörmət və sevgi olmuşdur. Bu gün də sizin mənə göstərdiyiniz bu sevginin, bu məhəbbətin şahidi oldum.

Mən sizə bildirmək istəyirəm ki, Azərbaycan iqtisadiyyatı bizim üçün indi əsas məsələdir - Qarabağ məsələsindən sonra, yaxud onunla yanaşı Azərbaycanın iqtisadiyyatı son illər inkişaf edibdir. Doğrudur, bəlkə bu inkişaf hələ hər bir insa-nın həyatında gözlənilən dəyişikliyi təmin edə bilmir. Ancaq bu inkişaf gedir.

Biz Azərbaycanda böyük islahatlar - siyasi, iqtisadi islahatlar aparırıq. Bu islahatların bəziləri bu gün çətinliklər yaradır. Amma sabah onlar öz nəticələrini verəcəkdir. Mən bilirəm ki, əhalimizin bir qismi çətin vəziyyətdə, ağır vəziyyətdə yaşayır. Bu, bizi də incidir, şübhəsiz ki, belə vəziyyətdə yaşayanları da incidir. Ancaq əmin ola bilərsiniz ki, bizim həyata keçirdiyimiz siyasət, o cümlədən iqtisadi siyasət Azərbaycanı aybaay, ilbəil irəli aparacaqdır, Azərbaycanın iqtisa-diyyatını inkişaf etdirəcəkdir və Azərbaycan vətəndaşlarının rifah halını yaxşılaşdıracaqdır. Mən sizi əmin edirəm və bu yolda indiyə qədər çalışmışam, bundan sonra da çalışacağam. Ancaq bu yol ilə bundan sonra da ugurla getmək üçün biz Azərbaycanda əldə etdiyimiz ictimai-siyasi sabitliyi qoruyub saxlamalıyıq.

Burada çıxışlarda deyildi, - 1993-cü ildə Azərbaycan nə vəziyyətdə idi? O dövrü unutmaq lazım deyildir. Əksinə, yeniyetmələrə, gənclərə də çatdırmaq lazımdır ki, Azərbaycan böyük təhlükədə idi. Vətəndaş müharibəsi başlamışdı. Azərbaycanı parçalayırdılar, dağıdırdılar. Biz Azərbaycanı bunlardan xilas etdik, ondan sonra Azərbaycanı nə qədər bəlalardan xilas etdik. Bunlar asan iş deyildi.

Siz görün, altı il müddətində biz haradan haraya gəlib çatdıq. 1993-cü ildə sizlər burada rahat yaşaya bilərdinizmi? Yox. Amma indi çətin də olsa rahat yaşayırsınız. Biz bunu təmin etmişik və bunu qoruyub saxlamaq, yaranmış ictimai-siyasi sabitliyi qoruyub saxlamaq hər bir vətəndaşın borcudur. Əmin ola bilərsiniz ki, biz bundan sonra da bu böyük nailiyyəti qoruyacağıq, saxlayacağıq və möhkəmləndirəcəyik. Əgər kimsə bu işdə bizə mane olacaqsa, biz onların qarşısını qətiyyətlə alacağıq.

Azərbaycanın ən böyük nailiyyəti onun dövlət müstəqilliyidir. Biz buna nail olmuşuq. Dövlət müstəqilliyini əldə etmək, şübhəsiz ki, tarixi bir hadisə idi. Biz buna 1991-ci ilin sonunda nail olduq. Amma bu müstəqilliyi qorumaq, saxlamaq və günü-gündən inkişaf etdirmək asan məsələ deyildir.

Azərbaycan isə öz dövlət müstəqilliyini bu illərdə çox ağır şəraitdə qoruyub, saxlayıb, inkişaf etdiribdir. Bir tərəfdən Azərbaycanın daxilində Azərbaycan xalqına zidd olan ayrı -ayrı qüvvələr, silahlı dəstələr, terror etmək istəyənlər, dövlət çevrilişi etmək istəyənlər, Azərbaycanı parçalamaq istəyənlər, digər tərəfdən də Azərbaycanın öz təbii sərvətlərindən səmərəli istifadə etdiyini görən ayrı-ayrı ölkələr Azərbaycana böyük təzyiqlər edirlər və Azərbaycanın müstəqilliyinə hər bir vəchlə mane olmaq istəyirlər.

Bizim böyük nailiyyətimiz ondan ibarətdir ki, artıq səkkizinci ildir ki, Azərbaycan müstəqil yaşayır, biz Azərbaycanın dövlət müstəqilliyini qorumuşuq, saxlamışıq, əbədi etmişik və əmin ola bilərsiniz ki, ilbəil bizim müstəqilliyimiz möhkəmlənəcək və Azərbaycan qüdrətli, inkişaf etmiş bir dövlət olacaqdır.

Mən bugünkü görüşə görə sizə təşəkkür edirəm. Sizin mənə göstərdiyiniz bu sevgiyə, məhəbbətə görə minnətdarlığımı bildirirəm. Sizin hər birinizə cansağlığı, xoşbəxtlik arzu edirəm. Bilin ki, həmişə sizinləyəm, xalqlayam və ömrümün sonuna qədər də sizinlə olacağam. Sağ olun.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər

SOSİUM