Аzərbаycаn Respublikasının Prеzidеnti Heydər Əliyevin Rusiyа Fеdеrаsiyаsı хаrici kəşfiyyаt хidmətinin dirеktоru gеnеrаl–pоlkоvnik Sеrgеy Lеbеdеv bаşdа оlmаqlа bu qurumun nümаyəndə hеyəti ilə görüşü - Prеzidеnt sаrаyı, 26 sеntyаbr 2002-ci il


Qonaqları səmimiyyətlə salamlayan Аzərbаycаn Prеzidеnti Heydər Əliyev Rusiya Xarici Kəşfiyyat Xidməti ilə Azərbaycanın müvafiq orqanları arasında əməkdaşlığın fəallaş-masından çox məmnun olduğunu bildirərək dedi ki, biz Azərbaycanla Rusiya arasında fəal əməkdaşlığa, o cümlədən xarici kəşfiyyat məsələlərində əməkdaşlığa maraq göstəririk. Biz bunu əsas tuturuq ki, siz böyük imkanlara maliksiniz, Azərbaycanda da bəzi imkanlar vardır. Azərbaycanın coğrafi mövqeyi belə deməyə əsas verir ki, biz çox fəal əməkdaşlıq edə bilərik. Əslinə qalsa, bu, yeni iş deyildir, Azərbaycan və Rusiya çoxdan əməkdaşlıq edirlər.

Bütün bu proseslər sentyabrın 23-də Moskvada yüksək səviyyədə keçmiş Azərbaycan–Rusiya danışıqlarına tam uyğun olaraq inkişaf edir. Azərbaycan dövlətinin başçısı bu danışıqların nəticələri barədə danışaraq bildirdi ki, «onlar son dərəcə uğurla və yüksək səviyyədə, tam qarşılıqlı anlaşma, səmimilik və dostluq münasibətləri şəraitində keçdi və yaxşı nəticələr verdi».

Azərbaycan prezidenti bildirdi ki, bu günlərdəki səfərin gedişində Xəzər dənizinə dair, təhsil sahəsində əməkdaşlığa dair mühüm sazişlər imzalanmışdır. Regionumuzla bağlı məsələlər, beynəlxalq xarakterli bəzi məsələlər də nəzərdən keçirilmişdir.

Dövlətimizin başçısı dedi: Biz müstəqilliyi Azərbaycan üçün ən böyük hadisə kimi qiymətləndiririk. Əsrlərlə Azərbaycanın dövlətçiliyi olmamışdır və 1991-ci ildə Sovetlər İttifaqı dağıldıqdan sonra Azərbaycanın dövlət müstəqilliyini əldə etməsi xalqımız üçün böyük xoşbəxtlik oldu. Hərçənd, ilk illər çox çətin idi, Ermənistanla müharibə gedirdi, daxili ictimai-siyasi vəziyyət son dərəcə qeyri-sabit idi. Burada müxtəlif silahlı dəstələr yaradılmışdı, bütün bu silahı, bütün qüvvələrini erməni qəsbkarlarını dəf etməyə və ərazilərimizi müdafiə etməyə yönəltmək əvəzinə, onlar hakimiyyət uğrunda mübarizə aparırdılar. Bütün bunların nəticəsində Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olundu, yerindən-yurdundan zorla çıxarılmış bir milyon qaçqın-köçkünün əksəriyyəti çadırlarda yaşayır.

Prezident Heydər Əliyev xatırlatdı ki, ilk illər Rusiya ilə münasibətlərdə də heç də hər şey hamar deyildi. Vəziyyəti 1993-cü ildən başlayaraq, mən hələ parlamentin sədri olanda, prezidentin səlahiyyətlərini icra edəndə dəyişmək mümkün oldu. Biz MDB-yə daxil olduq, bir qədər sonra isə həm MDB çərçivəsində, həm də Rusiya–Azərbaycan münasibətləri sahəsində fəaliyyətimizi gücləndirdik. Lakin yenə də nə isə çatışmırdı. Amma Vladimir Putin Rusiyanın prezidenti seçiləndən sonra biz Azərbaycana nə isə yeni, normal, mehriban münasibəti dərhal hiss etdik.

Səmimi qəbula görə təşəkkür edən Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Lebedev ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyinə görə prezident Heydər Əliyevə minnətdarlığını bildirdi. O dedi: Biz Azərbaycana sevinc hissi ilə gəlmişik, belə bir hisslə yalnız dostların yanına gəlmək olar. Rusiya ilə Azərbaycan arasındakı münasibətlər onilliklər, yüzilliklər ərzində mövcud olan bu ənənəvi dostluq hisslərinə cavab verir. Bax, elə bu yaxınlıq, bu ənənələr xüsusi xidmətlər xətti ilə sıx qarşılıqlı fəaliyyətlərin zəruriliyini diktə edir.

S.Lebedev keçirdikləri görüşlər barədə danışaraq bildirdi ki, açıq, yoldaşcasına danışıqlar gedişində belə nəticəyə gəldik ki, beynəlxalq vəziyyət də ölkələrimizin xüsusi xidmət orqanları arasında sıx əməkdaşlığı zəruri edir. Beynəlxalq təhlükələr mövcuddur və onlar təkcə Azərbaycana və Rusiyaya qarşı yönəlməmişdir. Qlobal xarakterli belə təhlükələrin olduğu bir çox regionların adını çəkmək olar.zərTAc