Azərbaycan Prezidenti Heydər Əliyevin Vyana meriyasındakı görüşdə nitqi - 4 iyul 2000-ci il


Hörmətli cənab mer!

Hörmətli xanımlar və cənablar!

Mən sizi - Vyananın merini, şəhərin bütün əhalisini səmimi qəlbdən salamlayıram, Avstriyada, Vyanada və şəhər meriyasında olmağımdan çox məmnun qaldığımı bildirmək istəyirəm.

Avstriya, onun paytaxtı Vyana çox qədim, zəngin tarixə malikdir. Uzaq keçmişdə Vyananı quranlar böyük abidələr - memarlıq, heykəltəraşlıq abidələri və şəhərin başqa gözəlliklərini yaratmışlar. Bunlar bizi həddindən artıq heyran edir. Burada nə qədər gözəl sənət əsərləri, yüksək mədəniyyəti nümayiş etdirən memarlıq abidələri vardır. Hesab edirəm ki, bu, sizin, Vyananın ən böyük sərvətidir.

İkinci Dünya müharibəsindən sonra Avstriya, onun paytaxtı Vyana çox yüksək sürətlə inkişaf edibdir. Cənab mer buradakı nitqində bu barədə çox geniş məlumatlar verdi. Biz bunları bilirik, yəni kitablardan oxuyur, kütləvi informasiya vasitələrindən eşidirik. Amma hörmətli cənab merin verdiyi məlumat Vyananın bugünkü müasir həyatda nə qədər böyük rol oynadığını göstərir.

Mən bu nailiyyətlər münasibətilə sizi təbrik edirəm. Ümid edirəm ki, Vyana Avropada özünəməxsus olan xüsusi rolu bundan sonra da uğurla həyata keçirəcəkdir.

Vyanada yerləşən beynəlxalq təşkilatlar bütün dünyada, xüsusən Avropada sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunması üçün bundan sonra daha çox səylər qoyacaqlar. Biz Vyanaya, Avstriyaya bu arzularla, bu istəklərlə gəlmişik. Mən bu rəsmi səfərimdən çox məmnunam. Məni burada mehribancasına qarşıladığınıza görə sizə təşəkkür edirəm.

Vyana ilə Azərbaycanın paytaxtı Bakı arasında müəyyən əlaqələr yaradılıbdır. Amma bu əlaqələri daha da genişləndirmək olar. Biz bunu çox istəyirik. Çünki Bakının inkişafı üçün Vyana şəhərindən çox şeylər öyrənmək olar. Mən sizi Vyana-Bakı əməkdaşlığına dəvət edirəm.

Mən sizə bir daha təşəkkür edirəm. Vyana şəhərinin sakinlərinə, Avstriyanın vətəndaşlarına və cənab mer, sizə cansağlığı, səadət və bütün işlərinizdə uğurlar arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 6 iyul 2000-ci il