Azərbaycan Prezidenti Heydər Əliyevin Fransa xarici işlər naziri Erve de Şarett ilə görüşü - 31 yanvar 1997-ci il


Günortadan sonra Azərbaycan prezidenti Heydər Əliyev Fransanın xarici işlər naziri Erve de Şarett ilə görüşdü.

Prezident Heydər Əliyev Fransa Xarici Siyasət İdarəsinin başçısını səmimi salamlayaraq prezident Jak Şirak ilə görüşündən danışdı.

Erve de Şarett öz növbəsində qeyd etdi ki, onun prezidenti bu görüşü çox gözləyirdi. O həmçinin dedi ki, çox əlamətdar haldır ki, Azərbaycan prezidenti böyük musiqiçi Mstislav Rostropoviçin yubileyinə gəlmişdir. Biz hamımız onun yaradıcılığının pərəstişkarıyıq.

Azərbaycan rəhbəri də nəzərə çarpdırdı ki, o da bu böyük musiqiçinin pərəstişkarıdır, lakin bununla bərabər o öz vətəndaşlıq mövqeyi ilə, prinsipial xarakteri, öz humanist dəyərli əqidələri ilə qiymətlidir.

Sonra Fransanın xarici işlər naziri Erve de Şarett dedi ki, onun ölkəsində belə bir ifadə var: öz skripkasını kökləmək. Bu o deməkdir ki, nöqteyi-nəzərləri yaxınlaşdırmağa çalışmaq lazımdır. Bununla əlaqədar o, Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasından danışarkən dedi ki, ATƏT-in Minsk qrupunda həmsədrlər olan ABŞ, Rusiya və Fransa kimi böyük ölkələr məsələnin tezliklə həlli üçün mümkün olan hər şeyi etməyə çalışmalıdırlar. Nazir dedi: Biz bu mövqeyimizi qoruyacağıq və buna görə də vasitəçilik səylərini fəallaşdırırıq. Erve de Şarett Azərbaycan prezidenti Heydər Əliyevə Azərbaycana özünün qarşıdakı səfəri barədə məlumat verdi.

Azərbaycan dövlətinin başçısı öz növbəsində ümidvar olduğunu bildirdi ki, söylənilmiş sözlərlə işlər uyğun gələcək və Fransanın nüfuzlu səsi eşidiləcəkdir. Respublikamızın rəhbəri dedi: Azərbaycan xalqı Qarabağ probleminin ATƏT-in Lissabon Zirvə toplantısının bəyanatında əksini tapmış prinsiplər əsasında tezliklə həll edilməsini gözləyir.

Bundan sonra prezident Heydər Əliyev Fransa Xarici Siyasət İdarəsinin başçısına artıq neçə ildir çadırlarda ağır şəraitdə yaşayan qaçqınların çətin vəziyyətindən, Azərbaycan ərazilərinin 20 faizinin işğal edildiyindən danışdı. Görüşün sonunda respublikamızın rəhbəri dedi ki, Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması mövzusu Erve de Şarettin Azərbaycana səfəri zamanı davam etdiriləcəkdir.

"Azərbaycan" qəzeti, 1 aprel 1997-ci il.