"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukrayna ‎Respublikasının milli bayramı şərəfinə təşkil olunmuş rəsmi qəbulda nitqi" ‎‎(Bakı, 24 avqust 1999-cu il) sənədinə tarixi arayış


Ukrayna Azərbaycanın yaxın regional tərəfdaşlarından hesab olunur. İki ölkə arasında davamlı və yüksək səviyyədə iqtisadi və siyasi əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan və Ukrayna GUAM regional təşkilatı çərçivəsində də sıx əməkdaşlıq edir.

Bu ölkələr arasında münasibətlərin inkişafına dövlət rəhbərlərinin qarşılıqlı səfərləri əhəmiyyətli təkan verib. 27-28 iyul 1995-ci il və 16-17 mart 2000-ci ildə Ukrayna Prezidenti Leonid Kuçma Azərbaycanda rəsmi səfərdə olub.

24-25 mart 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukraynaya rəsmi səfəri ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə şərait yaradıb. Martın 24-də Kiyevdə Azərbaycan Prezidenti və Ukraynanın dövlət başçısı Leonid Kuçma görüşərək müzakirələr aparıblar. Prezidentlər Ukrayna ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinin dərinləşməsi haqqında bəyannamə və neft - qaz sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar. Hər iki prezident imzalanmış sənədlərin Ukrayna - Azərbaycan tərəfdaşlığının həyata keçirilməsi üçün hüquqi zəmin yaratdığını qeyd ediblər. Səfərin gedişində Heydər Əliyevə Ukraynanın ali mükafatı - "Yaroslav Mudrı" ordeni və Kiyevin Fəxri sakini diplomu təqdim edilib. 

24 avqust 1999-cu ildə Ukraynanın milli bayramı, dövlət müstəqilliyi münasibətilə Bakıda keçirilən mərasimdə həmin ölkənin səfiri çıxışında Azərbaycan - Ukrayna münasibətlərinin kifayət qədər yüksək inkişafa çatdığını bildirib. O, bu vaxta qədər tərəflərin 63 saziş bağladıqları haqda məlumat verib.

Azərbaycan Prezidenti Heydər Əliyev təbrik nitqində Ukrayna və Azərbaycan arasında səmimi dostluq münasibətlərinin yaranmasını təsdiqləyib. O, Azərbaycanın daim Ukraynaya neft məhsulları təchizatında kömək göstərdiyini söyləyib. 

Ukrayna - Azərbaycan münasibətləri davamlı surətdə inkişaf edir. Ukraynada azərbaycanlıların böyük diasporu fəaliyyət göstərir. Kiyevdə Heydər Əliyevin heykəli ucaldılıb. Burada həmçinin Heydər Əliyevin adını daşıyan sosial tədqiqatlar institutu fəaliyyət göstərir.

Ukrayna - Azərbaycan münasibətləri İlham Əliyevin Prezident seçilməsindən sonra da ardıcıl inkişaf edib. 2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyev 2004 - cü ilin iyununda Ukraynaya rəsmi səfəri zamanı prezident Leonid Kuçma ilə görüşərək iki ölkə arasında əlaqələrin bundan sonra da inkişafı barədə fikir mübadiləsi aparıblar. Leonid Kuçma həmçinin, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu qeyd edib. Səfər çərçivəsində iki dövlət arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında sazişlər imzalanıb.

2006 - cı ilin sentyabrında Ukraynanın yeni prezidenti Viktor Yuşşenkonun Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü ilə iki ölkə arasında münasibətlərin strateji xarakterli olması bir daha təsdiqlənib. Həmin səfər zamanı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan yeni sazişlər imzalanıb. (http://www.azerbaijan.news.az/)

2006 - cı ilin noyabrında Minsk şəhərində keçirilən MDB dövlət başçılarının görüşündə İlham Əliyev, Viktor Yuşşenko və Belarus prezidenti Aleksandr Lukaşenko arasında enerji sahəsində birgə əməkdaşlıq barədə müzakirələr aparılıb. (http://www.ng.ru/)

10 oktyabr 2007-ci ildə GUAM-ın Vilnüsdə keçirilmiş yubiley sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yuşşenkonun təkbətək görüşü olub.Görüşdə bildirilib ki, Azərbaycan-Ukrayna əlaqələri bütün sahələrdə uğurla inkişaf edir, iki ölkə beynəlxalq təşkilatlar, o cümlədən GUAM çərçivəsində fəal əməkdaşlıq aparır.

21-23 may 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynada növbəti dəfə rəsmi səfərdə olub. 22 may tarixində Kiyevdə Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yuşşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib. Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələri inkişaf etdirmək üçün yaxşı potensialın olduğu və bu sahələrdə layihələrin həyata keçirilməsinin zəruriliyi bildirilib. İkitərəfli münasibətlərin hazırkı səviyyəsindən, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etdiyi vurğulanıb. 

Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yuşşenkonun mətbuat konfransı olub.

Həmin gün Taras Şevçenko adına Kiyev Milli Universitetində Azərbaycan Prezidenti İlham Əliyevə bu təhsil ocağının fəxri doktoru adı verilməsi münasibətilə mərasim keçirilib. Mərasimdə nitq söyləyən Prezident İlham Əliyev bu fəxri ada layiq görülməsini Azərbaycan-Ukrayna əlaqələrinin inkişafında gördüyü işlərə verilən qiymət kimi dəyərləndirib.

Səfər çərçivəsində İlham Əliyev Ukrayna - Azərbaycan əlaqələrinin möhkəmlənməsinə verdiyi şəxsi töhfəsinə görə Ukraynanın birinci dərəcəli ordeni olan "Knyaz Yaroslav Mudrı" ordeni ilə təltif edilib. Öz növbəsində İlham Əliyev Viktor Yuşşenkonu "Heydər Əliyev" ordeni ilə təltif edib. 

30 iyun 2008-ci ildə Ukrayna Prezidenti Viktor Yuşşenko Azərbaycan Respublikasında işgüzar səfərədə olub. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə Ukrayna Prezidenti Viktor Yuşşenkonun təkbətək görüşü olub. Görüşdə siyasi, iqtisadi və humanitar sahələrdə hazırda uğurla inkişaf edən ikitərəfli əlaqələrin genişləndirilməsi üçün yüksək səviyyədə görüşlər keçirməyin səmərəli olması qeyd edilib. Dövlət başçıları Azərbaycan ilə Ukraynanın beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəklədiklərini vurğulayıblar. Tərəflər əmin olduqlarını bildiriblər ki, budəfəki səfər Azərbaycan-Ukrayna əlaqələrinin dərinləşməsi işinə öz töhfəsini verəcəkdir. (http://www.president.az/)

Təkbətək görüşdən sonra geniş tərkibdə görüş olub və sonra Prezident İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yuşşenkonun birgə mətbuat konfransı keçirilib.

Tarixi arayış 2 sentyabr 2008-ci ildə yeniləşdirilib.