Azərbaycan-Müstəqil Dövlətlər Birliyinə dair ümumi tarixi arayış


Müstəqil Dövlətlər Birliyi 8 dekabr 1991-ci ildə SSRİ-nin dağılmasının labüdlüyünə əmin olan Rusiya, Ukrayna və Belarusun rəhbərləri - B.Yeltsin, L.Kravçuk və S.Şuşkeviç tərəfindən imzalanan "Belovejsk sazişi" əsasında qurulub. Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, Ukrayna və Belarus ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəlib. Alma-Ata deklarasiyası ilə keçmiş sovet ittifaqı dövlətləri daxili və xarici siyasətin müxtəlif sahələrində əməkdaşlıq etmək və siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək niyyətlərini bəyan ediblər. MDB üzvü olan ölkələrin hər biri ayrılıqda beynəlxalq hüququn müstəqil və bərabərhüquqlu subyektləridir. MDB - bu təşkilata üzv olan Dövlət Başçılarının Şurası tərəfindən qəbul edilən 22 yanvar 1993-cü il tarixli nizamnamə əsasında fəaliyyət göstərir.

MDB-nin əsas məqsədləri siyasi, iqtisadi, ekoloji, humanitar, mədəni və digər sahələrdə əməkdaşlıqdan və üzv-dövlətlərin ümumi iqtisadi məkanda, dövlətlərarası kooperasiya və inteqrasiya şəraitində hərtərəfli inkişaf etdirilməsindən ibarətdir.

Təşkilatın ali orqanı burada təmsil olunmuş ölkələrin Dövlət Başçıları Şurasıdır. Şura təşkilatın fəaliyyətilə bağlı prinsipial məsələləri müzakirə edir və qərarlar çıxarır.

1992-ci ilin mayında hakimiyyətə gəlmiş Xalq Cəbhəsinin nümayəndələri Rusiya-Azərbaycan əlaqələrinə münasibətdə mənfi mövqe idilər. Onlar hətta Azərbaycanın MDB-yə, keçmiş Sovetlər İttifaqı respublikalarının yaratdığı Birliyə daxil olmasının əleyhdarı idilər. Bu fikirlərini də onunla əsaslandırırdılar ki, guya MDB-yə daxil olmaqla, Azərbaycan öz müstəqilliyini itirəcəkdir.

Azərbaycanın MDB-yə daxil olması parlamentin prezident səlahiyyətlərinin Heydər Əliyevə verilməsi barədə qərarından sonra baş vermişdir. Azərbaycanın 21 dekabr 1991-ci il tarixli MDB-yə qoşulmaq haqqında qərarı 1993-cü ilin sentyabrında ratifikasiya etmiş və MDB-nin tam hüquqlu üzvü olmuşdur.

Heydər Əliyev10 oktyabr 1993-cü il tarixdə andiçmə mərasimində çıxış edərkən MDB-nin əhəmiyyətindən də bəhs etmişdir. "Biz əminik ki, Azərbaycanın MDB-yə daxil olması respublikanın iqtisadiyyatının inkişaf etməsi üçün yaxşı şərait yaradacaq və biz bu imkanlardan səmərəli istifadə etməliyik.

Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın MDB-yə daxil olmasını təhlükəli bir hal kimi qələmə verməyə çalışırlar. Bu, səhv fikirdir. Azərbaycan MDB-də öz müstəqilliyini daim qoruyacaq və MDB-də iştirak etmək Azərbaycanın müstəqilliyinə qətiyyən xələl gətirməyəcəkdir. Azərbaycan müstəqil bir dövlət kimi demokratik yolla gedəcək, beynəlxalq demokratiya normalarına riayət edəcəkdir. Azərbaycanda kommunist ideologiyası, kommunist rejimi bir daha bərpa olmayacaqdır. Güman edirəm ki, Azərbaycan vətəndaşlarının əksəriyyətinin də fikri belədir. Azərbaycan Respublikası bundan sonra heç vaxt başqa bir dövlətin tərkibinə daxil olmayacaq, başqa bir dövlətin tabeliyinə düşməyəcək, öz müstəqilliyini daim qoruyacaqdır."

Azərbaycan 1993-cü ilin sentyabrında MDB-nin tamhüquqlu üzvü olduqdan və Kollektiv Təhlükəsizlik haqqında müqaviləyə qoşulduqdan sonra da Ermənistan Respublikası Azərbaycana qarşı öz təcavüzünü davam etdirmişdir. Əvvəllər işğal olunmuş Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı rayonlarına və Qazax rayonunun bir hissəsinə həmin ilin oktyabr-noyabrında Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən zəbt edilmiş Zəngilan rayonu da əlavə edilmişdir. Bununla da Ermənistan Respublikası Azərbaycanın İran İslam Respublikası ilə dövlət sərhədinə çıxaraq MDB-nin cənub hüdudlarında təhlükəli gərginlik ocağı yaratmış, münaqişənin beynəlmiləl xarakter alması qorxusu törətmişdir. 24 dekabr 1993-cü ildə Heydər Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərkən bildirib: "...Ermənistan Respublikası təkcə Azərbaycan Respublikasına qarşı təcavüz etmir, həm də indi bizim birliyimizi birləşdirən prinsiplərə tam saymazlıq nümayiş etdirir. MDB-nin üzvü və Kollektiv Təhlükəsizlik haqqında müqavilənin iştirakçısı olan Ermənistan Respublikasının başqa dövlətə, birliyin onun kimi tam hüquqlu üzvü olan dövlətə - Azərbaycan Respublikasına qarşı təcavüz etməsi yolverilməzdir". Heydər Əliyev "Kollektiv təhlükəsizlik haqqında" müqavilə imzalamış MDB ölkələrindən Ermənistanın Azərbaycana qarşı təcavüzünün səbəblərinə və onun nəticələrinə ciddi yanaşmağa dəvət edib. Heydər Əliyev dövlət başçılarına müraciət edərək Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə siyasi qiymət verməyə çağırmışdır.

6 yanvar 1994-cü il Heydər Əliyev Zaqafqaziyadakı Rusiya qoşunlarının komandanı general-polkovnik Fyodor Reutla görüş keçirib. Bu görüşün əhəmiyyəti ondan ibarət idi ki, Fyodor Reut Rusiyanın Gürcüstandakı və Ermənistandakı qoşunlarını təmsil edirdi. Heydər Əliyev Fyodor Reutun nəzərinə çatdırıb ki, daxili təhlükəsizlik təmin edilməsə, MDB ölkələrinin kollektiv təhlükəsizliyi və birgə əməkdaşlığı ola bilməz. Heydər Əliyev Fyodor Reutdan nüfuzundan, Ermənistanda tutduğu mövqeyindən istifadə edərək vəziyyəti dəyişməsini xahiş etmişdir. Prezident Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu çatdırmışdır.

Heydər Əliyev MDB Dövlət Başçıları Şurasının 15 aprel 1994-cü il tarixli iclasında Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində genişmiqyaslı hücumları ilə əlaqədar bəyanat vermişdir. Bəyanatda Rusiyanın vasitəçilik təşəbbüsü çərçivəsində gərgin danışıqlar getdiyi dövrdə erməni silahlı qüvvələrinin hücumlarının səngimədiyi bildirilirdi. Heydər Əliyev Azərbaycanın münaqişənin sülh yolu ilə həll etməkdə maraqlı olduğunu bildirmiş və birliyin üzvlərini bu münaqişəyə laqeyd yanaşmamağa çağırmışdır.

Azərbaycan Prezidenti Heydər Əliyev 1997-ci ilin martında Dövlət Başçıları Şurasının iclasında iştirak etmiş və bir milyard ABŞ dolları məbləğində silah-sursatın Rusiya tərəfindən əvəzsiz olaraq Ermənistana verilməsini iştirakçıların diqqətinə çatdırmışdır.

Heydər Əliyev Yaltada 1998-ci il 9 avqust tarixində MDB-nin icraçı katibi Boris Berezovski ilə görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması məqsədilə göstərdiyi səylər üçün ona təşəkkür etmişdir. Prezident Heydər Əliyev Qədim İpək Yolunun bərpası ilə əlaqədar Avropa Birliyinin himayəsi ilə TRASEKA proqramı çərçivəsində Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafının MDB üzvü olan ölkələrə də çox böyük fayda gətirəcəyinə əminliyini bəyan etmişdir.

Heydər Əliyev MDB iştirakçısı olan ölkələrin Dövlət Başçıları Şurasının 2 aprel 1999-cu il tarixli Moskva iclasında yenidən bəyanatla çıxış etmişdir. O, 1994-cü ilin may ayında atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq, indiyədək münaqişəyə son qoyulmadığını bildirmişdir. Heydər Əliyev 1997-ci ilin əvvəlində Rusiyadan Ermənistana qanunsuz, gizli surətdə dəyəri bir milyard ABŞ dolları məbləğində silah, tank, operativ-taktiki və zenit-raket kompleksləri və digər texnika göndərilməsi faktlarından narahatlığını yenidən ifadə etmişdir. Rusiya silahının və hərbi texnikasının Ermənistana göndərilməsini, bu ölkə ərazisində hərbi bazaların yerləşdirilməsini MDB ölkələrinin kollektiv təhlükəsizliyi haqqında müqavilənin kobud şəkildə pozulmasına səbəb olduğunu bildirmişdir.

Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünə MDB-nin bir təşkilat olaraq siyasi qiymət vermədiyini əsas gətirən Azərbaycan Respublikası 1999-cu ildə kollektiv təhlükəsizlik haqqında müqavilədən çıxmışdır.

MDB çərçivəsində fəaliyyət İlham Əliyevin də xarici siyasətinin prioritet istiqaməti olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev iyulun 12-də Prezident sarayında MDB-nin icraçı katibi Vladimir Ruşaylonu qəbul etmişdir. Görüşdə MDB çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. MDB-nin icraçı katibi iqtisadi inteqrasiyanı əməkdaşlığın çox mühüm istiqaməti olaraq qaldığını və bu inteqrasiyanın inkişaf etdirilməsi üçün var qüvvəsi ilə səy göstərəcəyini bildirmişdir. Vladimir Ruşaylo humanitar sahəni, beynəlxalq terrorizmlə, narkotiklərin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlıqla mübarizəni əməkdaşlığın əsas istiqamətləri adlandırmışdır.

İlham Əliyev 16 sentyabr 2004-cü il tarixdə MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının 38-ci zirvə görüşündə iştirak etmişdir. Bu görüşdə MDB-nin üzvü olan dövlətlərin dövlət başçılarının beynəlxalq terrorizmlə mübarizə haqqında bəyanatı, MDB, ATƏT və BMT çərçivəsində qəbul olunmuş sənədlər baxımından müasir mərhələdə beynəlxalq terrorizmə, habelə təhlükəsizlik və sabitliyə olan digər təhdidlərə qarşı dayanmaqda Birlik ölkələrinin əməkdaşlığının daha da inkişaf etdirilməsi barədə, Müstəqil Dövlətlər Birliyinin təkmilləşdirilməsi və islahatlar aparılması barədə sənədlər imzalanmışdır.

6 oktyabr 2006-cı il tarixdə İlham Əliyev MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul etmişdir. İlham Əliyev MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanlarının sıx əməkdaşlığının böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. İlham Əliyev dünyada beynəlxalq terrorizmin, narkotiklərin qeyri-qanuni dövriyyəsinin, mütəşəkkil cinayətkarlığın vüsət aldığı indiki dövrdə tərəfdaş ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinin, operativ məlumat mübadiləsinin, məsləhətləşmələrin vacibliyini bildirmişdir. Bu baxımdan Azərbaycanın MDB çərçivəsində də fəal mövqe tutduğunu bildirən Prezident, ölkəmizin erməni terrorizmindən böyük ziyan çəkməsindən də danışmışdır. O, MDB-nin üzvü olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının növbəti iclasının Bakıda keçirilməsini Azərbaycanın bu sahədə tutduğu prinsipial mövqeyə verilən konkret qiymət kimi dəyərləndirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev 9 oktyabr 2009-cu ildə Kişinyovda MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak etmişdir. Tədbir çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçirilmişdir. İlham Əliyev görüşün nəticələri barədə məlumat verərkən bildirmişdir: "...Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Erməni silahlı qüvvələri bizim işğal olunmuş bütün torpaqlardan çıxarılmalıdır. Bizim məcburi köçkün soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim mövqeyimiz, eyni zamanda, bütün beynəlxalq hüquq normalarına əsaslanır". Prezident Ermənistanın qeyri-konstruktiv mövqeyini münaqişənin nizamlanmasına mane olan səbəb kimi göstərmişdir.

MDB-nin perspektivi onun bugünkü vəziyyəti ilə bilavasitə bağlıdır. Bu gün MDB mahiyyət etibarilə dövri olaraq dövlət başçılarının görüşlərinin keçirildiyi və onlara öz mövqelərini bir-birinə çatdırmağa imkan verən siyasi klubdur.

Təşkilat daxilində bir sıra dövlətlər arasında davam edən, yaxud zaman-zaman meydana çıxan problemlər (Ermənistan-Azərbaycan, Rusiya-Gürcüstan, Rusiya-Moldova, Rusiya-Ukrayna) MDB üzvü olan ölkələrin hərtərəfli inkişafına və inteqrasiyasına böyük maneçiliklər törədir.

Ümumi tarixi arayış 14 noyabr 2009-cu il tarixdə tərtib olunub.