Azərbaycan Respublikasının Prezidenti ABŞ-ın "Şevron" şirkətinin prezidenti Riçard Matske ilə görüşdəki söhbətdən - Davos, 29 yanvar 2000-ci il


Riçard Matske: Salam. Hörmətli prezident! Sizinlə yeni görüşümdən çox məmnunam. Ötən ilin noyabrında İstanbulda Bakı-Ceyhan əsas ixrac neft boru kəməri barədə sazişin imzalanması münasibətilə Sizi ürəkdən təbrik edirəm. "Şevron" şirkəti Azərbaycanda fəaliyyətini davam etdirir. "Abşeron" yatağında tezliklə yeni quyu qazacaqdır. Həmin yataqdan çox böyük miqdarda qaz gözlənilir. Əminəm ki, Azərbaycan yaxın zamanlarda həm də qaz ixrac edən ən böyük ölkələrdən birinə çevriləcəkdir. Azərbaycan qazının ixrac olunması üçün Türkiyə hökuməti ilə danışıqlar aparırıq.

"Şevron" şirkəti Azərbaycandakı fəaliyyətinə çox böyük əhəmiyyət verir və ölkəmizin "uzunmüddətli tərəfdaşı kimi Bakı-Ceyhan və Transxəzər boru kəmərlərinin reallaşması üçün əlindən gələni etməyə hazırdır. Mən Sizin Davos İqtisadi Forumunun "Qafqazın və Mərkəzi Asiyanın perspektivləri: İpək yolu və ya böyük oyun" mövzusunda keçirilmiş sessiyasında çıxışınızı və suallara ətraflı cavablarınızı diqqətlə dinlədim.

Cənab prezident, Sizin öz fikirlərinizi həmişə açıq və qətiyyətlə bildirməyiniz məndə xüsusi rəğbət doğurur.

Heydər Əliyev: Mən Sizin verdiyiniz məlumatlardan çox razıyam. Ötən ilin noyabrında İstanbulda Amerika prezidenti Bill Klintonun iştirakı ilə Bakı-Ceyhan əsas ixrac boru kəməri haqqında saziş imzalandı. Bu saziş həm Azərbaycan, eləcə də regionun digər ölkələri üçün tarixi əhəmiyyət daşıyır. "Şevron"un ölkəmizdəki fəaliyyətindən mən çox razıyam. Azərbaycan ilə bu şirkət arasında əlaqələrin daha da genişləndirilməsi olduqca vacibdir.